PULUN ÜZƏRİNƏ ƏKSİNİ HƏKK EDƏN YAZIÇI...

 

   Çoxlarına görə bədii təfəkkürün formalaşması üçün insanda yalnız istedadın olması yetərlidir. Lakin bu fikirlə razılaşmayıb müəllifin münasib mühtdə olmasını daha önəmli hesab edənlər də az deyil. Onlara görə, lazımi mühit olmadan böyük əsərlər yarana bilməz. Bu məsələ ilə bağlı digər bir mülahizə də var ki, deyilənlərin ikisindən də mahiyyətinə görə fərqlənir. Yəni, bu fikir sahibləri belə hesab edirlər ki, istənilən sahədə ən böyük faktor şansdır. Heç bu da bütövlükdə sadəlövh yanaşma sayıla bilməz. Əslində bu fikirlərin hər birini özü-özlüyündə doğru hesab etmək mümkündü. Çünki onların hər birinə aid ayrı-ayrılıqda çoxlu misallar göstərmək olar.   

   Amma böyük əsərlərin, ədəbi hadisələrin yaranması üçün məncə düstur cızmaq, müəyyən ehkamlar tətbiq etmək, nəyin daha əsas olduğuna hökm vermək doğru deyil. Və məncə əsl ədəbiyyatın, əsl sənətin yaranması üçün sadəcə üç şərt deyil, bütün gərəkli nədənlərin olması vacibdir. Sənət əsərlərinin meydana gəlməsi təbiətin özü kimi doğal bir prosesdir və onların yaranışında kiçikliyindən-böyüklüyündən asılı olmayaraq bütün komponentlər iştirak edir. Çünki əsl yaradıcılığın özü, əvvəl qeyd etdiyimiz kimi, ehkamları, düsturları qəbul etməyən bir prosesdir. Məhz belə olduğu üçünkimin hansı şəraitdə, hamsı mühitdə, hansı istedad "dərəcəsinə" malik olduqda, necə savad müqabilində, nə vaxt... böyük əsər, şedevr yaradacağı bəlli deyil.   

   Necə ki, onun bir zamanlar çox məşhur bir yazıçı olacağını heç kim deyə bilməzdi. Həyatının ilk illərində qarşılaşdığı dərin stresi də nəzərə alsaq belə qənaətə gəlmək olardı ki, artıq arzular, istəklər bitdi, o, ömrünü tərk-dünyalıqda keçirməyə məhkum oldu. Axı, çoxları məhz taleyini beləcə başa vurub.  

  

   BALACA QIZCIĞAZ VƏ ONUN İZTİRABLARI...   

  

   Onu tanıyırsınızmı? Tam adı belədi: Selma Ottilya Luiza Laqerlyef. O, 1858-ci il, 20-i noyabrda İsveçin mərkəzi vilayəti sayılan Vermlandda, Morbakkada dünyaya gəldi. Valideynlərindən heç biri bədii yaradıcılıqla məşğul olmamışdı - atası ehtiyata çıxmış bir hərbçi, anası isə müəllimə idi. Onu tanıyanların bəziləri isə Selmanın yaradıcılığa qapılmasını onun çox gözəl bir təbiətə malik bir yerdə dünyaya gəlməsi, yaşaması ilə bağlayırlar. Mən bu fikirləri bölüşməsəm də onu deyim ki, həqiqətən də Tanrı Orta İsveçin əsrarəngiz gözəlliyə malik Vermlanddan, Morbakkadan öz iltifatiıni əsirgəməmişdi. Hətta yazıçı sonralar dəfələrlə öz əsərlərində - "Morbakka"da (1922), "Uşağın Memuarları"nda (1930), "Gündəlik"ində (1932)o təbiətin əsrarəngiz gözəlliyini təsvir etmişdi.   

   Selma Laqerlyef hələ uşaqkən, yəni üç yaşında olarkən çox ağır xəstəliyə mübtəla oldu. Belə ki, həmin xəstəlik nəticəsində iflic keçirdi. Hərəkət edə bilmədiyi üçün qızcığac yatağa məhkum qaldı. Lakin nənəsi nəvəsini inanılmaz bir məhəbbətlə sevdiyi üçün onu heç vaxt tək buraxmadı və xalası Nane də anası ilə birgə bu sevimli qızcığazın qayğılarını üzərinə götürdülər. Nənəsi gecə-gündüz Selmanın yanından ayrılmır, qulluğunda durur, ona nağıllar, rəvayətlər danışır, maraqlı hadisələrdən bəhs edərdi. Yəqin ki, elə buna görə idi, Selma elə uşaq yaşlarındanca nənəsinə, eləcə də xalası Naneyə ürəkdən bağlanmışdı. Selma üçün bu özəl bir dünya idi. Və bura onun xəstəlik əzablarından, qayğılarından uzaq bir məkan idi. Amma sən demə, taleyin bu balaca qızcığazla daha böyük imtahanları da varmış. 1863-cü ildə onun sevimli nənəsi vəfat etdiSelmaya elə gəldi ki, onun dünyasının qapıları üzünə çırpılaraq bağlandı. Yatağa məhkum olan həyatının ağrıları artdı.   

  

   İLK ƏSƏRLƏRİ

 

   İllər biri-birini əvəz edirdi. Selma Lagerlyef 9 yaşına çatar-çatmaz, 1867-ci ildə daha yaxşı müalicə almaq məqsədi ilə ailəsi ilə birlikdə Stokholma gəldi burada xüsusi bir klinikada yerləşdi. Belə demək mümkünsə, məhz bu dövrlərdən başlayaraq Laqerlyef hekayələr yazmağa başladı. Avtobioqrafik əsər sayılan "Nağıl haqqında nağıl"ı onun ilk bədii nümunəsi hesab etmək olar. Bu dövrlər üçün Selma Laqerlyefin müalicəsi effekt verir, səhhəti yaxşılığa doğru dəyişməkdəydi. Bir müddətdən sonra artıq o sərbəst şəkildə hərəkət edir, öz işlərini özü görə bilirdi. Lakin insan üçün həyatın yaratdığı çətinliklər bitirmi heç? Gənc qızı başqa çətinliklər gözləyirdi. Belə ki, bütün bu dövr ərzində onun valideynləri kifayət qədər kasıblamışdı. Hətta elə vəziyyət yaranmışdı ki, Selma özünü təmin etmək üçün işləmək, pul qazanmaq məcburiyyətində qalmışdı. Bundan başqa Laqerleyf işləməklə yanaşı həm təhsili haqqında da düşünmək zorundaydı.   

   O, 1881-ci ildə litseyə, sonra isə ali müəllimlik seminariyasına daxil oldu, 1884-cü ildə oranı bitirdi. bundan sonra Selma Laqerleyf qızlar məktəbində müəllimə kimi fəaliyyətə başladı. Bundan bir il sonra isə gənc yazıçının atası dünyasını dəyişdi, onun onsuz da çətin olan maddi durumu daha da ağırlaşdı. İrəlidə isə heç bir maddi perspektiv görünmürdü. Əksinə vəziyyət getdikcə daha da mürəkkəbləşdiyindən, ailənin borcları üst-üstə qalaqlandığından Selmanın böyüyüb boya-başa çatdığı ev belə satışa çıxarılaraq satıldı, onun uşaqlıq xatirələri ilə dolu olan evlərində tamam yad adamlar yerləşdi.   

   Qəlbən doğmalarına bağlı olan Selma Lovisa bütün bu sarsıntıları üzərindən uzun müddət ata bilmədi. Hətta belə deyirlər ki, bu üzücü hadisələrdən sonra o nəinki yaradıcılıqla məşğul ola, hətta işlədiyi məktəbdə dərs keçə bilmirdi. Bu üzücü psixoloji hal bir müddət davam etsə sonradan toparlanan Selma Lovisa daha böyük həcmli ilk əsərini yazmağa girişdi. "Yyeste Berlinq üçün Saqa" romanı yazıçının Avropa nəsrində neoromantik istiqamətdə başlamış ənənələrin nümunəsi sayıla bilər. Romanın oxucular tərəfindən maraqla qarşılanması gənc yazıçını yeni əsərlər üçün həvəsləndirdi.   

  

   İLK MÜKAFAT  

  

   1890-cı idə "İdun" qəzetində bədii yazı konkursunun keçirilməsi ilə bağlı elan dərc edilmişdi. Selma Lovisa da öz bacarığını sınamağa qərar verdi və qəribədi ki, o həmin vaxt hələ tamamlamadığı "Yyeste Berlinq üçün Saqa" əsərinin bir hissəsini konkursa göndərdi və yarışın qalibi olaraq birincilik mükafatına layiq görüldü. Əsər o vaxt geniş oxucu kütləsinin diqqətini, marağını qazanmışdı. Hətta 1891-ci ildə kitab tam şəkildə çap olunandan sonra bir neçə dilə tərcümə edildi. Ümumiyyətlə, şifahi xalq ədəbiyyatından bəhrələnən yazıçının əsərləri məhz bu xüsusiyyətlərinə görə çox fərqlənir. Və əsər həmin dövrdə Danimarkanın tanınmış tənqidçisi Qeorq Brandesin də marağına səbəb olmuşdu.   

   Yazıçının bundan sonrakı- "Görünməyən teller" (1894), "Kunqaxelldən olan kraliçalar" (1899) kitablarında və "Köhnə malikanə haqqında əfsanə" (1899), "Cənab Arnenin pulları" (1904) romanlarında da folklor materialları, xalq əfsanələri əsasəında nağılvari üslubu davam etdirmişdir. Bu da əslində Selma üçün göydəndüşmə deyildi. Belə ki, bu onun uşaqlıq illərində nənəsindən, xalasından dönə-dönə eşitdiyi nağıllar, əfsanələr, xalq yaradıcılığı... ilə bağlı hal idi. Çünki həmin sehirli dünya elə o zamanlardan Selmanın qəlbində ösünə yuva qurmuşdu. Selma Laqerlyefin qəhrəmanları xeyirxahlıqları, məhəbbətləri ilə oxucuların qəlbinə girməyi, insanlara Fövqəlgücün xeyirxahlığa daim yol açdığını, bu yolda hətta möcüzələr yaratadığını aşılamağı bacarmışdır. Bəlkə də məhz bu məziyyətlər Selma Lovisanın əsərlərinin tez bir zamanda oxucu rəğbətini qazanmasına səbəb olmaqdaydı. Onun 1904-cü ildə yazdığı "Xrist haqqında əfsanələr" novellalar kitabında da oxucular müəllifin bu motivdə yazdığı mükəmməl bədii nümunənin şahidi oldular.   

   Bu artıq o illər idi ki, Selma Laqerlyef artıq geniş oxucu kütləsi arasında kifayət qədər məşhurlaşmış, tənqidçilər məmnuniyyətlə onun əsərlərinə diqqət ayırırdılar. Yazıçının yetərincə sadə təhkiyəsi, hadisələri maraqlı dillə təqdim etməsi, yaratdığı əsərlərdə təsvir olunan bütün hadisələrin çox inandırıcı şəkildə bir süjet ətrafında birləşdirməsi həqiqətən də böyük bir istedadın məhsulu idi. Məhz həmin istedad və yazıçının böyük həvəslə sərf etdiyi zəhmət yavaş-yavaş onun adını təkcə öz ölkəsində deyil, dünyada məşhurlaşdırmağa başlamışdı. Çünki kitabları digər dillərə də tərcümə olunurdu.   

  

   DAHA BÖYÜK YOL      

  

   Əslində onun yaradıcılığına yalnız bir rakursdan baxmaq doğru deyil. Çünki çox geniş dünya görüşə malik istedadlı yazıçının toxunduğu mövzular, hadisələrə yanaşması, həyat fəlsəfəsi onun digər əsərlərində özünü yüksək səviyyədə göstərirdi. Belə demək mümkünsə Selma Laqerlyefin yaradıcılığı çox şaxəli, rəngarəng idi. Əsərlərini oxuduqca oxucu gerçəkdən hiss edir ki, onun bəhs etdikləri ucuz uydurmalar deyil, həyat gerçəkləridi. Çünki onun obrazları, hətta nağılvari dillə yazdığı əsərlərindəki qəhrəmanlar belə həyatın insanlarıdı.

  

  

 (Ardı qəzetin 26 yanvar sayında)

 

 BABƏK YUSİFOĞLU

 

Ədalət.- 2012.- 17 yanvar.- S.4.