Müasir Şirvan şəhəri

 

   Heç ola bilməz ki, hər bir adam ilin sonunda arxaya baxıb ötənlərə nəzər salmasın. Ömürdən keçən daha bir ilin haqq-hesabı insanın özünə verdiyi hesabatdır əslində. Nəyi eləmək olardı etmədim, hansı işi həyata keçirməkdə ləngidim və yaxud hansı məqamda səhv etdim. İnsana fərəh verən uğurlu bildiyi işləri həyata keçirməkdir.   

   Ölkələr, şəhərlər, kəndlər də belədir əslində. Ancaq onların iç dünyaları olmadığı kimi onlar haqqında fikirləri də biz yürüdürük. Hansı ölkə bu il dünyanın diqqət mərkəzində olub, hansı şəhər simasını daha da gözəlləşdirib, hansı kənd isə bir az da abadlaşıb.  

   Müqayisə nə qədər uğurludur deyə bilmərəm, ancaq mənə elə gəlir insanların paltarları kimi ölkələrin, şəhərlərin, kəndlərin də simaları onlar haqqında çox şey deyir.  

   Paytaxtdan o qədər uzaqda olmayan, ölkə sənayesində layiqli yer tutan, 80 minə yaxın sakinə qoynunda yer verən Şirvan şəhərinin mənim gözlərim qarşısında son illər necə böyüdüyü, inkişaf etdiyi adi bir həqiqətdir. Heç şübhəsiz ki, ölkəmizin digər şəhərlərində də regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində çox uğurlu layihələr həyata keçirilir. Yəqin ki, mən bu şəhərdə yaşadığım üçün burdakı uğurlar mənə xüsusi fərəh verir.   

  

   Ziyalı marağı,ağsaqqal yaddaşı...

  

   2012-ci ilin ilk günlərində Kürün sahilində xırda addımlarla gəzişən, şəhərin nüfuzlu ağsaqqallarından olan Vəli Ələkbərovla görüşürük. Dünyagörmüş Vəli müəllim elə xırda-xırda, ancaq fəxrlə danışır:  

   - Hə, bir il də arxada qaldı, bir il də ötdü ömürdən. Ancaq fikirləşəndə ki, yaşadığın ölkə, şəhər daha yaşamalı məkandır adam daha çox ömür etmək istəyir. Kürün daşmasını xatırlayırsan, nə əziyyətlər çəkdiyimiz yadındadır.   

   Prezidentimiz cənab İlham Əliyevin 2010-cu il 19 may tarixli 908 saylı sərəncamına uyğun olaraq yaradılan komissiya şəhərimizdə 42 evin tikilməsinə, 87 evin təmirinə, 27 mənzildə isə bərpa-gücləndirmə işlərinə rəy vermişdir.   

   Az vaxtda şəhərimizin Bayramlı qəsəbəsində 10, "Kürkörpü" yaşayış massivində 4, Şirvanın "Köhnə şəhər" hissəsində 3, "Çılpaqlı" yaşayış məntəqəsində 6 müasir görkəmli gözəl fərdi evlər tikdik.   

   Yaxın vaxtlarda şəhərin T.İsmayılov küçəsində 20 mənzildən ibarət 5mərtəbəli yaşayış binası da inşa edilməyə başlayacaq.   

   Həm Nazirlər Kabinetinin 29 oktyabr 2010-cu il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına, həm də daxili imkanlarımızla Kür boyunca 13 kilometr məsafədə torpaq bəndlərində təmir-bərpa işi aparmışıq. Şəhərimizin küçə və meydanlarında görülən tikinti-abadlıq işlərini saymaqla qurtarmaz.   

   Gəzdiyimiz bu bağın indiki simasına nə qədər əziyyət, xərc çəkilib, vaxt sərf olunub. Ulu Öndərin adını daşıyan parka 680 kvadrat metr tamet piltələr döşənmiş, 380 kvadrat metr hasar mərmər tavalarla üzlənmişdir. 400 ədəd dekorativ dəmir məhəccər, 26 ədəd müasir işıqlandırma dirəkləri quraşdırılıb. İndi o parkda gəzməyin ayrı ləzzəti var.

   Hə, jurnalist, baxma ki, yaşım xeyli var, yaddaşım yaxşıdır. Həyat təcrübəmdə hər şeyi dəqiqliklə danışmağa adət etmişəm. Şəhərin 20 yanvar küçəsində, Gənclər və İdman idarəsinin qarşısına 4 min kvadrat metr yeni tamet divarlar döşənmişdir.   

   Ordakı yeni istinad divarları, pilləkənlər, səkilərin yan hissələri, dekorativ ağaclar, gül kolları bütöv bir ansambl təşkil edir.  

   Şəhərimizin mavi qazla təmin edilməsi istiqamətində aparılan işlər ölkə Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramına əsaslanır.   

   Qaz kəmərlərinin yenidən qurulması, yeni yaşayış massivlərinin qazlaşdırılması istiqamətində zəruri işlər görülür. Şəhərimizin Hacı Qəhrəmanlı qəsəbəsində artıq bu proses başa çatdırılmışdır.   

  

   Ağsaqqal sözünə əlavə      

  

   İxtiyar yaşında olan bu ziyalı bəlkə də məni sınamaq üçün sözünə ara verdi. Yəqin ki, mənim onun fikrini tamamlamağımı gözləyirdi:  

   - Şəhərimizin hər gün dəyişən görkəmini mən də görürəm. 20 yanvar küçəsindəki 1 saylı binada 12, 2 saylı binada 17 eyvanda yenidənqurma işləri aparılmışdır. Ora yüngül tikinti materialı vurulmuş, fasadları təmir edilib rənglənmişdir.   

   M.Ə.Rəsulzadə küçəsi 3 saylı binada 24 eyvanda da bu işlər aparılmışdır. H.Əliyev prospektində 9 binanın, 20 Yanvar küçəsində 2 binanın ümumi sahəsi 7400 kvadrat metr olan fasad divarları müasir görkəmə salınmışdır.  

   Həmin prospektdəki 5, 20 Yanvar, L.İbrahimov küçələrinin hər birində 1 binanın yararsız dam örtüyü yenisi ilə əvəzlənmişdir. Bunların ümumi sahəsi düz 7948 kvadrat metrdir. H.Z.Tağıyev, T.İsmayılov, Xəqani-17 binalarının da fasadları təmir edilərək rənglənmişdir.   

   Şəhərin mərkəzində yerləşən Energetik küçəsindəki 9 saylı, 20 Yanvar küçəsindəki 12-a saylı binalarda ekoloji cəhətdən təmiz, yüngül çəkili, gözəl görünüşlü poliureton örtükləri ilə üzlənilir və yekunlaşmaq üzrədir. Şirvandakı abadlıq-quruculuq işləri çoxdur. Bizim şəhərin su təchizatının, kanalizasiya sisteminin yenidən qurulması işlərinə isə yaxın vaxtlarda başlanacaq.   

   "Azərsu" ASC-nin 17 mart, 28 iyul 2011-ci il tarixli məktublarına əsasən Dövlət Proqramında nəzərdə tutulan Şirvan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulub, tikinti işlərinin tam başa çatdırılması qərara alınmışdır. Bu proses 2012-ci ildə başlayıb 2013-cü ildə başa çatmalıdır...  

   Deyəsən əlavəm Vəli Əkbərovu qane etmişdir. Ayrılmazdan əvvəl "Onda ayağını köhnə Dövlət Rayonlararası Elektrik Stansiyasına qoy. Düzdür, indi rəsmi adı başqa cürdür, ancaq həmin işi görür. Orada yenisini, daha güclüsünü, daha müasirini tikirik. Səninçün maraqlı olar" - dedi.

  

 

 (ardı gələn sayımızda)

 

 Səxavət Məmmədli

 

 Ədalət.- 2012.- 10 yanvar.- S.7.