MUSİQİYƏ
BAĞLI ÖMÜR
"Bənövşə"
Uşaq Xoru ... İllərin yaddaşından
süzülüb gələn bu ad yaşlı nəslə də,
indiki nəslə də yaxşı tanışdır. 1958-ci
ilin sentyabr ayında Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri komitəsinin nəzdində görkəmli
sənətkarımız Əfsər Cavanşirovun rəhbərliyi
ilə yaradılan "Bənövşə" Uşaq
Xorunda istedadı olan yüzlərlə uşaq ilk
addımlarını atıb.
İndi hamımızın
yaxşı tanıdığı Zeynəb Xanlarova, Xuraman
Qasımova, Nisə Qasımova, Akif İslamzadə, Flora Kərimova,
Mələkxanım Əyyubova, Süleyman Zeynalov,
Könül Kərimova, Azərin, Nurlan Əzizbəyli və
adını çəkmədiyimiz daha neçə-neçə
istedadlı müğənnilərin ilk yolu məhz bu
kollektivdən keçib. "Bənövşə"
Uşaq Xorunun bədii rəhbəri Zülfiyyə
İbrahimova müsahibimizdir.
- Zülfiyyə xanım, bildiyimiz
kimi "Bənövşə" Uşaq Xorunun yaşı
heç də az deyil. Əgər mümkünsə, xorun
tarixi haqqında oxucularımıza da məlumat verərdiniz.
- "Bənövşə"
Uşaq Xoru 1958-ci ilin sentyabr ayında Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin nəzdində
görkəmli sənətkarımız Əfsər
Cavanşirovun rəhbərliyi ilə yaradılıb. Bu xor
istedadlı uşaqları ilə hər zaman seçilib.
"Bənövşə" Uşaq Xoru Azərbaycan
televiziyası nəzdində fəaliyyət göstərən
beş bədii kollektivdən biridir. Bu beş musiqi kollektivinə
hamımızın yaxşı tanıdığı
Mübariz Tağıyev rəhbərlik edir.
- Uşaqlarla işləmək
çətin deyil ki... və bir də onları neçə
yaşından, hansı şərtlərlə xora qəbul
edirsiniz?
- Çətin olsa da öyrəşirsən.
Uşaqlar adətən çox həssas olurlar. Bu işdə
uşaq psixologiyasını bilmək vacibdir. Onlarla dil tapmaq,
onları duymaq, həvəsləndirmək lazımdır. O ki
qaldı uşaqların kollektivə qəbul olunmasına burda
əsas şərt səsin olmasıdır. Musiqi duyumu və
səsi olan uşaqlar beş yaşından xora qəbul
olunurlar. On birinci sinfə kimi musiqi təhsili alırlar. Burada
uşaq mahnıları öyrədilir, musiqi duyumu
artırılır, vokal dərsləri keçirilir. Mən
şəxsən deyərdim ki, bizim uşaqların ən
problemli cəhəti əksəriyyətinin nitqinin zəif
olması və tələffüzlərindəki
qüsurlardır. Bütün bunlara baxmayaraq kollektivimizdəki
uşaqlar öz istedadları, musiqi duyumları ilə
seçilirlər. Onlar ən çətin materialların
öhdəsindən gəlirlər. Belə istedadlı
uşaqlardan Rəhman Qarayev, Ədilə Əlizadə,
Gövhər, Leyla və başqalarının adını
çəkə bilərəm. Tələbələrimdən
Konservatoriyada, eləcə də Opera və Balet Teatrında
işləyənlər var. Lalə Tağıyeva, Esmira Məmmədova,
Rəşad Mirzəyev belələrindəndir.
- Zülfiyyə xanım, necə
olub ki, həyatınızı musiqiyə
bağlamısınız?
- Hələ orta məktəbin
beşinci sinfində oxuyarkən musiqiyə həvəsim olub.
Pianinodan bizə dərs verən Sevinc müəllimə məni
həvəsləndirib. Təhsilimi Bakıda yerləşən
15 nömrəli yeddi illik musiqi məktəbində davam
etdirmişəm. Sonra məktəbəqədər musiqi
texnikumunda oxudum. 1990-cı il idi. Bizdə xor müəlliməsi
olan Bela Vəkilova həm də Opera və Balet Tetrında
baş xormeyster idi. 202-ci qrupda oxuyurduq. Qrupda iyirmi altı
qız var idi. Bela xanım bizim səsimizi yoxlamağa
apardı. Iyirmi altı nəfərdən altı nəfər
seçildi. Onlardan biri də mən idim. Opera və Balet
Teatrının direktoru Akif Məlikov bizi xora qəbul etdi.
Altı qızdan dördü ailə qurduğuna görə
işdən getdi.İndi Məlahət Səfərəliyeva
ilə mən qalmışam. Məlahət mənim rəfiqəmdir.
Teatrın baş xormeysteri əməkdar artist Sevil Hacıyeva
ilə bir oxumuşuq. O, hazırda Opera və Balet teatrında
xor kollektivinin bədii rəhbəridir. Gözəl
kollektivimiz var. Orkestrin drijoru Cavanşir Cəfərovun,
baş rejissor Hafiz Quliyevin də adlarını çəkə
bilərəm.
- Zülfiyyə xanım, həm
"Bənövşə" Uşaq xoruna rəhbərlik
etmək, həm də Opera və Balet Teatrında
çalışmaq sizə çətinliklər yaratmır
ki... bunların öhdəsindən necə gəlirsiniz?
- Yox, əlbəttə ki, yox!
Heç bir çətinlik görmürəm. Bəlkə də
bu uşaqlıqdan musiqiyə
bağlılığımdandır. Onu da deyim ki, mən təkcə
musiqi texnikumu ilə kifayətlənməmişəm. Opera və
Balet Teatrında işləyə-işləyə sənədlərimi
Konservatoriyaya verdim. Qəbul olundum. Zərifə
İsmayılova ilə çalışdım. Iki il oxudum.
1994-sü ildə xor drijorluğu şöbəsinə qəbul
oldum. Bakalavrda müəllimim Aqil Qafurov idi. Magistrdə isə
Yalçın Adıgözəlovla çalışdım.
Konservatoriyada altı il təhsil almışam.
- Zülfiyyə xanım, necə
oldu ki, "Bənövşə" Uşaq Xoruna gəldiniz?
Deyilənə görə, Əfsər Cavanşirov çox tələbkar
olub. Onunla işləmək heç də asan
deyilmiş...
- 1996-cı ildə Azərbaycan
televiziyasında Ramiz Mustafayevin bədii rəhbər olduğu
Cahangir Cahangirov adına xor kollektivində işə düzəldim.
Orada eşitdim ki, Əfsər Cavanşirov "Bənövşə"
Uşaq Xoruna konsertmeyster axtarır. Əfsər müəllimlə
görüşdüm və dedim ki, mən xormeysterəm. O,
pianinonun qabağına not qoydu və dedi ki, bu əsərə
necə drijorluq edərsən? Mən ifa etdim. O, ifamı bəyəndi
və dedi ki, sabah işə gələrsən. Əgər
uşaqlarla bacarsan, qalıb işləyərsən. Mən
dörd il Əfsər Cavanşirovun yanında köməkçi
xormeyster işlədim. Sonra xormeyster keçdim. Əfsər
müəllim 2005-ci ildə rəhmətə getdi. 2006-cı
ildə hörmətli sənətkarımız Mübariz
Tağıyevin təqdimatı ilə "Bənövşə"
Uşaq Xoruna bədii rəhbər seçildim. Onu da deyim ki,
Azərbaycan Teleradiosu olmasaydı, "Bənövşə"
Uşaq Xoru bu qədər uzun ömürlü olmazdı. Bu
kollektivin bu gün də fəaliyyət göstərməsində
Teleradio rəhbərliyinin, şəxsən qurumun sədri
Arif Alışanovun rolu böyükdür.
Mən inanıram ki, "Bənövşə"
Uşaq Xoru öz gözəl layihələri və yenilikləri
ilə nəinki Azərbaycanda, eləcə də xarici ölkələrdə
tanınacaqdır.
Adil
ŞİRİN
Ədalət.- 2012.- 19 yanvar.- S.7.