Hacıqabul keçmişlə müasirliyin qovuşağında

 

   (əvvəli ötən sayımızda)

  

   İqtisadi inkişaf həm də sosial qayğıların həlli deməkdir  

 

   - Bütün ölkədə olduğu kimi Hacıqabul rayonunda da möhtərəm Prezidentimiz İlham Əliyevin 14 aprel 2009-cu ildə təsdiq etdiyi Sərəncam - "Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çox uğurla həyata keçirilir. Proqrama uyğun olaraq Ağsu rayon ərazisindən rayonun Padar, Qarasu, Muğan yaşayış məntəqələrindən keçəcək 55 kilometrlik Baş Şirvan kanalının çəkilişi, Pirsaat çayındakı su anbarının lildən təmizlənməsi davam etdirilir. Bu işlərin yekununda 15 min hektar torpağın suvarılması mümkün olacaq.   

   Hacıqabul şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması üçün ümumi dəyəri 55 milyon manat olan layihənin ilkin mərhələsində artıq 5 yüz min manatlıq görülmüşdür.  

   Ümumi tutumu 7 min kub metr olan su anbarının inşasına start verilmişdir. Bütün bunlar iqtisadi inkişafın nəticəsidir. İqtisadi inkişaf da sosial qayğıların həllinə gətirib çıxarır. Ötən il Hacıqabul şəhərinin, Rəncbər, Qızılburun,Qarasu, Udulu yaşayış massivində yerləşən I və II Paşalı, Şorbaçı, Qubalı Baloğlan kəndlərinin, Muğan qəsəbəsinin qaz təsərrüfatı yenidən qurulmuşdur.   

   Əhalimizin ümumi pul gəliri 2010-cu ilin 9 ayı ərzində 132 milyon 722 min manat olmuşdursa, ötən ilin müvafiq dövründə bu rəqəm 161 milyon 440 min manat olmuşdur. Hər nəfərə düşən pul gəliri 1984 manatdan 2378 manata çatmışdır. Orta aylıq əməkhaqqı 204 manatdan 241 manata yüksəlmişdir. Arxada qoyduğumuz ildə 220 nəfər soydaşımızı da işlə təmin etmişik. Bütün bunlar əlbəttə, sosial həyata da mütləq təsir edir, insanlarımız daha yaxşı yaşamağa başlayırlar.   

   Bütün bunları söhbət əsnasında Hacıqabul rayon sakini, həkim Hafiz Bəşirov söylədi.   

 

   Onlar bu torpağın övladlarıdır  

 

   Hər bir ölkənin, rayonun iqtisadi-sosial göstəricisi ilə bərabər onun mənəvi sərvətləri də o el-oba üçün çox dəyərlidir. Bu mənəvi sərvətlər - həyatlarını, sağlamlıqlarını, gəncliklərini yurdu üçün vermiş bu insanlar - hacıqabullular üçün çox əzizdir.

   Böyük Vətən Müharibəsində olduğu kimi torpaqlarımızın bütövlüyü uğrunda Qarabağ döyüşlərində də hacıqabullular müqəddəs borclarını layiqincə ödəmişlər. Bu döyüşlərdə Hacıqabuldan yüzlərlə cəsur oğullar son ana qədər vuruşmuş, qəhrəmanlıqlar göstərmişlər. Bu gün o igidlərin 81 nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir. 18 nəfər hacıqabullunu isə doğmaları, dostları bu gün də gözləyir.   

   Bu torpaqda doğulmuş Əzizə Məhəmməd qızı Cəfərzadə, Mirzə Baxış Nadim, Miryusif Mirnəsir oğlu Manafov, Zivər Sübhan qızı Ağayeva kimi yazıçı, dramaturq və şairlərlə bərabər Nizami Məmməd oğlu Süleymanov, Bilal Atəş oğlu Dadaşov kimi akademiklər, Saday Ağalar oğlu Əliyev, Əhməd Məhəmməd oğlu Cəfərzadə, Tamella Rəsul qızı Nəsirova kimi onlarla elmlər doktoru, elmlər namizədi var.   

   Sərhəd Qoşunları Komandanının indiki müavini general-mayor Asif Mikayıl oğlu Cəbrayılov da Hacıqabulda dünyaya göz açmışdır.   

 

   Bir müəllimin əlavəsi  

 

   Hacıqabul rayonu haqqında yazı hazırladığımızı bilən rayonun Navahı kənd sakini, burdakı orta məktəbin direktoru İbrahim Əliyev də marağını gizlədə bilmədi:  

   - Rayonumuzun son vaxtlar hansı irəliləyişə nail olduğunu dəfələrlə yazıblar. Bəli, bu gün Hacıqabul rayonunda istər aqrar sahədə, istər digər sahələrdə nəyə qadir olduğu məlumdur.   

   Abadlıq-quruculuq işləri də göz qabağındadır. Mən çox istərdim ki, 31 mart 1918-ci ildə Hacıqabulda ermənilərin hansı vəhşiliklər törətdiyini də oxucular bilsin. Ulu Öndər Heydər Əliyev həmin günün azərbaycanlıların soyqırımı kimi qeyd edilməsini, məhz bu qanlı tarixi xatırlamaq və unutmamağı vacib bilib. Düz 17 kəndimiz həmin vəhşiliyin qurbanı olub.   

   Qaniçən Stepan Lalayanın başçılığı ilə bizim rayonda həmin gün 1972 nəfər çox amansızcasına qətlə yetirilib. 1080 kişi, 525 qadın, 367 uşaq erməni vəhşiliyinin qurbanı olub. 314 ev dağıdılıb, 1714 ev isə yandırılaraq külə çevrilib. İnsanların 10 minlərlə mal-qarası, qoyun-keçisi aparılıb.   

   Ən çox qurban verən bizim Navahı kəndi olub, burda qətlə yetirilən 955 nəfərdən 555-i kişidir. Bunların əksəriyyətinin başı kəsilib. Öldürülən 114 uşaqdan çoxusunun başını erməni varvarları nizəyə keçirib rəqs edir, körpələrin analarına göstərirmişlər. Rayonun Rəncbər, Qubalı Baloğlan, Abdulabad, Meynəman, Şorbaçı, Paşalı kəndlərində də vəhşiliklər az törədilməyib.   

   Çox təəssüf ki, bu da bizim tariximizin bir səhifəsidir. Ancaq bu acı həqiqəti hamı bilməlidir və bunlardan ibrət götürməlidir.  

   ...Tarix dünənlə bitmir, o bu gün də, sabah da öz izlərini müxtəlif zamanlarda, müxtəlif çalarlarda möhürləyərək yaşayır. Ölkənin də, Hacıqabulun da indiki yaşam tərzi zamana xoş təəssüratla yazılacaq bir tarixdir.

 

 

   Səxavət Məmmədli

 

   Ədalət.- 2012.- 27 yanvar.- S.7.