PULUN ÜZƏRİNƏ ƏKSİNİ HƏKK EDƏN YAZIÇI...

 

   (Əvvəli qəzetin 17-i yanvar sayında)      

  

   YALNIZ QƏLƏM...  

      

   Onun yaşam haqqında düşüncələri, yaxud həyat fəlsəfəsi bədii əsərlərində mükəmməl şəkildə öz əksini tapmışdır. Oxucu bütün bunlarla yanaşı yazıçının bir sıra əsərlərində təsvir etdiyi hadisələrin dini mənəvi problemlərin, yaxud həyat fəlsəfəsinin hər dəfə böyük ustalıqla bədii həllinin şahidi olur. Özünü bədii ədəbiyyatın ayrılmaz bir hissəsi kimi hiss edən Selma Laqerlyef enerjisini bütövlükdə yaradıcılığa həsr etmək məqsədiylə işdən belə ayrılmağa qərar verdi. 1895-ci ildən başlayaraq yalnız qələmə bağlandı. Lakin bu bağlılıq heç masa arxasında oturub yazmaq anlamına gəlməməlidir. O həm müxtəlif ölkələrə səyahətlər edir bu da yeni mövzuların yaranmasına səbəb olurdu.   

   Selma Laqerlyef 1895-1896-cı illərdə, belə demək mümkünsə, yaradıcılıq səfərinə - İtaliyaya getdi. səfərdən qayıtdıqdan bir az sonra - 1897-ci ildə hadisələri məhz İtaliyada cəryan edən romanını - "Antixristin möcüzələri"ni ərsəyə gətirdi. Adından göründüyü kimi, mövzusu da dinlə bağlı olan bu əsərini yazıçının heç teoloji süjetlər üzərində qurulmuş yeganə ədəbi nümunəsi hesab etmək olmaz. Belə ki, Selma Ottiliya Luizanın dini mövzuda, təriqətlərin, teist dünyagörüşlərin... toqquşması ilə müşayət edilən bir sıra əsərləri vardır. Elə "Antixristin möcüzələri"ndən bir-iki il sonra - 1901-1902-ci illərdə onun qələmə aldığı "Yerusəlim" nəsrini da bu qəbil romanlardan hesab etmək mümkündü. Əsasən sadə, sadə olduqları qədər konservativ dini ənənələrə sadiq olan kəndli düşüncələri ilə dini sekta arsında baş verən mübarizədən bəhs edən bu romanında da yazıçı həmin motivlərdən bəhs edir. Sadə kəndli ailələrinin sekta rəhbərlərinin təzyiqi nəticəsində öz doğma torpaqlarından necə didərgin düşərək uzaq Yerusəlimə köcmələri orada çəkdikləri əzablara rəğmən dünyanın sonunu gözləmələri yazıçının maraqlı, səmimi üslubu ilə oxucunun ürəyinə yol tapır, hər kəs müəllifin təsvir etdiyi obrazlara onun necə sevgi ilə yanaşdığını görür.   

    

   BÖYÜK ŞÖHRƏT VƏ BÖYÜK MÜKAFAT  

      

   Əlbəttə, Selma Laqerlyefin yaradıcılığına bütövlükdə nəzər salanda onun 1900-cü ildən sonrakı əsərlərini yaradıcılığında yeni bir mərhələ də hesab etmək mümkündü. Məhz onun həmin dövrlərdə yazdıqları bütün dünyanı fəth edə bildi. "Nils Holqerssonun möcüzəli İsveç səyahəti" (1906-1907) oxucular tərəfindən inanılmaz bir rəğbətlə qarşılandı. Demokratik pedoqoji ruhda yazılan bu ədəbi nümunə, həm də İsveçin tarixini, coğrafiyasını, mədəni ənənələrini, əfsanələrini şox cəzbedici üslubda uşaqlara nəql etdiyindən yazıçı əvvəlcə onu dərslik kimi istifadəsini də nəzərdə tutmuşdu. Nağılvari fabulası olan əsərdə Nils qazın belində uçub bütövlükdə ölkəni səyahət edərək müxtəlif macəralar yaşayır, getdikcə yüksək mənəvi-əxlaqi dəyərləri əxz edərək tamam müsbət bir insan kimi geri qayıdır.   

   Çox maraqlı dillə yazılan bu əsər təxminən bütün böyük dillərə tərcümə olunaraq nəinki İsveçdə, eləcə də bütün dünyada məşhurlaşdı. Əslində bu, Selma Laqerlyefin bu cür səpkili ilk kitabı deyildi. Məhz belə fəaliyyətinə görə ədib 1907-ci ildə Uppsal Universitetinin fəxri doktoru seçildi. Bir vaxtlar, yəni uşaqlıq illərində iflic vəziyyətinə görə yatağa məhkum olan, nənəsinin və xalasının nağılları ilə təsəlli tapan o qızcığaz artıq dünyanın tanıdığı, bəyəndiyi, yüzminlərin rəğbətini qazandığı məşhur yazıçı olmuşdu.   

   Əsərlərindəki yüksək idealların, mənəvi dəyərlərin parlaq təsvirinə, təbliğinə... görə Selma Laqerlyef 1909-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Təvazökar xarakterə malik yazıçı bu mükafatı alarkən çoxları kimi özünü qeyri-adi istedadlı insan kimi gözə soxmaq əvəzinə heyrətamiz sadəliyini bir daha ortaya qoymuşdu: "Mən bilmirəm, bu mükafata layiqəm. Yazmaq mənim üçün möhtəşəm bir zövq və bütövlükdə mənim həyatımın məqsədi olmuşdur". Yeri gəlmişkən, Selma Laqerlyef Nobel mükafatı alan üçüncü qadın olsa da ədəbiyyat üzrə ilk mükafatçı idi. Adi həyat tərzi sürən ədib Nobel mükafatını alandan sonra ürəyində ağrıya, nisgilə çevrilmiş arzusunu həyata keçirmək üçün maddi imkanlar qazanmış oldu. Belə ki, yazıçı ilk növbədə pulsuzluq üzündən başqalarına satılmış doğma Morbakku evini geri satın aldı. Yazıçının həyatını öyrənən tədqiqatçılar yazırlar ki, Selma Laqrelyef uşaqlıqda yaddaşına köçmüş evlərinə daşınaraq ömrünün sonunadək məhz orada yaşadı. Və doğma yurda qayıdan yazıçının burada yeni kitabları dünyaya gəlidi.   

   Ədib 1911-ci ildə "Lilekkurnun evi" romanını, 1912-ci ildə nağıl-fantastik povest "Arabaçı"nı, yeni hekayələr, nağıllar, əfsanələrdən ibarət toplunu (1915, 1921), 1918-ci ildə isə antimilitarist roman olan "Sürgün edilmiş"i yazdı. Belə demək mümkünsə, çox məhsuladar yaradıcılığa malik yazıçı bunlardan başqa, həmin dövrlərdə, daha dəqiq desəm, nağıllar, əfsanələr toplusundan bir qədər əvvəl - 1914-cü ildə həqiqətən ədəbi hadisə sayıla biləcək "İmperator Portuqalski" romanını qələmə aldı. Və elə həmin ildə də İsveç Akademiyasının üzvü seçildi.   

  

   FƏXR EDİLƏSİ YAZIÇI   

      

   Əlbəttə, onun ölkədəki ən hörmətli elm mərkəzlərinə üzv qəbul olunması yazıçının xalq üçün, insanların mənəvi-əxlaqi dəyərlərinin inkişaf etdirililməsi naminə göstərdiyi xidmətlərlə yanaşı, həm də çox dəyərli bədii nümunələr müəllifi olması ilə əlaqədar idi. Ədibin əsərlərinin təhqiqatçılarından biri uzun illər bundan əvvəl demişdi: "Selma Laqerlyef isveçlilərin fəxridir". Yəqin ki, onun haqqında söylənən buya digər qiymətli sözlərin yalnız pafos xətrinə deyilmədiyini bir daha təsdiqləmək üçün elə 1908-ci ildə yazıçının 50 illik yubleyinin ölkədə bayram kimi qeyd edilməsini xatırlatmaq kifayətdir. Selma Ottilya Luiza Laqerlyef həqiqətən də özünü, istedadını, bacarığını, həyatını... bədii yaradıcılığa sevərək həsr etmiş və sevərək həsr etdikcə də yaratdığı obrazlarla birgə yaşamağı bacaran bir yazıçı idi.   

   Selma Laqerlyefin ədəbi xronikasına nəzər salanda heçonun yaradıcılığının hansısa mərhələsini intensiv, yaxud nisbətən passiv dövr kimi fərqləndirmək olmur. Onu qeyd edirlər ki, Laqerlyef yalnız ömrünün son dövrlərində, fiziki gücü zəiflədiyi üçün qələminə "istirahət" verib. Pərəstişkarları Selma Ottiliyanın ömrünün 60-65-dən sonrakı dövrlərində belə iri həcmli əsərlər qələmə aldığının şahididir. Lyevenşyeldlər haqqında yazdığı trilogiya - "Lyevenşyeldlərin üzüyü" (1925), "Şarlotta Lyevenşyeld" (1925) və "Anna Sverd" romanı məhz bu qəbildəndir. Həmin iri həcmli əsər bir ailənin beş nəslinin tarixindən bəhs edir. 1730-cu ildən başlayan və 1860-cı ilədək sürən hadisələrin təsvirində Selma Laqerlyef heço dövrlər üçün Avropada ənənəvi olan hansısa ailənin xronikasını yazmamış, həmin çərçivələrdən uzaq bir süjet üzərində maraqlı bir əsər yaratmışdır. Buradakı tarix əslində müəllif üçün bir fon rolunu oynayıb. Romandakı hadisələr, oradakı obrazlar məhz öz dinamikliyi ilə istər-istəməz oxucuların diqqətini çəkdiyindən trilogiya da demək olar ki, qısa müddət ərzində geniş oxucu kütləsi tərəfindən çox maraqla qarşılandı.   

   Faşist Almaniyası II Dünya Müharibəsinə başladığı vaxt yazıçı artıq ömrünün qürub çağını yaşayırdı. Avropanın, xüsusilə Şərqi Avropanın ağır günləri başlamışdı. Finlandiya daha təhlükəli dövrünü keçirirdi. Böyük yazıçı bu ərəfədə yenə öz hərəkəti ilə hər kəsi heyrət içərisndə buraxdı. Selma Laqerlyef o vaxt gedən Finlandiya-Sovet İttifaqı müharibəsində fin xalqına yardım məqsədi ilə özünün Nobel medalını İsveç Milli Fonduna göndərdi. Amma hökumət bu xeyirxah ürəkli yazıçısının belə səxavətinə qıymayıb medalı geri qaytardı.   

      

  O DA HƏYATA ƏLVİDA DEDİ   

      

   Selma Ottilya Luiza Laqerlyefin səhhətində ciddi problemlər yaranmışdı. O, bir neçə xəstəlikdən əziyyət çəkirdi. Həyatın heç vaxt dəyişməyən əzəli əbədi qanununa uyğun bütün yaradılmışlar kimi Selma Luiza da 82 il əvvəl gəldiyi bu dünyaya əlvida dedi. çox sevdiyi öz evində əbədiyyətə qovuşdu. Təhqiqatçılar bildirir ki, yazıçı peritonitdən dünyasını dəyişib. O öldü, (1940-cı il 16 mart) amma ondan nəinki İsveç xalqına, eləcə bütün dünyaya zəngin ədəbi irs, maraqlı romanlar, ev-muzey qaldı. bir çox nadir yazıçılara nəsib olan daha bir xatirə qaldı. Əslində buna heç xatirə demək olmaz. Belə ki, 20 kronluq İsveç banknotun üzərində yazıçının əksi həkk edildi.   

   Əslində onun yaradıcılığına yalnız bir rakursdan baxmaq doğru deyil. Çünki çox geniş dünya görüşə malik istedadlı yazıçının toxunduğu mövzular, hadisələrə yanaşması, həyat fəlsəfəsi onun digər əsərlərində də özünü yüksək səviyyədə göstərirdi. Belə demək mümkünsə, Selma Laqerlyefin yaradıcılığı çox şaxəli, rəngarəngdi. Əsərlərini oxuduqca oxucu həqiqətən hiss edir ki, onun bəhs etdikləri ucuz uydurmalar deyil, həyat gerçəkləridi. Çünki onun obrazları, hətta nağılvari dillə yazdığı əsərlərindəki qəhrəmanlar belə həyatın insanlarıdı.

 

 

  BABƏK YUSİFOĞLU

 

  Ədalət.- 2012.- 24 yanvar.- S.5.