Elçin
dramaturgiyası xarici ölkə
teatrlarının səhnəsində
(Əvvəli ötən şənbə
sayımızda)
Moskvada hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı "Dərviş teatrı"nın bədii rəhbəri Mərdan Feyzullayevdir. Bakıda aktyorluq, Moskvada rejissorluq təhsili alan Mərdan Feyzullayev vaxtilə ölkəmizdə məşhur olan Şəki Dram Teatrında çalışmış, onun və uzun müddət həmin teatra rəhbərlik etmiş Hüseynağa Atakişiyevin bu teatrın səhnəsində hazırladığı tamaşalar o vaxtkı Sovet İttifaqının bir çox şəhərlərində göstərilmişdir. Son 20 ildə isə Mərdan Feyzullayev Moskvada yaşayır və yaradıcılıq fəaliyyəti göstərir. Səhnə sənəti sahəsindəki fəaliyyətinə görə o, Rusiya Federasiyası Prezidentinin fərmanı ilə "Vətən qarşısındakı xidmətlərinə görə" ordeni ilə təltif olunmuşdur. Onun quruluşunda Moskvada M.F.Axundovun "Lənkəran xanının vəziri" tamaşası da uğur qazanmışdır. M.Feyzullayevin bir rejissor kimi əsərə yanaşma tərzi, üslubu vardır. Bu yanaşma "Şekspir" əsərində də özünü göstərir. Ən başlıcası isə o, pyesdəki yad planetdən gələn, cəmiyyətin dəli sanaraq xəstəxanaya saldığı "Drob-13" adlı qəhrəmanı digər obrazlardan fərqləndirir. Bu obrazı səhnədə canlandıran Pavel Viktorovun ifasında "Drob-13" öz ciddiliyi, təbiiliyi, səmimiyyəti ilə seçilir. Onun yad cəmiyyətə düşməsi, "qəribliyi" xüsusilə inandırıcı verilmişdir. Əsərdəki digər "dəlilər" də Stalin (Rusiyanın xalq artisti Nikolay Malinkin), Sara Bernar (Taşa Romanova), Ər-arvad (İrina Dmitriyeva) və başqalarının da hərəkətlərində bizim qəbul etdiyimiz dəlilik əlamətləri görünmür. Mərdan Feyzullayevin təqdimatından belə məlum olur ki, bu insanların dəli qəbul edilməsinin bir səbəbi var: onların düşüncə və fikirlərinin cəmiyyət tərəfindən başa düşülməməsi. Onlar əli oğru olan Sanitarın (Şirzad Əsəd Pirallahi), təkəbbürlü, ətrafdakılara istehzayla yanaşan Baş həkimin (Oleq Deqtyarev), "dəlilərlə" ağıllılar arasında tərəddüd keçirən həkimin (Yuliya Vorobyeva) əhatəsində, onlarla konfliktdə məsum görünürlər. "Əsl dəli kimdir" problemini qaldırırlar. Bizcə, nümayiş zamanı alqışlar əsərdə və tamaşada qaldırılan bu problemlərin təsdiqi idi.
Tamaşadan əvvəl mətbuat və radio-televiziya jurnalistlərinə müsahibə verən Elçin bildirdi ki, "Şekspir" pyesi bu il dekabrın 5-də Londonda - məşhur "Avanqard" teatrının səhnəsində də göstəriləcək. Tamaşanın ifaçıları da, yaradıcı heyəti də ingilislərdir. Tezliklə ona Türkiyə tamaşaçıları da baxa biləcəklər. İstanbul Bələdiyyə Teatrında artıq tamaşanın məşqləri gedir. İlk tamaşa gələn ilin yanvarına nəzərdə tutulub.
"Jar-ptitca"nın nəzdində fəaliyyət göstərən "Dərviş teatrı" dünən Rus Dram Teatrında Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması əsasında eyni adlı tamaşanı da göstərmişdir. Tamaşa Xocalı soyqırımına həsr olunub.
A.İsmayıloğlu
Ədəbiyyat qəzeti - 2011.- 18 noyabr - S.2.
Ukrayna:
İsmayıl
Krım və Azərbaycan arasında iki türk ölkəsi olaraq mədəni və təhsil əlaqələri 20-30-cu illərdə çox sıx olub. O vaxt Krımda tatarlar çoxluq təşkil edirdi, onlar 1944-cü ildə Orta Asiyaya deportasiya olunduqdan sonra bu əlaqələr qırıldı. Çox xoşdur ki, bu əlaqələr bizim günlərdə tədricən dirçəldilir.
19-24 dekabr tarixlərində Krım-tatar Akademik Musiqili Dram Teatrı Bakıda qastrol səfərindədir. Bu qastrol səfəri Azərbaycan-Ukrayna teatr əlaqələrinin mühüm mərhələsi kimi dəyərləndirilə bilər. Apreldə Akademik Milli Dram Teatr "Teatr. Çexov. Yalta" Beynəlxalq Teatr Festivalında iştirak üçün Yaltada olanda Krım-tatar Akademik Musiqili Dram Teatrının qonağı olmuş, həmin səhnədə çıxış etmişdir.
Kollektiv Bakıya Elçin Əfəndiyevin "Şekspir" əsəri əsasında hazırladığı "Xəstə könül" tamaşası ilə gəlib. Azərbaycanda ilk dəfə "Üns" Yaradıcılıq Səhnəsində tamaşaya qoyulan "Şekspir" pyesi tezliklə başqa teatrların da diqqətini çəkib. Tamaşanın quruluşçu rejissoru və rəssamı Rinat Bektaşevdir. Rinat Bektaşevin quruluşunda tamaşa insanların incə və mürəkkəb iç dünyasına yönəlir.
Tamaşada rolları şöhrətli aktyorlar Dilavər Səttarov (sanitar), Eldar Cəlilov (Drob-13), Marlen Osmanov (Marslı), Fatma Asanova-Abdullayeva (ər-arvad), Əşrəf Yaqyayev (İ.Stalin), Lemara Cəlilova (Sara Bernar), Refat Seyid-Ablayev (baş həkim), Gülnar Sefedina (Hə) ifa edirlər. Teatrın bədii rəhbəri və direktoru Bilal Bilalovdur.
Tamaşanın ideya xətti belə bir sual üzərində qurulub: "Kimin iç dünyası daha zəngindir? Ruhi xəstə saydığımız insanların, yoxsa həyatda məhəbbəti, paklığı, saflığı, sədaqəti unudaraq, topladıqları maddi sərvəti itirmək qorxusu ilə yaşayanların?!"
Tamaşa Bakıda Akademik Milli Dram Teatrının səhnəsində və Sumqayıtda göstəriləcək. Teatrın truppası ilə yanaşı, Krım-tatar Xalq Məclisinin sədr müavini, Krım MR Ali Şurasının beynəlxalq münasibətlər üzrə daimi komissiyasının sədri Remzi İlyasov, Krım-tatar Teatr Xadimləri İttifaqının sədri, teatrın direktoru və bədii rəhbəri, Ukraynanın əməkdar incəsənət xadimi Bilal Bilalov da Bakıya gəliblər. Qastrol səfəri çərçivəsində bir sıra digər tədbirlər də nəzərdə tutulub.
Gürcüstan Respublikası:
Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı, "Qatil"
Tiflis. Nizami Məmmədzadə - APA. Noyabrın 7-də Gürcüstan paytaxtındakı Marcanişvili adına Dövlət Teatrında Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyevin "Qatil" tamaşası səhnəyə qoyulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tamaşanı hökumət nümayəndələri, ziyalılar, QHT təmsilçiləri, jurnalistlər, şəhər sakinləri, ətraf bölgələrdən gələn azərbaycanlılar izləyiblər. Dram əsərinə rejissor Namiq Valehoğlu quruluş verib.
Tamaşa Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzinin köməyi ilə baş tutub.
Tamaşada baş rolda Şeyla Cəfərova, digər rollarda isə Aslan Məmmədov, Fazil Bayramov, Marianna Məmmədova çıxış edib.
İngiltərə:
Londonda Elçinin "Şekspir"
komediyasının premyerası
olub.
Elçinin "Şekspir" əsərinin London premyerası.
Bu il
dekabr ayının 5-də
Londonun teatr həyatında çox əlamətdar bir hadisə baş verdi: Paytaxtın "The
Horse Hospital" İncəsənət Mərkəzində yerləşən
Avanqard Teatrda xalq yazıçısı
Elçinin məşhur
"Şekspir" komediyasının
ilk tamaşası göstərildi.
Tamaşanın quruluşçu
rejissoru Böyük Britaniyanın görkəmli
teatr xadimi, Gruntles "Arts Group"-un
həmtəsisçisi Deyvid
Perri idi.
Hələ noyabr ayının 23-də Deyvid Perri Londonda fəaliyyət göstərən Puşkin Evində "Böyüklərin teatrı və professor Elçinin həyat və yaradıcılığı" mövzusunda mühazirə oxumuşdu. O, Elçinin həyat və yaradıcılığı barədə məlumat vermiş, ingilis dilinə çevrilmiş "Şekspir", "Mənim sevimli dəlim" və "Teleskop" pyeslərini geniş təhlil etmişdi. D.Perri demişdi: "Elçin bir çox roman və hekayələr, kino ssenariləri, elmi-tənqidi əsərlərlə bərabər, 15 pyes müəllifidir. Mən yanlız bu üç pyesi oxumuşam və deməliyəm ki, bu üç pyesin özü "Elçin teatrı" terminini ortaya qoyur. Bu teatrın mahiyyətini modern estetika təşkil edir."
D.Perri Elçinin dramaturgiyasını 19-cu əsr Norveç dramaturqu Henrix İbsenin yaradıcılığı ilə müqayisə edərək deyib: "İbsenin əsərlərindəki minimalizm və obrazların daxili aləminə sirayət etmək bacarığı Elçinin əsərlərinə də şamil edilə bilər." Mühazirədə Elçinin pyesləri məşhur ingilis yazıçısı və rejissoru Mayk Ley ilə də müqayisə edilib: "Leyin filmlərində xarakterləri inkişaf etdirmək improvizasiya sərbəstliyi üçün zəmin olduğu kimi, Elçinin pyeslərində də bu cür bir zəmin mövcuddur. Bu da Elçinin teatr estetikasına və qanunlarına dərindən bələd olduğunu göstərir". O, tamaşaçıları "Şekspir" tamaşasına baxmağa və Elçin dramaturgiyasının estetik miqyasını özlərinin qiymətləndirməsinə dəvət edib.
"Şekspir"in ilk tamaşasında əsas rolları Londonun tanınmış aktyorları Peter Stanford (Baş həkim), Dervia Toal (Həkim), Roman Kuzmi (Sanitar), Yovan Matiç (Drob 13), Eleanor Bennett (Sara Bernar), Florian Raffone (Veneralı), Andrev Rea (Ər-arvad) və Konrad Peters (Stalin) ifa edir.
Tamaşaçıların arasında İngiltərənin bir çox məşhur teatr və ümumiyyətlə, incəsənət xadimləri, informasiya vasitələrinin, diplomatik korpusun, Azərbaycan və türk diasporlarının nümayəndələri var idi.
Premyeradan əvvəl Deyvid Perri çıxış edərək tamaşaçıları salamladı və onları Elçinin yaradıcılığı ilə tanış etdi. D.Perri Elçin dramaturgiyasının dünya teatr sənətinin müasir tələblərinə cavab verən yüksək estetik səviyyəli bir dramaturgiya olduğunu vurğuladı.
(Ardı var)
İFTİXAR
PİRİYEV,
Əməkdar
mədəniyyət işçisi,
AMEA-nın dissertantı
Ədalət.- 2012.- 20 yanvar.-
S.17.