ALLAHI
QATİL EDƏNLƏR (XVI hissə)
Roman
(əvvəli qəzetimizin 14 yanvar
sayında)
Gördüyü mənzərə
onu necə yerində dondurdusa, tüfəng əlindən
düşdü...
Böyük Qardaş evə girəndə
anası soruşdu:
- Dədən harda qaldı?
- İndi gələr.
- Güllə səsini bəhanə
edib yenə ora getdi?
Böyük Qardaş bir söz demədən
keçdi öz otağına.
Qapı təpiklə necə
açıldısa, nəinki ana, qonşu otaqdakı
Böyük Qardaş da dik atıldı.
Ana kişinin qucağında qan
içində can verən qızcığazı görəndə
necə cikkə çəkdisə...
- Nə bağırırsan, ay
qancıq? - bu minillik evliliklərində ilk dəfəydi
xanımını belə təhqir edirdi. - Görmürsən,
hələ sağdı!
Böyük Qardaş qızı
atasından aldı:
- Ana, süfrəni dəyiş.
Amma Ananın stolun üstündəki
süfrəni dəyişməyə, heyi yox idi.
Ata stolun üstə nə vardı
biləyi ilə süpürüb tökdü yerə,
süfrə axtarmadı, dartıb pəncərədəki pərdəni
qopartdı və sərdi stolun üstə.
Böyük Qardaş qızı
ehtiyatla stolun üstə uzatdı:
- Ana.
Cavab gəlmədi, anada cavab verməyə
hal vardı ki?!
- Ana, ayıl, ana! Çantamı gətir.
Ata bağırdı:
- Ay qancıq, eşitmirsən
uşaq nə deyir? - deyib xanımını silkələdi: -
Uşağın çantası hardadı?
Ana söyüşdənmi, silkələdənmi,
nəhayət özünə gəldi və qaçıb yan
otaqdan çantanı gətirdi.
- Ana, su qaynat. -dedi Böyük
Qardaş və ehtiyatla Qızı soyundurmağa
başladı.
Güllə sol çiynindən dəyib
arxadan çıxmışdı, ürəyi çox zəif
vururdu.
- Ata, təcili rayona zəng elə,
çox qan itirib, ölür.
-
Oğul, sən necə həkimsən, ölür nədi? Əgər
bu uşağı xilas edə bilməsən, səni
boğaram! - dedi Ata.
- Mən tək neyləyə bilərəm,
heç olmasa bir tibb bacısı olsaydı...
Ata:
- Tibb bacısı mən! - birdən
hönkürdü, - Qoyma ölsün oğul, sənə qurban
olum, qoyma ölsün, qardaşıyın xətrinə
qoyma.
Böyük Qardaş spirtlə
yaranı təmizləyə-təmizləyə:
- Dedim ki, rayona zəng elə, qoy
reanimasiya maşını göndərsinlər, özü də
təcili.
Ata nömrəni yığdı,
amma özü danışmadı, danışa bilmədi, telefonu
tutdu oğlunun qulağına:
- Həkimdi, reanimasiyanı göndərin,
qan da göndərin, müsbət bir. Danışmağa
vaxtım yoxdu. Güllə yarasıdı.
Böyük Qardaş indiyədək
heç kimin qalib gələ bilmədiyi və qalib gəlinməsi
də mümkün olmayan Əzrayılla bir döyüşə
girmişdi, özü də tək, atasıyla anası bu
döyüşdə ona kömək etməkdə aciz idilər.
Ata "tibb bacısı mən"
desə də bunu bacarmırdı. İndi özü həm cərrah
idi, həm də tibb bacısı.
İndi Əzrayılla
vuruşurdu, ya ona verən Tanrı, ya Əzrayıla. Tanrı
öz mələyini qoyub, ona verəcəkdimi?!
Müharibə zamanı bundan da
ağır əməliyyatlar aparmışdı, çox
zaman da birbaşa səngərdə, güllənin altında,
tozun-torpağın içində. Möcüzə idi. Onda
Tanrı onlara görünməmiş bir güc-qüdrət
verirdi, mələklərini köməyə göndərirdi.
Kiminsə qolunu kəsmişdi, kiminsə
qıçlarını, amma əlində ölən
olmamışdı. İndi də müharibə meydanında,
səngərdə idi və Tanrını
çağırırdı.
"Kurtlar vadisi"nin o yeri idi ki,
Məmati çiyninin birini çəkərək
ortağı Bulud Yalçınla Zazanın iqamətgahını
basmağa gedirdi. O Zazanınkı şəhərdəki
cibgirlərin, oğruların qabadayısıydı, sonralar
Türkiyəni xilas etmək istəyən və bu yolda
varından-yoxundan keçən yazıq Polad Ələmdarla
bir-birlərini bağırlarına basıb qardaş olacaq,
Türkiyəni birlikdə xilas edəcəkdilər. Hamı nəfəsini
çəkmişdi içinə, Məmati Zazanı indi
öldürəcək, bir azdan öldürəcək...
Təcili Yardım
maşını ulaya-ulaya kəndə girdi. Güllə səsi
kəndi diksindirməsə də, maşının
ulartısı hamını bir anlıq Məmatidən
ayırdı.
Kimsə ərinə-ərinə
eyvana çıxdı, kimsə ərinə-ərinə həyətə
düşdü, kimsə də bir xəbər bilmək
üçün qonşuya səsləndi:
- Qonşu, ay qonşu!
- Hayy!
- Kənddə kim xəstələnib?
- Kənddə sağlam adam
qalıb ki?!
Qız Atası da eyvana
çıxdı və gördü ki, körpüdən
keçən maşın Akademikgilin doqqazına döndü,
qayıtdı içəri:
- Arvad, dur görüm.
- Nə olub?
- Təcili Yardım Akademikgilə
getdi. Görünür, arvada nə isə olub. Yazıq
arvadı bu dərd öldürəcək.
- Qızı oyadım?
- Qızı neynirsən, gəl
görüm.
Həyətə girəndə
sürücü siqaret çəkirdi.
Qız Atası:
- Axşamınız xeyir,
oğul.
- Axşamınız xeyir.
- Nədi, arvada nəsə
olub?
- Bilmirəm, dayı, vallah deyəsən
kimə isə güllə dəyib.
Qız Anası əlini vurdu dizinə:
- Allah, sən saxla. Deyirdi, vallah,
deyirdi. Deyirdi ki, özümü öldürəcəm.
Qalxdılar eyvana və girdilər
içəri. İçəri girənlərin kimlər
olduğunu görən Böyük Qardaş
çığırdı:
- Onları bayıra
çıxardın!
Ata cəld ikisini də zorla itələyib
çıxartdı bayıra, amma gec idi, ikisi də stolun
üstə kimin uzandığını
görmüşdü. Və Qızın Anası necə fəryad
qopartdısa...
Məmatinin atdığı
güllələrin səsi eşidilməz oldu. Bu fəryad kəndin
sinəsindən tutub babat silkələdi və hamı
töküldü bayıra.
Vay xəbərdən ötrü
sino gedən kənd camaatı həyəti
doldurub-daşdırdı, elə bil Akademikin tabutunu indicə
gətirmişdilər. Birdən-birə televiziyaların
qarşısı necə boşaldısa, Məmati də
çaşqın-çaşqın Buluda baxdı ki, bu camaat
necə oldu?!
Təcili Yardım
maşını həyətdən güc-bəla ilə
çıxdı. Kənddə ayağı yer tutan
qalmadı, maşınlara doluşub Təcili Yardımın
arxasınca rayon mərkəzinə yollandılar.
Akademikin də, Qızın da
valideynləri Təcili Yardımın arxasınca gedən
maşındaydılar. Qız Anası dizinə döyə-döyə
ərini söyürdü:
- Ay itoğlu, sənə demirdim o
tüfəngi ortalıqdan götür?! Ay itoğlu, sənə
demirdim o tüfəngi gizlət?!
Qız Atası isə
arvadının başını sinəsinə qoyub
xısın-xısın ağlayırdı.
Təcili Yardım xəstəxananın
həyətinə girəndə burda da qələbəlik
idi. Prokuror da, polis rəisi də, baş həkim də həyətdə
gözləyirdilər. Başçıya da məlumat
vermişdilər.
Başçı da dərhal
baş həkimə telefon açmışdı:
- Əlinizdən gələni edin.
Bakıdan həkim çağırın.
Xəstəni yuxarı
qaldıranda Akademikin Atası oğluna dedi:
- Oğul, əllərinə qurban
olum, qızımı səndən istəyirəm.
Qız Atası
"qızımı səndən istəyirəm"
sözlərini eşidəndə özünü saxlaya bilmədi,
Akademikin Atasını qucaqlayıb hönkürdü:
- Oyy! Ay qardaş, bu nə işdi
başımıza gəldi.
Artıq üçüncü gün idi ki, kənd
camaatı yalnız gecə düşəndə evə
gedirdi, bütün günü xəstəxananın həyətindəki
çayxanada qeybətlə məşğul idilər.
- Qızda hikkəyə bax ey!
- Bu da bizim Fərizədi.
- Ə, boş-boş
danışmayın, qoyun görək başımıza nə
gəlir.
- Qız deyil ey, Həcərdi! Qeyrətinə
qurban olum!
Bir nəfər isə artıq
neçənci dəfəydi ki, deyirdi:
- Ay qardaşlar, mənim
sözümü qəribçiliyə salmayın. İstəyirsiz
inanın, istəyirsiz yox, o namərd Polkovniki bu qız
öldürüb, görüb işin üstü
açılır, özün atıb.
- Vallah, mən də
unamışdım...
- Ə, yenə səfeh-səfeh
danışmayın! Qoyun camaat dərdin çəksin də!
Xalqın uşağın dilə-dişə salmayın.
Özü də öldürübsə, lap yaxşı eləyib.
- Biz də onu deyirik də!
Prokuror Başçıya telefon
açdı:
- Cənab Başçı, biz
özünü öldürməyə təhriklə
bağlı cinayət işi qaldırmışıq. Dedim
bir sizinlə məsləhətləşim.
Başçı:
- Sən prokurorsan, qanunları da məndən
yaxşı bilirsən, məndən niyə soruşursan?
Ehtiyatsızlıqdan baş verən bir hadisədi, əsas
odur ki, xoşbəxtlikdən hər şey yaxşı
qurtarıb. Özün başa düşdün də!
- Cənab Başçı, Cinayət
Məcəlləsinin 125-ci maddəsinə görə...
- Dostum, sən Cinayət Məcəlləsindən
həmin maddə yazılan səhifəni cır...
Kriminalist həyətə girəndə
Akademikin Atası həmişəki kimi tut ağacının
altında çay içirdi, stolun üstündə bir topa
da qəzet vardı, qonağı görən kimi dilxor-dilxor
başını yellədi, amma hörmət xatirinə
ayağa qalxdı, əl tutub görüşdü,
oturmağa yer göstərdi:
- Xoş gəlmisiz, əyləşin.
- Xoş gününüz
olsun.
Kriminalist oturdu, Akademikin Atası
qonağa da çay süzdü, amma əsəbini gizlədə
bilmədi:
- Ay oğul, niyə qoymursuz
öldüyümüz yerdə ölək?! Bir tərəfdən
də bu qəzetlər! Bəlkə o bədbəxt
qızı da biz vurmuşuq?!
Kriminalist atanın nə çəkdiyini
çox gözəl başa düşdüyündən onun
bu tikanlı sözlərindən incimədi:
- Ağsaqqal, mən sizi
yaxşı başa düşürəm, dərdinizə də
şərikəm. Xahiş edirəm, siz də məni başa
düşün. Mən təkcə Polkovnikin qatilini
axtarmıram. O uşaqların öldürülməsinin səbəblərini
açmaq istəyirəm. Bu gün-sabah elmlər namizədi
olacaq gənc bir aspirantın belə bir cinayətə əl
atmasının çox köklü səbəbləri var. Mən
əgər bunu üzə çıxarmasam, sənin oğlun
kimi hələ çox oğullar qurban gedəcək.
Akademikin atası istehza ilə
güldü:
- Ondan əvvəl baş verən
cinayətləri açdılar ki, siz də bunu
açasız?! Sizdən əvvəl bir namuslu müstəntiq
vardı. Cinayətləri açmışdı də, nə
oldu? Deyirlər indi kartof satır. Gözlə, səni də
soğan satmağa göndərərlər.
Kriminalist güldü:
- Hər halda soğan satmaq vicdan
satmaqdan yaxşıdı. Amma mənə başqa şey təklif
edilib, əgər Polkovnikin qatilini tapsam, böyüdəcəklər,
hələ bəlkə prokuror qoydular. İnanın, amma mən
bu işi prokuror olmaq üçün açmaq istəmirəm.
Mən sadəcə vəzifə borcumu yerinə yetirirəm.
- Oğul, kim sizə deyir vəzifə
borcunuzu yerinə yetirməyin. Amma bizdən nə istəyirsiz?
Bilmirik dərdimizi çəkək, yoxsa sizin eyni
suallarınıza cavab verək. Bir məsələnin üstə
nə qədər qayıtmaq olar? Eyni sözü nə qədər
soruşmaq olar? Kaş onu elə mən öldürmüş
olaydım. Onu mərdi-mərdanə öldürərdim,
kişi kimi, xəlvətcə atmazdım. Kişi kimi də
gedib girərdim polisə, başımı da dik tutardım.
El-oba da deyərdi kişi intiqamını aldı. El-oba cəhənnəm,
bu arvadın ürəyi soyuyardı. Bilmək istəyirsinizsə,
bir neçə dəfə gedib vurmaq istədim, amma vura bilmədim,
insan öldürmək asan iş deyil. Mən onu Allaha
tapşırmışdım, Allah da cəzasın verdi. Bir də
ki, ay oğul, mən min ilin ovçusuyam, quşu
gözündən vururam. Amma mənim eşitdiyimə görə
ona iki güllə atıblar.
- Bildiyimə görə,
ovçular patronları özləri hazırlayırlar,
düzdü?
- Baxır ovçuya. Əldəqayırma
ovçuları deyə bilmərəm, amma əsil
ovçular, hə. Bilirsiz, oğul, silah ovçunun
canı-ciyəridi. Silah həm də qadın kimidi, naz istəyir,
sevgi istəyir. Gərək onu əzizləyəsən,
oxşayasan, küsdürməyəsən, könlünə
toxunmayasan. O patronu, gülləni gərək özün
düzəldəsən. Öz əlin, öz nəfəsin dəyə
ki, o da səni eşidə, darda qoymaya.
- Sizin emalatxanaya baxa bilərəm?
- Uşaqdan sonra nə o emalatxanaya
girmişəm, nə də əlimə tüfəng alıb
ova getmişəm. Amma baxmaq istəyirsizsə, gedək
baxın. Ürəyiniz sakitləşsin.
(ardı
növbəti şənbə sayımızda)
AQİL
ABBAS
Ədalət.-
2012.- 20 yanvar.- S.5.