"Eurovision-2012" bütün
Avropa auditoriyasının
ürəyincə olacaq"
"Eurovision-2012" İşçi
Qrupunun rəhbəri Adil Kərimlinin APA-ya müsahibəsi
- Azərbaycanda möhtəşəm
"Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqlar
hansı mərhələdədir?
- Ölkəmizdə
uzun müddətdir bu müsabiqəyə hazırlıq gedir və hazırlıq işlərini çox müsbət qiymətləndiririk.
Avropa Yayım Birliyinin nümayəndələri dəfələrlə
Bakıda olublar, hazırlıq prosesinin müxtəlif tərəflərinə
dəfələrlə baxılıb
və müzakirə olunub, planlar tutulub. Sonuncu səfərlərində işlərin
plan üzrə vaxtından
qabaq getdiyini söylədilər. Ümumi
plan üzrə olan prosesi iki həftədən
çox qabaqlaya bilmişik, işlər daha tez icra
olunur. Hazırda yaradıcı heyət
şounun ssenarisi, səhnə həlli üzərində çox
ciddi işlər aparır. Artıq bizim konsepsiya
üzrə hazırlanmış
motto və loqo hazırdır, son tamamlanma
işləri bitib.
Yaxın
günlərdə bu ictimaiyyətə təqdim
olunacaq. Fikrimcə, bu
çox uğurlu bir konsepsiyadır. Şounun artıq başlanğıcı
hazırdır. Eyni
zamanda ssenari üzərində iş aparılır. Şou ayrı-ayrı hissələrdən
ibarətdir - giriş
hissə, açılış
şousu və aralıq hissələr.
Ümumilikdə isə şəhərimizdə
gedən hazırlığa
nəzərə salsaq
görərik ki, ayrı-ayrı sahələrdə
çox böyük həvəslə çalışırlar.
Hər kəs bu işə
öz töhfəsini
vermək istəyir.
Təbii
ki, bu işdə
"Eurovision" fan-klublarının, gənclərin marağını
daha çox görürük. İstər gündəlik
fəaliyyətlərində, istər sosial şəbəkələrdə, ayrı-ayrı müzakirələrdə
vətəndaşlardan həqiqətən
də böyük bir dəstək hiss edirik. Buna görə
də hər birinə təşəkkür
edirik. Hazırlıq prosesi çox
uğurla gedir və inanırıq ki, Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi bütün Avropa auditoriyasının və
gələn qonaqların
ürəyincə olacaq.
- Ötən həftə Azərbaycanda
keçiriləcək mötəbər
müsabiqəyə gələcək
ölkələrin sayı
açıqlandı və
çox sevindirici haldır ki, paytaxt Bakıda iştirakçı ölkələrin
sayı baxımından
rekord göstərici təkrarlanacaq. Azərbaycan 43 ölkədən gələcək çoxsaylı
qonaqları qəbul etməyə hazırdırmı
və qonaqların yerlə təminatı məsələsi necə
həll olunacaq?
- Dəfələrlə
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən qonaqların
qəbulu və yerləşdirilməsi ilə
bağlı açıqlamalar
olub. Şəhərimiz çoxsaylı turistlərin
qarşılanması və
çox rahat yerləşdirilməsi üçün
bütün infrastruktura
malikdir. Rekord sayda
iştirakçının olması isə həmin ölkələrin
Azərbaycana, şəhərimizə,
mədəniyyətimiz və
musiqimizə olan marağıdır. Hər kəs
Azərbaycanda keçiriləcək
"Eurovision" mahnı müsabiqəsinə
qatılmaq, öz mədəniyyətini, musiqisini,
dəyərlərini bizimlə
bölüşmək arzusundadır.
Bu təbii ki,
çox sevindirici haldır. Ümumilikdə "Eurovision" tarixində üçüncü dəfədir
ki, müsabiqəyə
bu sayda ölkə qatılır.
İtaliya, Macarıstan, Avstriyanın,
eyni zamanda son 3 ildə müsabiqədə
iştirak etməyən
Monteneqronun qayıdışı
bizi ikiqat sevindirir. İstəyirik ki, bu cür həvəs və maraqla ölkəmizə gələn
qonaqları, nümayəndə
heyətlərini, mədəniyyət
işçilərini, musiqiçiləri
özümüzə layiq
formada qarşılayaq
və onlar həm şoudan, həm qonaqpərvərliyimizdən
razı qalsınlar.
Buna heç bir
şübhəmiz yoxdur.
Aparılan hazırlıq işləri,
istər xalqımızın
mədəniyyəti, qonaqpərvərliyimiz
imkan verir ki, hər kəs
Odlar Yurdundan razı qayıtsın.
- Ötən həftə müsabiqənin
səhnəsini hazırlayacaq
"Brainpoll GmbH" şirkətinin
əməkdaşları Bakıya
gəldilər. Onların tövsiyələri
nədən ibarət
oldu və üç məkandan hansında şounun daha yüksək səviyyədə təşkili
mümkün sayılır?
- Bu, "Brainpoll"
şirkətinin verəcəyi
qərar deyil, Avropa Yayım Birliyinin nümayəndələri
və eyni zamanda Məşvərət
Qrupunun birgə verəcəyi qərardır.
Baxılan üç
yerdən tam olaraq bütün müasir standartlara cavab verən, yerləşdiyi yerin gözəlliyinə,
texniki infrastrukturuna, istədiyimiz şounun reallaşdırılmasına verdiyi
imkanlara görə
"Baku Crystall Hall" zalı
daha üstün hesab olunur. Yaradıcı
heyətin hər biri "Eurovision-2012"nin
keçirilməsi üçün
məhz bu yerin təsdiqlənməsini
arzulayır. Amma hər şeyi
gedən proseslər göstərəcək. Həmin ekspertlər
də məhz
"Baku Crystall Hall"ın
layihəsini daha çox bəyəniblər,
orada imkanlar daha genişdir. Bu yer daha məqbul və üç məkan arasında daha uğurlu variant hesab olunur.
- Təcrübədən
görmüşük ki,
"Eurovision"un keçirildiyi hər şəhər bu möhtəşəm müsabiqəyə
uyğun hazırlanır.
Yəni şəhəri
plakatlar, bannerlər şəhəri bəzəyir,
nəqliyyat vasitələrinin
üzəri müsabiqənin
ev sahibliyini
xatırladan bu cür vasitələrlə
bəzədilir. Bakıda bu
prosesə nə zaman başlanması nəzərdə tutulur?
- Bakıda da bu prosesin
icrası üçün
müəyyən planımız
var. Bu planın icrası
üçün hazırlıq
prosesi gedir. Yəqin ki, tezliklə şəhərimiz "Eurovision" ab-havasına bürünər.
Hər bir küçəmizdə,
parkımızda, bütün
məkanlarda, ictimai yerlərdə "Eurovision" əhval-ruhiyyəsi hiss olunacaq,
bayram əhvalı həm bizim, həm şəhərimizə
gələn qonaqların
ürəyincə olacaq.
- Nümayəndə
heyətləri üçün
xüsusi avtomobillərin,
"Shutlle-bus"ların gətirilməsi
prosesinə başlanıb.
Ümumiyyətlə, "Eurovision-2012" ilə bağlı müxtəlif
aksessuarların hazırlanması
prosesi nə yerdədir?
- Bizim nəzərdə tutduğumuz
və üzərində
gedən iş ondan ibarətdir ki, bundan öncə
iştirak etdiyimiz
"Eurovision" mahnı müsabiqəsinin
keçirildiyi ölkələrdə
təşkil olunmuş
hazırlıq prosesləri
bizim ev
sahibliyimizdə daha da artıq olsun
ki, əskik olmasın. Təbii ki, buna bizim ötən illərdə qazandığımız
təcrübəmiz imkan
verir. İştirak
etdiyimiz hər mahnı müsabiqəsində
ev sahibliyinin
müsbət və mənfi tərəflərini
görmək imkanımız
olub. Təbii, biz istərdik ki,
bu dəfə müsbət tərəflər
daha çox olsun və hər
hansı boşluq qalmasın. Nümayəndə heyətlərinə daha rahat şərait
yaratsaq, onlar şouda o qədər gözəl və rahat iştirak edəcəklər. Bunun üçün
əlimizdən gələni
edirik. Eyni zamanda, nümayəndə
heyətləri üçün
nəqliyyatın təşkili,
"Shutlle-bus"ların gətirilməsi,
"Eurovision" obyektləri arasında birbaşa avtobus reyslərinin açılması və
s. nəzərdə tutulur.
- Müzakirə
obyektinə çevrilən
digər məsələ
Azərbaycanın bu müsabiqəyə külli
miqdarda vəsait ayırması xəbəridir.
Bununla bağlı istər beynəlxalq, istər yerli KİV-də fantastik rəqəmlər
səslənir.
- Ənənəvi
olaraq "Eurovision"a
ev sahibliyi
edən ölkə müsabiqə bitdikdən
sonra xərclənmiş
büdcəni tam olaraq
hesablayıb mediaya və ictimaiyyətə açıqlayır. Təbii ki,
biz də hətta iştirakçı ölkə
kimi bu günə
qədər olan büdcəmizi hər zaman açıqlamışıq
və layihənin şəffaflığını qorumuşuq. Bu ənənəyə
sadiq qalaraq, bu il ev sahibi olan
ölkə kimi də büdcəni layihədən sonra açıqlayacağıq. Amma indi
dəqiq bir rəqəm söyləmək
olmaz. Ölkələrin
keçirdiyi şoudan,
etdiyi ev
sahibliyinin keyfiyyətindən
asılı olaraq, bu büdcə aşağı-yuxarı bir
az dəyişsə də, adətən bəlli və bir-birinə yaxın rəqəmlər olur.
"Eurovision" mahnı müsabiqəsinin
ümumi bir büdcəsi var. Bundan az miqdar
xərcləsən, şounu
keçirmək mümkün
deyil, həddindən çox da vəsait
xərcləsən, israfçılıq
olar. Əmin ola bilərsiniz
ki, adi bir
kağıza belə maksimum qənaət etməyə çalışırıq,
hər bir qəpiyimizi hesablayırıq.
Eyni zamanda dediyim kimi, bu qənaət
simiclik həddində
olmamalıdır. Biz layiqli
ev sahibliyi
etmək üçün
Avropa auditoriyasını
təəccübləndirən, hər kəsin sevə-sevə izləyəcəyi
şou təşkil etmək üçün simiclik etməməliyik. Ötən il
Düsseldorfda müsabiqənin
keçirilməsi üçün
47 milyon avro xərclədi və bu da təxminən
50 milyon manat edir. Milyardlarla bağlı deyən
rəqəmlər isə
məsuliyyətsiz çıxışlardır.
Belə çıxır
ki, Azərbaycan bütün büdcəsini
"Eurovision"a xərcləyir. Məntiqlə baxıb, düşünsünlər.
Bu günə qədər hazırlıq
prosesində çox cüzi vəsait xərclənib. Büdcənin xərclənməsi səhnə
və şounun hazırlanması, işıqlandırma,
səs avadanlıqları
alınması və onların gətirilməsi,
şəhərin bəzədilməsi,
nəqliyyat vasitələrinin
gətirilməsi və
sairdən sonra başlayır. Bu işlərdən başı
çıxan insan ötən illərə nəzər salaraq xərclənən vəsaiti
müəyyənləşdirə bilər. Bu məsələni
bu qədər şişirtmək gülüncdür
və absurd rəqəmləri
səsləndirənlərin bu işdən başı çıxmır.
- Azərbaycana gələcək 42 ölkə arasında Ermənistan da var. Ötən illərə nəzər salsaq aydın görünür ki, istənilən "Eurovision" yarışmasında Ermənistan Azərbaycana qarşı müxtəlif təxribatlar həyata keçirib. İstər mahnılarında, istər ərazilərinin təqdimatında bu təxribatlara yol veriblər. Hətta Norveçdə Ermənistandan olan nümayəndə "Telenor Arena"ya qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı ilə daxil olub. Azərbaycanda ermənilərin bu cür təxribatlarının qarşısı necə alınacaq?
- Bizim fəaliyyətimiz qeyd etdiyiniz yönümlü təxribatların qarşısını almaq yox, kimliyindən və hansı ölkədən gəlməsindən asılı olmayaraq, qonaqların təhlükəsizliyinin təmin olunması, onların fəaliyyətinə münbit şəraitin yaradılmasından ibarətdir. "Eurovision"a qatılan ölkənin nümayəndə heyətlərinin fəaliyyətinə gəldikdə isə, Avropa Yayım Birliyinin qoyduğu qaydalarla riayət olunur və əgər bu qaydalardan kənara çıxma halı varsa, Avropa Yayım Birliyi həmin qeyri-qanuni qaydalara zidd fəaliyyətlə bağlı ölçü götürür. Bu günə kimi məsələ belə olub. Ölkəsindən asılı olmayaraq kim bu qaydalara əməl etməsə, hər hansısa qayda pozuntusuna yol versə, yenə də Avropa Yayım Birliyi həmişə olduğu kimi obyektiv, ədalətli qərar verəcək.
Ədalət.-
2012.- 26 yanvar.- S.8.