Folklorumuzu qoruyaqyaşadaq

 

   Şifahi xalq ədəbiyyatı zəngin bir xəzinədir.Yaradıcı insanlar zaman-zaman bu xəzinədən bəhrələnməklə həm özlərinin mənəvi dünyalarını zənginləşdirmiş, həm də milli ənənələrə sadiq qalaraq yeni ədəbi nümunələr yaratmışlar. Xalq ədəbiyyatının yazılı ədəbiyyata təsiri inkaredilməzdir və bu proses bütün dövrlərdə özünü büruzə verməklə bu günümüzə kimi davam edir.  

   Xalqın milli ruhunun ifadəsi olan xalq ədəbiyyatı elə bir dəyərli mənbədir ki, ondan qidalanmadan, ona istinad etmədən, onun üzərində köklənmədən kamil bədii nümunələr yaratmaq, xalqın ürəyinə yol açmaq, sevilmək çox çətindir.  

   Ulu öndərimiz Heydər Əliyev xatırladırdı ki,"xalq daim gərək öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrilmasın." Bu kəlamlar yaradıcı insanlara daha cox aiddir. Çünki öz kökü üzərində qərar tuta bilməyən budağın kölgəsi olmadığı kimi, xalqın milli ruhunu, psixologiyasını, adət-ənənəsini, tarixini əks etdirməyən ədəbiyyatın da dəyəri yoxdur.  

   Nizami, Füzuli, Vaqif, Qasım bəy Zakir, Cəlil Məmmədquluzadə, Səməd Vurğun,Süleyman Rəhimov, Mir Cəlal,İsmayıl Şıxlı, Əli Vəliyev, Bəxtiyar Vahabzadə və bir çox sənətkarlarımızı tanıtdıran, onlara ümumxalq məhəbbəti qazandıran bu şəxsiyyətlərin öz yaradıcılıqlarında şifahi xalq ədəbiyyatı nümunələrinə daha çox müraciət etmələri, milli dəyərləri ədəbi dəyərlərlə qovuşdurmaq bacarığı və sevgisi olmuşdur.  

   Şifahi xalq ədəbiyyatı nümunələrinin hər biri canlı sənəd abidəsi olmaqla bərabər, bir hikmət dünyasıdır, insanlığa yol göstərən mayakdır.  

   Tanınmış tənqidçi-alim Yaşar Qarayev haqlı olaraq qeyd edir ki, "milli mədəniyyət sistemində şifahi ədəbiyyata diqqətin artırılması, folklor irsinin müasir bəşər mədəniyyətinin ən fəal tərkib hissəsinə çevrilməsi indi dünya miqyasında qlobal və qaçılmaz bir prosesdir. Elmi-humanitar qloballaşma yalnız keçmişi, folklora aparan yolları keçəndə mümkün olur."  

   Dünənki mənəvi dəyərlərə yiyələnmədən, milli köklər üzərində köklənmədən cəmiyyət, heç bir xalq özünün aydın səhərini yarada bilməz qənaətində olanlar haqlıdırlar. Ədəbiyyat da bu qəbildəndir. İndi dünyanın inkişaf etmiş ölkələri öz milli mədəniyyətlərini inkişaf etdirmək, folklor nümunələrini toplayıb çap etdirmək üçün ciddi səylər göstərir, səmərəli işlər görürlər.  

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi" haqqında sərəncamı ilə bir çox klassiklərimizin, sair və yazıçılarımızın əsərlərinin kütləvi nəşri, şeir, nəsr, dram, folklor antologiyalarının çap edilməsi təqdirəlayiqdir.  

   Milli mədəniyyətimizin inkişafında, muğam, saz sənətinin tanıtdırılmasında, bir çox xalq yaradıcılığı nümunələrinin nümayişində və təbliğində Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri yüksək qiymətə layiqdir.  

   Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu tərəfindən toplanmış və çap edilmiş çoxclidli "Azərbaycan folkloru antologiyası" kitabları çox dəyərlidir. Bu kitablarda nəinki Naxçıvan, Şəki, Qarabağ, Şirvan folklor nümunələri, eləcə də İraq-Türkman, Qaraqoyunlu və sair folklor nümunələri toplanmışdır ki, bu da çox qiymətlidir.  

   Ancaq bu işi dayandırmaq olmaz, əslində sürətləndirmək lazımdır. Əks təqdirdə nənələrimizin, babalarımızın sinəsində çağlayan, həsrətdən, nisgildən, sevincdən yaranan xalq yaradıcılığı nümunələrini sabah əldə etməyə imkan olmaz.Bu insanları itirməklə biz həm də milli-mənəvi xəzinəmizin incilərindən məhrum olarıq. O incilərdən ki, zaman-zaman bizim böyük şairlərimizin, yazıçılarımızın, sənətkarlarımızın yaradıcılığına qol-qanad vermiş, onlara yol göstərmiş, ilham mənbəyinə çevrilmişdir.  

  

   Baba bəy Şakir yazırdı:

  

   Eşqimə can verə-verə  

   Müştaq idim o dilbərə.  

   Tor qurmuşam nahaq yerə  

   Ahu olub düzə gəlməz.  

  

   Qasım bəy Zakir gəraylısının birində istəklisindən belə şikayətlənir:  

  

   Qəm evində var olalı  

   Eşqə giriftar olalı  

   Yarımadıq yar olalı  

   mən səndən, sən məndən.  

    

   Aşıq Pəri ruhunu belə dilləndirir:  

  

   Saymadın sultanı, xanı  

   Eyləyibsən nahaq qanı  

   Badam kimi növcavanı  

   Yer ilə yeksan eylədin.  

      

   Bu nümunələr şair aşıqlarımızın yaradıcılıq məhsulu olmasına baxmayaraq xalqın ruhudur, xalq ədəbiyyatından qidalanan, folklor ənənələrini yaşadan misralardır. Belə nümunələr sənətkarlarımızın yaradıcılığında bir deyil minlərlədir. Xalq yaradıcılığı nümunələrini toplamaq, folklorumuzu xalqın malına yeni əsərlərin mövzusu üçün bir meyara çevirmək bizim vətəndaşlıq borcumuzdur.  

   Bu günlərdə bir qocanın dilindən eşitdiklərim bayatılar borcumuzun qədər müqəddəs əhəmiyyətli olduğunu mənə yenidən dərk etdirdi ona görə bu məqaləni yazmaq qərarına gəldim.  

   Qaçqın həyatı yaşayan bu qoca öz dərdini, ağrı-acısını, istəyini bayatının dili ilə dilləndirir, Tanrıdan kömək diləyirdi:  

       

   Əzizinəm qara bax

   Fələk quran tora bax.  

   Əsir qalan ellərə,  

   Gözü yaşlı yara bax.  

      

    Mən aşiq mindi dərdim  

    Cəllada dondü dərdim

    Sinəmdə pörşələndi,  

    Alışdı, yandım dərdim.  

  

   Qoymusan darda məni  

   Gəzirsən harda məni?  

   Əgər vəfasız olsan  

   Taparsan gorda məni.  

      

   Əzizim qara bəxtim,  

   Çəkilib dara bəxtim.  

   Mənə fələk qarğıyıb  

   Oyanmaz qara bəxtim.

 

   Mən aşiq sərtdi dərdim,  

   Bir himə bənddi dərdim.  

   Elə şivən qopardım  

   Daşı kövrəltdi dərdim.  

      

   Qocanın dilindən süzülüb gələn bayatıları dinlədikcə həm kövrəlir, həm düşünürdüm. Biz folklorumuza biganə olmamalıyıq, onları qorumalıyıq, toplayıb gələcək nəsillərə çatdırmalıyıq. Bu, bizim bu günümüz sabahımız üçün çox vacibdir.

 

 

   Tahir Rzayev,

   Millət vəkili

 

   Ədalət.- 2012.- 19 yanvar.- S.5.