SİMASI GÖRÜNƏN DÜŞMƏN

 

   Həmsöhbətim millət vəkili Tahir Rzayevdir

 

   Fransa senatının son qərarından sonra türk dünyasında, o cümlədən də məmləkətimizdə siyasi müstəvidə baş verənlərə münasibət birmənalı şəkil almağa başladı. Artıq hər kəs Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın bu siyasi qərarını aşkar düşmənçilik kimi qiymətləndirməyə başlayıb. Məsələ ilə bağlı münasibətlərini bildirən oxucularımız arasında millət vəkili Tahir Rzayev də var. Tahir müəllim suallarımızı cavablandırarkən öncə bunları bildirdi.  

   - Fransa senatında "erməni soyqrımını" inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi hər bir azərbaycanlıda ciddi təəssüf və narahatcılıq doğursa da, ancaq bu sənədin qəbulu gözlənilən idi. Çünki qanun layihəsi başda Fransa prezidenti Nikolya Sarkozi olmaqla onun tərəfdarları tərəfindən Türkiyəyə, türk dünyasına qarşı məkrli niyyətlərin, alçaq əməllərin, xəyanətkarlığın nəticəsi olaraq əvvəlcədən nazırlanmış və müzakirəyə təqdim edilmişdir.  

   - Tahir müəllim sizcə bu gözlənilən addım idi?  

   - Sarkozi hələ Ermənistanda olarkən öz xəyanətkar mövqeyini ifadə edərək soyqrımın qəbul olunması ilə əlaqədar öz fikirlərini söyləmiş, həmişə erməni bacılarını müdafiə edəcəyini, onların yanında olacağını söyləmişdi.  

   Prezidentin xəyanətkarlığı, ikili mövqeyi onun Azərbaycana və Ermənistana səfərləri zamanı tam açıqlığı ilə meydana çıxdı.Sarkozi bir gün Ermənistanda qaldı, yalancı soyqırım qurbanları abidəsinə əklil qoydu, onların xatirəsini ürəkağrısı ilə yad etdi, son dərəcə kədərləndiyini bildirdi.  

   Azərbaycanda isə cəmi iki saat oldu. Şəhidlər Xiyabanına getmədi, işğal olunmuş torpaqları, bir milyondan artıq qaçqın köçkünün taleyini dilə gətirmədi.  

   Özünü demokrat adlandıran, insanların taleyinə biganə olmadığını tez-tez dilə gətirən, nəinki dirilərin ölülərin taleyinə belə biganə olmadığını biruzə verməyə çalışan Fransa prezidentinin azərbaycanlılara ermənilərə yanaşmasında tutduğu mövqe onun qədər anti-demokrat, ədalətsiz bir canlı olduğunu göstərdi.

      Sarkozi onun tərəfdarlarının təkidi ilə qəbul olunan qanun layihəsi Türkiyəyə, eləcə Azərbaycana olan düşmən münasibətin ifadəsidir. Fransa prezitentinin hakimiyyətə gəldiyi ilk gündən həyata keçirdiyi anti-türk siyasətinin nəticəsidir.Bu siyasətin mayasında bütün türk dünyasına kəskin nifrət, ədalətsizlik, hörmətsizlik durur. Sarkozi Türkiyəyə münasibətdə dəfələrlə bunu biruzə vermişdir. Bu ölkənin Avropa birliyinə qəbulunu əngəlləmiş, türklərə nifrətini ifadə etməkdən belə çəkinməmişdir.  

   - Sizcə onun Azərbaycana münasibətlərində fərqli nəsə görmək mümkün idi?  

   - Xeyr, o, Azərbaycana münasibətdə belədir.Əgər belə olmasaydı Sarkozi heç olmasa bir dəfə Xocalı soyqrımını yada salar, həmsədr ölkənin rəhbəri kimi Azərbaycan həqiqətlərindən danışar,Dağlıq Qarabağ probleminin ədalətlə həll olunmasına ciddi təşəbbüs göstərərdi.  

   Fransa prezidenti insanlığa yanıb faciələrə məruz qalanları xatırlasaydı onların xatirəsini əziz tutsaydı ilk növbədə fransızların 1961-ci ilin noyabr ayının 17-də yüz minlərlə əlcəzairlini necə vəhşiliklə qətlə yetirdiklərini xatırlayar, Fransanın müstəmləkəcilik tarixini vərəqləyər bu siyasətin milyonlarla qurbanı qarşısında baş əyib öz xalqının səhvlərini etiraf edərdi.  

   Təəssüflər olsun ki, Sarkozi bu qətiyyətin, bu insanlığın sahibi deyil. Bunun üçün insanda ədalət, bəşəri hiss, insani duyğu, tarixə bəşəriyyətə hörmətlə yanaşmaq ləyaqəti olmalıdır.  

   Senatda qəbul edilmiş qanun Fransa diplomatiyası üçün qara bir ləkədir.Nəinki türklərə, ilk növbədə fransızların özlərinə hörmətsizlik təhqirdir.  

   Heç bir real fakta arxalanmayan, uydurma böhtanlardan ibarət olan, Türkiyə tarixini inkar edən şübhə altında qoyan, insanların özünü müdafiə hüququnu aşkarlığı təmin etmə haqqını əlindən alan bu qanun siyasi alvercilikdir.  

   Siyasi əxlaqsızlığın nümunəsi olan qanun Fransanın hakim dairələri, senatın üzvləri millət vəkilləri üçün başucalığı deyil, əslində bu ölkənin demokratik imicinə ağır zərbə vuran bir sənətdir. O Fransa xalqı, diplomatiyası üçün ağır nəticələr verəcək. Fransa dövləti hakim dairələri bu qanunun acısını uzun müddət dadacaq gələcək nəsillər qarşısında xəcalət çəkəcəkdir.  

   - Tarixə hüquqi don geyindirmək qədər doğrudu?  

   - Çünki saxta bir tarixə hüquqi don geydirib insanlara zorla qəbul etdirmək siyasi riyakarlıq cinayətdir.İnsan hüquqlarını azadlıqlarını zorla pozmaq, azad fikri, sözü susdurmaq, olmamış hadisələrə həqiqət donu geydirərək onu qanun gücünə qəbul etdirməkdir.  

   Bu yola qədəm qoyan Fransa prezidenti, senatorlar, millət vəkilləri tarixdə həmişə ədalətsiz, əqidəsiz, ikiüzlü, tarixə bəşəriyyətə qara ləkə yaxan insanlar kimi xatırlanacaq.  

   Fransa prezidentinin bilavasitə təkidi ilə qəbul olunan qanun nəinki Türkiyəyə, türk dünyasına qarşı xəyanətdir, düşmənçilikdir,Düşmən bu qanunla öz simasını bir daha aydın göstərdi onu bütün dünyaya bəyan etdi.  

   - Azərbaycan indiki durumda Fransadan ədalətli qərar gözləyə bilərmi?  

   - Əlbəttə, bu qanun Türkiyə-Fransa münasibətlərinə ciddi zərbədir hər iki xalqın qəlbinə sagalmaz yaradır. Belə bir anti-demokratik qanun Türkiyə ilə daimi dost qardaş olan Azərbaycanın da mənafeyinə ziddir.Çünki Fransa bu sənədlə həm Minsk qrupunun həmsədri kimi öz mövqeyini ortaya qoydu, Ermənistanın tərəfdaşı olduğunu bir daha göstərdi. Qarabağ münaqişəsinin həllində Fransa dövlətinin tutduğu ikiüzlü, Azərbaycan həqiqətlərini əks etdirməyən mövqeyi bizə məlum olsa da, ancaq bu dövlətin hakim dairələrinin bu qədər ədalətsiz olduğunu təsəvvür etmirdik.  

   Buna görə Fransanın Minsk qrupunun həmsədri kimit Azəbaycanı dəstəkləyəcəyinə, onun haqqını təmin edəcəyinə tərəfdar olacağına heç bir ümid yoxdur. O həmsədrlikdən uzaqlaşdırılmalıdır.  

   Türkiyənin dərdi Azərbaycanın dərdidir. Bir millət iki dövlət olan ölkələrimiz yenə bir yerdə olacaq, düşmənə qarşı birgə mübarizə aparacaqlar.Bu bizim taleyimiz amalımızdır.

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.- 2012.- 26 yanvar.- S.3.