BAĞLI QAPILAR  

  

   De görüm o odum, alovum hanı?  

   Üşüyən əllərim yumağa dönüb.  

   Gəzir saçlarımda payız dumanı  

   Kirpiyim sırsıra, baxışım donub.  

  

   Üzümə bağlıdır açıq qapılar  

   Köhnə qapıların cəftəsi paslı.  

   Kim bilir, bəlkə itib açarı  

   Qıfılı qapıda qalıb asılı.  

  

   Getdiyim yollardır, gəldiyim yollar  

   Bu tanış yollarda azıb qalmışam.  

   Kölgəmə qoşulub gedirik qoşa,  

   Səsim girov düşüb, yazıq qalmışam.

  

   Ağaclar söykənib göyün üzünə  

   Mənim pəncərəmə kölgəsi düşmür.  

   İşığın kölgəsi məndən asılıb

   Neyləyim, boynuma ilgəsi düşmür.   

  

  

   SƏNİ GÖZLƏMƏKDƏN       

  

   Sözüm gözlərimə,  

   Gözlərim üzümə,  

   Üzüm bədənimə,  

   Kölgəm torpağa  

   Ağır bir yük olub  

   Səni gözləməkdəng

   Özüm özümə yükəm  

   Gücüm çatmır özümə.  

   Səsim nəfəsimə,  

   Nəfəsim ürəyimə,  

   Ürəyim dözümə  

   tablaya bilmir.  

   Ürəyimdən daş asılıb  

   Tale belə yazılıb.  

   Ha qovur arzum məni  

   haqlaya bilmir.  

   Səni gözləməkdəng  

   Dünya özü boyda yükdü  

   Çək, ki,

   çəkəsən, könlüm.  

   Göylər yıxılıb üstümə  

   Gəlib qaldırsana, gülüm.  

  

  

   GECƏLƏR 

   

   Gecələr tuneldi,  

   qara küçədig

   Qara torpaqdı.   

   Mən əkinçi  

   misra-misra  

   dən səpirəm.  

   Saç ağardı,  

   bir gecədə.  

   Kimsə bilməz  

   mənim halım  

   necədi?  

   Günlərin birində  

   qərib gecələr  

   qınaqlara dözməyib,  

   ürəyi , gözləri

    partladacaq.

   Gecələr şəhid olacaq  

   üfüqdə qızıl qan.  

   Gecələr bizsiz qalacaq,  

   biz gecələrsiz

  

  

   ƏLLİ YAŞIMA  

  

   Yığıb gözlərinə buz bulaqları,  

   Dağlardan, daşlardan keçib gəlirsən.  

   Qaralır ömrümün vərəqləri,  

   Sən lap uzaqlardan köçüb gəlirsən.

  

   Gözlərindən yağan işığı, nuru,  

   Gəldiyin yollara səpib gəlirsən.  

   Üzünü söykəyib torpağa, daşa  

   Vətən torpağını öpüb gəlirsən.  

  

   Bir ovuc torpaqsan, bir əlçim bulud  

   Günəşsən, başına dolanım sənin.

   Dəniz gözlərində göylər yuyunar,  

   Coşğun dağ çayıdı pıçıltın, səsin.  

  

   Qoşul sevincimə, böl kədərimi  

   Bağlı qapıların açarın gətir.  

   Dil açsın, qol açsın arzu yağışım  

   Savalan dağının qarını gətir.

  

   Bilirəm yolların qardı, sazaqdı  

   Bəyaz saçlarımın sığalın gətir.  

   Bezmişdim dünyanın nağıllarından  

   Mənə öz dünyamın nağılın gətir.  

  

   Balın dərd kimidi, dərdin bal kimi  

   Güzgüdə görünən 50 yaşımda.  

   Ömür ağacında 50 bar kimi  

   Həmişə baharsan, demə qışımdı.  

   Uzat əllərini, gözlərini  

   İllər ayrıcında qol-boyun olaq.  

   Qoy səndən başlasın ömrün nağılı  

   Dünyanın içində bir dünya quraq. 

  

  

   İŞIQLI ADAM     

 

   Dostum Abdulla müəllim üçün  

  

   Günəşdən qabaq ana torpağa   

   Düşər damcı-damcı sənin işığın.  

   Günəş haray çəkib yanar göylərdə  

   Sən Günəş sevdalı, Günəş - aşiqin.  

  

   Sənin baxışından, sənin səsindən  

   Sabahlar açılar, axşamlar düşər.  

   Sənin işğında, sənin üzündə  

   Gecələr, gündüzlər səssiz görüşər.

  

   Qaldırıb dünyanı çiyinlərinə  

   Dünyaya nur kimi yağıb gedirsən.  

   Böyük ürəyinə, nurlu gözünə  

   Kimin kədərini yığıb gedirsən?  

  

   İşıqlı sabahlar, nurlu səhərlər  

   Sənin baxışında yuva salıbdı.  

   Xoşbəxt sabahları qorumaq üçün

   Ürəyin sinəndə oyaq qalıbdı.  

  

   Diksinər zülmətlər addım səsindən,  

   Dənizlər dərdini sənə danışar.  

   Dağlar da sirrini sənə pıçıldar,  

   Göylər tək qalan da sənə yanaşar.

  

   O dağlar veribdi xeyir-duanı,  

   Özün bir dağa bənzərsən, qardaş.  

   İşıqlı adamsan, Tanrı payısan  

   Dünyamı dünyanla bəzərsən, qardaş.

 

 

   Sabir Abdinov

 

  Ədalət.- 2012.- 17 yanvar.- S.7.