ALLAHI QATİL EDƏNLƏR
(XV hissə)
Roman
(Əvvəli qəzetimizin 7 yanvar
sayında)
- Onun dəmir
kimi alibisi var, həmin gün xəstəxanada olub, özü
də bir neçə ağır əməliyyat
aparıb.
- Yəqin
bilirsən də, desantçılar qardaş olurlar.
Kriminalist
bununla da qane olmadı:
- Əvvəla, o kinolarda olur. İkincisi
də, sən dediyin məsələ ilə də
maraqlanmışam, bir şey çıxmayıb, hətta
sevdiyi qızdan da şübhələnmişdim,
fındıq?
Müstəntiq
yenə israr elədi:
- Mən
yenə deyirəm, Polkovniki Akademikin ailəsi ya
ölüdürüb, ya da öldürdüb. Demirəm,
inanıram. Mən dəfələrlə
o ailədə olmuşam. Onlar intiqam almaq
üçün elə köklənmişdilər ki,
türklər demiş kamikadze kimi intihar saldırısına
da hazır idilər. Atasının elə
sakit, soyuqqanlı olmasına baxma, o, içindəki
vulkanı gizlətməyi bacarır. Ovçudu,
quşu gözündən vurur. Əla da
bir türk beşaçılanı var.
- Polkovnik
beşaçılanla vurulmayıb, ov tüfəngi ilə
vurulub tüfəng də ortada yoxdu.
-
Yaxşı axtarmamısan, axtarsan taparsan. Sənə
bilmədiyin bir şey deyim, yadında qalsın. Əsil ovçular heç vaxt mağazadan
alınmış patron işlətməzlər. O
patronlara etibar eləmirlər, özləri patron
hazırlayırlar. Hətta tüfənglərini
də ustalara təmirə vermirlər. Özləri
təmir edirlər. Silahlarına sevgililəri
kimi baxırlar, hamıya qısqanırlar, yad ələ verməzlər,
heç uşaqlarına da qıymırlar. Ekspertizanın rəyi nədi? Güllə
fabrik istehsalıdı, yoxsa...
- Onu düz
deyirsən, güllə kustar üsulla hazırlanıb.
- Gördün harda boşluq
buraxmısan. İndi mən sənə ipucu
verdim. Heç mənim apardğım cinayət
işini oxumaq da vacib deyil. Əgər
işləri birləşdirmək istəmirsənsə, buna
cəsarətin çatmazsa.
- Çatar, amma gəl mən onu
gedib arxivdə axtarmayım ki, kimlərsə də
vaxtından qabaq duyuq düşsün.
Müstəntiq
qalxdı, otağın küncündəki seyfi açdı,
içindən bir neçə qovluq çıxartdı və
gətirib qoydu stolun üstə:
- Buyur,
görüm cəsarətini. Amma sənə də
göy-göyərti satmağı məsləhət görsələr,
utanma gəl, gözüm üstə yerin var.
Həqiqətən də Polkovnikə atılan hər
iki güllə fabrik istehsalı deyildi. Ortada
bir dəmir giliz, iki də güllə vardı. Amma tüfəng əldə olmadığı
üçün həm güllələr həm də giliz
susurdu. İndi Kriminalist Müstəntiqin
verdiyi ipucu ilə gilizi də, güllələri də
danışdırmalıydı. Bu güllələrin
hansı emalatxanada və kim tərəfindən
hazırlanmasını tapmaq dəryada balıq sevdası olsa
da, indiyədək o balığa qarmaq atmaq nədənsə
onun ağlına gəlməmişdi. Əslində
heç dərya da böyük deyildi, şübhələndiklərindən
yalnız Akademikin atası peşəkar ovçu idi.
Yaxşı, əgər güllələri Akademikin atası
hazırlamışdısa, bəs kim
atmışdı, hansı tüfənglə
atmışdı?
Tutalım, gülləni Akademikin atasının
hazırladığını sübut etdi, ortada tüfəngki
yoxdu. Tüfəngi tapıb üzə
çıxara bilməsə, qatili tapmaq çətin
olacaqdı.
Fikirləşməkdən başı
şişmişdi. Bundan da ağır
cinayətləri araşdıranda bu qədər çətinə
düşməmişdi.
Ortada Polkovnikdən intiqam almaq istəyən insanlar
vardı, at vardı, iki güllə, bir giliz vardı. Hərbi
hissədən meşə yolu ilə bir saatlıq məsafədə
bir kənd və bu kəntdə Polkovnikdən intiqam almaq
üçün alışıb yanan Akademikin ailəsi
vardı, quşu gözündən vuran atası,
desantçı qardaşı, dişi aslana dönmüş
anası, bir də sevgisi, sevinci ürəyində qalan, gecələr
məzar üstə ağlayan bir qız... Və naşı
bir qatil...
Bir-iki gün vaxtını alsa da Müstəntiqin
verdiyi cinayət işini çox diqqətlə oxudu. Müstəntiq həqiqətən də zərgər
kimi işləmiş, təkcə Akademikin törətdiyi o dəhşətli
qətlin istintaqını aparmaqla işini bitmiş hesab etməmiş,
ondan əvvəl hərbi hissədə baş vermiş intihar
hadisələrini də çox ətraflı
araşdırmış, hər üç hadisəni birləşdirərək
yekun bir qərara gəlmişdi. Və elə burda da
iş ondan alınıb başqa birinə verilmiş və
bundan sonra da Müstəntiq prokurorluq orqanlarından xaric
edilmişdi. Və Polkovnik hərbi hissə
komandiri kimi böyük bir məsuliyyət daşısa da, cəzasız
qalmışdı.
Qərargah Rəisinin vaxtında hərbi hissədə
baş verən hadisələrlə bağlı rəhbərliyə
yazdığı raporta da nəinki əhəmiyyət verməmişdilər,
əksinə onun özünü cəzalandırmışdılar
və belinə bir töhmət yapışdırmışdılar.
İşdən aydın görünürdü ki,
Polkovnik idmançılardan ibarət cəza dəstəsi
saxlayır və ipə-sapa yatmayan əsgərləri cəzalandırırmış.
Bu cəzalar da təkcə döymək
deyilmiş, ipə-sapa yatmayanlar təhqir edilir,
alçaldılır, sındırılırmış.
Müstəntiq sübut edə bilmişdi ki,
özünü asan əsgər təhqirlərə dözməyib
intihar edibmiş. Müstəntiqdən əvvəl
bu hadisəni araşdıran təhqiqatçı isə ya
özünü çətinə salmaq istəməmişdi,
ya da ona imkan verməmişdilər, o da tələm-tələsik
əsgərin ruhi sarsıntı nəticəsində
özünə qəsd etməsi ilə bağlı qərar
çıxarmışdı. Postdan
qayıdıb silahın təhvil verərkən
ehtiyatsızlıqdan həlak olan əsgərin
ölümündə də müəmmalar vardı. Əsgərin bədənindəki
qançırları postdan dönərkən dərəyə
yuvarlanması ilə izah etmişdilər. Şəkillərdən
isə açıq-aydın görünürdü ki, bu
qançırlar möhkəm döyülmənin izləridi.
Üz-gözü sağ-salamat idi, əsgər
dərəyə yuvarlanmış olsaydı,
üz-gözü belə təmiz qalmazdı. Və ən qəribəsi o idi ki, bu hadisənin
araşdırılması da həmin gənc təhqiqatçıya
tapşırılmışdı. Hər
iki işin təcrübəsiz bir təhqiqatçıya
tapşırılmasının özü də müəmmalıydı.
Və hər
iki hadisədə çox maraqlı bir cəhət vardı:
şahidlər eyni batalyondan olan eyni əsgərlər idi. Necə olur ki, bu üç əsgər hər iki
hadisənin şahidi olurdu?!
Əvvəlki
intiharları da araşdıran Müstəntiq ortaya çox
ciddi bir fakt çıxarmışdı: Akademikin güllələdiyi
hər üç əsgər həmin şahidlər və
bir də onların batalyon komandirləri idi. Və
bu faktın üzərində möhkəm işləyən
müstəntiq hər üç hadisədə Polkovniki təqsirli
bilir, Cinayət Məcəlləsinin bir neçə maddəsi
ilə məsuliyyətə cəlb etmişdi. Sonrası
da...
Əgər əvvəlki intihar hadisələrindən
sonra Polkovnik məsuliyyətə cəlb olunsaydı, nə
Akademik o dəhşətli faciəni törədərdi, nə
də Polkovnikin özü qətlə yetirilərdi.
Hava qaralmışdı, küçə-bayırdan
əl-ayaq yığılmışdı, hamı
qarımış qızına elçi gələcək
qonaqları gözləyənlər kimi çəkilmişdi
evə. Adətən cümə
axşamları kəndin küçələri hava qaralan
kimi belə boşalırdı. Yalnız
çiy kərpicdən tikilmiş torpaq döşəməli
çayxanada beş-altı avara gənc söyüşə-söyüşə
domino oynayardı. Day onlar da yox idi. Kənddə avaralanmaqdan yorulub çıxıb
getmişdilər Rusetə, indi orda avaralanırdılar.
Cümə axşamları ruhların öz
ocaqlarına, əzizlərinə dəyməyə gəldiyi
gün sayılırdı. Hamı da doğmalarının
ruhlarını şad eləmək, incitməmək
üçün həmin günlər ev-eşiyi sahmana
salır, süfrəyə ləziz yeməklər qoyardı.
Ruhlar hər cümə axşamı gəlib eyni
şeyləri görməkdən, eyni qeybətləri
eşitməkdən yorulmuşdular, day gəlib eləmirdilər.
Öz aralarında dərdləşmək,
doğmalarının mənasız-mənasız
söz-söhbətlərinə qulaq asmaqdan daha
maraqlıydı.
Və axır illər heç onları gözləyənlər
də yox idi, adamların o qədər problemləri vardı
ki, nəinki ölülərini, dirilərini də yaddan
çıxarmışdılar.
Və yenə cümə axşamıydı və
yenə hamı çəkilmişdi evinə-eşiyinə,
qarımış qızlarına elçilərin, ya da əzizlərinin,
gələcək ruhların xətrinə yox, bu gün
hamının bir qonağı vardı - Polad Ələmdar.
Və millət oturmuşdu televizorun
qarşısında. Poladın Məmati və
Abduleylə birlikdə Türkiyəni necə xilas etməyinə
tamaşa edirdi.
Belə bir vaxtda kəndin ortasında atılan
güllə səsini Məmatinin baxışlarına kilidlənmiş
camaat eyninə almadı. Əvvəla kənd cəbhə
xəttinin yaxınlığında yerləşdiyindən
camaat güllə səsinə öyrəşmişdi, hətta
top atılanda da diksinmirdilər, ondakı güllə səsi
ola. Bir də ki,
çaqqal-çuqqal camaata göz verib işıq vermədiyindən
gecələr silahı olanlar qurd-quşu qorxutmaq
üçün güllə atırdılar.
İndi camaat ya bu güllə səsini eyinlərinə
almadılar, ya da Məmatinin atdığı güllələr
qoymadı eşitməyə.
Bu qəfil
güllə səsinə yalnız eyvanda oturub beynində
aranı-dağa, dağı-arana daşıyan və
daşıhadaşıdan dilxorçuluqdan başqa heç
bir xeyir tapmayan Akademikin Atası diksindi və yerindən
qalxdı, ətrafı dinsidi, sonra girdi evə:
- Xanım,
tüfəngi ordan bura ver.
- Ay kişi, gecə vaxtı xeyirdimi?
- Qəbiristanlıq
tərəfdən güllə atıldı.
Düşmənlərin hər gecə atdıqları
güllələrə öyrəşmiş evin
xanımı:
- Hər
gecə güllə atırlar də! - dedi və evin
küncündəki tüfəngi gətirib verdi.
- Nədi, yoxsa müharibəni təzədən sən
başlayacaqsan?
- Yox
xanım, bu güllə kəndin ortasında atıldı,
özü də ətə dəydi.
Böyük Qardaş öz otağında kitab oxuyurdu- kənddə
yeganə ailə idilər ki, "Qurdlar vadisi"nə baxmırdılar,
ümumiyyətlə hadisədən sonra bu evdə hələ
ki, televizor açılmırdı - atasının səsini
eşidib keçdi bu biri otağa:
- Nə
olub, Ata?
Xanımına dediyini oğluna da təkrarladı:
- Qəbiristanlıq
tərəfdə güllə atdılar, özü də ətə
dəydi.
- Gözlə,
mən də gəlim.
- Nə
deyirəm, gəlirsən gəl də!
Həyətdən çıxıb qəbiristanlıq
tərəfə yönəldilər, bir inli-cinli
görünmürdü.
Kəndin
aralarını insiz-cinsiz görən Ata dedi:
- Oğul,
elə bil bu kənd ölüb.
- Kənd
ölməyib ey, ata, "Qurdlar vadisi"nə
baxırlar.
Ata başını buladı.
Qəbiristanlığın ətrafını
fırlandılar, orada bir çaqqal-çuqqal səsinə əhəmiyyət
verməsək, hər tərəf elə qəbiristanlıqdakı
ölülər kimi sükut içində idi, şübhəli
heç nə gözə dəymirdi.
Min ilin
ovçusu səhv edə bilməzdi, ona görə təəccüblə
dedi:
- Deyəsən
qocalmışam, oğul?
- Ata, bəlkə
cəbhə tərəfdə atılıb.
- Yox, ay
oğul, burda atıldı, özü də
beşaçılan idi, ətə dəydi. Yox,
görünür, qocalmışam.
Böyük Qardaş ehtiyatla:
- Ata, gəlmişkən
bəlkə bir o tərəfə fırlanaq.
- Axmaq-axmaq
danışma, yüz dəfə demişəm ki, onun ruhunu
incitməyin, qoyun öldüyü yerdə ölsün.
Yaxşı, sən get evə, mən hərlənib gəlirəm.
Böyük Qardaş çox yaxşı bilirdi ki,
atası ona, hətta anasına da qəbir üstə getməyi
qadağan eləsə də, özü bəzən
hamını yuxuya verib gecələr qəbir üstə
gedir. Və indi çox gözəl
başa düşdü ki, atası onu evə yola salıb
özü təkcə qəbiri ziyarət etmək istəyir,
bir söz demədi və yollandı evə.
Ata oğlunun getdiyini görüb girdi qəbiristanlığa.
Təkcə oğlunun qəbrini ziyarət etməyə
yox, heç cür inana bilmirdi ki, qulağı onu aldada,
şübhəsini dağıtmaq üçün
dolaşmağa başladı. Dolaşa-dolaşa
gəlib oğlunun qəbrinə çatdı.
(ardı növbəti
şənbə sayımızda)
AQİL ABBAS
Ədalət.-
2012.- 14 yanvar.- S.5.