AH
AVROPA, AVROPA...
"Hər
böyük sərvətin altında böyük günah
yatır".
Onore de Balzak
Mən bu yazını dörd il əvvəl yazmışdım. Avropada futbol çempionatı gedirdi və
çempionatın devizi də "No to rasizm" idi. Dekorasiyalar və şəxslər dəyişsə
də, siyasət dəyişmir.
Bu avropalılar
çox saxtakardılar. Dünyanın ən
böyük irqçiləri özləri, bütün millətlərə
yuxarıdan baxan özləri, nə qədər xalqları
dünyanın etnoqrafik xəritəsindən silən özləri,
irqçiliyə "yox" deyən də özləri?
Gözünün, saçının, dərisinin
rənginə görə insanları ayıran kimdi görəsən?
Mən sərhəd məntəqələrində
aşağılayıcı prosedurları gözümlə
görmüşəm. Elə bizim şəhərdə
yerləşən Avropa səfirliklərində viza alarkən
bizlərə olan münasibəti də gözümlə
görmüşəm. Bu, irqçilik
deyil? Elə həmin çempionatda hakimlərin
türklərə və ruslara yanaşması nə idi
görəsən, irqçilik deyildimi? Türk
kommentatorun dediyi "Əynindəki forma qırmızıysa,
gördüyün sarı kart olacaq" ifadəsi çox
yerindəydi. Amma dəxli yoxdu, nə qədər
qarşısını almağa çalışsalar da yenidən
dirçəlişin önünü rəngbərəng
kartlarla almaq mümkün olmayacaq. Sadəcə türklərə
bir az ağıllı olub birləşmək
lazımdır. Bax, onda irqçiliyə son
qoyulacaq. Məlum həqiqətdir ki,
türklər fəth elədiyi torpaqlarda irqçi siyasət
yürütməyib. Yazını yenidən
sizin diqqətinizə təqdim edirəm.
***
Heç olmasa, bircə
dəfə Avropanın inkişaf eləmiş ölkələrini
görən adamlar bilirlər - o gözəlliyin, səliqə-sahmanın,
zənginliyin və sadəliyin, qanunlara hörmətin
heyranı, əsiri olursan. Möhtəşəm və əzəmətli
binaların, elə həmin binalar qədər soyuq, biganə ağ adamların baxışları altında
əzilə-əzilə fikirləşirsən - nə
xoşbəxtdirlər, İlahi, nə xoşbəxtdirlər...g
Bəs biz nə vaxt belə yaşayacağıq - deyə
fikirləşirsən. Lüks həyat
haqqında eyforiyalarım çoxdan dağılıb - nə
qədər ki, onlar yaxşı yaşayacaqlar, biz belə
yaşamağa məhkumuq. Bu dəyirmanın
suyu hardansa gəlməlidir, axı. Kimsə
belini büküb işləməlidir, kimsə burnunu dik tutub
gəzməlidir. Dünya yaranandan qanun
budur. Anlamasan nə yaxşı, amma anlayıb içindən
keçirəndə çox ağrılı olur...
Keçən həftəki
yazımda avropalıları rasist adlandırmışdım.
Elektron poçtuma Brüsseldən məktub gəldi.
Mən anladığıma görə 10 il
əvvəl burdan Avropaya mühacirət etmiş azərbaycanlıdır.
İlk baxışda bəxti gətirmiş
birisi sayıla bilər - indi avropalılar öz ölkələrinə
Çin səddindən, dəmir pərdədən də
qüdrətli bir hasar çəkiblər. Nəinki yaşamaq üçün, hətta on
günlük gəzməyə getməyə də viza almaq
mümkün deyil. Məktub müəllifi
bunu belə izah edir ki, onlar özlərini gəlmələrdən
qorumaq üçün irqçi olmağa məcburdurlar.
Və ölkədəki bütün qanun
pozuntularını, bütün cinayətləri gəlmələr
edir. Ola bilər - amma mənim mətbuatdan
izlədiyimə görə bütün səs-küy
yaratmış hadisələri elə mədəni
avropalılar özləri törədirlər axı.
Lap elə son günlərdə Almaniyada valideynlər körpə
uşaqlarını öldürüb neçə illər
soyuducuda saxlayıblar. Ya da yenə Almaniyada yenə
valideynlər öz körpə övladını
qızardıb yeyiblər. Avstriyada bir manyak 10
yaşında bir qızcığazı oğurlayıb, 8 il zirzəmidə saxlayandan sonra
yaxalanmışdı. Beş-altı ay əvvəl Almaniyada
türklərin yaşadığı binaya od
vurub körpə uşaqları yandıran da elə yerlilər
idi. Kimsəyə nəyisə sübut eləmək
həvəsim yoxdur. Əgər orda
yaşayıb, o gözəlliyə heyran-heyran baxmaq istəyirlərsə,
"üzümünü yeyib, bağını sormaq" istəkləri
yoxsa nə deyim. Məktub müəllifi həm də
yazır ki, oralarda bir "marok" qorxusu var. Belə başa
düşürəm ki, həmin "marok" yəqin ki, Mərakeşdən
gələnlərə deyirlər. Amma mən
düşünürəm ki, saçının,
gözünün rəngi qaradırsa avropalıyçün
elə bir fərqi yoxdur, sən Mərakeşdən, Tunisdən,
Əlcəzairdən gəlmisən, ya hansısa başqa
ölkədən. Onların gözündə
Şərqli elə şərqlidi. Hətta
öz aralarında da qaralarla ağları seçirlər.
İngilislər, ümumiyyətlə, hər kəsə
yuxarıdan baxır. Təbii, haqları
var - bataqlığın üstündə xaraba bir yerdə cənnət
yaradıblar və bütün dünyaya öz iradələrini
diqtə edirlər. Amma gəlin yada salaq nəyin
hesabına...
***
Qədim yunan
mifologiyasında Avropa Finikiya çarı Aqenorun Zevs tərəfindən
oğurlanıb Krit adasına aparılmış
qızıdır. Həmin bu oğurlanma
süjeti bir çox məşhur rəssamların
yaradıcılığında istifadə olunub. Yunanlar "Europe" sözünü
assuriyalıların "Ereb" - yəni qərb
sözündən götürüblər. O vaxtlar Egey dənizindən
qərbdə yerləşən ərazilər Europe
adlanırmış. Tarixi mənbələrə
inansaq bu materiki kritlilər eramızdan əvvəl XVI əsrdə
kəşf ediblər. Yəni
görünür, materikin ilkin mənbələrdə təsviri
o vaxtdan var. Həm mifologiyada, həm də tarixdə Krit
adı hallandığından Avropanın bu ada ilə
yaxın qohumluğu qənaətinə gəlmək olar.
Amma sözüm onda deyil. Bizim
bu gün görməyə öyrəşdiyimiz gözəl-göyçək,
zəngin, təmiz-tarıq Avropa hardasa XIII-XIV əsrlərə
qədər kasıb, yoxsul bir yer olub. Tarixin
ilkin qüdrətli dövlətləri eramızdan əvvəl
şərqdə yaranan dövlətlərdir. Sonralar antik yunan dövlətləri və Roma
imperiyası həmin mədəniyyətin üstündə bərqərar
olub. Tarixçilər (qərbli) bunu elə-belə
sətirarası qeyd edirlər. Sərf eləmir.
Nə isə, səlib yürüşlərinə
qədər Avropada Şərq ölkələrinin zənginliyi,
gözəlliyi haqqında əfsanələr gəzirmiş.
Valter Skottun cəngavər romanlarını
oxuyanlar o dönəm Avropası haqqında müəyyən
qədər məlumat alıblar. Qərblilərin
ən böyük sərvəti onların ağlıdı.
Bu artıq isbat olunmuş bir həqiqətdir ki,
həyat şəraiti çətin olan yerlərdə
insanın beyni yaxşı işləməyə
başlayır. Onlar da beyinləri
yaxşı işlədiyindən Şərqi necə ələ
keçirmək haqqında düşünməyə
başladılar. İlk olaraq dənizçi-səyyahlar
kəşfiyyata çıxdılar. Şərq
dünyasının zəif və güclü nöqtələrini
öyrəndilər. Sonra ruhani missionerlər
gəlməyə başladı. Lap sonra
Şərqdən aparıb satdıqları ədviyyat vasitələrindən
qazandıqları pullarla banklar, şirkətlər yaradıb
(təsəvvür edin ki, o vaxt qara toz bibərin qiyməti
qızıldan baha imiş) yenidən Şərqə
döndülər və istila etdilər. Hər
zaman zirvədə qalmaq mümkün deyil. Həmin vaxtlar Şərq tənəzzül
dövrünü yaşayırdı. Üç
dövlətin timsalında tarixə nəzər salaq:
MƏRAKEŞ
Avropalılar bu
ölkəyə XV əsrdən soxulmağa başlayıblar.
Ölkə ərazisində bütün ticarəti öz
inhisarına alan portuqaliyalılar burda liman
şəhərləri tikirlər. Tədricən
sahilboyu ərazilər bütünlüklə onların əlinə
keçir. Sonradan ispanlar da gəlir. Və ölkənin içinə yürüşlər
etməklə yerli qəbilələri qarət edir,
taxılı, mal-heyvanı əllərindən alır, həm
də insanları qul edirlər. Yerlilər
nə qədər müqavimət göstərsə də qərblilərin
hiyləsi qarşısında duruş gətirə bilmirlər.
Bura feodal hərc-mərcliyini də əlavə
etsək aydın mənzərə alınır. Məsələn, bir şəhərin hakimi o biri
şəhəri tabe eləmək üçün qərblilərin
silahlı qüvvələrindən istifadə eləmək
fikrinə düşür, buraxır onları ölkənin içinə.
Bir də ayılır ki, hər şey tar-mar
olunub, yağmalanıb, ölkənin sərvətləri
daşınıb, hər yer avropalıların nəzarətindədi.
Təsəvvür edin ki, Mərakeş
uğrunda gedən mübarizə hətta böyük Qərb
dövlətlərini də üz-üzə qoyub, beynəlxalq
konfliktlərə də gətirib çıxarıb.
Fransa, İspaniya, Böyük Britaniya, Almaniya - hərə
daha böyük pay qoparmaq üçün 1906-cı il Alxesirass konfransında Mərakeş məsələsini
müzakirə ediblər. Nəticədə
ölkə fransızların protektoratı altına
düşüb, bir-iki şəhəri də inciməsin deyə
İspaniyaya pay veriblər. İkinci
Dünya Müharibəsindən sonra Amerika da özünün
var olduğunu göstərmək üçün Mərakeşdə
hərbi bazalarını yerləşdirib. Həmin dövrdə başqa bir güc də
mövcud olduğundan (Sovet İttifaqı) və guya həmin
gücün xalq azadlıq hərəkatlarını dəstəkləməsinə
görə 1956-cı ildə Mərakeş müstəqilliyini
elan edib. Amma heç bu gün də Mərakeşin
müstəqil olduğunu kimsə iddia edə bilməz.
ƏLCƏZAİR
Bu ölkə
Şimali Afrikada fransız ekspansiyasının ilk
qurbanlarındandı. Bütün
işğal olunmuş ölkələrdə kolonizatorlar eyni
siyasət yürüdürlər. Bərəkətli
torpaqlar yerli camaatın əlindən alınır, ölkə
xammal bazasına çevrilir. Təsərrüfat
dağıdılır, yerli istehsal qadağan olunur. Avropanın avantürist acları gəlib ölkənin
ağasına çevrilirlər. Yerli
feodalların da ağzına bir-iki yağlı tikə
atırlar ki, dinib-danışmasınlar. Birinci Dünya
Müharibəsində 173 min əlcəzairli orduya
çağırılır, 25 mini həlak olur, 120 min
adamı səngərlərin, müdafiə
qurğularının tikilməsi üçün zorla ölkədən
çıxarırlar. Eləcə də
İkinci Dünya Müharibəsi zamanı Afrikada hərbi
teatrda ətdən divar hörmək üçün əlcəzairlilərdən
istifadə olunur. 1954-cü ildən sonra Əlcəzairdə
milli azadlıq hərəkatı başlanır. Üsyanı yatırtmaq üçün Fransadan
böyük hərbi birləşmələr göndərilir
(400 min nəfərlik qoşun), dinc əhaliyə divan tutulur,
üsyançılarla əlaqəni kəsmək
üçün insanları deportasiya edirlər, kəndlər
dağıdılır. Milyon yarım insan həlak olur,
iki milyon adam həbsxanalara, konslagerlərə
salınır, 9 min kənd yandırılır. Bu hadisələr baş verir 1967-ci ildə Əlcəzair
öz müstəqilliyini elan edənə qədər. Sonra isə seçkilər keçirilir, neft,
banklar, xarici şirkətlər milliləşdirilir. Amma bu gün də orda sakitlik yoxdur, bu gün də
kimsə Əlcəzairin müstəqil olduğunu iddia edə
bilməz.
HİNDİSTAN
Bir məşhur
şirkət var tarixdə - Ost-İnd kampaniyası. Həmin bu şirkət 1600-cü ildə hollandlar tərəfindən
yaradılıb, sonra ingilislərlə birləşib. XVII əsrin başlanğıcında dəniz ticarətini
portuqalların əlindən alıb bu vasitə ilə həmin
əraziləri tədricən özlərindən
asılı vəziyyətə salıblar. Burda da eyni siyasət. Xammal üzərində
inhisar, torpaqların yerlilərdən alınması,
feodalların satqınlığı. Hindistan
tarixi boyu daim işğalçılarla mübarizə
aparıb. Amma Böyük Moğol
İmperiyasının çökməsi ilə mərkəzləşmiş
dövlətin yoxluğu, feodal hərc-mərcliyi burda da
öz sözünü deyib. Ölkə bu
şəkildə Ost-İnd kampaniyasının vassalına
çevrilib. Hindistan tarixən çox zəngin
ölkə olduğundan ingilislər indiyə qədər
talan etdikləri daş-qaşın, qızılın
hesabına kef eləyirlər. Başqasının
var-dövləti ilə təbii ki, bataqlığı
gülüstana çevirmək olar. Ölkənin
qiymətli xammalını dəyər-dəyməzinə
apararsan, əvəzinə baha qiymətə öz
cır-cındırını gətirərsən, olar-bitər.
XX əsrin ortalarına qədər bu talan davam
etdi. 1947-ci ildə Hindistan müstəqil
oldu. Amma oldumu?
... Bütün Asiya
ölkələrinin tarixini araşdırsaq orda da eyni hadisələr
baş verib. İndi Avropa dövlətlərinin
mədəni vətəndaşları vəhşi gəlmələrin
hərəkətlərindən narahatdı. Bəs
onları görəsən Asiya və Afrikaya kim
çağırmışdı? Bu qitələri
viran qoyanda görəsən fikirləşmirdilər ki, bir
gün ordan da bir axın gələcək? Tarixi niyə unudurlar? Yoxsa elə
düşünürlər ki, tarix onların
yazdığı, təqdim elədikləri kimidir. Yəni avropalı böyük İsgəndər
dahi sərkərdədi, tutduğu ölkələrdə qan
tökməyib, şəhərləri dağıtmayıb,
işğal elədiyi dövlətlərin əhalisinin
başını sığallayıb. Napoleon
da eləcə. Amma Atilla, Çingiz xan, Əmir Teymur vəhşidi,
çünki asiyalıdı. "Asiya"
sözü də qədim assuriyalıların dilində
"Acu", yəni şərq deməkdir. Təbii, təbii, şərqlisənsə, vəhşisən.
Amma qəribədir, deyilmi? Hər
iki qitənin adı şərq dillərindən
götürülüb. Bu iki qitə
birlikdə Avrasiya materikini təşkil edir, bu materik isə
Yer kürəsində qurunun ən böyük payıdır.
Amma avropalılara az gəlir. Avstraliyanı da, Amerikanı da işğal eləyəndə
yerli əhalini qırıb qurtardılar. Görünür,
özlərini bu şəkildə sığortalamaq istəyiblər.
Axı ordan da gəlmə axını ola
bilərdi. Ən gözəl çıxış yolu -
xalqın kökünü kəsirsən, vəssalam...
... Son dövlərdə
də bizim üstümüzdə eksperiment gedir. Onlar bura gələnə qədər çox rahat
yaşayırdıq. İndi gərək
onların dediyi kimi oturaq-duraq, onların verdiyini yeyək,
dinib-danışmayaq, heç nə istehsal eləməyək,
bataq cəhalət girdabına. İstədikləri
dərmanları bizim orqanizmimizdə təcrübədən
keçirsinlər. Millətin kişilərini
qadınlaşdırsınlar. Əziz
avropalı oxucum, sən niyə mühacirətdəsən,
düşünmüsənmi? Bilirəm,
burdakılardan şikayətçisən. Amma burda baş verənlər nəticədi, səbəb
deyil. 200 il müstəmləkədə
yaşayan bir ölkə öz vətəndaşlarına
xoş gün yaratmaq üçün nə qədər
çalışmalıdır? Özü də
bütün dünya öz yırtıcı caynaqları ilə
sənin üstünə çökübsə, necə
yaşayacaqsan? Oralarda sənə "gəlmə"
demirlərmi?
Öz ölkələrində
humanist, gülərüz avropalılar bütün
dünyanı qana bələyiblər. Dünyadakı ən
böyük cinayətləri onlar törədiblər. Ancaq hər
zaman zirvədə qalmaq mümkün deyil. Bir gün enmək
vaxtı da gələcək. Onlar da bunu çox gözəl
anladıqlarından vaxtı uzadırlar. Amma dəxli yoxdur,
qocalırlar, arta bilmirlər. Fransa futbol millisi qapqara
oğlanlardan ibarət idi. Bu mənzərədən
böyük ləzzət aldım. Ölkədə kişi
qalmayıb. Fransız tapılmadığından prezidentləri
də başqa millətdəndi.
Əziz avropalı oxucum, bir az
düşün, tarixi yadına sal. Gör cinayətkar kimdi?
Axı hər böyük sərvətin altında
böyük günah yatır. Bunu da avropalı deyib...
İradə
TUNCAY
P.S.
Parlament seçkiləri vaxtı bizə nəzarət
üçün gəlmiş "bomj" avropalılar
gözümün qabağından getmir. iyul 2008-ci il
Ədalət.-2012.-28
yanvar.- S.6.