MÜJDƏLƏRLƏ
BAŞLAYAN İL
Ağdam sabaha
inamlıdır
Son 20 ili göz önünə gətirəndə
bu gün işğal altında olan bölgələrimizin
keçdiyi yol, yaşadığı həyat,
bütövlükdə sosial-iqtisadi mənzərə
adamı həm təəccübləndirir, həm də daxilən
sevindirir.
Ona görə təəccüblənirsən ki, işğal altında olan ərazilərimizdə düşmənin əsl vandallıqla talançılıq, dağıtmaq, yerlə-yeksan etmək niyyəti bitib-tükənmir və istər beynəlxalq təşkilatların, istərsə də həmin bölgələrə səfər edən ayrı-ayrı siyasətçilərin, jurnalistlərin yazılarında, hesabatlarında prosesin durmadan davam etdirildiyini aydınca görmək, bilmək olur.
Necə deyərlər, düşmən öz düşmənçiliyindən əl çəkmir və bunun hələ nə qədər davam edəcəyi üzücü bir sual kimi adamı daxilən öz məngəsində saxlayır, onun təəccübünü, nigarançılığını xüsusi ilə düşmənə öz yerini tanıtmaq hissini ayaqda saxlayır.
O ki, qaldı sevinc hissinəg bu artıq təkcə milli özünəinamın deyil, həm də ölkə iqtidarının uğurlu siyasətinin davamlı qurub-yaratmaq, inkişaf etdirmək əzminin bəhrəsidir. Belə ki, cəbhə bölgəsinə yaxın ərazilərdə, işğaldan azad edilmiş torpaqlarda, sərhəd boyunca diqqəti çəkən hər yerdə həyat qaynayır. İstər Füzulidə, istər Xocavənddə, istərsə də Ağdamda bu gün görülən işlərin təkcə sırasını göz önünə gətirmək, xatırlamaq dediklərimizin həqiqət olmaqla yanaşı, həm də ümidverici, inamyaradan bir fəaliyyət olduğunu görmək mümkündür.
Bəli, bu gün ərazisinin çox böyük hissəsi işğal altında olan Ağdam rayonu Sovet dönəminin qaynar günlərini yavaş-yavaş özünə qaytarır. Belə ki, rayonda aparılan iqtisadi inkişaf siyasəti öz bəhrəsini demək olar ki, bütün sahələrdə göstərməkdədir. Bir anlıq ötən ilə qayıdsaq onda dediklərimizin siz də şahidi ola bilərsiniz.
Çünki dəfələrlə baş çəkdiyimiz bu bölgəyə yeni ilin ilk günündə yenidən səfər etməyimizdə məqsəd məhz həmin o uğurlu iqtisadi inkişaf planının bəhrələrini özümüzün görüb şahid olmaq məramımız idi.
Bu da Quzanlı qəsəbəsi... Əslində bu qəsəbə artıq rayon mərkəzi kimi formalaşmaqdadır. Çünki Ağdam rayonunun icra strukturları, idarə və müəssisələrinin əksəriyyəti bu qəsəbədə yerləşdiyindən buradakı həyat daha qaynar, daha diqqətçəkəndir.
Ötən səfərlərimizdə şahidi olduğumuz yeniliklərin sırasında bu gün bizim də qatıldığımız və açılışları qeyd edilən tibbi müəssisələrin genişlənən şəbəkəsi hamı kimi bizləri də sevindirirdi.
Çünki biz ağdamlıların, xüsusi ilə cəbhə xəttində yaşayan insanların üz-gözündə bir ümid işığının get-gedə necə gurlaşdığını aydınca hiss edir və görürdük.
Mənimlə yanaşı dayanmış köhnə həmkarım, bu gün də rayon icra hakimiyyətində mətbuatla sıx təmasda olan Fəxrəddin Hacıbəyli sözarası pıçıldayır:
- Əgər xatırlayırsansa ötən ilin noyabr ayının 11-də Azərbaycan prezidenti cənab İlham Əliyev rayonumuza gəlmişdi. Prezidentimizin səfəri zamanı bir neçə obyektin açılış mərasimləri keçirildi.
Həmin mərasimlərdən biri də Mərkəzi rayon xəstəxanasının yeni binasının qırmızı lentinin kəsilməsi oldu.
Məhz o vaxtı rayon sakinlərinin müraciətini nəzərə alan prezidentimiz tapşırıq verdi ki, Ağdamda mərkəzi xəstəxana ilə yanaşı, daha bir neçə səhiyyə ocaqlarının açılması üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilsin. Cənab İlham Əliyevin bu tapşırığı əlaqədar qurumların, o cümlədən rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun yaxından iştirakı və rəhbərliyi altında tezliklə öz həllini tapdı. Bax bu gün biz də prezidentimizin tapşırığı ilə tez bir zamanda tikilib istifadəyə verilən yeni səhiyyə ocaqlarının açılışının canlı şahidiyik.
Fəxrəddin müəllimin söylədiklərini dinləyə-dinləyə mən bu gerçək həqiqətin doğrudan da cəmi 2 aya yaxın bir müddətdə reallaşmasına bir qarabağlı, bir qaçqınlıq həyatını yaşayan insan kimi qəlbən sevinirəm. Və mənə elə gəlir ki, bu açılışa hamı ən azı mənim qədər sevinməklə öz istəklərini biruzə vermək üçün bir araya gəlibdir.
Açılış mərasiminə qatılan rayon rəhbərləri, eləcə də rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov xoş bir ovqatla hər kəsə müraciət edir:
- Gördüyünüz kimi möhtərəm prezidentimizin tapşırığı ilə qısa bir zamanda Ağdamda, yəni Quzanlı qəsəbəsində 15 çarpayılıq doğum evi, 15 çarpayılıq uşaq xəstəxanası, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası artıq tikilib istifadəyə hazırdır və bu səhiyyə ocaqlarının hər biri yeni və müasir avadanlıqlarla təchiz edilib. Bizim səhiyyə ocaqlarındakı avadanlıqlar rayonumuzun həkim personalına yeni imkanlar yaradacaq və artıq sakinlərimiz də digər bölgələrə, eləcə də paytaxta üz tutmaq əziyyətindən qurtaracaqlar. Yəni indi ağdamlılar qonşu rayonlara, Bakıya, Gəncəyə deyil, oradan bizim xəstəxanlara müraciətə gələnlər olacaqdı. Bu prezidentimizin, ölkə rəhbərliyinin cəbhə bölgəsində yaşayan insanlarımıza qayğısının, diqqətinin çox gözəl nümunəsidir. Eyni zamanda bu Azərbaycan prezidentinin Regionların inkişaf etdirilməsinə dair Dövlət Proqarımının tərkib hissəsindən bir məqamdır. Bildiyiniz kimi cənab prezidentimiz təkcə səhiyyə sahəsində deyil, həmçinin təhsil, sosial, məişət sahələrinə də diqqət göstərməyi, yolların, su xətlərinin, elektrik, qaz və digər problemlərin də sürətlə həll edilməsini bizdən tələb edir. Bunun üçün dövlət büdcəsindən, prezident fondundan əlavə maliyyə ayrılıb. Bu da imkan verir ki, biz əl-ələ verib Ağdamın problemlərini həll edək, insanlarımızın təlabatını ödəyək.
(ardı gələn sayımızda)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2012.-
12 yanvar.- S.7.