AĞ ÖRPƏYƏ BÜRÜNƏN ŞƏHƏR...

 

... örpəyə bürünmüş dağlara, yamaclara baxanda adamın ürəyi açılır. Adamın ürəyi açılır ki, qışın bu oğlan çağında nə yaxşı Füzuli torpağına qar yağıb. Elə camaat uzun müddətdir ki, qarın yağmasını səbirsizliklə gözləyirdi. Çünki əkin-biçin adamları torpağı şumlayıb, taxıl əkib və bir çox yerlərdə böyük işlər görüblər. Onlar üzünü Allaha tutub yalvarırdılar ki, qış belə mülayim keçsə, siçan-siçovullar göyərməkdə olan taxıl sahələrini yeyib qurtaracaqlar.

      O da sirr deyil ki, havaların isti keçməsi qışda kənd təsərrüfatına böyük ziyan vurur. Üstəlik də havalar isti olanda həşəratlar, siçanlar, siçovullar taxılı yeyirbir çox məhsulları məhv eləyir. Elə indi camaat da ən çox ona sevinir ki, nə yaxşı möhkəm qar yağıb və şaxtalar düşüb. Bu möhkəm qarşaxtalar bütün həşəratları, o cümlədən siçanları və siçovulları məhv eləyəcək. Əgər qış soyuq keçsə və qarlı-şaxtalı olsa, onda ilin də bərəkətli olmasına böyük ümid yaranır.vaxt ki, qışda qar yağıb, çöllər, çəmənlər örpəyə bürünüb, bax onda həmin il bol məhsul yetişib.

        

   Hər addım bir sevincdir  

  

   Bu gün Füzulidə elə bir quruculuq və abadlıq işləri görülür ki, onu barmaqla saymaq mümkün deyil. Çünki bu cür işlər zaman-zaman davam etməkdədir. Rayon mərkəzi sayılan Horadiz şəhərinin qısa zaman kəsiyində qeyri-adi bir formada inşası çoxlarını təəccübləndirib. Erməninin "ağzının içində" olan bu şəhərin yenidən tikilməsi, qurulması və müasir bir yaşayış sahəsinə çevrilməsi ilk növbədə yağı düşmənə göz dağıdır. Yəni yağı düşmən görür ki, onun iki addımlığında Füzuli şəhəri kimi ikinci bir möhtəşəm şəhər - Horadiz inşa edilib. Bu şəhərə, bu yerə gələn hər hansı bir insanın gözəlliklər qarşısında matı-qutu quryurbir anlıq ayaq saxlayıb yeni salınan prospektə, küçələrə, xiyabanlara tamaşa eləyir. Elə biz də hər dəfə bura yolumuz düşündə bu gözəllikdən və bu füsnkarlıqdan doymuruq. örpəyə bürünmüş Horadiz şəhəri sanki bir gözəl gəlinə bənzəyir. Bu gözəlliyə elə bir gözəllik əlavə olunub ki, şəhər onun yanından keçən hər hansı bir insanı təəccübləndirir. Əlbəttə, gözəlliyə baxanda təəccüblənməyə bilmirsən. Ən azından ona görə ki, bu şəhərdə hər şey göz oxşayandır.  

      

   Uşaqlar qartopu oynayırdı  

      

   ...Özümü saxlaya bilməyib qartopu oynayan uşaqların yanında maşını saxlatdırıram. Onlar Horadiz şəhərində salınmış möhtəşəm Heydər Əliyev parkının ətrafında qartopu oynayırdılar. Maşından düşüb uşaqlara yaxınlaşıram. Təbii ki, uşaqlar da bir addım mənə doğru gəlirlər. Əllərində qartopu vardı, bir-birinə atmaq istəsələr də məni görüb dayanırlar. Uşaqların yanında isə orta yaşlı bir adam var. Elə söhbətimiz də onunla alınır. Öyrənirəm ki, bu adam Horadizdə yaşayır və özü də müəllimdir. Sadəcə olaraq, uşaqlar qar yağdığına görə ondan xahiş ediblər ki, bizi parka apar, o da övladlarını götürüb bu parka gətirib. Əli Əhmədov dedi ki, Horadizə baxanda ürəyimiz açılır. Hansı ki, 1993-cü ilin avqustundan dekabrına qədər bu qəsəbəni ermənilər od vurub yandırmışdı. Bir dənə salamat ev qalmamışdı. İndi şükür Allaha, görün Horadiz yenidən necə gözəl tikilib, inşa edilib və əhalinin istifadəsinə verilib. Bir-birindən gözəl parklar, xiyabanlar, binalar göz oxşayır. Elə mənim özümün evimi də hökumət əsaslı təmir eləyib. Sevinirəm ki, nə yaxşı el-obama qayıda bildim. Yoxsa, onun-bunun qoltuğunda nə qədər yaşamaq olar?! Uşaqlar dedi ata, bizi parka apar qartopu oynayaq. Maşallah, o qədər gözəl yerlər var ki, Horadizdə. Mən də onları götürüb gətirdim bu parka. İndi onlar parkda qarın dadını çıxarırlar. Onlar sevinir, mən də sevinirəm. İnsan onda ürəkdən sevinir ki, onun balaları sevinir, uşaqları sevinir. Bax onda sevinməyə dəyər...  

    

   Mənim müəllimim  

      

   Horadizə yolum düşəndə ilk növbədə rayon icra hakimiyyətinin şöbə müdiri Məcnun Namazəliyevlə görüşürəm. Mən universitetin jurnalistika fakültəsində oxuyanda Məcnun müəllim rayonda çıxan "Araz" qəzetinin redaktoru idi. 3-cü kursa keçəndə bizi təcrübə üçün rayonlara göndərirdilər. Məni də "Araz" qəzeti redaksiyasına göndərdilər. İlk gündən hiss etdim ki, qeyri-adi bir mühitə və yaxşı insanların arasına düşmüşəm. Heç onda qələmimiz də bir o qədər iti deyildi. Amma buna baxmayaraq, qəzetin redaktoru Məcnun Namazəliyev, məsul katib Əsgər Şıxəliyev, şöbə müdiri Kərəm Hətəmov (Allah ona rəhmət eləsin) mənə xüsusi qayğı göstərdilər. Yəni qəzetçiliklə bağlı nə vardısa hamısın öyrədirdilər. Mətbəədə Əsgər Şıxəliyev qəzetin maketinin necə tutulmağı ilə bağlı bütün bilgiləri yaddaşıma hopdururdu. Kərəm Hətəmov isə tənqidi yazıları və portret oçerklərini qələmə alarkən nədən başlamağı tövsiyə eləyirdi. Bir sözlə, 1976-cı ildə "Araz" qəzetində keçirdiyim 3 aylıq təcrübə mənim həyatımda silinməz izlər buraxıb. Təbii ki, təcrübəni qurtarandan sonra redaksiyadan xarakteristika alırdıq. Həmin xarakteristikanı isə Kərəm Hətəmov yazdı, Məcnun Namazəliyev də imza atdı. Mən həmin xarakteristikanı universitetə təqdim edəndə professor, gözəl insan, şair Famil Mehdi fakültənin bizimlə bağlı yaradıcılıq müzakirəsində həmin xasiyyətnaməni böyük fərəhlə oxudu. Dedi ki, biz fəxr eləyirik ki, tələbəmiz getdiyi yerdə fakültəmizin adını doğruldub və ünvanımıza xoş sözlər yazılıb. Nə isə...   

   Bu dəfə də Məcnun müəllimlə yenidən görüşdük. O bir daha rayonda görülən möhtəşəm işlərlə bağlı mənə məlumat verdi. Dedi ki, yəqin Horadiz şəhərini, eləcə də kəndlərimizi görmüsən. Bəlkə də deməyə ehtiyac yoxdur. Bilirəm ki, sənin ürəyin, qəlbin bu yurda, bu el-obaya bağlıdır. Tez-tez ata yurdunu, kəndimizi ziyarət eləyirsən. Xeyrimizə, şərimizə yarıyırsan və bizim ailədə də uşaqlar hamısı səni çox istəyir. Yəqin Bəhmənliyə dəymisən. Demək istəyirəm ki, vaxtın varsa, şəhəri gəz, dolaş, bir az da başqa kəndlərə baş çək. Gör Füzulidə nə qədər işlər görülüb...   

   Füzuliyə Alı Alıyev icra hakimiyyətinin başçısı təyin ediləndən sonra son 9 ayda doğrudan da burda möhtəşəm işlər görülüb. Yeni şahmat məktəbi, ikimərtəbəli mədəniyyət sarayı. Heydər Əliyev muzeyi, Heydər Əliyev parkı, bir sözlə, saymaqla qurtarası olmayan yeni tikililər... Elə Məcnun müəllim də məhz mənim bu yenilikləri görməyimi istəyirdi. Təbii ki, tez-tez rayona gəldiyimdən burda nələrin baş verdiyinin şahidi olmuşam. İndionun şahidiyəm ki, rayonda havaların soyuq keçməsinə baxmayaraq, böyük quruculuq və adbadlıq işləri uğurla davam edir. Yeni məktəblər, xəstəxanalar, sosial obyektlər inşa edilir...  

      

   Bu yol hara gedir?..  

      

   Horadiz şəhərinə çatanda yolun biri Horadizə, digəri isə Füzuli şəhərinə, Cəbrayıla, Qubadlıya, Zəngilana, Laçına uzanır. Yollara qar yağıb. Yenə özümü saxlaya bilməyib Füzuliyə uzanan yolla getmək istəyirəm. Sürücü nabələd olsa da, deyirəm ki, maşını Füzuli istiqamətində sür. O da təəccüblə üzümə baxıb bir söz demir, Füzuli yazılan istiqamətdə hərəkətə başlayır. 3-4 kilometr gedəndən sonra yol Kənd Horadizə və ordan da Füzuli şəhərinə uzanır. Heç kim gözə dəymir. Qabaqda isə əsgərlər görünür. Sürücü yenə təəccüblə deyir ki, müəllim, elə bil yolumuzu azmışıq. Artıq ermənilərin nəzarət etdiyi yerdəyik. Mən isə ona soyuqqanlı halda bildirirəm ki, hələ burdan ermənilərin mövqeyinə bir neçə kilometr məsafə qalıb. Qarşıdakı postda maşınımızı saxlayacaqlarFüzuli istiqamətində hərəkət etməyə qoymayacaqlar. Elə belə də olur. Əsgərlər maşını saxlatdırır və qabağa getməyə qoymurlar. Maşından düşüb postda olan əsgərlərlə öpüşüb görüşürəm. Onların növbə rəisi məni tanıyır. Deyir ki, Faiq müəllim, yəqin ki, Füzuliyə getmək istəyirsən. Amma hələlik getmək olmaz. Allah qoysa, gələn dəfə gələndə buraxaram gedərsən. Qarı ayaqlaya-ayaqlaya maşına əyləşib Horadizə qayıdırıq...

  

   (Ardı gələn sayımızda)

 

 

   Faiq QİSMƏTOĞLU

 

   Ədalət.- 2012.- 25 yanvar.- S.6.