Möhlət Müslümov: "Bu dəryada
gözəl üzmək üçün
bir ömür də
bəs etməz"
"Quyuya
su tökməklə dolmaz. Tələbənin qabiliyyəti
qanında, canında olmalıdır. Şərt o deyil ki, sənətkar
ailəsində böyüyəsən. Allah istedadı sənətkar
ailəsində doğulana da verə bilər, ziyalı ailəsində
doğulana da, kasıb ailədə doğulana da". Bunu "Azadinform"a açıqlamasında
Xalq artisti, Milli Konservatoriyanın professoru Möhlət Müslümov bildirib. Tarzənin fikrincə, musiqi istedadı insana Allah tərəfindən
verilir, müəllim isə yalnız istiqamətləndirir: "Bizə
bu sənətə gəlmək üçün
müraciət edən
olanda bir müəllim kimi yoxlayırıq, əgər
varsa, 100 adamın içində o bir nəfərin qanında-canında
olan qabiliyyət özünü göstərir.
Biz də çalışırıq
həmin adama düzgün yol göstərək".
Sənətkar professional olmağın sirlərini də açıqladı. O, yaxşı
musiqiçi olmaq üçün çalışmağı
və bu sənətin bütün
qayda-qanunlarına əməl
etməyi məsləhət
görür: "Qabiliyyəti
Allah verir, sonra
professional olmaq üçün
illər tələb edilir. Mən tərəddüd etmədən
cəsarətlə deyirəm
ki, bir tarzənin,
kamança ifaçısının
və ya yaxşı bir xanəndənin yetişməsinə
20-25 il vaxt
lazımdır. O da əgər yetişsə.
Bu 20-25 ilin içində
ali məktəbə qədər olan orta musiqi məktəbi,
adi musiqi məktəbi var və ən əsası, təcrübə
illəri var. Kamança
ifaçısı Fəxrəddin
Dadaşov, mən Milli Konservatoriyanın, Mələkxanım Əyyubova
Mədəniyyət və
İncəsənət Universitetinin
professorları olsaq da, biz bu gün
də bilmədiklərimizi
öyrənirik, yenə
də öz üzərimizdə işləyirik".
Sənətkar muğamın xüsusilə
çətin bir sənət olduğunu da vurğulayır. Xalq artisti musiqinin
bu istiqamətinin zəhmət tələb etdiyini də dedi: "Muğam dəryadır. Bir metr bu dəryaya düşənlər
əlin-ayağın isladır
və deyir ki, "mən bu dəryanın üzgüçüsüyəm". Mən min metr də bu
dəryaya düşsəm,
deyə bilmərəm
ki, bu dəryada
gözəl üzürəm.
Bu, qəbahət olar. Bu dəryada
gözəl üzmək
üçün bir ömür də bəs etməz. Biz indi Mələkxanımla
bir dəsgah hazırlayırıq, birdən
məşq zamanı mübahisələrə qədər
gəlib çıxır.
Mənə qaranlıq qalan
məqam olanda isə zəng vururam yaşca böyük qocaman ustadlarımıza.
Mən onları özümə müəllim hesab edirəm. Onlardan da öyrənirəm. Gənclərə də məsləhət görürəm ki, ancaq çalışsınlar, öyrənsinlər və özlərindən razı olmasınlar. İndi görürsən ki, 2-3 muğam öyrənir və ifa edir, əvvəldən axıradək heç dəsgahı çala bilmir, tar çalanda tardan çox burnun səsi gəlir deyir ki, mən də muğam ifa edirəm. Amma 60-70 yaşında da öyrənmək lazımdır".
Ədalət.-
2012.- 11 yanvar.- S.8.