Qarabağ
ağrısı
(Mehman
Zeynalovun "Ağrı" (rus dilində) kitabı barədə
qeydlər)
1988-ci ilin həyəcanlı fevral
günlərində Yevlax şəhərinə ezam
edilmişdim. Azərbaycan Kommunist Partiyası MK-nin nümayəndəsi
kimi, Moskvadan tapşırıq almış, harınlıqdan
və türk millətinə kin-küdurətdən
qudurmuş ermənilərin Xankəndində təşkil
olunmuş və elə baş mərkəzdən idarə
olunan mitinqləri bütün Azərbaycanımızın
başı üstündə qara bir dumana
dönmüşdü, uşaqdan-böyüyə hamı ayaq
üstəydi, milli qəzəbin həddi-hüdudu bilinmirdi.
Belə bir mürəkkəb və
çətin qış günlərində Yevlax rayonunun əhalisi
də payi-piyada yürüş edib Xankəndindəki xain erməniləri
məhv etməyə, onları həmin ərazilərdən
qovub çıxarmağa hazır idi.
1988-ci il mart ayının 1-də Yevlax camaatı şəhər partiya komitəsinin qənşərindəki Lenin heykəlinin ətrafına toplaşıb ( yerli icra orqanları ilə məsləhətləşmədən) mitinqə başladılar və təbii ki, mən də mitinq iştirakçısına çevriləsi oldum, çıxış etdim...
Mitinqə xeyli sayda şüarlarla gəlmişdilər. "Rədd olsun ermənilər!" "Xain ermənilərə ölüm!", "Ar olsun!" "Qarabağdan əlinizi çəkin!" və s. Birdən gözüm 6-7 yaşlı bir oğlan uşağının əlində dəftər vərəqinə yazılmış və xətkeşə yapışdırılmış bir yazıya sataşdı: "Qarabağ bizimdir!" uşaq həmin yazını başı üstünə qaldırmışdı...
İndi həmin o uşağın yaşı otuzu keçib, o gənc indi hardadır nə edir, nə düşünür, deyə bilmərəm. Onun ruhundakı o həyəcan dalğaları sönüb-sönməyib, onu da bilmək çətindir... Amma "Qarabağ bizimdir!" yazılmış o iki kəlmə söz məni bərk həyəcanlandırdı, kövrəltdi. O, iki kəlmə həmin o uşağın bəlkə də ilk şeiriydi, ilk hekayəsidi, ilk romanıydı...
Qarabağ müharibəsi çoxlarını şair etdi, bayatılar, qoşmalar yazıldı. Qüdrətli qələm ustaları poemalar, hekayələr, romanlar yaratdı. Filmlər çəkildi, rəsm əsərləri meydana çıxdı.
Bu gün bir oxucu və Qarabağda baş verən hadisələrə yaxından bələd olan bir adam kimi, belə əsərlərin ən qiymətlisini, sənətkarlıq baxımından ən mükəmməlini xalq yazıçımız Elçinin "Qarabağ şikəstəsi" və "Bayaqdar" əsərlərini, istedadlı yazıçımız millət vəkili Aqil Abbasın "Dolu" romanını hesab edirəm.
Qarabağ müharibəsindən yazılıb, yazılır və gələcəkdə də yazılacaq, şübhəsiz...
Bir ay bundan qabağın
söhbətidir. Mənim sədaqətli, mehriban dostum həm də iki
oğul balanın mənimlə müştərək
babası (bu sətirləri yazarkən ötən ilin dekabr
ayının 25-də Minski şəhəri
yaxınlığındakı sanatoriyaya müalicə olunmaq
məqsədilə Bakıdan təyyarə ilə getmiş 28
dekabrda isə həmin ərazidə avtomobil qəzasına
düşərək faciəli şəkildə həlak
olmuş tanınmış poliqrafçı Adil Abbasovu
yana-yana, təəssüflə xatırlamamaq mümkün
deyil...) Adil mənə zəng vuraraq dedi ki, sənə bir
kitab verəsiyəm, özüm nəşr etmişəm.
Qarabağdan yazılıb, rus dilindədir, onu oxu və
haqqında mütləq yaz, qardaşımızın qəzətinə,
"Ədalət" ə verərik çap edər...
Mən unudulmaz dostuma
söz verdim, hüquqşünas alim Mehman Zeynalovun
"Ağrı" kitabını oxudum və kitab
haqqında fikrimi qələmə aldım.
Müxtəlif millətdən
olan iki gəncin (məşhur "Əli və Nino"
romanındakı azərbaycanlı Əli və gürcü
qızı Nino kimi) nakam məhəbbətindən bəhs edən
"Ağrı" romanı Qarabağ haqqında
yazılmış əsərlər sırasında
özünə yer tutmağa layiqdir, məncə. Həyatda elə hadisələr, elə gerçəkliklər
baş verir ki, bəzi hallarda bizlər belə olacaqları,
işləri təsəvvürümüzə gətirməkdən
uzaq oluruq. Amma gerçəkliyi,
reallığı danmaq da düz deyil, faktdan qaçmaq
çətin məsələdir. "Ağrı"nın müəllifi Mehman Zeynalovun təsvir
etdiyi məkan şəxsən mənə də
tanışdır. O kəndin adı Sarovdur. Tərtər-Gəncə
yolunun əhatəsindədir. Sarov kəndində
çoxdan bəridir ki, azərbaycanlılarla ermənilər
qonşudurlar, birlikdə yaşayırlar, işləyirlər,
xeyir-şər işlərində də
qaynayıb-qarışıblar. Qarabağ
müharibəsinin baş verməsində təbii ki, kəndli
Aşotun, Akopun günahı yoxdur.
Moskvanın dəstəyilə, Yerevanın
iştirakı və rəhbərliyilə başlanan
Qarabağ savaşı Sarov ermənilərinin də evlərini
tərk etməsinə səbəb oldu. Hitler
müharibəsində ümumi düşmənə
qarşı vuruşan Əlisultan kişinin oğlu Əjdər
qapıbir qonşusu Akonun oğlu Qurqeni ölümdən
qorumuşdu, özü həlak olmuşdu. Müəllif Əjdərin fədakarlığını
inandırıcı şəkildə qələmə ala
bilmiş, erməni Qurqenin sağ qalmasının səbəblərini
açıb göstərmişdir. Bir vaxtlar evlərinin,
həyətlərinin arasında çəpər olmayan iki
qonşunun - Əlisultan kişinin və erməni Akonun
balalarını, nəvələrini sən demə, dəhşətli,
faciəli günlər gözləyirmiş...
Bütün ermənilər
Sarov kəndindən köçüb getdilər.
Lap uşaqlıq
çağlarından bir-birini tanıyan, bəyənən,
sevən Əlisultan kişinin nəvəsi Tural və erməni
Akonun nəvəsi Yeganə üçün Qarabağ
müharibəsi sözün əsl mənasında
dözülməz bəlaya, müsibətə
çevrilir.
Əvvəla, qeyd edim ki, Azərbaycanda,
Ermənistanda, Gürcüstanda, Dağıstanda və digər
ərazilərdə rus, erməni, gürcü, ləzgi və
s. millətlərdən olan qızların azərbaycanlı
ailələrə gəlin gəlməsini eşitmişik,
görmüşük.
Şəxsən mən
belə nikahlara birmənalı qiymət verməkdən
çox uzağam, bu mənlik deyil. Bu həm də tale məsələsidir...
Bununla belə, iki həmsərhəd millət
arasında (həm də Azərbaycanın demək olar ki,
bütün ərazilərində məskən salmış
erməni ailələri ilə azərbaycanlılar
arasında) düşmənçilik yaratmağa səbəb
olmuş ermənilərin murdar, bişərəf hərəkətləri
birinci növbədə onların özlərini bəlalara
düçar etdi, desəm, düz olar. Bu faciələrə
bais olmuş erməni "ziyalıları"nın
vicdanlarındakı ləkələri dünyanın
bütün çayları, selləri yuyub apara bilməz.
Aşağıdakı fakta diqqət
yetirin və qiymət verin:
Ermənistan Elmlər
Akademiyası 1959-cu ildə M.Nalbadyanın seçilmiş əsərlərini
nəşr edib. Həmin əsərlərin I cildində
aşağıdakı zəhərli fikirlərə diqqət
edin:
"Ey erməni, küçədə
zəhərli ilan görüb öldürmürsənsə,
eybi yoxdur, lakin türk görüb öldürmürsənsə,
sən satqınsan, əclafsan, millətin düşmənisən,
erməni deyilsən..."
Bax, budur erməni faşizmi, erməni
mənəviyyatının cındırlığı, erməni
əxlaqsızlığının mahiyyəti...
Əlbəttə,
keçən əsrin sonunda Qarabağda, Ermənistanda baş
verən faciələrlə 1905, 1918-ci ildə olan hadisələri
müqayisə etmək olmaz. Bu, unudulub yaddaşlardan
silinəsi müsibət deyil: 20 min nəfərdən
çox azərbaycanlının həlak olması, 50 min nəfərədək
adamın yaralanması, rayon mərkəzlərinin, kənd və
qəsəbələrin xarabalığa dönməsi dəhşətdir,
erməni məkrinin nəticəsidir. Bu faciəni heç bir
qüvvə (qərar, qanun) yaddaşımızdan silə bilməz!
Əgər kimsə mənim
sözlərimi vecinə ala bilmirsə, əhəmiyyət
vermirsə o kəs bizlərdən - səndən, məndən
deyil, o kəsə Azərbaycanın qəti dəxli
yoxdur!
"Ağır"
kitabının müəllifi məni üzürlü hesab
etsin ki, mətləbdən bir az
uzaqlaşdım, axı, neyləyim, elə fikirlər var ki,
yeri gələndə deməsən olmur... Əsərin
canı türk oğlu Turalın taleyi ilə
bağlıdır və Ermənistan ordusunun tələsinə
düşmüş Turalın başına gələn
müsibətlər əsərdə real və
inandırıcı cizgilərlə təsvir edilmişdir.
Müharibədən
əvvəl Tərtərdə, Serov kəndində yaşayan
Qevorqovlar ailəsində hər şey sanki
qaydasıncaydı. Elə ki, dava
başlandı, elə ki, qanlar töküldü, didərginlik
həyatı başlandı həmin erməni ailəsi də
vəhşiləşib quduzlaşdı, düşmənə
çevrildi. Turalı erməni faşistlərinin caynağından
alıb (pul verməklə) yaşadıqları Razdana gətirən
və qul kimi işlədən Aramın (bir vaxtlar Sarov kəndində
qonşu olmuş) obrazında müəllif erməni
psixologiyasının iç üzünü aça
bilmişdir.
Tural üçün həyətdəki
köhnə çardağı yaşayış yeri kimi
ayıran Aram əsəbi halda onun üstünə
bağırır:
- Əgər atam olmasaydı səni
elə buradaca güllələrdim...
Turalın
ağır günlərində atası Alayı xüsusi
dövlət orqanlarına çağırıb dindirirlər,
guya Tural qəsdən əsir düşüb, satqınlıq
edib və s.
Alay kişi isə
bu böhtanı, şəri qəzəblə
qarşılayır və onu sıxma-boğmaya salan Azər
adlı (adından hayıf - R.M.) məmura tutarlı cavab
verir:
- Alayın oğlu qorxaq ola bilməz. Sənin Bakıda gizlətdiyin
oğlanlarından fərqli olaraq, mənim oğlum özü
cəbhəyə, döyüşə gedib, sizinkilər kimi
qadın paltarının altında gizlənməyib...
Hər gün təhqir olunan,
söyülən, döyülən Tural Razdanda cəhənnəm
əzabı çəkir, sevdiyi erməni qızı Yeganənin
(Aramın qızı) ailəsində həyəcanlı, kədərli
günlər yaşamalı olur, hər iki gənc çətinliklə,
qorxulu olsa da bir-birilə görüşə bilirlər, Sarov
kəndində olduğu kimi doğmalaşırlar. Əsərin müəllifi Turalın doğma yurduna
qayıtmasını həll etmək məqsədilə
atası Alayla keçmiş qonşuları Qurqeni Tiflis şəhərində
görüşdürür. Erməni tərəfi
çox böyük məbləğdə (beş
yüz min dollar!) pul tələb edir və nəticədə
bu məsələ baş tutmur. Həyatsa davam
edir. Turalla Yeganə gizli
görüşürlər, bu zülmdən qurtarmaq
üçün planlar qururlar, çıxış
yolları axtarırlar. Hətta Turalın Yeganədən
oğlu da olur (qadın yalandan deyir ki, uşaq müharibədə
gəbərmiş əri Vartaşesdəndir...)
Turalla Yeganə bir
gecə qaçmaq qərarına gəlirlər və
ümidlə yola düşürlər.
Yollarda erməni
quldurlarına rast gələn Tural həlak olur, Yeganə isə
tapança ilə özünü öldürür.
Belə bədbin,
faciəli sonluqla bitən "Ağrı" romanı
Qarabağ faciəsinin ağrılı-acılı bir
epizodudur, desək, yerinə düşər. Əsərin
müəllifi hörmətli Mehman Zeynalov belə bir çətin
mövzuya müraciət etməklə bir vətəndaş və
yazar kimi məqsədinə nail ola
bilmişdir. Əsərin dili sadədir,
oxunaqlıdır, kiçik başlıqlarla qələmə
alınmış roman adamı yormur, asan oxunur.
Düşünürəm ki, əhəmiyyət
və qiymət verən təpərli (imkanlı!) şəxslər
xərcini çəkə bilsə, ( və
ya dövlət vəsaiti hesabına) bu əsərin süjeti
üzrə çox maraqlı kino-film yaratmaq
mümkündür.
"Ağrı"
çağdaş dünyamızın müharibəyə
"yox!" deməsinə
çağırışdır.
Və mən qətiyyən
şübhə etmirəm ki, iki milləti düşmən edən,
gül kimi Qarabağımızı viranəyə çevirən,
qanlar tökən, evlər yıxan xaçpərəstlərin
hamısının yeri cəhənnəmdir!
Sonda. Yaz, Mehman
müəllim, qələmin sönməsin, uğur olsun!
Ramiz
Məmmədzadə
Ədalət.- 2012.- 25 yanvar.- S.7.