ƏLİ
ŞİRƏLİYEVİN YADİGARLARI...
...İnsanlar həyatda müxtəlif
peşə, sənət sahibi olur, fəal cəmiyyətə
qoşulur, çalışır, qurub - yaradır və sonda
da bu dünyadan köçürlər. Bəlkə elə
buna görə insan yer üzünün əşrəfi, yəni
ən nəcibi sayılır. Bu nəcib insanlar dünyadan
köçüb gedəndən sonra yadigarları, pozulmaz izləri
qalır... Bu izlər zaman - zaman görünür, izi
qalanın özü də qalır həyatda.
İnsanların yadigarları, izləri tikib - qurduğu evlər,
şəhərlər, kəndlər, fabrik - zavodlar,
saldığı bağlar, küçələr, yollar,
yaratdığı əsərlər, bir də
övladlarıdır. Həyatda izi qalan belə insanlardan biri
də Əli Şirəliyevdir. Bu nəcib insanın,
bütöv şəxsiyyətin yadigarları -
saldığı yollar, abad etdiyi küçələr,
yaşıllaşdırdığı bağlar,
yetişdirdiyi güllər - çiçəklər və
ağaclardır....
Ağaclar da insanlar kimidir. Bəzən
də düşünürük ki, hər insan bu həyatda
bir ağacdır. Dünyaya gəlir, yaşayır,
böyüyür, qol - budaq atır, bar gətirir,
başını aşağı əyir, insanlara fayda verir, nəsillərə
yadigar qalır. Bu mənada Əli Şirəliyevin öz əli
ilə əkib - becərdiyi güllər, ağaclar, çəkdirdiyi
abad yollar, gur bulaqlar bu gün də Ağdaş rayonunda yadigar
qalır. Onun ömür yadigarları, nəsillərə ərməğan
etdiyi yollar, yaşıllıqlar uzun illərdir ki, insanlara
fayda verir, sağlamlıq, gözəllik və rahatlıq bəxş
edir.
...Əli Bahadur oğlu Şirəliyev 1935 - ci ildə Ağdaş rayonunda anadan olub. Onun doğum günü ailədə böyük sevinclə qarşılanıb: çünki 4 qız övladından sonra beşinci oğlan uşağı dünyaya gəlib. Orta məktəbdə oxuduğu illərdən etibarən Əli çalışqanlığı və biliyi ilə yaşıdlarından fərqlənib. 1963 - cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olub. İnstitutu müvəffəq qiymətlərlə bitirib, öz sevimli ixtisası üzrə işə başlayıb. 1966 - 1975 - ci illərdə Ağdaş rayon yol istismar sahəsinin rəisi, 1975 - 1982 - ci illərdə Zərdab Rayon 33 nömrəli Yol İstismar İdarəsinin rəisi olub, həmçinin Ucar, Kürdəmir magistral yollarında çalışıb. Başçılıq etdiyi kollektivlə - mühəndis, usta və fəhlələrlə birlikdə 125 kilometr avtomobil yoluna və 100 kilometrlik dövlət əhəmiyyətli yollara xidmət göstəriblər. 2001 - ci ildən Əli Şirəliyev yenidən Ağdaş Rayon 12 nömrəli Yol İstismar İdarəsinin rəisi təyin edilib və ömrünün sonunadək bu vəzifədə çalışıb.
Əli müəllimin dolğun, səməli, xeyirxah həyat və fəaliyyəti ilə tanış olanda, sevimli yazıçımız Əkrəm Əylislinin "Adamlar və ağaclar" povestinin qəhrəmanları gəlib gözlərim önündə dayandılar. Xəyalımın süzgəcindən keçirdim onları. Yazıçı bu əsərində ağacları insanlara bənzədib. Elə bil Əli müəllimin də ömür yolu bu əsərin qəhrəmanları kimi insanlara bənzəyən ağaclardan biridir. Əli kişi uşaqlıqdan bu ağacların sərin kölgəsində böyüyüb. Bəlkə elə buna görə də ağaclara, güllərə, yaşıllıqlara məhəbbət onda uşaqlıqdan yaranıb. Doğulduğu rayonda, kənddə ağacların hər birinin öz adı, öz görkəmi, öz meyvəsi var. Hər ağac bir insandır - uşaqdır, qızdır, oğlandır, anadır, atadır, babadır, nənədir... Elə bil yazıçı ona bənzər insanların həyatını qələmə almışdır. Yəni tipikləşdirilmiş kəndli surətlərini - ömrünü, taleyini xeyr - bərəkət gətirən münbit torpağa və bar verən ağaclara bağlayan insanların psixoloji portretlərini yaratmışdır.
Ağaclar da var ki, ömrü az olur, tez sıradan çıxırlar. Onu əkənlər həyatdan köçüb gedəndən sonra az müddətdə ağaclar quruyurlar. Amma Əli müəllimin əmək dostları ilə əkib - becərdiyi, böyütdüyü ağaclar torpağın dərin qatlarına rişə ataraq çox möhkəm kök salıblar. İllər gəlib keçir, amma bu ağacların da ömrü uzanır. Çünki Əli müəllimin yol çəkən, bağ salan dostları bu ağaclar quruyan kimi onları yenisi ilə əvəz edirlər ki, yaşıllıqlar məhv olmasın, gələcək nəsillərə yadigar qalsın.
1962
- ci ildə Əli Şirəliyev Eynəzər
Bahadur qızı Hacıyeva ilə ailə
həyatı qurub və ailə ənənəsinə
uyğun onların da
4 qız övladı olub. Əli müəllimin
həyatda qoyub getdiyi
yadigarları - övladları həm Ağdaşda,
həm də paytaxtımız Bakı şəhərində öz çalışdıqları sahədə
müqəddəs ata yolunu
- zəhmətsevərliyi, torpağa, Vətənə
bağlılığı, insanlığı,
yaxşılığı, mərhəmətliyi,
xeyirxahlığı uğurla davam etdirirlər. Böyük qızı Mətanət
Şirəliyeva Azərbaycan Tibb Universitetini əla qiymətlərlə bitirib və hazırda Bakıdakı 1 nömrəli
şəhər poliklinikasının həkim - terapevtidir. İradə Şirəliyeva
Bakı Slavyan Universitetini
fərqlənmə diplomu ilə başa vurub və
hazırda Ağdaşda Müşfiq
İsayev adına orta
məktəbin müəllimidir. Səyyarə Şirəliyeva
Bakı Dövlət Universitetini müvəffəq
qiymətlərlə bitirdikdən sonra
Bakıdakı Bioloji Təbabət
Klinikasında həkim - laborant işləyir.
Səbinə Şirəliyeva isə Bakı Dövlət Universitetini əla qiymətlərlə bitirərək
Bakı şəhərindəki 53 nömrəli orta məktəbdə kimya
fənnindən dərs deyir. Qızlar
atalarının adına, hörmətinə, şərəfinə
layiq, iş yerində,
həyatda insanlara yaxşılıqlar
naminə uğurla, inamla
çalışırlar. Hazırda Əli müəllimin dörd övladı, altı nəvəsi və
bir nəticəsi var.
Nəvələrinin dördü ali təhsil alıb. İki
nəvəsi orta məktəbdə oxuyur. Nəvəsi Nicat Əfəndiyev
Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü
adını şərəflə daşıyır. Digər
nəvəsi Fidan Əbdülrəhimova dərs
əlaçısı olduğuna görə
Çingiz Əsədullayev adına təqaüdə
layiq görülüb.
Övladları, nəvələri ata - baba yolunda Əli müəllimə
bənzəmək istəyirlər. Baba yolunu nəvələr hünərlə, qətiyyətlə
davam etdirir, yeni nəsillərə nümunə göstərirlər.
Böyük qızı Mətanət
xanımın dedikləri:
- Atam öz peşəsinin vurğunu, işini sevən, təvazökar, bununla bərabər çox tələbkar bir insan idi. Həyat və fəaliyyəti illərində bacarığı, biliyi, qabiliyyəti ilə seçilirdi. O, dəfələrlə rayon və şəhər sovetlərinin deputatı olmuşdu. Əməkdə fərqləndiyinə görə dəfələrlə təşəkkürlərə layiq görülmüş, qiymətli hədiyyələr və müxtəlif diplomlarla təltif edilmişdi. Atamın sənətini, işini davam etdirmək arzumuz vardı. Lakin qız övladı olduğumuz üçün atam bizimlə razılaşmadı. Həmişə bu barədə söhbət düşəndə deyərdi ki, qız ya həkim olmalıdır, ya da müəllim... Biz onun sənət yolunu davam etdirməsək də, hər gün çəkdiyi abad yollarla addımlayan, yetişdirdiyi ağacların meyvələrindən bəhrələnən, yaşıl bağlarda müxtəlif növ ağacların kölgəsində istirahət edən və güllərin, çiçəklərin əhatəsində rahatlıq tapan insanlar atamın adını böyük hörmətlə çəkir, onun ruhuna dualar oxuyur, gördüyü yaxşı işlər haqqında ürək dolusu danışırlar. Artıq atamın dünyadan köçdüyü vaxtdan 10 il ötüb. Lakin onun güclü həyat eşqi, savadı, bacarığı, sağlam əqidəli insan olmağı, diqqəti, qayğısı, əzəməti, vüqarı həm iş yoldaşlarına, həm onu yaxından tanıyanlara, həm də bizə örnəkdir. Özlüyümdə daxilən fəxr edirəm ki, mən belə bir insanın qızıyam. Amma nə edək ki, amansız fələyin qarşısında hamı acizdir. 67 yaş nədir ki... Üstəlik də qəfil ölüm bizim üçün çox ağır oldu. Amma atam üçün ən böyük fəxr övladlarının savadlı, qabiliyyətli olması idi. Biz onun sağlığında hamımız yüksək səviyyədə ali təhsil aldıq. Həmişə bizimlə sinə dolusu, ürəklə fəxr edərdi. Atam həyatda nəvələrini də gördü, lakin onların nailiyyətlərini, qazandıqları uğurları görə bilmədi.
Bir xatirəmi söyləmək istəyirəm. Novruz bayramı ərəfəsində biz hamımız Bakıdan rayona gedir və bayramı ata ocağında bir yerdə keçirirdik. O vaxt süfrə başında atam belə demişdi: Nə yaxşı ki, indi hamınız yanımdasınız. Amma vaxt gələcək mən olmayacağam. Bu söz bizi çox kədərləndirdi. Hamımız düşdük atamın üstünə ki, nə üçün belə deyirsən, nə olub ki? Atam gülərək söylədi ki, mən 10 ildən sonranı deyirəm...
Bakıya qayıtmağa hazırlaşırdıq. Həmişə biz atamgilə gedər və görüşüb ayrılardıq. Bir də gördük ki, qapı açıldı və atam özü gəldi. O sözdən sonra mən onsuz da özümdə deyildim. Soruşdum ki, axı sən nə üçün gəldin? Onsuz da biz gəlib görüşəcəyik. Dedi ki, həmişə siz gəlibsiniz, bu dəfə özüm gəldim. Görüşüb ayrıldıq. Yol boyu çox fikirləşirdim, heç cürə sakitləşə bilmirdim. Yəni bu insan ölümünün yaxınlaşmasından agah idi? İndiyə qədər də bu suala cavab tapa bilmirəm... Ancaq onu demək istəyirəm ki, atam bizim üçün sözün əsl mənasında qeyri - adi, fərqli bir ata idi. Yaxşı ki, həyatda belə insanlar var. Atam nəinki nümunəvi ailə başçısı, yaxşı ata, həm də Vətən üçün, xalq üçün layiqli bir vətəndaş idi!...
Atamın bir müqəddəs arzusu da var
idi. Həmişə deyərdi ki,
İpək Yolu açılmalıdır. Bu yolun açılması
respublikamıza uğur
gətirəcək. Atamın çəkdiyi
yolların kənarında
iri plakatlar vurulub. Onların arasında mənim ən çox xatırladığım Ulu
Öndər Heydər
Əliyevin sözləridir:
Yol - iqtisadiyyat və mədəniyyət
deməkdir! Müdrik, uzaqgörən, dahi rəhbərimiz, ümummilli liderimiz Heydər Əliyevin bu kəlamı atamın ardıcılları
- yolçəkənlər üçün əmək
devizinə çevrilib.
Bu gün ölkəmizin
hər bir guşəsi müasirləşir,
abadlaşır və
gözəlləşir. Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi, böyük
diqqəti və qayğısı ilə həyata keçirilən
yeni quruculuq və abadlıq işləri ulu öndərimizin siyasi kursunun dönmədən və ləyaqətlə,
uğurla davam etdirilməsi deməkdir.
...Övladları
Əli müəllimin
öyüd - nəsihəti
ilə böyüyürlər,
inkişaf edirlər. Əli müəllimi tanıyanlar - məslək
dostları, iş yoldaşları, qohumları,
qonşuları həmişə
ondan söz düşəndə öncə
"rəhmətlik" ifadəsini
söyləyir və onun kamil, rəhmli,
təmiz, qabil, torpağa, təbiətə,
elə - obaya ürəkdən bağlı
adam olduğundan məhəbbətlə söhbət
açırlar. Əli Şirəliyev
yaşasaydı 75 illiyini
onu tanıyanlarla birlikdə qeyd edəcəkdi. Amma ömür
vəfa etmədi, onun yubileyini ailə üzvləri onsuz qeyd edirlər.
Əli müəllim kimi tanınan dağ vüqarlı bu kişini yad edənlər bu nurani insanın
boya - başa çatdırdığı yadigarlarına
- əzəmətli ağaclara,
göz oxşayan yaşıllıqlara, rahat
yollara baxıb ona rəhmət oxuyur və övladlarına, ailəsinə
xeyir - dua verir, yeni - yeni
uğurlar arzulayırlar.
Yaxşı, xeyirxah insanlar
həyatda azdır.
Ona görə də bu dünyada ancaq yaxşılar qalır və qalacaq. Müəllifləri
Aslan Meyramlı və Füzuli Miskinli olan "Biz gedənik, xeyirxahlıq qalandı" adlı kitabda Əli Şirəliyev haqqında
yazılanları oxuduqca,
həyat və fəaliyyəti ilə yaxından tanış
olduqca gözlərim önünə uzun illər boyu tanıdığım və
qələmə alıb
vəsf etdiyim insanlar gəlirlər. Əli kişi
də bu insanlardan biri oldu... Təkcə Ağdaşda yox, xüsusilə Bakıda onun qızları - yadigarları, kövrək,
isti xatirələri yaşayır... Əli kişinin müqəddəs
ruhu həmişə onlarla bərabər dolaşır. Onun əkdiyi, becərdiyi ağacların kölgəsində
dincələnlər deyirlər:
atasına min rəhmət
əkib - becərib, qoyub gedənlərin... O yaxşı kişilər,
Əli müəllim kimi indi həyatda
çox azdır. Bir el məsəlində deyildiyi kimi, yaxşı kişilər
yaxşı atları
minib getdilər...
Əli müəllim kimi
kişilər bu dünyada hələ çox yaşayacaqlar.
Onlar, müqəddəs
Qurani - Kərimdə deyildiyi kimi, 7 nəsildən sonra bir də gələcəklər
bu dünyaya... Əli kişi
də gələcək...
Onun yadigarları isə
təkcə övladları
deyil, həm də yetişdirdiyi sağlam mənəviyyatlı
kadrlar, əməli təmiz və pak olan insanlardır.
Onu bu gün
də, sabah
da gələcək nəsillər həmişə
yada salacaqlar.
Afət
Sadiqoğlu,
əməkdar
mədəniyyət işçisi
Ədalət.-
2012.- 17 yanvar.- S.6.