AĞ ÖRPƏYƏ
BÜRÜNƏN ŞƏHƏR...
(Əvvəli ötən
sayımızda)
... Horadiz şəhərinə
qayıdarkən yolun kənarında yeni inşa edilmiş müxtəlif ticarət obyektləri
və köşklər diqqətimizi cəlb eləyir. Bu ticarət obyektləri və köşklər
müasir üslubda və
çox səliqəli tikilib.
Təbii ki, o da hiss olunur
ki, hər şey
şəhərin baş planına uyğun qurulur. Milli memarlıq üslubu,
tikililərin bir-birini tamamlaması sanki hansısa bir
yaradıcı insanın təxəyyülündən süzülüb gəlib. Ətrafda qar yağır. Maşının pəncərəsindən
baxanda yaxınlıqda bir
neçə tanış adamı görürəm. Yenə özümü saxlaya bilməyib
sürücüyə "maşını yolun
kənarına verib, saxla!"
deyirəm.
Sürücü
də elə həmin an əyləci
basıb maşını saxlayır. Yenə ağ
örpəyə bürünmüş
gözəlliklər gözümüz
önündə canlanır. Maşından düşüb
çoxdan tanıdığım bir ağsaqqala
yaxınlaşıram. O da məni görən
kimi bizə sarı irəliləyir. Bu kişi mənim
atamın dostu və qohumu
Cəlil Abdullayevdir. O dəqiqə deyir ki, gəlin gedək
bizə, sizə bir hinduşka
kababı çəkim. Qarlı havada hinduşka kababının özgə ləzzəti
var. Aydındır ki,
vaxtımız az olduğuna
görə çox da
ləngiyə bilməzdik. Cəlil əmimə dəvətə
görə "çox sağ
ol" deyirəm. Allah
qoysa, başqa vaxt qonağınız olarıq. O isə yeni tikilmiş
köşkləri göstərərək deyir
ki, bunların hamısı icra başçısı Alı müəllimin
təşəbbüsü ilə tikilib və
heç kimdən də nəsə
ummayıblar. Əksinə burda
sahibkarlığın inkişafına şərait
yaradıblar və ayrı-ayrı iş
adamlarına, hətta güzəştli kreditlər
veriblər. Bu gördüyün
ikimərtəbəli ticarət obyekti isə
oğlum Əlinindir. Heç
kim gəlib bizdən bir
şey ummur. Alı müəllim də deyib ki, kim sizi
narahat eləsə və işinizə qulb qoysa "qaynar xətti"mizə zəng vurun. Şükür Allaha, bütün vergini ödəyirik. Çünki
burda bizə və
dolanışığımıza hər bir
şərait yaradılıb. Əvvəllər olduğu kimi kimlərsə
gəlib bizim işimizə bayaq dediyim kimi pəl vurmur. Elə iş adamları da ən çox bu şəffaflığa
və halallığa görə rayon icra hakimiyyətinin başçısı
Alı müləlimə minnətdarlıq eləyirlər.
Dolanışığımız lap
yaxşıdır.
Qonaq-qaranın da
qabağına üzüağ
çıxırıq. 10-15 nəfərlə qapımıza
gəlsən, heç bir
qorxusu yoxdur və
onların qulluğunda dura
bilərik. Bu ruzunu bizə
verən Allahdır. Bu ruzunu
qazanırsansa, demək onu qonaq-qaradan
da əsirgəməməlisən...
"Qarabağ" istirahət mərkəzi
Horadiz şəhərindən
geriyə - Bəhmənliyə qayıdarkən Kərimbəyli
kəndinin üstündə çox müasir və orijinal üslubda inşa edilmiş istirahət mərkəzi diqqətimizi
cəlb eləyir. O qədər orijinal və
qeyri-adi üslubda bu mərkəz inşa edilib ki, adam
burda görülən işlərin
qeyri-adiliyinə qibtə ilə yanaşır. Ancaq şükür
eləyirsən ki, nə yaxşı cəbhə
bölgəsində belə bir müasir tələblərə cavab verən istirahət mərkəzi tikilib. İstirahət mərkəzinin sahibi Nəriman müəllim deyir
ki, qısa zaman kəsiyində
bu gördüyün
möhtəşəm tikilini kerçəkləşdirə
bilmişik. Təbii ki,
bu layihənin həyata keçirilməsində
dövlətin və rayon icra
başçısının böyük
dəstəyi var. Ordan
biz kömək görməsək
aydındır ki, bu qədər
işi az bir vaxtda görüb
başa çatdıra bilmərik. Milli üslubda və tarixi ənənələrə uyğun tikilən bu
istirahət kompleksi artıq tam hazır vəziyyətdədir.
Allah qoysa bu kompleks
istifadəyə veriləndən sonra yayla qış vaxtı burda
insanlar gəlib istirahət edə biləcəklər.
Bəziləri deyir ki,
sərhədyanı cəbhə bölgəsində istirahətə
kimlərsə gəlməyə cürət eləməz. Amma mən bu fikirlə qətiyyən
razı deyiləm. Çünki hər gün Füzuliyə yüzlərlə qonaq-qara gəlir və onlar
da bu tikililərə
baxıb, sevinirlər. Deyirlər ki, çox gözəl istirahət mərkəzi
inşa eləmisiniz. Yəqin istifadəyə
veriləndən sonra bura
çoxları gələcək. Bu yerlərin
həm havası təmizdi, həm də yüksəlikdə
yerləşib. Qar yağanda
da gözəl olur, yaz gələndə də. Deməli, belə bir məkanda istirahət eləməyə dəyər.
Yaşıl ağaclar
Böyük Bəhmənli
Füzulinin ən iri
kəndlərindəndir. Yəni bu kənd
qədim tarixə malik və özü də çox
şərəfli bir keçmişi
olan yurd yeridir. Bu yurdun
çoxlu sayılıb-seçilən,
tanınan istedadlı ziyalıları var
və el-oba da həmişə
onlarla fəxr edib, qürur duyub. Kəndin icra nümayəndəsi Sirac
İsmayılov cavandır. Amma cavan olmasına baxmayaraq, çox bacarıqlı, zəhmətkeş və
həm də böyük işlərə
imza atmağa can atan bir
insandır. O deyir ki, az bir vaxtda
kəndin baş yolu xeyirxah insanlar tərəfindən
asfaltlanıb. Yolun hər iki
kənarında isə çoxlu sayda ağaclar əkmişik.
İndi o
ağacların hamısı böyüyüb
və ətrafı daha da
gözəlləşdirib. Kənddə iki
tam orta məktəb fəaliyyət
göstərir. Uşaq
bağçası isə əsaslı surətdə təmir
edilərək istifadəyə verilib.
Qarşıda bir çox
görüləsi işlər var.
Yaxın gələcəkdə kənd xəstəxanasının
tikintisinə başlanılacaq. Üstəlik də bir çox sosial obyektlərin inşası nəzərdə
tutulub. Bizim üçün əsas sevindirici
amil odur ki, kəndimizin iki
addımlığında dünya
standartlarına uyğun olan
Füzuli Diaqnostika Mərkəzi
tikilib. İndi bu mərkəzdə ən mürəkkəb əməliyyatlar
aparılır. Yaxın vaxtlarda Neft Şirkətinin dəstəyi ilə Mərkəzi
Neftçilər Xəstəxanasının kardio-cərrahları
diaqnostika mərkəzində çoxlu sayda insanın
ürəyində təmənnasız əməliyyatlar
aparıb, onları həyata qaytarıblar. Məgər bundan da gözəl və
xeyirxah işmi var?!
"Axşam bizdə qalın"
Bu sözləri mənə ziyalı insan və yaxın dostum Elmin müəllim dedi. Bala Bəhmənli kəndinə çatanda telefonuma zəng
gəldi. Açanda gördüm
ki, yaxın dostum və
ziyalı insan Elmin
müəllimdir. Dedi ki,
məni görməmiş hara gedirsən?
"Dörd yol"da gözləyin 5 dəqiqəyə özümü sizə çatdırıram,
bir tikə çörək kəsərik,
sonra gedərsiniz. 5 dəqiqədən sonra Elmin müəllim biz dayandığımız yerə
çatdı və maşından düşüb
yanımıza gələrək bizimlə görüşdü.
Təbii ki, onunla
söhbət eləmək, bir tikə
çörək kəsmək və çay
süfrəsi arxasında əyləşmək çox xoş idi. Mən bir təhər
bəhanə gətirib tələsdiyimi desəm də, o inadından dönmədi və dedi ki, maşını sür dalımca. Gedək dostumuz,
qardaşımız Vətənin yeməkxanasına, bir tikə çörək kəsək. Düzü, mən heç
həmin yeməkxanada olmamışdım. Bala Bəhmənli kəndində
yolun kənarında, arxın
qırağında olan bu
yeməkxananın çox gözəl mənzərəsi
vardı. Fikirləşdim ki, yəqin bura camaat o
qədər də çox gəlməz. Çünki yerli adamlar ən çox
naharlarını evlərində eləyirlər. Amma yeməkxanaya çatanda
gördüm ki, yox, fikrimdə yanılmışam və burda çoxlu sayda yaxın dost-tanışlar var.
Deməli, insanlar
çörək qazana bilir,
pulları var ki, gəlib,
kənd yeməkxanasında doyunca yemək
yeyirlər. Aydındır ki, burda da Qarabağın ləziz
yeməkləri hazırlanır. Dostum Elmin müəllim kababçıya dedi ki, hinduşka
çəkərsən. İndi ancaq hinduşkanın mövsümüdür.
Süfrə arxasında söhbətimiz çox
uzanırdı. Ancaq mən elə bil iynə üstündə oturmuşdum.
Vaxt gedir, biz isə Bakıya tələsməliydik. Bunu dostum Elmin
də hiss eləyirdi. Dedi
ki, bu axşam
mənim qonağım olacaqsınız. Evdə təkəm, odun sobasını yandıracam, səhərə
qədər iki qardaş
oturub o odun sobasının istisində dərdləşərik.
Dostuma "çox sağ ol" dedim. Qismət olsa, başqa vaxt sizə gedib, odun sobasının
yanında uzun qış gecəsi dərdləşərik,
amma indi Bakıya tələsirəm.
Bu sözlərdən sonra
Elmin ayağa
qalxdı və çölə çıxdı. Sonra da dedi
ki, bax, gör, buraların nə gözəl mənzərəsi
var? Hələ qar yağanda o qədər
gözəl olur ki, adam baxmaqla doymaq
istəmir. Görürəm tələsirsən,
vaxtını çox almaq
istəmirəm.
Biz onunla qucaqlaşıb ayrılırıq və
üzü Bakıya doğru
maşınımız sürətlə hərəkət eləyir.
Maşınımız hərəkət eləyir, hər tərəf
isə ağappaq qara bürünür. Qarın içi
ilə üzü Bakıya getməyin, özü də isti
maşın salonunda özgə ləzzəti
var. Maşın gedir,
arxada isə onun izi qalır. Bu izlər isə
bizi yenidən bu yurda, bu torpağa
səsləyir. Ətrafa isə qar yağmaqda davam eləyir...
Faiq
QİSMƏTOĞLU
Ədalət.- 2012.- 26 yanvar.- S.6.