İKİ DİLDƏ YAZAN MÜƏLLİF

 

Səkinə Sadiqin doğum gününə

 

Onun imzasına mətbuatda rast gəlmişəm. Həmin o ilk imza tanışlığımda düşündüm ki, Səkinə xanım yəqin ki, rusdili olduğuna görə yaradıcılığında bu dilə üstünlük verir və bu səbəbdən də "Literaturnıy Azerbaycan" jurnalında, eləcə də digər rusdilli mətbu orqanlarda ardıcıl nəşr olunub. Amma şəxsi tanışlığımızda yanıldığımı anladım. Gördüm ki, Səkinə Sadiq həm də öz nəsir və poeziya nümunələrini Azərbaycan dilində çox rəvan bir şəkildə oxucuya çatdıra bilir. Elə bu paralel təqdimat da mənim marağımı onun yaradıcılığına xeyli artırdı.  

   Son bir neçə ildə yaradıcılıq əlaqələrimiz zamanı Səkinə Sadiqin işıq üzü görən kitabları ilə də tanış oldum. Barəsində müxtəlif mətbu orqanlarda oxudumo cümlədən də Türkiyə və Guzey Kıprız məmləkətlərində işıq üzü görən elmi-bədii məqalələri, şeirləri onun yaradıcılıq aurasının get-gedə necə genişləndiyindən xəbər tutmağıma imkan verdi. Və mən Səkinə Sadiqin demək olar ki, "Viktor" nəşrlər evi tərəfindən işıq üzü görmüş "Su pərisi" kitabını da, həmçinin aparıcı ədəbi-bədii orqanlardakı yazılarını da gözdən keçirib, barəsində Azərbaycanın dəyərli söz adamlarının bir-birinə maraqlı fikirlər səsləndirdiyi Səkinə Sadiqin söz dünyasına, sözün həqiqi mənasında əməlli-başlı bələd oldum. Professor Güllurx Əlibəylinin Səkinə xanım barəsində yazdığı fikirlər isə məndə qələm dostumun yaradıcılığına daha böyük maraq hissləri oyatdı.

  

   Yer üzü bir fərşi eyvan  

   Göy üzü bir yüksək tavan  

   Mülki-cahanla qeybəti    

   Ərşi-əla edir tamam.

  

   yaxud:  

 

   Bir otlaqda görsən qurdla-quzunu  

   Demə, qara basır mənim gözümü  

   Yəqin et, burada böyük hikmət var  

   Müəmma açmaqla yorma özünü.  

  

   Mövcud ədəbi janrlarımızın əksər növlərindən istifadə edən Səkinə Sadiq öz şeirlərini, öz nəsr əsərlərini çox qısqanclıqla araya, ərsəyə çıxarır. Bu da onun sözə böyük sevgisindən, həm də böyük sözdən layiqincə istifadə etmək istəyindən qaynaqlanır. Bu günlərdə Yazçılar Birliyinin məlumat kitabını vərəqləyərkən öyrəndim ki, bu günlərdə qələm dostum doğum gününü qeyd edəcək və mən də öz həmkarıma bir sürpriz etmək arzusu ilə onun əlimin altında olan yazılarını, kitablarını gözdən keçirtdim. Elə həmin istəklə də sizlərə təqdim etdiyim bu nümunələrə həm də ən xoş arzularımı qatır və Səkinə xanıma cansağlığı, yaradıcılıq uğurları, uzun ömür arxzulayıram. Onu doğum günü münasibəti ilə təbrik etməklə, həm də Azərbaycan və rus dillərində daha gözəl əsərlər yazmasını xoş bir məramla diqqətinə çatdırır, doğum gününüz mübarək olsun deyirəm.

  

 

   ETİRAF

  

   Əzizim, sevgilim, canımın canı,  

   Etiraf edirəm ömrün bu anı...  

   Bütün əzizlərdən daha da əziz,  

   Haralarda idin bunca zamanı?  

  

   Taqətim tükənmiş yol gözləməkdən,  

   Rəsminlə danışıb gileylənməkdən.  

   Ümidim qırılmış, əlim üzülmüş,   

   Heç hazır deyildim bu görüşə mən.

  

   Əzizim, azacıq yaxınlaş görüm,  

   Əlimdən bərk yapış, əziz sevgilim.  

   Yana baxıb məni şübhəyə salma,   

   Yox olsun kədərim, qarabədliyim.  

  

   Yenə baş vurdum o göy gözlərə,  

   Astaca bələndim səssizliklərə.  

   Əridim duz təki göz yaşlarımda  

   Bir daha qərq oldum maviliklərə.  

    

   Əzizim, bir az da mənə yaxın dur,  

   Yox, yox, özüm gəlirəm, sən dur.

    Gözə görünmədir, qarabasmadır,  

   Yoxsa yarı gerçək, yarı yuxudur?  

   Əzizim, sevgilim, hər şeydən əziz,  

   Eşqimdən uçuram! Mübaligəliz!  

   Ola bilməz, Allah, yoldan ötənmiş?!  

   Əfsus, yanılmağa meylləyənmiş...

    

   Söylə, bu gen dünyada,   

   varmı məkanın, ey qərib,  

   dərbədər gəzirsən,   

   qaradır qanın, ey qərib.  

 

   Sadiqdən üz çevirirsən,   

   meyə yoxdur meylin,  

   Tərki-dünya deyilsən?   

   Bəs hanı dünyan, ey qərib.  

      

   Hakimdən haqq umursan   

   bu saxtakar dünyada,  

   Haqqı hakim çevirib   

   qızıla pünhan, ey qərib.  

      

   Çini, Rumu,   

   Hindi fərh eyləyən fatehə,  

   Qibtə etmə, çin gəlir   

   Sahibi-Zaman, ey qərib. 

      

   Qoca Sadiq duydu-varın yox,   

   varlığın,  

   Qarət olub, talanıb,   

   olmusan giryan, ey qərib.  

     

   Bezmişəm mən yoxluqdan   

   indi daha var istərəm.  

   Xoş gün, xoş ruzigar,   

   xoş rəftar istərəm.  

      

   Yürüdüm talehimin   

   əyri-dolam yollarında,  

   Usandım, təngə gəldim,   

   yolumu hamar istərəm.  

     

   Bivaxt xəzan olmuş   

   bağım-baharım mənim,   

   Xudaya, haqq etmişəm,   

   səxavətlə bar istərəm.  

  

   Yetər dəxi bu qədər,   

   Nuhun gəmisin gəzirəm,  

   Yerim yoxmuş ordada,   

   çün yarsızam yar istərəm.

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.- 2012.- 27 yanvar.- S.7.