"Başqa yol müharibədir"

 

   Qabil Hüseynli hesab edir ki, ATƏT-in formatı iki formada dəyişə bilər. Politoloq həmsədr ölkələr kimi AlmaniyaNorveçin adını çəkir

 

   Arxada qoyduğumuz 2011-ci ildən bizi çox zaman ayırmır. Yeni ilə cəmi 15 gündür başlamışıq. Başa vurulan il hansı ciddi siyasi hadisələrlə yadda qaldı? Bu və digər sualların cavabını politoloq Qabil Huseynlidən öyrənməyə çalışdıq.  

   - Ötən ili necə xarakterizə edərdiniz, 2011-ci il daha çox nə ilə yadda qaldı?  

   - Azərbaycan üçün ötən ildə ən yadda qalan hadisə "Eurovision" mahnı yarışmasında birinci yer tutmamız oldu. Siyasi əhəmiyyətinə görə ondan daha yüksək olan məsələ isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının keçici üzvlüyünə seçilməsidir. Bir sıra tədbirlərin ölkəmizdə keçirilməsi də bu mənada yaddaqalan oldu. İslam ölkələri xarici işlər nazirlərinin Bakı toplantısı, İSESKO xətti ilə mədəniyyət tədbirlərinin baş tutması, turizmə dair müəyyən toplantıların keçirilməsini də uğurlar sırasına daxil etmək mümkündür.   

   Siyasət sahəsindəki ən başlıca uğurlar iqtisadi sahələrdə də əldə olunub. Azərbaycan iqtisadiyyatı normal templə inkişaf edib. İlk dəfə olaraq Azərbaycan xaricə investisiya yatırmağa başlayıb. Doğrudur, əvvəlki illərdə də xarici ölkələrdə investisiya yatırımları prosesi həyata keçirilirdi. Amma bu çox az miqdarda idi. Ötən il isə investisiya yatırımında rekorda imza atılıb. Ötən il Azərbaycan Türkiyədə "Petkim"in səhmlərinin 50 faizinə sahib olub. Üstəlik də "Petkim"in daha bir sahəsinin-yeni Neftayırma Zavodunun tikilişinə Azərbaycan 5 milyard dollarlıq vəsait ayırıb. Bu da ölkəmizin xaricdə sərmayə qoyuluşunun miqdarını xeyli artıracaq.  

   - Amma bütün bunlarla müqayisədə Azərbaycanın əsas məsələsi olan Dağlıq Qarabağ probleminə yönəlik hansısa aktivlik müşahidə olunmadı...  

   - Aktiv siyasi tədbirlər keçirildi. Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə yeddi dəfə prezidentlərin görüşü keçirildi. Eyni zamanda səkkiz inkişaf etmiş ölkənin münaqişə tərəflərinə status-kvonun bu formada davam etməsinin təhlükəli olması barədə müraciətləri oldu. Danışıqları daha effektiv etmək üçün addımların atıldığını istisna etmək olmaz. Amma bütün bunlara baxmayaraq Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və ona qəyyumluq edən dövlətlərin bölgədəki status-kvodan bəhrələnmələri səbəbindən münaqişənin həllində irəliləmə olmadı. Bu səbəbdən də danışıqlardan heç bir nəticə əldə edilmədi. İndi prezidentlərin yeni ilin ilk ayında ilk görüşlərinin baş tutması gözlənilir.  

   - Bu görüşdən sizin hansısa gözləntiləriniz var?   

   - Mən bu görüşdən heç bir şey gözləmirəm. Çünki görüş üçün lazımi baza yoxdur. Yəni indiyə qədər aparılan danışıqlar prosesində Ermənistanın irəli sürdüyü təkliflər, yaxud da iddiaları, həmçinin vasitəçilərin irəli sürdüyü həll variantları Azərbaycanın ərazi bütövlüyünün təmininə yönəlmədiyindən danışıqlar prosesində hər hansı irəliləyişin olacağına ümid yaratmır. Düzdür, mən danışıqlar prosesinin birdən-birə uğur gətirəcəyi qənaətində də deyiləm. Amma hər halda hansısa danışıqda müəyyən irəliləyiş, müəyyən bir pozitiv məqam olarsa, bu o deməkdir ki, danışıqlar prosesində dinamika, irəliləyiş var. Düşünmək olar ki, bu dinamika, irəliləyiş gələcəkdə uğura gətirib çıxara bilər.  

   - Əgər danışıqlar prosesi başlanandan Ermənistan qeyri-konstruktiv mevqeyindən əl çəkməyibsə və vasitəçi dövlətlər də öz maraqları naminə təcavüzkarın nazı ilə oynayırsa, o zaman danışıqların davam etdirilməsini necə başa düşmək olar?  

   - Başqa yol müharibədir. Əgər bölgədə Rusiyanın təsiri güclüdürsə, Rusiya Ermənistanı himayə edirsə və eyni zamanda müharibə yenidən başlayacağı təqdirdə Ermənistana hərtərəfli yardım göstərəcəyini açıq-açığına xarici işlər naziri, digər yüksək ranqlı generallar səviyyəsində bəyan edirsə, deməli hərbi yolla problemi aradan qaldırmaq da asan məsələ deyil. Ona görə də hələki danışıqlar variantının müxtəlif növlərindən istifadə etmək lazımdır. Xüsusilə də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının keçici üzvlüyündən istifadə edərək danışıqların vüsətini dəyişmək olar. Yəni danışıqlar prosesini ATƏT müstəvisindən BMT müstəvisinə keçirmək olar və BMT müstəvisində də danışıqlar prosesini davam etdirmək lazımdır. Yaxud da ATƏT-in vasitəçilik missiyasında format dəyişikliyi olunmalıdır. Konkret olaraq açıq-aşkar ermənipərəst mövqe tutan Fransa həmsədrlikdən çıxarılmalıdır. Rusiya ilə bağlı mövqelərə aydınlıq gətirilməlidir və yalnız bundan sonra həmsədr formatının tərkibini genişləndirmək-sayı beşə çatdırmaq da mümkündür. Bir sözlə, ATƏT-in formatı iki formada dəyişə bilər, ya bütövlükdə bu formatdan imtina olunmalı, ya da bunu bir qədər genişləndirmək lazımdır ki, oradakı bəzi dövlətlərin qalıb-qalmaması məsələsi həllini tapsın.  

   - Yeni formatda konkret olaraq hansı dövlətlərin təmsilçiliyi Azərbaycanın maraqlarına cavab verər?  

   - Bunlardan biri Almaniya, digəri isə Türkiyədir. Türkiyə mütləq vasitəçilik formatında təmin olunmalıdır. Çünki Türkiyə həm Minsk Qrupunun üzvüdür, həm müstəqil regionun ən güclü dövlətlərindən biridir. Əgər Rusiya regiona nüfuz edirsə özü təcavüzkar Ermənistanı dəstəkləyirsə, torpaqlarımızın işğalında iştirak edibsə, Türkiyə niyə problemin aradan qaldırılması prosesinə qatılmasın? Türkiyənin bu prosesdə iştirakına kim, hansı arqumenti göstərə biləcək? Əgər Türkiyə Azərbaycanı müdafiə etməkdə suclandırılacaqsa, bu Azərbaycanı deyil, beynəlxalq hüquq norma prinsiplərini müdafiə etməkdir. Qeyd etdiyim kimi digər dövlət isə Almaniya da, Norveç başqa bir neytral dövlət ola bilər.  

   - Rusiyada hakimiyyət dəyişikliyi müharibə üçün şəraiti, yoxsa, problemsiz bir situasiyanı ortaya qoyacaq?  

   - Əgər Rusiyada Putin hakimiyyətdən getsə məsələ müharibə həddinə gəlib çıxmaz danışıqlarda konstruktivlik xeyli arta bilər. Münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması uzun müddət həll olunmamış vəziyyətdə saxlanılmasının əsas səbəblərini Rusiyanın siyasətində axtarmaq lazımdır. Çünki belə bir vəziyyət Rusiyanın Qafqazdakı maraqlarına xidmət edir. Rusiyanda demokratik qüvvələr hakimiyyətə gələrlərsə daha çox daxilə yönəlik məsələlərə diqqət yönəldilərsə, bu xaricə yönəlik ənənəvi ambissiyalı siyasətə son vermə olar.  

   - Bütövlükdə Rusiyada hazırda gedən prosesləri regiona təsir baxımından necə dəyərləndirərdiniz?  

   - Hələki proseslər gedir, amma bu mərhələdə bir qədər ciddi lider qıtlığı hiss olunur təşkilatlanma səviyyəsi hələ ürəkaçan səviyyədə deyil. Siyasi təşkilatlar zəif olduğundan kütlələri təşkilatlandırmaqda acizdirlər. Digər bir tərəfdən siyasi qüvvələrin inteqrasiyasında problemlər var. Kommunist Partiyası proseslərə dəstək verməkdə o qədər həvəs göstərmir daha çox özü müstəqil tədbirlərin keçirilməsinə meyillənir. Kommunistyönümlü digər quruplaşmalar da eyni formalı hərəkətlər edirlər. Jirinovski isə hakimiyyətin tərəfindən olan partiyanın rəhbəridir. Mironovun "Ədalət" partiyası da bütövlükdə hakimiyyəti müdafiə edən təşkilatdır.  

   - Rusiyada daha irticaçı qüvvələrin hakimiyyətə gəlməsi mümkündürmü?  

   - Putindən irticaçı qüvvə mümkün deyil. Mən inanmıram Rusiyada elə bir adam elə bir komanda tapılsın ki, o Putindən daha sərt imperiyayönümlü siyasət yürüdə bilsin. Bu mümkün deyil.  

   - Kreml parlament seçkilərindəki nəticələri Prezident seçkilərində əldə saxlaya biləcəkmi?  

   - Mütləq bunu həyata keçirməyə çalışacaqlar. Bu artıq demokratik qüvvələrin, siyasi mübarizəyə qalxmış təşkilatların fəallığından, onların seçki prosesini müşahidə etmə resurslarından asılı olacaq. Əgər ədalətli şəffaf seçkilər keçirilərsə, Putinin seçilməsi sual altındadır, yox əgər seçki prosesinə nəzarət etmək mümkün olmasa, onda tamamilə gözləmədiyimiz hadisələrlə baş-başa qala bilərik.

   - Qonşu İranda ötən ilin sonlarına yaxın Böyük Britaniya səfirliyinə hücumun təşkili, yeni ilin başlanğıcında isə partlayış hadisəsini necə xarakterizə edərdiniz?  

   - Məncə hər iki hadisədə daxili təsirlə xarici faktorlar bir-birini tamamlayır. Amma xarici təsirlərin aparıcı meylə malik olduğunu ehtimal etmək mümkündür.  

   - Bütün bunlar sonda müharibəyəmi hesablanıb?  

   - Bu İranın davranışlarından asılıdır. Əgər İran bu cür tərs mövqedən əl çəkməzsə, qızışdırıcı mövqe tutarsa müharibəyə gətirib çıxara bilər. Yox əksinə, İran konstruktivlik nümayiş etdirərsə, dünya dövlətlərinin tələblərinə uyğun öz siyasətində korrektələr edərsə, onda siyasi ab-hava yumşaya, vəziyyət gərginlikdən çıxa bilər.  

   - Fars körfəzi hədələri vaxta kimi davam edəcək konkret olaraq İran belə bir addım ata bilər?  

   - Bu heç bir əsası olmayan gerçəkliyə söykənməyən hədələrdir. İran özü yaxşı başa düşür ki, bu hədələrin praktiki şəkildə həyata keçirilməsi mümkün deyil. Bir müddət sonra heç bu hədələri İran səsləndirməyəcək.

 

 

  Gültəkin

 

  Ədalət.- 2012.- 14 yanvar.- S.4.