DAŞALTIDA "DONAN" TARİX

 

   İşğal olunmuş torpaqlarımız hələ də düşmənin tapdağı altındadır. Bu müqəddəs torpaqların azad olunması isə hər bir qeyrətli azərbaycanlının namus borcudur. Biz hər an fikirləşirik ki, hansı yolla olursa olsun, torpaqlarımızı azad edib kimlərinsə hesabına özgə torpaqlarını zəbt edən erməniləri qarşımızda diz çökdürək.  

   Hörmətli prezidentimiz, Ali Baş Komandanın yorulmadan, cəsarətlə apardığı məqsədyönlü və prinsipial siyasəti buna tezliklə nail olacağımıza bizdə böyük ümidlər yaradır. Artıq bir çox dünya dövlətləri ermənilərin işğalçı olduğunu mötəbər sammit və yığıncaqlarda açıq-aşkar bildirirlər, həmçinin tələb edirlər ki, ermənilər işğal etdikləri torpaqları qeyri-şərtsiz azad etməlidirlər.  

   Tarixən Azərbaycan xalqı bütün döyüşlərdə torpaqlarımızın yağı düşmənlərdən azad olunmasında, müdafiəsində misilsiz qəhrəmanlıqlar göstərib. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi ermənilər tərəfindən başlandığı gündən igid Azərbaycan oğulları silahlanaraq vəzifəsindən, rütbəsindən, xarici dövlətlərdə yaşamasından asılı olmayaraq, bu məqsəd uğrunda ölüm-dirim savaşına girərək müqəddəs ana torpaqlarımızı müdafiə edirlər. Ancaq başqa dövlətlərin köməyi ilə Azərbaycan torpaqlarının bir hissəsini işğal edən ermənilər öz havadarlarının gücünə qələbə çalıblar. Hələlik müvəqqəti müharibə isə qurtarmayıb.  

   İndi tarixə çevrilmiş döyüşlərdə qeyrətli, cəsur, fədakar oğullarımız ermənilərə ağır zərbələr vurublar. Onlardan biri Azərbaycanın Milli Qəhrəmanı Riad Fikrət oğlu Əhmədovdur. Onun göstərdiyi igidlik, qorxmamazlıq hər kəsə çox yaxşı məlumdur. Riad Əhmədovun hətta tez-tez Şuşaya gəlib döyüş əməliyyatlarında iştirak etməsi və onlara rəhbərlik etməsi də danılmaz faktdır. Riad Əhmədovla mən yaxın dost kimi, onun kişiliyinə, mərdliyinə, cəsarətinə, namusuna, mənliyinə həmişə heyran olmuşamonunla bir dost kimi, qeyrətli Azərbaycan oğlu kimi fəxr etmişəm. Riad Əhmədov barədə çoxlu kitablar, yazılar, televiziyaradio verilişləri olubdur. Bunlar hamısı onun göstərdiyi şücaətlərin, qəhrəmanlıqların çox az hissəsidir. Onun xatirələrini yada saldıqca mənim yadıma çoxlu faktlar düşür. Ancaq onların hamısı indiki və gələcək nəsillərə çatdırmaq üçün uzun bir vaxt lazımdır. Xalqımız bilməlidir ki, Riad Əhmədov vətənpərvər bir insan idi. O, millətinin həm sərkərdəsi, həm də gənc ağsaqqalı idi. onun bir amalı vardı ki, xain ermənilər Azərbaycan torpağından təmizlənsin və gələcək övladlarımız onların murdar sifətlərini görməsinlər.  

   Çox yaxşı yadımdadır, 1991-ci ilin noyabr ayında Riad Əhmədov öz vəzifə borcunu yerinə yetirmək üçün Şuşaya gəlmişdi. Mən Riadla Şuşa rayon İcra Hakimiyyətinə getdik. İcra başçısı Mikayıl Gözəlovla görüşdük. Rayonun vəziyyəti ilə əlaqədar bir çox məsələləri müzakirə etdik, vəziyyət olduqca gərgin idi. Bir çox həyata keçiriləcək döyüş və müdafiə əməliyyatlarının planlarını nəzərdən keçirdik. Ən çox təhlükəyə məruz qalan, ermənilərə yaxın ərazilərdə yerləşən azərbaycanlılar yaşayan kəndlərin müdafiəsini möhkəmlətmək üçün zəruri olan bütün tədbirlərin planını hazırladıq. Bizə daxil olan əməliyyat məlumatına görə, həmin gecə ermənilərin Şuşa rayonunun azərbaycanlılar yaşayan Qayıbalı kəndinə hücumu gözlənilirdi. Həmin kənd də müdafiəni gücləndirməli idik. Lakin canlı qüvvə çatışmırdı. Riad cəsarətlə bildirdi ki, mən həmin kəndə gedirəm və kəndin qüvvəsi hesabına kəndi müdafiə edəcəyəm. Bəli, belə də oldu. O həmin kəndi yaxşı tanıyan bir neçə nəfərlə döyüş sursatı götürüb Qayıbalıya getdi. Ermənilər kəndə qüvvə gəldiyini hiss etdiyindən geniş miqyaslı hücuma keçdilər, şiddətli döyüşlər getdi. Ancaq beş- altı saatlıq döyüşdə Riadın rəhbərliyi ilə müdafiə olunan kəndə girə bilməyən ermənilər çoxlu sayda itki verərək geri çəkilməyə məcbur oldular. Biz isə bir nəfər də olsun itki vermədik. Bu, Riad Əhmədovun döyüş taktikasının bəhrəsi idi. Həmin kəndin müdafiəsi ilə bağlı keçirilən müşavirədə icra başçısı Mikayıl Gözəlov Riada bildirdi ki, sən əsl qəhrəmansan, səninlə biz fəxr edirik və bugündən Şuşanın fəxri vətəndaşısan. Hətta Riad yüksək hörmət göstərərək bildirdi ki, sənin atan Fikrət Əhmədovu mən çox yaxşı tanıyıram. Dövlətə, Azərbaycana sadiq bir insan olub. Ona görə də ot kökü üstə bitər. Sən atanın layiqli davamçısısan. Bu vəziyyət bir neçə gün sonra Kərgicahanda da təkrar olundu. Kərgicahan kəndində şiddətli döyüş gedirdi. Deyə bilərəm ki, polis şöbəsində Riadla məndən başqa heç kəs yox idi. Bizə məlumat çatdı ki, döyüş sursatı, güllə qurtarıb, ermənilərə əsir düşürük. Həmin kənd də elə bir yerdə yerləşirdi ki, oraya getmək çox çətin idi. Şöbədəki döyüş sursatlarını da oraya ya mən, ya da Riad aparmalı idi. Çünki bütün əməkdaşlar səfərbər olub həmin kəndin müdafiəsində idilər. Riadla mənim silah-sursatın kimin çatdırması ilə bağlı çox mübahisəmizdən sonra, Riad mənim aldığım güllə yarasının əziyyət verdiyini, ağrıların kəskin artdığını, bu ağrılar nəticəsində fiziki halsızlığımı və höbənin rəhbərsiz qaldığını səbəb gətirərək, özünün getməsini məqsədəuyğun olduğunu bildirdi. Çox təkidlə Riad mənə dedi ki, mən gedəcəyəm. Şöbədə növbətçi olan sürücü Rəhman Ağayev o kəndin yolun, əməliyyat şəraitin yaxşı bildiyi üçün belə qərara gəldik ki, Riad Rəhmanla döyüş sursatını Kərgicahana aparsınlar.  

   Gecədən xeyli keçmişdi, qış günü idi, yer qarla örtülmüşdü. Onlar gedəndən 30 dəqiqə sonra həmin yolda şiddətli güllə səsləri eşidildi. Mən çox nigaran oldum, amma heç bir köməyə imkanımız yox idi. Şəhərə yaxın Riadla sürücü qayıtdılar. Və apardıqları sursatı bizim döyüşçülərə çatdırmışdılar. Riad mənə vəziyyətlə bağlı heç bir söz demədi, çox sərbəst, gülə-gülə dedi ki, tapşırığın yerinə yetirildi. Ancaq Rəhman bildirdi ki, biz yolla gedərkən erməni pusqusuna düşdük, ermənilər tərəfindən atəşə tutulduq, məcbur olub maşını tərk etdik və apardığımız sursatı əlimizdə Kərgicahana çatdırmalı olduq və mən Riad müəllimin planına, cəsarətinə, seçdiyi taktikaya həsəd apardım. Onun yüksək peşəkarlığı bizi ağır bir faciədən xilas etdi.  

   26 yanvar 1992-ci ildə xalqımızın igid oğlu, Milli Qəhrəman Riad Fikrət oğlu Əhmədov Daşaltı uğrunda gedən döyüşlərdə düşmənin çoxlu canlı qüvvəsini məhv etdi. Yaralı silahdaşlarının, köməyə möhtac olanların bir çoxlarını təhlükəli ərazidən uzaqlaşdıraraq bir daha öz qəhrəmanlığı ilə qəlblərə yol açdı. Vətənini, millətini sevdiyini hamıya sübut etdi.

  

   Bir ana xəyala düşmüşdü yaman,  

   Onu öz kamına almışdı zaman  

   Tanrı bəxş elədi ona bir övlad,  

   Adını qoydular qəhrəman Riad.  

   Yanımda görürəm hər zaman səni,  

   Qovursan başımdan dumanı, çəni!  

   Göylərə ucaltdın ana, atanı  

   Qəlblərə həkk etdin igid adını!

 

 

   Vahid BAYRAMOV,

   Şuşa Rayon Polis şöbəsinin sabiq rəisi  

 

  Ədalət.-2012.- 25 yanvar.- S.5.