M.Ə.Rəsulzadə:
"Əlhəzər, ruhaniləri siyasətə
qarışdırmayın..."
Son zamanlar bizim onsuz da yüksək
intellekt və əxlaqı ilə fərqlənməyən cəmiyyətimizdə
qəribə hadisələr baş verir.
Məsələn, bizim
üçüncü sektorun hörmətli nümayəndələri
- müstəqil və yarımüstəqil politoloqlar,
hüquq müdafiəçiləri, hüquqşünaslar və
hətta iqtisadçılar belə, öz işlərini bir kənara
atıb, bir anda "islam üzrə ekspertlərə"
çevrilərək, onların fikrincə, guya
ölümcül təhlükəyə məruz qalan dinimizi
qorumaq üçün növbəyə dayanıblar. Hərçənd,
onların uzun-uzadı və xeyli dərəcədə
qarışıq bəyanatlarından anlamaq mümkün deyil
ki, çoxəsrlik dinimizi bizim əlimizdən almaq istəyənlər
kimlərdir.
Çünki bizim
"islamçı"ların və onların
üçüncü sektor təmsilçiləri və
müxalifət liderlərinin simasındakı vəkillərinin
fikirlərinə inansaq, o zaman ateistlər (müxalifət mətbuatının
xeyir-duası ilə bu gün Azərbaycanda teokratik rejimin
qurulmasına etiraz edənləri məhz belə
adlandırırlar) cəmiyyətimizin cüzi bir hissəsini
təşkil edirlər. Onların iddialarına görə,
belələrinin sayı 100-dən çox deyil. Bu halda,
sayı 100 nəfəri belə ötməyən, ən
çoxu, bir neçə yüz nəfərə çatan
bu adamların çoxəsrlik ənənələrim olan din
üçün hansı təhlükəni törətdiyi
aydın deyil.
Bu səbəbdən də,
"..., karvan keçər" prinsipi ilə hərəkət
edərək, üçüncü sektorun və müxalifətin
vay-şivəninə diqqət yetirməmək də
olardı - əgər bir məqam olmasaydı. Məsələ
burasındadır ki, ümumi kontekstdən
çıxarılan sitatların köməyilə müxalifətə
yaxın bir qisim "qələm əhli" M.Ə.Rəsulzadəni
qatı islamçı kimi qələmə verməyə cəhd
edirlər. Etiraf etmək lazımdır ki, Şərqdə
ilk dünyəvi dövlətin yaradıcısını
islamçı elan etmək kimi iyrənclik və həyasızlıq
indiyə kimi hətta M.Ə.Rəsulzadənin barışmaz
düşmənlərinin belə ağlına gəlməyib.
Doğrudur, bir tərəfdən təqdirəlayiq
haldır ki, M.Ə.Rəsulzadə yolunun çağdaş
"davamçıları" nəhayət ki, onun zəngin
ideya irsi ilə yaxından tanış olmaq fikrinə
düşüblər. Amma narahatçılıq yaradan cəhət
odur ki, görünür, onların səbri yalnız M.Ə.Rəsulzadənin
əsərlər toplusunun birinci cildi ilə səthi
tanışlığa çatıb. Xəbəri olmayanlar
üçün qeyd edim ki, orada gənc Məmməd Əminin
1903-1909-cu illəri əhatə edən erkən
yazıları toplanıb - o zaman Məmməd Əmin hələ
siyasətdə öz istiqamətini tapmamışdı. Bu səbəbdən
də, M.Ə.Rəsulzadənin
dünyagörüşünün xarakteristikası
üçün həmin dövrün ayrı-ayrı
mühakimələrindən istifadə etmək düzgün
deyil, çünki onun siyasi-ideoloji baxışları
yalnız XX əsrin ikinci onilliyinin ortalarında
formalaşmışdı. Dərinə getsək, XX ilk illərində
M.Ə.Rəsulzadə islamçıdan daha çox marksist
idi.
Fikrimizcə, əslində, Azərbaycan
parlamentinin iclaslarından birində onunla
islamçıların təmsilçisi S.M.Qənizadə
arasında polemika M.Ə.Rəsulzadənin islamla bağlı
yetkin baxışlarını əks etdirir. Bu polemikanın
predmeti "Müəssislər Məclisinə seçkilər
haqqında" qanun layihəsinin 96-cı bəndi idi, bu bənd
din təmsilçilərinin məscidlərdə və kilsələrdə
siyasi təbliğat aparmasını qadağan edirdi.
Aşağıda həmin iclasın stenoqramını sizə
təqdim edirik.
Aşağıda diqqətinizə
çatdırılan həmin polemikanın gedişində M.Ə.Rəsulzadənin
söylədiklərinin mahiyyəti ondan ibarətdir ki,
islamı siyasi məqsədlərlə istifadə edən
şəxs bununla onun müqəddəsliyinə xələl
gətirir. Çünki islamı siyasi sahəyə çəkməklə
avtomatik olaraq onu tənqid obyektinə və bir-birilə
mübarizə aparan tərəflərin hücum hədəfinə
çevirir.
Sonda, özlərini "quzu
balası" kimi təqdim edən islamçıların və
onların üçüncü sektor təmsilçiləri
qismində yeni peyda olmuş "himayədar"larının
polemika aparmaq tərzi barədə də bir neçə kəlmə
demək lazım gəlir. Bu tərz olduqca spesifikdir.
Mübahisə predmetindən asılı olmayaraq, babasilin
müalicəsindən tutmuş yüksək materiyalaradək
- söhbət nədən gedirsə-getsin, onlar hər vəchlə
mövzunu dini zəminə çəkməyə
çalışırlar. Bu da təsadüfi deyil,
çünki belədə opponenti islamofobluqda və ateizmdə
ittiham etmək asandır. Halbuki, mahiyyət etibarı ilə,
bu gün cəmiyyətdə gedən diskussiyanın predmeti
islam dini deyil, ölkədə Tehran rejiminin qulbeçələrinin
islamla pərdələnərək günü-gündən əl-qol
açmasıdır. Və iş o yerə çatıb ki, bəzi
müxalifət nəşrləri iranyönlü qüvvələrin
primitiv təbliğat vərəqələrinə
çevriliblər. Hərçənd, məşhur aforizmlərdən
birində deyildiyi kimi, "qoyun olmaq olar, amma yadda saxlamaq
lazımdır ki, onları nədən ötrü bəsləyirlər".
Stenoqramma
Parlamentdəki
"İttihadi-islam" fraksiyasının üzvü Sultan Məcid
Qənizadə söz alaraq bildirir: "Mən bu maddə barədə
danişmaq istərdim. Burada deyilir ki, kilsə və məscidlərdə
möizə formasında ruhanilər tərəfindən təbliğat
aparılmasın. Bu qadağa kilsəyə aid edilirsə, məscidə
də aid olmalıdır. Halbuki, məscidlər kilsədən,
mollalar isə keşişdən fərqlidir. Belə ki,
keşişlər gəlib kilsədə dua edib gedirlər.
Lakin ruhanilər böylə deyillər. Bizim mühüm məsələlərimiz
həmişə məsciddə həll olunmuşdur. Ruhanilərimiz
də həmişə cəmaət üçün rəhbər
olmuşlar. Onlar nəinki dua və namaz işində, hətta
dünyəvi işlərdə də, məsələn, ticarət
və qeyri işlərdə cəmaətə rəhbər və
yol göstərən olmuşlar. Çünki ruhani işlər
ilə bərabər ticarət və sənət kimi dünyəvi
işlər də gərək şəriət yolu ilə
olsun. Belə olan halda, məscidlərin həyətində
siyasi təbliğatı qadağan etməklə biz bir növ
ruhanilərə ehtiramsızlıq göstəririk. Qabaqkı
maddələrdən birində zabitləri və polisləri
seçmək və seçilmək hüququndan məhrum
etdik ki, onlar seçki işlərinə təsir göstərməsinlər.
Bu qadağa ruhanilərə də tətbiq olunarsa, onda
onları polis məmurları ilə eyniləşdirmiş
olarıq, halbuki, polis seçki yerinə əlində
qamçı ilə gəlir, ruhanilər isə möizə
ilə gəlirlər. Əgər biz İslam səltənəti
istəyiriksə, gərək əsasımız doğru yol
ilə olsun. Bu doğru yolu isə bizə ruhanilər göstərəcək
ki, hansı yol savabdır. Onları nə üçün bu
işdən uzaqlaşdıraq? Onlar hər zaman rəhbər
olublar. Nə üçün Müəssislər Məclisinə
seçkilərdə rəhbər olmasınlar? Gələcəkdə
onlar millətin və cümhuriyyətin səadətinə
zamindirlər. Mən xahiş edərdim ki, bu maddə qanundan
çıxarılsın. Kilsələr münasibətdə
qalsa da, məscidlərə aid edilməsin. Çünki
islamiyyətdə məscid, kilsə kimi deyil. Məsciddə cəmaətin
ümumi məsələləri həll olunur.
İclasa sədrlik edən Həsən
bəy Ağayev: Son söz məruzəçi M.Ə. Rəsulzadəyə
verilir.
Məmməd Əmin Rəsulzadə:
Bu məsələyə əsas bir nöqteyi-nəzərlə
baxmaq lazımdır. Burada üləma və ruhanilərin
heysiyyətinə toxunacaq heç bir şey yoxdur. Birdəfəlik
anlamalıyıq ki, indiki zamanda xalq cümhuriyyəti elan
etmişiksə, bütün hakimiyyət millətin öz əlindədir
və bütün qanunlar xalqın rəyilə hakimiyyəti
milliyyə əsasında çıxarılacaq. Xalqın
seçdiyi nümayəndələr millət və məmləkətin
hansı üsulla idarə olunacağı xüsusunda qanunlar
çıxaracaqlar. Belə bir zamanda əsrlərlə bundan əvvəl
yaranmış əsasları qurmaq zamanı deyildir. O zaman
çoxdan keçmişdir.
Əfəndilər! Üləmanın
vəzifəsi bir vəzifeyi-diniyyə olduğundan müqəddəsdir.
Deyirlər ki, seçki də müqəddəsdir və belə
bir müqəddəs işdən ruhaniləri məhrum etmək
olmaz. Lakin bunu bilməliyik ki, dini məsələlər
başqa, dünya işləri isə bam-başqadır. Əgər
diqqətli olsaz görərsiniz ki, dünyəvi məsələlərdə
dini məsələlərə xas olan müqəddəslik qətiyyən
yoxdur. Dini etiqadlar tənqidin, mühakimənin fövqündədir.
Halbuki, siyasi etiqadlar daima tənqid hədəfidir. Bir şey
ki, tənqidə və mühakiməyə məhkumdur, onda
müqəddəslik aramaq əbəsdir. Bir də gərək
diqqət edəsiniz ki, seçkilər millətin azad rəyindən
hasil olmalıdır. Ona görə də bütün polis məmurlarının,
qorodovoyların və başqa hakimlərin seçki
hüquqları əlindən alınır. Bu nə
üçündür? Ölkə vətəndaşı
olduqları halda onlar niyə seçkidən məhrum edilir?
Ona görə ki, bununla başqalarının azad səs vermək
hüququ təmin olunur.
Bizə deyirlər ki, qorodovoy, polis
ağac ilə, qamçı ilə gəldikləri halda,
ruhanilər vəz ilə gələcəklər. Fəqət,
siz mənə təminat verə bilərsinizmi ki, qorodovoylar
qamçı ilə gəldikdə bəzi ruhanilər lənətlər
və küfrlərlə gəlməyəcəklər?
Qorodovoyun əlində zopa varsa, ruhanilərin də
küfrü, lənəti var (Alqışlar).
Sultan Məcid yerindən: O ruhani
deyil, o mərsiyaxandır.
M.Ə. Rəsulzadə
üzünü S.M. Qənizadəyə tutaraq
çıxışını davam etdirir: Əvət,
keçən il bunun təcrübəsini gördük, sizə
məxsus olan ruhaninin birinin nə elədiyini gördük. Ona
görə də imkan vermərik ki. Allahın evindən
istifadə edib, yenidən küfrlər yağdırıb, təşviqat
yapmaqla məqsədlərinə nail olsunlar.
Bir də əfəndilər, bunu
bilməlisiniz ki, üləmanın vəzifəsi bitərəf
qalmaqla xalqı haqq yoluna çəkməkdir. Fəqət,
insan bir siyasi firqəyə mənsub olursa, bitərəf qala
bilməz. Bir zamandakı firqələr rəqabətə
çıxmışlar, bir zamandakı emosiyalar
coşmuşdur, bir zamandakı firqə şəriətə
uyğun olan və olmayan bütün vasitələrlə
qarşı tərəfi məğlub etmək istəyir, bir
zamandakı əhalinin bir sinfi digərinə qarşı
mübarizə və rəqabətə qalxmışdır,
belə bir zamanda yeganə bir sülh yeri varsa ki,
barışmaq üçün oraya müraciət edilməlidir,
o da məsciddir. Belə zamanlarda üləma sülh sözü
ilə gəlib firqələrə nəsihət etməlidir.
Lakin üləmalar da bu keşməkeşdə desə ki, həqq
filan firqənindir, filan firqə isə haqsızdır, o zaman
məscidlər bir ixtilaf yeri olar və üləma sülh-səlahə
çağırıb, xalqı barışdırmalı ikən,
minbərlərdən doğru bilmədiyi firqələr
üzərinə küfrlər yağdırmaqla odun üzərinə
yağ tökəcəkdir. Çünki mənim məsləkimə
minbərdən biri zidd gedərsə, əmin olunuz ki, həmin
adam alim də olsa, mən ona etirazımı bildirəcəyəm.
Ona qarşı hörmət bəsləməyəcəyəm.
İndi söyləyiniz, qalarmı hörməti belə
üləmanın? Qətiyyən qalmaz! Əgər istəyirsiniz
ki, məscid bir möhtərəm vasitə, sülh və səlah
olsun, qoyunuz o bitərəf və müqəddəs qalsın.
Əgər istəyirsiniz ki, din nümayəndələrinin
heysiyyəti toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid
məscidliyində bulunsun, onu dünya işlərinə
qatmayın, buraxınız orası ancaq ibadət
üçün qalsın. Əlhəzər, ruhaniləri
siyasətə qarışdırmayın... Bir alim
ittihadçı, digəri müsavat, sosialist olursa, bir üləmanın
biri çıxıb deyəcək ki, səsinizi filan firqəyə
verin, ardınca da mərsiyaxan da çıxıb səsinizi
filan firqəyə verin, o yalan deyir desə, o vaxt nə olar? Məhz
bu nöqteyi-nəzərdən məscidləri mübarizə
aparan siyasi firqələr arasında bir sülh amili kimi
saxlamaqdan ötrü bu maddə qəbul edilməlidir ki, məscid
ilə minbər bitərəf qalsın. Alimlər xaqlı
sülh yoluna çağırsın, məscid də siyasi
işlərdə iştirak etməsin.
Həsən bəy Ağayev: Əvvəl
Qənizadənin təklifini səsə qoyuram Təklif belədir:
"Kilsə və məscid, habelə ruhanilərin moizəsi
barədə maddə çıxarılsın". Kim Sultan
Məcid Qənizadənin təklifini qəbul edirsə, rica
edirəm, əlini qaldırsın. Kim əleyhinədir. Əksəriyyətin
rəyi ilə təklif qəbul olunmur. Hər kim 96-cı maddəni
qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyətin
rəyilə 96-cı maddə qəbul olunur.
Aydın Balayev,
Tarix elmləri doktoru
Ədalət.-
2012.- 11 yanvar.- S.7.