İBLİS XİSLƏTİ
Hekayə
(əvvəli ötən şənbə
sayımızda)
Qonşunun gözləri yol çəkdi,
dərindən köksünü ötürüb:
- O vaxtlar bizim kənddə vəziyyət
ayrı cür idi, - dedi, - camaat arasında kolxoz sədrinə
Əzrail deyirdilər. Adı gələndə zəhri
yarılırdı çoxlarının. Özü kimi dəlisov
atı vardı, gecə-gündüz çapır,
qabağına çıxanı qırmancına dolayır,
qızmış kəhərin döşünə salıb
qovur, nəfəsini kəsirdi adamın... Heç yadımdan
çıxmaz. Evimizdə yeməyə bir şey
qalmamışdı. Nənəmlə anama qoşulub
başağa getmişdim. Zəmi çoxdan
biçilmişdi, torpağa qarışan sünbül
qırığını güclə tapıb tor-baya
yığırdıq. Birdən nənəmin həyəcanlı
nidasını eşitdim: "Vay Əzrail!.." Elə bil
üstümüzdən qara yel əsdi. Üzü üstə
yerə sərildim. Başımı çevirib yan-yörəmə
baxmaq istəyəndə torbamızı ayaqlayıb torpağa
qarışdıran atın belində
qamçısını başımın üstündə
qeyzlə hərləyən Əzraili gördüm. Anam
qıy çəkib üstümə atdı
özünü. Nənəm haray salıb qarğış elədi:
"Səni görüm, Əzrail, Allahın Əzrailinə
tuş olasan!"
Qaş qaralanda kor-peşman, ac-yalavac
evimizə qayıtdıq. Seyid nənəm namaz üstə dua
elədi: "Pərvərdigara, torpağa qarışan dəni
də əlimizdən alır. Özün çarə
qıl, qurtar bizi bu bəladan". Elə bil Tanrı nənəmin
duasını eşitdi. Səhər tezdən qonşumuz
çörəkçi usta Pənah kişi
qapımızı açıb bir buxanka çörəyi
dolabın üstünə qoydu. Mənə elə gəldi
ki, alaqaranlıqda evimizə işıq doldu. İşlədiyi
çörəkxanadan imkan tapanda bizə pay gətirən Pənah
kişi nənəmə üzrxahlıq elədi:
- Axşam işdən qayıdanda
eşitdim başaqdakı müsibətinizi. Qanım elə
qaraldı ki, qapınızı döyməyə əlim gəlmədi.
Fikirləşdim ki, gecənin xeyrindən səhərin şəri
yaxşıdır.
O, bir anlığa susub nənəmə
zənnlə baxdı:
- Eşitmisən səhər nə
olub?
Nənəm başını
buladı:
- Sübh namazı üstə dua
eləmişəm, huş aparıb məni, heç nədən
xəbər tutmamışam.
Çörəkçi ustanın
gözləri güldü:
- Elin sözü yanlış
olmaz. Camaat deyir, seyid nənənin qarğışı tutub Əzraili,
dəli kəhər onu nə təhər yerə
çırpıb təpikləyibsə, cəhənnəmlik
olub.
- Doğrudan?!
- Həə! Hələ indiyəcən
görməmişdim ki, adam öləndə camaat sevinə.
Nənəm narazı halda
başını buladı:
- Yox, sevinmək olmaz insan
ölümünə.
- İnsan deyildi axı, o. Camaat əbəs
yerə Əzrail demirdi ki. Nə qədər evlər
yıxdı, qapıları bağlı qoydu, kənddə
müsibətlər törətdi.
Nənəm
onunla razılaşdı:
- Beləsinə
tuş eləməsin heç kəsi Allah-Təala. İnsan
deyildi ki, iblis idi, iblis. Onun gözünün içinə
baxıb ürəyindəki şeytanı
görmüşdüm. Əzraillik eləyirdi kənddə.
Həyəcandan
sifəti pörtən nənəmin nəfəsi daraldı elə
bil. Dərindən ah çəkib qolumdan
yapışdı:
- Qara
kağız alan gündən başımı itirmişəm
lap. Çarəm bu tifilə qalıb. "Dövlətdə
dəvə, övladda nəvə" deyiblər. Al
yanına, öyrət, işlət, həm bir tikə
çörək gətirsin evə, həm də oxusun, dərsindən
qalmasın.
Onlar qəzet
köşkündən çoxmərtəbəli binanın həyətinə
uzanan səkinin üstündə narın addımlarla gəzişə-gəzişə
söhbət edirdilər.
O,
qonşusunun söhbətinə maraqla qulaq asırdı. Həmsöhbəti
birdən ayaq saxlayıb xəfifcə
gülümsündü:
- Səni
bilmirəm, axır vaxtlar mənim yaddaşımın lap
zayı çıxıb.
- Elə mən
də o gündəyəm. Əlimlə qoyduğumu tapa bilmirəm.
- Amma di gəl
ki, olub keçənlər kino lenti kimi gözlərimin
önünə gəlir: çörəkxanada ustanın
yanında işləməyim, orta məktəbi qurtarmağım,
sonra da tələbəlik illəri... Pah atonnan, elə bil
dünən olub.
Dərin
köks ötürüb fikrə getdi:
-
Allahıma şükür edirəm ki, bəxtim gətirdi,
tale uzümə güldü, - dedi, - institutu bitirən ili təyinatımı
o vaxt şəhərin böyük çörək
kombinatına verdilər. Həvəslə işə
girişdim, sonra ev aldım, anamla nənəmi yanıma gətirdim,
evləndim... Hə, yaxşı vaxtlarım idi, özüm də
məsul vəzifədə. Ancaq, necə deyim, dünənimi,
ötüb keçən o ağır illəri, dədə-baba
yurdumu unutmurdum. Kənddə köhnə evimizin yerində təzəsini
tikdirmişdim. Hər il yayda, məzuniyyət vaxtı ailəliklə
gedib, səfalı yerlərimizdə dincələrdik. Və mən
mütləq çörəkçi ustam Pənah kişini
görər, hal-əhval tutardım.
Çalışırdım onun haqq-sayından
çıxım. Çox gec evlənmişdi, aman-zaman bircə
oğlu vardı. O da ipə-sapa yatmırdı, dərsnən,
oxumaqnan arası yox idi. Axır ki, bir təhər qurtardı kənd
məktəbini. Pənah kişinin xətrinə köməyimi
əsirgəmədim, instituta, sonra da işə düzəltdim
oğlunu. Yaman bivecdi, heç xoşum gəlmirdi ondan. Sovet
dağılıb özəlləşmə başlayanda
gözümdən itdi. Eşitdim ki, biznesnən məşğuldur,
özünün kooperativi var. Az sonra saxtakar, yalançı
kimi adının hallandığını öyrəndim.
Vaxtilə gözüm üstündə olanda çəkinirdi
məndən, naxələflik eləməyə qoymurdum onu.
İndi dövran da, dəyərlər də dəyişib. O
da özünə bab tay-tuşları ilə birlikdə əl-qol
açmışdı. Məndən qaçır,
gözümə görünmürdü ki, "ilişməsin",
danlamayım onu. Hər dəfə naqis əməllərinin
sorağı gələndə Pənah kişinin halına
acıyırdım. O cür halal kişinin fərsiz oğluna
görə xəcalət çəkdiyini fikirləşirdim.
Ancaq heç ağlıma sığışdıra bilməzdim
ki, başabəla övlad doğma atasını da özgələr
kimi aldada, sar-sahmanını sata, olan-qalanını əlindən
alıb özünü də qocalar evinə qoya. Eşidən
kimi arayıb-axtardım, axır ki, tapdım onu. Ürəyim
göynədi, insan nə kökə düşərmiş...
Nə illah elədim ki, gətirim bir yerdə yaşayaq, ya da
qapı bir ev tutum, həyan olum necə lazımdı, razı
olmadı. Heç dinib-danışmırdı, kimsədən
narazılıq-filan eləmirdi: həmyaşıdları,
qocalar evinin işçiləri xətrini istəyirlər.
"İpək kimi xasiyyəti var, - deyirlər, - yanına gələn
olmasa da sındırmır özünü. Bircə dəfə
ağzından qaçırıb ki, nəvəsini görmək
istəyir. Vəssəlam!"
O, həmsöhbətinə
dalğın nəzər saldı:
- Həmin
vaxtdan bir ayağım onun yanındadır, - dedi. - Əlimdən
gələni eləsəm də, rahat ola bilmirəm. Lap məəttəl
qalmışam - orada, qocalar evində imkanlı adamların da
ata-anaları var. Görən bunun səbəbi nədir?
Doğrusu, uşaq-yeniyetməlik çağlarımdan
haqsızlığa dözümsüz olmuşam. Əzrail
gorbagorun qamçısının yanğısı indi də
yadımdan çıxmayıb. Onda nənəm məni
ovundurub başa salmışdı ki, belələrinə insan
demək olmaz. Çünki şeytan yuva salıb ürəklərində.
Ağlıma batdı, anladım yaşım az olsa da. Sonralar
iblis xislətlilərə rast gələndə geri çəkilmədim,
belələrinə qarşı amansız oldum, ancaq həddimi
də aşmadım, haqq-ədaləti gözlədim, qorxdum
Allahımdan. Bəs bunlar, vəzifə səlahiyyətini
aşıb, imkanına, puluna güvənib
özbaşınalıq eləyənlər, valideynlərinə
dönük şərəfsizlər?! Belə
çıxır ki, ciblərinə haram pul dolanda, iblis də
ürəklərinə yol tapır?! Bax, bu cavabsız suallar məni
haldan salır. Doğrusu, sənin hekayəni oxuyandan sonra lap
bir təhər olmuşam, tərpədib ürəyimi. Ancaq nə
olsun, suallarıma ki, cavab tapa bilmirəm.
O, ayaq
saxlayıb alnının qırışlarını
ovuşdurdu. Sakit, narın səslə:
- Bu
sualların cavabını hər kəs öz içində
aramalıdır, - dedi, - əlim qələm tutandan
düşündürür, rahat qoymur məni. Axı, haqq-ədalət
olmayan yerdə əsil həyat, bərəkət də yoxdur.
Allahın ülviyyətinə şəhadət verən
şərəfli adların ilkini Ədalətdir.
Ona diqqət
kəsilən ağsaqqal qonşusu razılıqla
başını tərpətdi:
- Əlbəttə,
elədir. Ancaq bəndə neyləsin bəs? Sıraviləri,
adi, sadə adamları deyirəm.
- Fərqi
yoxdur, bu vacib məsələdə heç kəs
yaxasını kənara çəkməməli, laqeyd, biganə
qalmamalıdır. "Məndən ötdü, özgəsinə
dəydi", - deyib təsəlli tapmamalıdır. Sabah o
daş onun özünə, sənə, mənə,
hamımıza dəyəcək. Bax, onda gec olacaq. Necə deyərlər,
"Müsəlmanın sonrakı ağlına arxayın
olmaq olmaz". Hər bir işi, tədbiri vaxtında görmək,
sözü məqamında demək, qınağı yerində
eləmək gərəkdir.
-
Tanıyanlar bilir ki, mən...
O, əlini
qaldırıb ehmalca ağsaqqal qonşusunun çiyninə
qoydu, sözünü kəsdiyinə görə
üzrxahlıq elədi:
-
Bağışla, sözünü nəvə-nəticənin
xeyir işində kəsim. Təki hamı sənin kimi
olaydı. Dünənki hadisəni də eşitmişəm.
Qonşular danışdılar, haqlı olduğunu dedilər.
- Haqlı
da, haqsız da göz qabağındadır. "Kor-kor,
gör-gör", - deyiblər. Axı, çörəyi
ayaq altına atmazlar, günahdır. Nə olar, zibilə
qarışdırma bərəkəti, əlini uzat, qoy
qutuların böyründə sal daşın üstünə,
ehtiyacı olan ac-yalavac aparıb yesin, yaxud nisbətən
imkanlısı heyvanına, toyuğuna versin, müxtəsəri
zay olmasın. Kimə deyirsən, elə hay-küy salır ki,
bağırtısından qulaq tutulur. Baxıram,
geyimli-keçimli xanım-xatın görünür zahirdə.
Di gəl ki, bilmərrə mərifəti, ədəb-ərkanı
yoxdur. Arxadan səs eşitdim: "Gülya, nə olub orada?
Yenə kimnən söz güləşdirirsən?"
Qanrılıb
baxıram. Gödərək, sallaqqarın birisi məni
görcək diksinir, sonra mat-mat baxa-baxa yerindəcə quruyub
qalır, elə bil. Məni tanıyıb sarısını
udur, arvadı da ona baxıb səsini içinə
salır.
Özümü saxlaya bilmirəm:
- Ə,
heç utanıb xəcalət çəkirsən? Dədənin
sar-sahmanını satıb, olan-qalanının axırına
çıxıb, o cür kişini niyə aparıb qocalar
evinə qoymusan?!
Səs-küyə
qonum-qonşu yığışdı...
- Necə
oldu axırı?
- Elə
bil don vurmuşdu onu, dili qıfıllanmışdı.
Özünə gələr-gəlməz arvadının
qolundan tutub səssiz-səmirsiz aradan çıxdı.
O, birdən
susdu. Fikrə gedib dilxor halda:
- Neçə
vaxtdı axtarırdım onu, - dedi, - Axır ki, özü
rastıma çıxdı. Daha əlimdən qurtara bilməz...
Vaxtilə mənə peşə öyrədən, əlimi
çörəyə çatdıran kişinin
haqqının tapdanmasına dözə bilmərəm...
Ahıl vaxtında öz yurdunda ömrünü rahat başa vura
gərək.
Həyəcan
və qətiyyətlə danışan ağsaqqal
qonşusunun söhbətinə qulaq asdıqca sanki içinə
düşən odun şövqü üzünü
işıqlandırırdı. Ürəyində sevinirdi ki,
nəhayət, axtardığını tapdı.
Ömrunün qürub çağını yaşayan narahat
təbiətli qonşusunu öz aləmində elə bil
"kəşf" etdi. Onu həmişə
düşündürən, rahat buraxmayan mövzunun canlı
mücəssəməsi, haqq-mizan tərəzisinin əyilməyinə
dözməyən İnsan qarşısında
dayanmışdı...
(ardı gələn
şənbə sayımızda)
Əlövsət Bəşirli
Ədalət.- 2012.- 20 yanvar.- S.21.