Elçin dramaturgiyası xarici ölkə teatrlarının səhnəsində

 

  (Əvvəli ötən şənbə sayımızda)       

  

   Elçinin Türkiyəyə hər gedişi, yalnız ədəbi və teatr ictimaiyyəti tərəfindən deyil, teatrsevərlər, tələbələr tərəfindən də sevinclə qarşılanır. Bu barədə dövri mətbuatda istənilən qədər xəbərlərə rast gəlinir. Bir neçə misal: "Teatr" ("Salam, mən sənin dayınam") əsərinin böyük müvəffəqiyyətlə keçən tamaşasından sonra Elçin Ankarada təhsil alan azərbaycanlı tələbələrin xahişi ilə elə teatr binasında onlarla görüş keçirmişdir. Səmimi şəraitdə keçən görüşdə müəllif tələbələri maraqlandıran sualları cavablandırmış, onlara öz tövsiyələrini vermişdir. Türkiyə Respublikası Mədəniyyət naziri İstemihal Talay "Teatr" əsərini yüksək qiymətləndirərək demişdi: "Xalq yazıçısı Elçinin daha əvvəl Ərzurum və Adana Dram teatrları tərəfindən səhnəyə qoyulmuş əsərləri Türkiyədə böyük müvəffəqiyyət qazanmışdır. Yazıçının bu əsəri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Azərbaycan dramaturqlarının əsərlərinin Türkiyədə tamaşaya qoyulması iki qardaş ölkə arasında mədəniyyət sahəsindəki əlaqələrin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir."  

    Xalq yazıçısı Elçin öz növbəsində tamaşa barədə təəssüratını söyləyərək demişdi: "Sevinirəm ki, bu əsərim də Türkiyə sənətsevərləri tərəfindən başa düşüldüböyük rəğbətlə qarşılandı. İki dostqardaş ölkə arasında mədəniyyət sahəsindəki əlaqələrin möhkəmləndirilməsinə və inkişafına xidmət etməyimdən qürur duyuram."

    13 aprel 2001-ci il tarixli "Ədəbiyyat" qəzetində çap olunmuş "Türkiyə Yazarlar Sindikasında görüş" adlı məqalədən məlum olur ki, İstanbulda, Türkiyə Yazarlar Sindikasının başqanı, məşhur türk yazıçısı və memarı Çingiz Bektaş görüşü açaraq, türkdilli xalqların müasir ədəbiyyatının görkəmli nümayəndəsi Elçinin yaradıcılığından, bu yaradıcılığın bədii-estetik xüsusiyyətlərindən geniş bəhs etmiş, onun Türkiyədə nəşr olunmuş kitablarının, səhnəyə qoyulmuş pyeslərinin türk oxucuları və tamaşaçıları tərəfindən böyük maraqla qarşılandığını, ölkənin ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır.  

   Sonra çıxış edən şair Aydın Hətiboğlu, dramaturq Tuncar Cücənoğlu, şair Mehmed Yılmaz, Qara İbrahimoğlu və başqaları Azərbaycan ilə Türkiyə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafında Elçinin böyük xidmətlərindən danışmış, yazıçıya yeni yaradıcılıq uğurları arzulamışlar. Görüşdə bu əlaqələri daha da inkişaf etdirmək barədə fikir mübadiləsi də aparılmışdır.  

   Sonda Elçin çıxış edərək, səmimi görüşə və xoş arzulara görə türkiyəli həmkarlarına dərin təşəkkürünü bildirmişdir.  

   Ümumiyyətlə, bir cəhətə diqqət yetirək ki, Elçin qardaş Türkiyə Respublikasında ən çox sevilən, oxunan yazıçılarımızdandır. Onun romanları, hekayələri Türkiyənin müxtəlif nəşriyyatlarında dəfələrlə nəşr olunmuşdur.   

   Xalq yazıçısı Elçin AzərTAc-ın müxbirinə verdiyi müsahibəsində belə deyirdi: "... Ən başlıcası isə budur ki, Türkiyə ilə Azərbaycan arasında ədəbi və mədəni əlaqələrin inkişafı yolunda balaca da olsa əməyim varsa, bu mənim üçün çox qiymətlidir. "  

   Yusel Feyzioğlu 25 aprel 2003-cü il tarixli "Cümhuriyyət" qəzetində çap etdirdiyi "Şairlər yurdunun oğlu: Elçin" adlı məqaləsində belə yazırdı: "Elçini çox sevdirən, xalqlar arasında tanıdan əsərləri arasında pyesləri xüsusi yer tutur. "Dəlixana qaçqını" pyesi 1998-ci ildə Ankara Dövlət Teatrında, "Mənim ərim dəlidir" pyesi 2000-ci ildə Ərzurum Dövlət Teatrında, "Salam, mən sənin dayınam" pyesi 2001-ci ildə Konya Dövlət Teatrında tamaşaya qoyulduqastrol səfərləri ilə bütün Türkiyədə tamaşaçılara çatdırıldı. Elçin səhnədə olsa da, olmasa da tamaşaçılar onu ayaq üstə alqışladılar, sevgilərini nümayiş etdirdilər. Bu, türkdilli bütün ölkələrdə belə oldu".  

   "Yaxın, uzaq Türkiyə" kitabının sevilən müəllifi xalqlar arasındakı münasibətləri inkişaf etdirmək istəyir" - deyən Yusel Feyzioğlu Elçini belə xarakterizə edir: " Elçin - yazıçı, tənqidçi, dramaturq, filologiya elmləri doktoru, professor, şairlər yurdunun sevimli oğlu, görkəmli bir el adamı... 1980-cı illərdə millət vəkili, 1993-cü ildən isə Azərbaycan Respublikası Baş nazirinin müavini. Hamısından əhəmiyyətlisi-sadə insan, özü kimi düşünməyənləri də dinləməyi bacaran... Göstərişə boyun əyməyən, dostluğu dərinləşdirən...".  

   Bir mühüm faktı da qeyd etmək yerinə düşər ki, Elçin öz əsərləri ilə təkcə teatr səhnələrini fəth etməmişdir, o, həm də dünya ədəbi mühitində oxu məkanında da kitab müəllifi kimi yüksək yer tutmuşdur. Onun əsərlərinə həmişə olduğu kimi bu gün də müraciət olunur və kitabları sevilərək dünyanın müxtəlif ölkələrində çap olunur. "Da yayıncılıq" nəşriyyatında çap olunan "Ədəbi düşüncələr" kitabının nəşriyyat direktoru bu barədə belə yazır: "Elçin əsərlərində bir tərəfdən sərt realizm ilə cəmiyyətdəki mürəkkəblikləri, ziddiyyətləri göstərir, o biri tərəfdən isə incə bir romantizm ilə insani hissləri yüksək bədiiliklə ifadə edir... ...pyesləri Ankaranın, Konyanın, Ərzurumun, İstanbulun və Türkiyənin digər şəhərlərindəki Dövlət teatrlarında oynanılan Elçin, Türkiyədə ən çox nəşr edilən müasir dünya yazıçılarından biridir".  

   Böyük Türk dünyasının qüdrətli yazıçısı kimi dəyərləndirilən xalq yazıçısı Elçin haqqında söylənmiş fikirlər belədir:  

   Qazi Şimşək (Dənizli valisi): "Türk xalqlarının böyük yazarı və alimi Elçin, eyni zamanda nüfuzlu dövlət adamıdır. Onun hər iki sahədəki çalışmaları rəhmətlik Heydər Əliyev söylədiyi "biz bir millət, iki dövlətik" kəlamı baxımından böyük əhəmiyyətə malikdir".  

   Professor, doktor Həsər Kazdağli (Pamukkale Universitetinin rektoru): "Böyük yazar Elçinin əsərləri ilə bütün türk xaiqları və dövlətfəri fəxr edir. O bizim universitetin sevimli ədibidir".  

   Şərəf Özer (ədəbiyyat müəllimi): "Elçinin Türkiyədə basılmış bütün kitabları mənim şəxsi kitabxanamı bəzəyir Onun "Ölüm hökmü" romanını bütün türk ədəbiyyatlarının azman nümunəsi hesab edirəm. Bu gün türk dilində " dəvə" romanını özü mənə hədiyyə etdi. Mən xoşbəxtəm ki, onunla canlı təmasda oldum və azəri qardaşlarımın ifasında onun dərin mənalı tamaşasına baxdım".  

   Əhməd Bülənd Karalaf (həkim): "Mən bu oyuna Ankarada baxa bilməmişəm. Ancaq Elçinin "Mən sənin dayınam" komediyasını Konya Dövlət Teatrında, "Mənim eşim dəlidir" komediyasını Ərzurum Dövlət Teatrında görmüşəm. Bu tamaşanı səbirsizliklə gözləyirdim. Çox dəyərli bir oyundur. Komediya yox, böyük fəlsəfədir. Azəri oyunçuların misli yoxdur".  

   Zeynəb Çalişkan (Pamukkale Universftetinin tələbəsi); "Elçinin "Mahmud və Məryəm" romanını beş dəfə oxumuşam. O romanı bütün qohumlarımıza, bütün rəfiqələrimə vermişəm. "Sevimli dəlim"i çox bəyəndim və bu ağıllı dəlinin taleyi məni ağlatdı. Bundan sonra da Elçinin bütün əsərlərini izləyəcəyəm". Və ilaxir... və sair...  

   14 fevral 2007-ci ildə "Zaman" qəzeti: Elçin haqda belə yazırdı: "Elçin yaradıcılığı xalqını ifadə edə bilməsindən və insani hissləri göstərmək bacarığından qaynaqlanır".  

   2007-ci ilin fevralında "Ufuk ötesi" həftəliyi Elçini belə xarakterizə edirdi: "Türkiyədə və dünyada nəşr edilən roman, hekayə, esseləri və səhnə üçün yazdığı əsərləri ilə tanınan Elçin Azərbaycan dünyasını və insanını tanıdır".  

    Görkəmli ədibin "Ulduzlar altında cinayət" əsəri 12 fevral 2007-ci il tarixdə Istanbulda Türkiyənin məşhur Möhsün Ərtoğrul Səhnəsində, Türkiyədə çalışan həmyerlimiz Məlahət Abbasovanın quruluşunda uğurla oynanıldı.   

   Bu tamasanın müvəffəqiyyəti haqqında aydın təsəvvür yaratmaq üçün, tamaşanın dörd həftə dalbadal Türkiyənin ən yüksək reytinqli tamaşası olduğunu, üç ay ərzində İstanbulda 77 dəfə oynanıldığını və bu hadisənin Türkiyə teatr həyatında çox nadir hadisələrdən biri olduğunu qeyd etmək kifayət edər.  

   Bu da bir göstəricidir ki, bu tamaşanın qala-tamaşanın tamaşaçıları arasında ölkənin görkəmli elm, sənət və ədəbiyyat adamları, universitet rektorları, ictimai-siyasi xadimlər, o cümlədən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı İsmayıl Haqqı Qaradayı, Türkiyə Böyük Millət Məclisinin Milli Məsələlər Komissiyasının sədri Camal Özdaş, Türkiyə Fəhlə Partiyasının sədri Doğru Pərinçək, Türk Dünyası Araşdırma Vəqfinin başqanı professor Turan Yazqan, Üsküdar Bələdiyyəsinin sədri Əhməd Çökək, Aya-Sofya Muzeyinin genel direktoru Jalə Dədəoğlu və bir çox başqa məşhurlar, İstanbuldakı diplomatik korpusların nümayəndələri kimi mötəbər tamaşaçılar yer almışdı.  

   "Ulduzlar altında cinayət" tamaşası haqqında türk tamaşaçılarının rəyi belədir:  

   General İsmayıl Haqqı Qaradayı: "Azərbaycan ilə Türkiyə əbədi dostqardaş ölkələrdir. Hörmətli Elçin bəyin bu tamaşası da həmin şərəfli əbədiyyət yolunda irəliyə aparan əlamətdar bir addımdır".  

   İstanbul valisinin birinci müavini Murad Qoçabəşər: "Bu gün biz İstanbul Böyük Bələdiyyə teatrında əsil sənət bayramının iştirakçısı olduq. Elçin bəy gözəl və çox təsirli sənət əsəri yaratmışdır. Nə yaxşı ki, bizim teatrın sənətçiləri bu gözəl əsəri səhnədə layiqincə təcəssüm etdirə bilmişlər".  

   Doktor, professor Feyza Öztürk: "Mən Elçin bəyin əsərinin tamaşasını artıq bir dəfə görmüşdüm. Qalanı gözləyirdim ki, ailəm də bu tamaşanı görsün. İki qızım və eşimlə gəlmişik. Fövqəladə bir tamaşadır. Elçin bəyin "Mahmud və Məryəm" romanını oxumuşdum. O cür tarixi əsərdən sonra, belə bir çağdaş faciə yazmaq böyük sənətkarlıq və bacarıq tələb edir".  

   İstanbul Böyük Bələdiyyəsi Kultur İşləri dairə başqanı Əhməd Çökər: "Elçin bəy yalnız qardaş Azəbaycanın deyil, bütün türk dünyasının, o cümlədən Türkiyənin də bövük yazarıdır. Onun Türkiyə teatrlarında səhnəyə qoyulmuş pyesləri əsil sənət uğurları əldə etmiş, tamaşaçıların həqiqi məhəbbətini qazanmışdır. Mən çox şadam ki, böyük yazarın yeni uğuru bizim teatrla bağlı oldu. Elçin bəyə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm".  

   Məşhur türk dramatik aktyoru Aytac Arman: "Mən bütün həyatımı teatra həsr etmiş bir insan kimi deyə bilərəm ki, bu gün çox xoşbəxtəm. Bu gün qardaş Azərbaycanın böyük yazarının əsəri əsasında dərin psixoloji problemləri ortaya qoyan modern bir tamaşa seyr etdik. Sənət dostlarımın oyununu çox bəyəndim, xüsusən baş rolların ifaçıları Elçin Altındağ və Emrah Özertem gözəl oyun nümayiş etdirdilər. Unudulmaz bir cəhət də o oldu ki, haqqında çox eşitdiyim Elçin bəylə şəxsən tanış oldumbu qısa tanışlıqda bir sənətkar kimi onu duydum".  

   Elçinin pyesləri Türkiyə səhnələrini fəth etdikdən sonra inkişaf miqyasını sürətlə genişləndirməyə başladı. Ədibin son illərdə yazdığı, ilk dəfə "Üns Teatrı"nın sənəsində filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərliyi, əməkdar incəsənət xadimi Bəhram Osmanovun rejissorluğu ilə səhnə təcəssümünü tapanuğurla oynanılan "Şekspir" əsərinin dünya teatr səhnələrində özünə yer alması faktı, bariz nümunə kimi çox mühüm bir hadisədir.

   Azəbaycan teatr və ədəbi aləmi üçün çox dəyərli olan bu maraqlı hadisəni, internet saytlarının müxtəlif mənbələrindən alınan məlumatların bir qismi belə şərh edir:  

   Rusiya Federasiyası:  

   Elçinin "Şekspir" pyesinin tamaşası Moskva teatrının səhnəsində:  

   Moskvada fəaliyyət göstərən "Dərviş teatrı" ("Derviş-teatr") srağagün Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində xalq yazıçısı Elçinin "Şekspir" komediyasının tamaşasını göstərmişdir. Qeyri-ənənəvi janrda yazılmış bu komediya bir neçə il əvvəl filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərliyi, əməkdar incəsənət xadimi Bəhram Osmanovun rejissorluğu ilə "ÜNS" teatrının səhnəsində uğurla hazırlanmışdı. O zaman rollarda tanınmış Azərbaycan aktyorları Səyavuş Aslan, Şükufə Yusupova, Rafiq Əliyev və başqaları çıxış etmişlər. Bu yaxınlarda isə həmin əsər Krımda tatar dilində tamaşaçılara təqdim olunmuşdur.  

  

  

   (Ardı var)

 

   İFTİXAR PİRİYEV,

   Əməkdar mədəniyyət işçisi,

   AMEA-nın dissertantı

 

   Ədalət.- 2012.- 14 yanvar.- S.10.