MÜJDƏLƏRLƏ
BAŞLAYAN İL
Ağdam
sabaha inamlıdır
(Əvvəli ötən
sayımızda)
Bəli, şahidi olduğumuz həmin
açılış mərasimlərində rayon icra hakimiyyətinin
başçısı ilə yanaşı, rayon Mərkəzi
Xəstəxanasının baş həkimi Gülnar Abbasova da
ölkə rəhbərliyinə, xüsusi ilə prezidentimizə
səhiyyə işçilərinin ən xoş
arzularını, təşəkkürlərini
çatdırdı. Biz mərasimdən sonra yeni
açılmış səhiyyə ocaqlarını gəzərkən
buradakı şəraiti məmnunluqla seyr edir və cəbhə
xəttində insanlar üçün belə bir
sağlamlıq ocaqlarının tikintisində əziyyəti
olan hər kəsə daxilən minnətdarlığımızı
ifadə edirdik. Həmin o minnətdarlıq duyğularına
qoşulan səhiyyə işçiləri, xüsusilə
tibb bacıları, texniki personal özlərinə məxsus
bir saflıqla xoş duyğularını dilə gətirirdilər.
Təbii ki, regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq, yeni ilin ilk günlərində Quzanlı qəsəbəsində, bütövlükdə Ağdam ərazisində istifadəyə verilən yeni səhiyyə ocaqları bu işin davamlı olacağına, bu qayğının bitib-tükənməyəcəyinə hər kəsdə bir inam yardırdı. Özü də bu inam təkcə sosial-iqtisadi inkişafla deyil, həm də ölkə prezidentinin bölgəyə diqqəti ilə, Qarabağ məsələsinin çözümündəki qətiyyəti ilə də bağlı idi. Hər kəs birmənalı olaraq torpaqlarımızın azad ediləcəyinə inandığını, bu işdə Ali Baş Komandanın yanında olduğunu dilə gətirirdi...
Bir neçə saat ərzində iştirakçısına çevrildiyimiz açılış mərasimləri başa çatdıqdan sonra həmişə olduğu kimi, yenə Quzanlı qəsəbəsini, Ağdamın cəbhə xəttindəki kəndlərini gəzib dolaşıram. Buradakı doğmaları, tanışları salamlayır, onların yeni il arzularını, bütövlükdə ovqatlarını öyrənirəm.
Bugünkü Ağdamı gəzib-dolaşdıqca təkcə xatirələrim deyil, müşahidə etdiklərim gerçəkliklərin də yaddaşımda açdığı izləri aydınca hiss edirəm, görürəm ki, ərazisinin xeyli hissəsi işğal altında olmasına baxmayaraq, Qarabağın möhtəşəm ünvanlarından biri olan Ağdam həm qurub-yaratmaq hissini, həm də böyük dünya ilə təmasını qoruyub inkişaf etdirməkdədi. Bunu rayonun mədəni həyatında baş verən hadisələrlə daha aydın görmək, hiss etmək mümkündü. Belə ki, ötən ilin noyabr ayının sonlarında Azərbaycanın dünya şöhrətli alimi, təkcə ağdamlıların deyil, bütövlükdə bütün Azərbaycanın fəxri olan AMEA-nın həqiqi üzvü, Rusiya Tibb Elmlər Akademiyasının müxbir üzvu, əməkdar elm xadimi, dövət mükafatı laureatı Ədilə Namazovanın 85 illik yubileyinin qeyd edilməsi faktı onu göstərir ki, Ağdam yenə işıqlı insanlar üçün böyük dünyaya bəxş etdiyi övladları üçün qoynunu açmaqdan fəxarət duyur. Məhz həmin tədbirdə iştirak edən millət vəkilləri, elm, incəsənət adamları akademik Ədilə Namazova barəsində söylədikləri fikirlərin işığında, Ağdamın işığında, Ağdama göstərilən dövlət qayğısına da bir minnətdarlıq dilə gətirdilər.
Həmin tədbirə qatılanlar Ağamda salınan qəsəbələrin sosial mənzərəsini, burdakı insanların həyat tərzinin günbəgün yaxşılaşmasını ölkə prezidentinin bölgəyə diqqəti kimi qiymətləndirmişdilər. Təsadüfi deyil ki, ilin son istirahət gününü Qarabağ bölgəsində keçirən Azərbayan prezidenti İlham Əliyev cənabları görüşdüyü qaçqın soydaşlarımızın qarşısında çıxış edərkən birmənalı şəkildə vurğulamışdı ki, "torpaqlarımızın işğal altına düşməsi bizi öz ərazilərimizdə, çadır şəhərlərində, fin evlərində yaşamağa məcbur etsə də, biz iradəmizin, ölkəmizin iqtisadi gücünün hesabına bu problemləri həll etməyə başladıq. Nəticədə onlarla yeni qəsəbələr salındı, minlərlə insan yeni gözəl evlərə köçürüldü. Təkcə Taxtkörpüdə bu gün açılışında iştirak etdiyimiz qəsəbədə 552 ev tikilib, məktəb var, infrastruktur yaradılıb".
Doğrudan da, ölkə prezidentinin vurğuladığı kimi, Ağdamda salınmış qəsəbələrdə təkcə binaların göz oxşaması yox, həm də onların tələblərə cavab verməsi, müasirliyi, infrastrukturun olması əsas şərtlər kimi qiymətləndirilib. Yəni insanlar köçdükləri qəsəbələrdə, yerləşdikləri evlərdə özləri üçün zəruri olan bütün təminatlarla zamanında da təmin ediliblər. Salınmış qəsəbələrdə içməli su problemi, işıq, qaz məsələləri ardıcıl olaraq öz həllini tapmaqdadı. Təkcə Ağdamda salınan qəsəbələrdə məskunlaşan insanların özləri ilə görüşlərdə vurğulandığı kimi, cəbhənin beş addımlığında insanların həyat səviyyəsinin yaxşılaşdırılması, əkin-biçinlə məşğul olması, təsərrüfatlarda çalışmaları təkcə torpağa bağlılıq yox, həm də sabaha böyük inam deməkdir.
Hələ müharibənin ilk illərindən tanıdığım, işğaldan sonra Ağcabədidəki Türk Qızıl Ay çadır şəhərciyində məskunlaşmış Rizvan adlı dostum indi öz doğma torpağına, Ağdama - yeni salınmış qəsəbəyə köçübdü. Onunla budəfəki görüşümdə Rizvan böyük ümid hissləri ilə ona verilmiş mənzili, doğmaları üçün ayrılmış evləri, həyətyanı torpaq sahələrini mənə göstərdi. Sıra ilə əkilmiş ağaclar, becərilmiş təsərrüfat həqiqətən adamın könlünü oxşayır. Elə sözarası da Rizvan bildirir ki, qəsəbədə yaradılmış infrastruktur, sosial məişət obyektləri istifadəyə verildikcə, bizim güzəranımız da yaxşılaşır. Bu da onu göstərir ki, Ağdamda salınan qəsəbələr ümumiyyətlə, bu ərazidə məskunlaşan insanlar ardıcıl olaraq ölkə rəhbərliyinin diqqət mərkəzində olurlar.
Bəli, biz qəsəbələrarası yolları, səliqəli küçələri, idman meydançalarını, məktəbləri, bir sözlə, Ağdam ərazisində son illərdə inşa edilmiş, göz oxşayan tikililəri bir tamaşaçı baxışlarıyla seyr etdikcə həm də bütün bunların məhz Ağdam şəhərinin özündə, işğalda olan torpaqlarımızda tikilmədiyinin təəssüfünü yaşayırıq. Amma bu təəssüf hissinin qəlbimizə hakim kəsilməsinə imkan vermirik. Çünki Azərbaycanın inkişaf sürəti, uğurları bizi bu təəssüfdən çəkib uzaqlaşdırır. Yadıma ölkə başçısının söylədiyi bir fikir düşür. "Dağlıq Qarabağ məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Bütün köçkünlər öz ata-baba torpağına qayıtmalıdır, o cümlədən də Dağlıq Qarabağa".
Doğma insanlarla, tanıdığım və az qala hər qarışına özüm qədər bələd olduğum bu yerlərdə onu da müşahidə etdim ki, paytaxtdan, xüsusilə dövlət qurumlarından bu ərazilərə səfər edən insanların burada hansısa bir yeni işin başlanmasına təkan verməsi artıq ağdamlıları təəccübləndirmir. Çünki onlar birmənalı olaraq bilirlər ki, istər Neft Fondunun, istər Dövlətqaçqınkomun, istərsə də digər qurumların həyata keçirdiyi bütün layihələrin tapşırığını verən, icrasını tələb edən Azərbaycan prezidenti İlham Əliyev cənablarıdır. Elə həmsöhbət olduğum hər kəs də yeni ilin bu cür başlamasından məmnunluqla söz açırdı. Onlardan yaşlı həmsöhbətim vurğuladı ki, "ilimiz ki, yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi ilə başladı, deməli, xəstələrimizin də sayı azalacaq. Ağrı-acı bizdən uzaq düşəcək, uğurlar bizimlə olacaq!"
Əslində ağsaqqalın bu fikirləri həm ilin əvvəlinə, həm bütün ağdamlılara, həm də bütöv Azərbaycana bir xoş niyyətdir, xeyir-duadır. İnşallah, regionlarımızın uğurlu və möhtəşəm inkişafının, abadlaşmasının, tərəqqisinin tez-tez şahidi olacağıq. Buna bizim həm mənəvi, həm də maddi haqqımız da çatır, imkanımız da. Ölkə prezidentinin rəhbərliyi altında biz daha böyük uğurlara imza atacağıq. Bu hər birimizin qəlbindəki əminlik hissidir.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-
2012.- 13 yanvar.- S.7.