ELƏ ÖLÜLƏR VAR
Kİ...
Bilmirəm niyə, amma
uşaqlığımda mənə elə gəlirdi ki, Nazim
Hikmət Azərbaycan şairidi. Yəni ətrafımda bu adda, bu
soyadda o qədər adam vardı ki. Bir az ağlım kəsəndən
isə "Nazim Hikmət" və
"Türkiyə" xüsusi isimləri
mənim üçün sinonim
kimi səslənirdi. Və heç bir
xırdalığa varmadan Türkiyəni,
İstanbulu onun
poeziyasında tanıyıb, sevmişdim. Lap sonralar ideoloji
məqamlar - "Vətən xaini",
"Türkiyə vətəndaşlığından
çıxarılmış türk şairi" kimi qavramlar da daxil
oldu düşüncəmə. Təbii o vaxt nəyin doğru, nəyin yalan olduğunu müəyyən edə bilmirdim. Müəyyən olan
oxuduqlarımın əsl poeziya, onun da Şair
olduğu idi. Şeirlər
gözəl idi və bu
da mənə bəs edirdi.
İllər keçdi. Türkiyədən bura
gələn yollarda buzlar
əriməyə başladı. Gələn qonaqlara
Nazimdən söz edəndə,
"Türkiyəni bizə Nazim sevdirdi" deyəndə həmin insanların
üz ifadələrini görmək heyrətverici
idi. Eyni münasibəti
Türkiyədə də yaşadım. Ona
nifrət edirdilər. Deyək ki, əqidəsini
qəbul etmirdilər, bəs şeirləri? "Yox, yox" - deyirdilər
- "o, heç şair də deyil". 12
il sərasər zindanda
yatandan sonra
azadlıqda qalmaq istəyi, səmanın maviliyini, torpağın
yumşaqlığını görmək istəyi, havanı
dərindən ciyərlərinə çəkmək istəyi
onu baş götürüb qaçmağa
vadar edibsə, "iştə, Vətən
xaini" sözü onu - ətdən, qandan,
sümükdən olan insanı öləndən
sonradamı izləyəcək? Bu nə taledi?
Əslində
taledən incimək də olmur. İki paşanın nəvəsi, zər-zibalı
nənnilərdə böyüyən zadəgan əsilli birisi, ata da,
ana da ziyalı insanlar. Uca boy,
mavi gözlü,
sarı saçlı, yaraşıqlı birisi
və həm də Şair. Bunun əvəzində isə cərimələr
- xəyanətlər, həbsxanalar, sürgünlər, xəstəxanalar,
qürbət. Taleyin ona
verdiklərinin əvəzini bol-bol ödəmişdi.
Həyatından
keçən hər bir hadisə
poeziyasından da yan
keçməmişdi. Sevdiyi qadınlar da, müalicə edən həkimlər də,
onu gözətləyən nəzarətçilər
də vardı şeirlərində. Dost bilib xəyanət gördükləri də,
düşmən olub nifrət elədikləri
də, qəhrəman bilib baş
əydikləri də, sonuncu tikəsini bölüşdüyü kamera
yoldaşları da keçib
şeirlərdən. Hər hansı bir
şeirində sevgi də var,
inqilab da, qocalıq və
ölüm qorxusu da var, həyat eşqi də var. Var! Onun özü
kimi. Nazim Hikmət var. Zatən, yox olanın uğrunda bu qədər savaşlar getməzdi ki...
"Nazim Hikməti, böyük
türk şairini bədii
iddialardan uzaqlaşdığı yerlərdə
arayınız. Həqiqi insan orada gizlidi və
axtarışlarınızın qarşısında qayət mahir bir gizlənpaç oynayan bu incə, qıvraq
ruhu bir an yaxalamaq istərsəniz,
kəlmələrin səthi və zehni
qarşılıqlarına deyil, təlqini
mənalarına, dərinliklərinə, ahənginə
varınız. Nazim Hikmətin həqiqi məftunları
və Nazim Hikməti anlayanlar
onun görünən tərəfini deyil, görünməyən tərəfini, hətta
özünün belə görmədiyini
görənlərdir". Bu da türk basınından
oxuduğum fikirlərdən biri. Onun haqqında hər
zaman rusların və bizimkilərin
yazdığını oxumuşdum. Sonra bu
qarışıqlıqdan baş
çıxarmaq üçün
Türkiyədə yazılanlarla tutuşdurmaq
qərarına gəldim. Elə bir ciddi fərq yoxdur. Sadəcə
bir vaxtlar Sovet hökumətinə lazım olanda Nazimin kommunist olmasından övgü
ilə bəhs edilirdi. Türkiyədə
də bu amil onu təhqir etmək üçün
əsas idi.
Konstantin Simonovun dediklərindən:
"O, çörəyin də, ətin də, şərabın
da qoxusunu sevərdi. O
bütün bunları elə-belə, böyük əhəmiyyət vermədən
sevərdi və həm də kiminsə evində əsas qoxulara çevrilmiş -
harınlıqdan yaranmış toxluğu,
rifahı sevməzdi. Millətçi şovinizmdən zəhləsi
gedərdi. Onun yanında heç
bir millət haqqında yaman
söz demək olmazdı. O, türk idi və
xalqını böyük məhəbbətlə
sevirdi, ancaq heç bir milləti
aşağılamırdı da. O, əqidəcə
kommunist idi, ancaq başqa
düşüncəli adamlarla mübahisələrində
bunu kimsənin gözünə
soxmazdı. Hər kəsin düşüncələrinə
hörmətlə yanaşardı. O inanırdı ki, kommunizm bütün
bəşəriyyətin gələcəyidir. O, hər kəsi
sevməyə və hər kəsə qəzəblənməyə
hazır idi".
Yaqub
Qədri Qaraosmanoğlunun dediklərindən:
"Yapdıqları şeydə klassik sənətin
ilahi intizamından, əzəli ahəngindən
əsər yoxdur. Bütün
estetikaları insanların idarə etdikləri cəmiyyətlər
kimi anarxikdir. Nazim Hikmətin dediyi bütün bu tərz
şeirlər əsla Bethovenin
sonatasını yox, bir
bando musiqisini, şənlik
yerində fanfarı andırır. Təbii ki,
belə musiqi ancaq
küçələrdə çalınar. Odur
ki, Nazim Hikmətin
şeirlərinin bugünkü türk cəmiyyətində heç
bir yeri
olmadığını zənn edirəm. Çünki
bizdə bu orkestrin cəhənnəm
vəlvələsini dinləyə biləcək dalğalanan böyük bir insan kütlələri
hənuz yetişməmişdir. Yetişməsinin
imkanını da görmürəm".
(Güman edirəm ki,
hələ də yetişməyib. Bu da mənim fikrim).
... Onun haqqında ilk bioqrafik məlumatları Aleksandr
Tverskoyun "Bosfor
mahnısı" kitabından oxumuşdum.
Sonradan öyrəndiklərimi yenə tutuşdurdum - faktlar eynidi, münasibətlər fərqli. Təntənəli
yubileyləri də yadımdadı- Moskvada
da, Bakıda da. Rus şairi Lev Oşaninin Türkiyə
torpağı gətirib Nazimin qəbrinə
səpməyi də yadımdadır, "Literaturnaya
qazeta"da
yazılanları da xatırlayıram və
bir də görkəmli heykəltəraş
Münəvvər Rzayevanın "Azərbaycan"
jurnalında çap olunmuş
xatirələri də yadımdadır. Münəvvər
xanım Moskvada təhsil alanda
Nazim Hikmətlə
tanışlığından, şairin ona köməyindən, hətta adına
görə özəl münasibətindən (Münəvvər
Nazimin Türkiyədə qoyub
gəldiyi xanımının adı idi),
vəsiyyətindən yazmışdı. (Nazim
Hikmət "qəbirüstü abidəmi sən yaparsan" deyibmiş).
Neçə illər sonra Münəvvər
xanımla görüşəndə bu məsələni
onun yadına saldım. "Qaldı nəşinin
Türkiyəyə aparılmasına"-dedi Münəvvər
Rzayeva. "Buna
inanırsınız?"-dedim. "Əlbəttə, bir gün olacaq"-
cavabını verdi. İndi
Münəvvər xanım da həyatda yoxdu, deyəsən heç
Nazimi Türkiyəyə qaytarmaq
istəyən də yoxdu. Bəlkə bura gətirsinlər? Çünki
Vera Tulyakovanın ölümündən sonra Novodeviçye məzarlığında
tək-tənha qalıb Nazim...
Bəzi
bioqraflarının yazdığına görə, o 1901-ci ilin 20 noyabrında
doğulub. 40 günə görə 1 yaş artıq sayılmasın deyibən ailəsi
təvəllüd tarixini 1902-ci ilin yanvarı yazdırıb. İki
ilin arasında qalan 40
günü gizlətmək də olar, yaşı azaltmaq da. Amma belə dəyişmələr
bəxt-tale yazanların xoşuna gəlirmi?
Bəlkə onun belə
qarma-qarışıq olaylarla dolu həyatını həmin o
aradakı 40 gün bəlirlədi. İki ilin arasında, iki ölkənin arasında, iki
düşüncənin arasında...
İndi
bu qarlı-şaxtalı yanvar
ayında onun rəsmi sənədlərdə
qeydə alınmış doğum gününü xatırlayıb
düşünürəm ki,
yazılanı pozmaq olmur.
Nə mələklərin, nə insanların.Və mələklər
insana "yazmaq"
yazıblarsa, bunun da
xoşbəxtlik, ya bədbəxtlik
olmağını da bilmirəm. Amma onu bilirəm ki, yaza bilənlərin həyatını
poza bilənlər də çoxdur.
İnsanlarım,ah mənim insanlarım,
antennalar yalan deyirsə,
yalan deyirsə mətbəələr,
kitablar yalan deyirsə,
Divarda afişa, sütunda elan yalan deyirsə,
ağ pərdədə yalan deyirsə çılpaq baldırları qızların,
dua yalan deyirsə,
laylay yalan deyirsə, əgər,
yuxu yalan deyirsə,
meyxanada kamançalan yalan deyirsə,
yalan deyirsə ümidsiz günlərin gecələrində
ay işığı,
səs yalan deyirsə,
söz yalan deyirsə,
əllərinizdən
başqa hər şey,
hər kəs yalan deyirsə əgər,
əlləriniz
palçıq kimi itaətli,
əlləriniz
qaranlıq kimi kor,
əlləriniz
çoban itləri kimi axmaq olsunlar
əlləriniz
üsyan etməsin deyədir.
Və onsuz da çox
az qonaq qaldığınız
bu ölümlü, bu yaşamalı dünyada
bu alış-veriş səltənəti,
bu zülm bitməsin deyədir.
Ah insanlarım,
mənim insanlarım,
doğrunu deyənlərə
nədən nifrət
edirsiniz? Sizi sevənləri niyə zindanlara atırsınız?
"Ruhunuzu əsir zənci kimi bazara çıxardınız"
deyənlərə nədən
düşmən kəsilirsiniz?
Çox qəribədir - bir kəsim onu solçuluqda, kommunistlikdə
günahlandırarkən, bir
kəsim də onun zadəgan kimliyini, əsalətini, paşa nəvəsi olduğunu unutmur, başına qaxınc edir. Vətəni çapıb-talayanlar, zəli
kimi qanını soranlar cani deyil,
vətən xaini deyil, amma vətənin
dərdlərini dilə
gətirən Şair
Vətən xainidi? Bu
da məlum ki, canilər irtica üçün qorxulu deyil. Şair isə qüvvədi, qüdrətdi.
Əvət, vətən xainiyim, siz vətənsevərsiniz,
siz yurdsevərsiniz.
Bən yurt xainiyim, bən vətən xainiyim.
Vətən ciftliklərinizsə,
kasalarınızın
və çek dəftərlərinizin
içindəkilərsə
vətən,
Vətən, şose boylarında
gəbərməksə
aclıqdan,
Vətən, soyuqda it kimi titrəmək və isitmədən kıvranmaqsa
yazın,
fabrikalarınızda
al-qanımızı
içməksə
vətən
Vətən, dırnaqlarıysa ağalarınızın,
Vətən, mizraqlı ilmühal isə, vətən,
polis çopuysa,
ödənəklərinizsə,
maaşlarınızsa
vətən,
Vətən Amerika üstləri,
Amerikan bombası,
Amerikan donanması topuysa,
Vətən kurtulmamaqsa kokmuş
qaranlığınızdan,
Bən vətən xainiyim.
Yazın üç sütun üstünə
qapqara haykıran puntolarla:
Nazim Hikmət Vətən xainliyinə
davam ediyor hala.
Kommunist olmaq ayıbmı? Yenə qəribədir ki, hətta bizim məmləkətdə
də dünənə
qədər kommunist olanlar da Nazimə
hücum edir. Bir ədəbi dəstə o birindən hayıf almaq üçün Nazimi hədəf seçir. Demək, Nazim var. Var! Zatən, olmayandan ötrü bu qədər savaşlar getməzdi ki?! Əslində bütün nifrətin kökündə bir səbəb var - onun böyük istedadı. Qalan hər şey bəhanədi.
... Amma qadınlar onu sevirmiş. Özü də elə sevirmiş ki, bu uğurda ailələrindən, uşaqlarından
da imtina ediblər. Nə qadınlar olub həyatında! Hər sevgisinə də "ilk dafa seviyorum" demiş.
Gəlsənə
dedi bana,
Kalsana dedi bana,
Gülsənə
dedi bana,
Ölsənə
dedi bana.
Gəldim
Kaldım
Güldüm
Öldüm.
Bu şeir Veraya yazılıb. Nazim onun yanında
öldü... Bir səhər yerindən qalxır, dəhlizə keçib poçt qutusuna əlini uzadır, qəzetləri götürmək istəyəndə
yıxılır. İnfarkt!
Bir misra da qulağımda çımlayır: "Nazim
Vətəninə infarktım
demiş"... Və
bir də uzun illər əvvəl gənc dostunun ölümünə
yazdığı nekroloqu
xatırlayıram: "Elə
ölülər var ki, mən onların
öldüyünü düşündükcə
vaxt olur yaşadığımdan utanıram.
Onlar qədər dəyərli, onlar qədər böyük, onlar qədər yaxşı olmadığımı
anladığımdan yaşamağım
mənə ağır
gəlir. Sonra yenə onlar qədər yaxşı, dəyərli və böyük olmaq üçün yaşamaq
istəyirəm. Yazıçı
dostum mənim bu ölülərimdən
biridir. Dişlərinə
yapışmış dodaqlarından
ciyərlərini parça-parça,
quru yarpaqlar kimi tökərək öləli bir il olur. Məncə,
böyük bir ölünün ildönümündəyik".
MƏNCƏ DƏ...
O, mavi gözlü devdi...
VƏ bir qadın hər zaman onu sevdi...
İRADƏ
TUNCAY
Ədalət.- 2012.- 20 yanvar.-
S.6.