Sən
yazıçısan, neftçi yox!
İsi Məlikzadəni
anırıq
...Birinci
yazı niyə İsi Məlikzadə haqqında olmasın?! Unudulubmu? Unudulub! Bunu
özdöşümdən demirəm, "Radioda, televiziyada
çalışan yaşıddaşlarını qara torpaq
alandan sonra kim xatırladı İsi müəllimi?! Heç
kim!" - Bunu mənə kürəkəni - qızı Xatirə
xanımın həyat yoldaşı Arif müəllim deyəcəkdi.
Hardan başlamaq
lazımdır? Kim bilər? Əsəd
Cahangir Rəşad Məcidi nişan verir:
"İkisi də Ağcabədilidir, bilsə, Rəşad
bilər!" Qulu Ağsəs telefona əl
aparıb Aqil Abbasa zəng vurur. Aqil müəllim söz
verir, söz verir ki, bu dəqiqə ev
telefonlarının nömrəsini tapıb sənə verəcəm.
Vaxt keçir, vədə dolur; bütün gözü yolda
qalanların muradı çin olur, bircə məndən
savayı: Aqil Abbasdan xəbər-ətər yoxdur ki, yoxdur. Səbrimi
basa bilməyib özüm zəng edirəm: "İsi
gözəl yazıçıdır, mənim də dostum
olub. O vaxt Rəşadla bir-birimizə qoşulub gedirdik evlərinə,
bizə piano çalırdı. İsi
unudulmuş adamdı. Darıxma, ev telefonlarının
nömrəsini tapacam sənə!".
Yazıçılar Birliyinin foyesində Rəşad
Məcidlə qarşılaşıram. Niyyətimi
açıb-ağardandan sonra deyir, Aqil Abbas sənin
qabağınca məndən xəbər aldı. Ədalət Əsgəroğlunu
axtarıb-arayır, xahiş edir. Sağ olsun, axır, Ədalət
müəllim əlində balaca kağız qayıdır:
İsi Məlikzadənin yeznəsi Nizami Hacıyevin ev nömrəsini mənə verir. Dəstəyi
qulağıma sıxıram:
- İsi
müəllimin ailə üzvləri ilə görüşmək
istəyirəm, bəlkə siz kömək edə biləsiniz?!
- Oğlu Saleh şəkərdən öldü,
yoldaşı Lətifə də... iki ildən çox olar,
dünyasını dəyişib. Qızlarından
biri Sumqayıtda yaşayır. Gəl, sənə
kömək edərəm, gəl! Məndə əlyazmaları
da var İsinin, şəkilləri də...
Vədələşib görüşürük.
Yaşı 80 olmasa da, 75-i çoxdan
adlamış nurani kişidir. Pilləkənləri
qalxanda öyrənirəm ki, İsi müəllimlə təkcə
qohum yox, həm də dost, sirdaş olublar. "İsi
qəfildən getdi. Heç kim
gözləmirdi, heç kim. Yazdıqları
ortalıqda qaldı. Biz
özümüzü itirdik. Sonra şəkillərini,
yazılarını hərə bir yana dağıtdı".
İsi Məlikzadənin kiçik bacısı Vəzifə
xanım bizi qarşılayır. Otağın
yuxarı başındakı şkafın üstündə
İsi müəllimin böyük şəkli asılıb.
Elə bil, gözləri yol çəkir, nədənsə
nigarandı...
Vəzifə
xanım çay fincanlarını stolun üstünə
düzə-düzə danışır:
"Qardaşımın böyük qızı Xatirə 190
saylı məktəbin müəlliməsidir. Kiçiyi
Arzu APİ-Axundovu bitirib, rus dilindən dərs deyirdi, sonra
ixtisasını təkmilləşdirib, başqa fənndən
dərs keçdi. Oğlu Saleh 2003-cü
ildə öldü, şəkər xəstəsiydi. Yoldaşı da, 2009-cu ildə rəhmətə
getdi. İsi Sənaye İnstitutunu
qurtarmışdı. Uzun müddət
neftçi işlədi. Mədəndə
çalışanda səkkizinci kilometrdən özünə
ev də almışdı. Sonra allah rəhmət eləsin, Mirzə
İbrahimovun o vaxt böyük vəzifəsi vardı,
İsinin hekayələrini qəzetdə oxuyub yanına
çağırmışdı ki, sən
yazıçısan, neftçi yox! İnanırsan,
zorla işdən çıxartdırmışdı. Mən deməzdim, İsi unudulmuş
yazıçıdır. Az da olsa,
çox da olsa, İsi xatırlanır. O gün həyətdə
oturmuşdum, gördüm, bir qadın mənə
yaxınlaşdı ki, sizi tanıyıram, İsi Məlikzadənin
bacısısınız. Deyir, mən hər
gün onun əsərlərindən bir parça oxumasam, yata
bilmərəm.
Bir dəfə də Kislovodskiyə getmişdik.
Bir nəfər mənə dedi, sizin yazıçılardan
çoxunu tanıyıram. Gördüm,
İsinin kitabını çıxardı.
Qardaşım çox mehriban adam idi.
Uşaqlar evdə nadinclik edəndə biz
acıqlanırdıq, üstlərinə təpinirdik, amma o
yox, uşaqlarla elə dil tapırdı ki... Mən
anadan olanda üç gün çörək yeməyib ki,
niyə qardaşım olmadı? Yeddi
bacının bir qardaşı idi. Amma
sonralar çox istədi məni. Onun evində
qalıb əczaçılıq məktəbini qurtardım.
Anam məni Bakıya ona görə verdi
ki, get, qardaşından muğayat ol! Rəhmətlik
həmişə deyərdi, biz görmüşük
qardaş bacıdan muğayat olar, bizimkilər tərsinə
eləyiblər. Yaxşı tar çalmağı
vardı. Məktəbdən gələn kimi
ayaqqabımı çıxarmamış deyirdi, bir
ağız oxu. Səsim xoşuna gəlmişdi.
Lətifə deyirdi ay İsi, uşaq yorğundu, acdı, qoy,
bir loxma salsın ağzına, deyirdi, yox e, oxu! Onun
haqqında veriliş hazırlayanlar gəlib kitablarını,
əlyazmalarını, şəkillərini aparıb
qaytarmadılar. Biz də soraqlaşdıq
tapa bilmədik. ".
Nizami
müəllim iki saralmış qovluğu stolun üstünə
qoyub, İsi Məlikzadənin şəkillərini, əlyazmalarını
incələyə-incələyə Vəzifə
xanımın sözünü davam etdirir:
"Heykəltəraş Xanlar var, familini unutdum.
O İsinin şəkillərini, kitablarını apardı,
video kasetlərini apardı. Büstünü
yaxşı hazırladı.
Büstün açılışına Anar, rəhmətlik
Qabil, Fikrət Qoca sonra ... yaddaşım sözümə
baxmır, çox yazıçı gəlmişdi. Xanlar İsinin barelyefini də düzəltdi. Açığı, o vaxt onun zəhmət
haqqını verə bilmədik deyə, barelyef bu dəqiqə
də emalatxanadadır. İki min pul istəmişdi,
Ağcabədililərin imkanı çatmadı.
Bir dəfə
zəng vurmuşdu, dedim, Xanlar, darıxma, Elçin müəllimə
müraciət etmişik, İsinin evini muzey etmək istəyirik.
İnanın, İsi Qarabağ dərdinə
dözmədi.
O
qarışıqlıq onu yaman sarsıtmışdı. Həmin
vaxt Ağcabədidəki ev boş idi, rəhmətlik
onu iki qaçqın ailəsinə verdi ki, eviniz olana qədər
burda yaşayın, heç kim sizə dəyib-dolaşa bilməz!
İstəsəniz, gedib onları da
danışdıra bilərsiniz ki, İsidən necə
hörmət görüblər. Deyəsən, 98-ci il idi, İsinin adına rayonda küçə
verdilər".
Şəkillərin,
əlyazmaların içində bir ərizə surəti diqqətimi
çəkir: Oxuyuram:
"Azərbaycan
Respublikasının Nazirlər Kabineti sədrinin müavini cənab
E.İ.Əfəndiyevə
Hörmətli
Elçin müəllim!
Atamız İsi Məlikzadə Ağcabədi şəhərində
doğulub, böyüdüyü ata evini öz
sağlığında (1992) Ağdam və Şuşadan
qaçqın düşmüş ailələrə
vermişdi. Hazırda yeni qəsəbələr
salındığından ev
boşalmışdır.
2009-cu ilin
may ayında atamızın 75 yaşı tamam olur. Bu münasibətlə
həmin evin İsi Məlikzadənin ev
muzeyinə çevrilməsinə kömək etməyi Sizdən
xahiş edirik.
Hörmətlə,
Xatirə və Arzu İsi qızı."
Soruşuram:
- Vəzifə
xanım, ərizədən sonra sizinlə əlaqə
saxladılar?
- Dedilər,
kömək edəcəyik. Məsələ qaldırmışdılar,
iş gedirdi, bilmirəm, nəsə alınmadı. Amma biz ümidimizi üzməmişik. Gözləyirik.
- İstəyirəm,
sizə bir şeyi də deyim, - Nizami müəllim davam edir -
Prezidentin fərmanı ilə latın əlifbasında
kitablar çap olundu. Ora İsinin cəmi beş
povesti və beş hekayəsini salmışdılar. Beş
povestlə İsini təqdim etmək olmaz axı! Bu adamın
20 povesti, iki romanı, altmışdan çox hekayəsi var. Əvvala,
İsini xatırladıqlarına görə sağ olsunlar, elə
Yazıçılar Birliyi də, Ədəbiyyat İnstitutu
da! Amma "Azərbaycan" jurnalında çıxan iki
romanını: "Qırmızı yağış" və
"Qanlı Qış"ı gərək kitaba daxil edəydilər.
İnanın imkanım yoxdur, özüm eləyərəm,
o romanları hələ də kitab kimi çap edə bilməmişik.
70 illiyində Qəzənfər Paşayev məsələ
qaldırdı, Rafael Hüseynovun
tapışırığı ilə İsinin xatirə
kitabını hazırladılar.
İsi Məlikzadənin
dostlarını soruşanda, Nizami müəllim uzun bir
siyahı deyir:
- İsa
İsmayılzadə, Sabir Rüstəmxanlı, Fərman Kərimzadə,
Anar, Siyavuş Sərxanlı, Bəxtiyar Vahabzadə, Fikrət
Sadıq, Əlibala Hacızadə, Mövlud Süleymanlı,
Fikrət Qoca... Sabir də, Ayaz Vəfalı da,
Fikrət də hər yerdə İsidən
danışırlar. Fikrət Qocanın bir Moskviçi
08-i vardı, təmir elətdirməyə gətirmişdi,
dedim, İsi, bu cavan oğlan niyə özünə qoca deyir.
Sən demə Fikrətin famili Qocayev imiş.
Aqil Abbasla Rəşad Məcid onun tələbələri
kimi idilər o vaxt. Mən Aqilin də, Rəşadın
da xətrini çox istəyirəm, özlərinə deməmişəm,
heç istəyirsən, sən də demə, amma bir az umu-küsümüz var onlardan. Şikayət
eləmirik ha, intəhası, uman yerdən küsərlər:
Aqil də, Rəşad da öz qəzetlərində İsi
haqqında çox az yazı verirlər. Bilirəm, Ağcabədililər təvazökar
adamlar olur, amma İsi haqqında təvazökarlıq etməsələr,
yaxşı olar.
-
Övladlarından, nəvələrindən
yazıb-pozanı var?
- Uşaqlar hərdən
yazırlar, amma ciddi məşğul deyillər. - Vəzifə
xanım deyir, - İsiyə yazıçılıq elə
atasından keçmişdi. Dəllək Abbas
Ağcabədidə yaxşı tanınırdı. Xatirə məktəbdə keçirilən tədbirlərin
ssenarisin özü yazır. Bir dəfə
gəlib o qədər ağladı. Dedi, bibi, Əlibala
Hacızadəni görüşə
çağırmışdıq. Məni
görən kimi tanıdı, ağladı. Yanına çağırdı ki, atan sağ
olsaydı burda o oturardı, mən yox, onun yeri idi bura. Allah rəhmət eləsin, Tofiq Bayramla çox
yaxın idi İsi. Bir şey
danışım. Bu yaxınlarda avtobusla
evə gəlirdim. Dayanacaqda Tofiq
Bayramın bacısını gördüm. Boğazımı qəhər tutdu, deyə bilmədim
ki, bilirəm sən kimi bacısısan, mən də
İsinin... bacısıyam. Tofiq Bayram məni
bacı kimi istəyirdi. Həmişə
deyirdi, kartof qızart, gəlirəm. Həsən Əblucla
möhkəm dost idi İsi. Həsən basdırılanda
demişdi, Həsən, sən get, mənim
də gəlməyim çox çəkməz.
Əslində, yazını burda bitirmək
olardı.
Amma İsi Məlikzadənin qızı Xatirə
xanımla görüşüb ailəvi şəkillərini
almasam, atası ilə bağlı dediklərini çinədanıma
yığmasam, ürəyim sahman olmaz.
Hər ikisinə - Nizami müəllimə də, Vəzifə
xanıma da qonaqpərvərliklərinə, isti münasibətlərinə
görə minnətdarlıq edib, qapının
kandarını kəsdirirəm.
"İnşallah, lap yaxın vaxtlarda Ağcabədidə
- İsi müəllimin ev muzeyində görüşərik"
- deyəndə, bacı yenə qəhərlənir.
- Allah
ağzından eşitsin, oğul!
Çox keçmir, Xatirə xanımla
danışıram. Ertəsi gün
İsi müəllimin kürəkəni Arif bəy məni
qarşılayıb evə aparır. Yolda
xeyli söhbətləşirik.
Kinostudiyada
işlədiyi illərdən danışır, filmlərini
sayıb qurtara bilmirik:
"Qatarda"(televiziya tamaşası), "Pəncərə",
"Kişi sözü", "Qanlı zəmi",
"Küçələrə su səpmişəm",
"Gəl qohum olaq", "Ağ atlı oğlan",
"Alma almaya bənzər", "Gümüşgöl əfsanəsi",
"Güllələnmə təxirə salınır",
və s.
Qızı atasının orta məktəb, gənclik
dövrləri ilə bağlı şəkillərini,
ölümündən sonra stolunun üstündə
yarımçıq qalan "Millət vəkili" adlı
pyesinin əlyazmasını mənə verir.
Qınamıram, jurnalistlərin, yazı-pozu
adamlarının məsuliyyətsizliyi gözlərini qorxudub:
ciddi-ciddi tapşırırlar ki, tələsdirmirik, amma
mütləq qaytar!
Şəkillərin
içində biri diqqətimi çəkir: İsi müəllimin
məktəb illərində oynadığı Aydın rolunda
çəkilmiş fotosudur.
Xatirə
xanım servant şüşəsindəki leytenant
oğlanın şəklini göstərir:
"Oğlumdu, zabitlik məktəbini qurtardı.
Görün, atama necə oxşayır".
Heyrətlənirəm:
eynən İsi Məlikzadənin fotolardakı
cavanlığıdır: ciddi, qarayanız, çəlimsiz...
"Atamın adı İnşallah olub, qonşunun
uşaqları, tay-tuşları
zarafatlaşırmışlar. Sonra əmisi
İsi adını qoyub".
Öyrənirəm ki, İsi müəllim 1995-ci ildə
film çəkilişi ilə bağlı rayona getməliymiş.
Evə gəlib,
özünü pis hiss etdiyini deyir.
Dava-dərmanın xeyri olmur.
Yazıçılar poliklinikasına aparsalar da əcəl
aman vermir.
Ruhu şad
olsun!
Ədalət.-
2012.- 14 yanvar.- S.16.