QƏDİR
RÜSTƏMOV: "ÖZÜMƏ HƏMİŞƏ
ÜÇ QİYMƏT VERİRƏM"
"Nə
qədər yaxşı oxusam da, yenə lazım olanın
yarısının yarısını oxuyuram"
Həmişə olacaq adam. Həyat
əbədidi, ömür müvəqqəti. Həmişə
həyatı olan adam. Həmişə həyati adam. Həmişə
həyatda qalan adam. 2004-cü ildə verdiyi müsahibəni
2012-ci ildə nöqtəsinə belə toxunmadan təqdim
edirik. Oxucunun həmişə təzə qəbul etdiyi adam. Sərhədsiz
adam.
Qədir Rüstəmov gəlmişdi
redaksiyaya, Aqil Abbasla görüşməyə. Aqil müəllim də yox idi. Səsi qeybdən
gələn insanla həyatda ilk dəfə idi rastlaşırdım.
Oğurluq diktafonu açıb,
onu söhbətə tutdum. Söhbətimiz yaxşı alına
bilərdi, Aqil Abbas hardansa gəldi çıxdı.
Başladılar ilk qaçqın qardaş dərdləşməyə.
Mən qaçqın deyiləm, amma mənimkilər qaçqındı. Ona
görə arada sözümü də dedim. Diktafon işləyirdi. Qədiri yola salandan sonra
açıb qulaq asdım. Nəyi ki, mətbuat
bilməlidi, yazıram.
Bu söhbətdə Amerika kəşf olunmayıb. Bəlkə Qədir
Rüstəmovun da kəşfi qurtarıb, Aqil Abbasın da. Qarabağın bu iki böyük
oğlu Ağdama gedə bilmirlərsə, nə kəşf, nə oxumaq, nə roman yazmaq...
- Bu Aqil hanı?
- Burdaydı harasa çıxıb. Keçin otağına indi gələr.
- Adın nədi?
- Ceyhun.
- Aqilin dayısı Dəvəçinin oğlu
Ceyhun?
- Yox, elə Ceyhun.
- Ağdamlısan?
- Yox.
- Balam onda Aqil səni
niyə işə götürüb?
- Zəngilanlıyam.
- Elə
Zəngilanda Ağdamdı
dana.
- Qədir müəllim, bu işlərin axırı necə olacaq?
- Mən müəllim deyiləm, Ceyhun müəllim.
- Sən müəllim olmayandan sonra ay Qədir, mən sıragagündən
müəllim deyiləm.
- Nə bic-bic danışırsan ə? Zəngilan işğal
olunanda neçə yaşın vardı?
- On yeddi.
- Cənnət
idi Zəngilan, cənnətlərimizi işğal
elədilər. Azərbaycanı həmişə işğal
etmək istəyiblər.
Fars deyib
mənimdi, rus deyib mənimdi. Farsı Azərbaycandan əl çəkməyə məcbur
etsələr də, rus əl çəkməyib.
Həmişə Azərbaycana öz
adamlarını yerləşdirib.
Ermənini də qızışdırıb
bizim üstümüzə
göndərib. Ruslar ən
birinci Azərbaycanın
xanlarını, bəylərini
məhv etdilər.
Sonra Azərbaycanın nə qədər torpağını
ermənilərin əli
ilə zəbt edə bildilər. Torpaqları həmişə xan, bəy qoruyub.
- Deyirsiz, bir nəfər
də olsun bəyimiz qalmayıb?
- Bəylik nəsilnən gəlir. Azərbaycanda bəy nəsillərini
təmiz qırıb qurtarıblar. Bəylik insanın
hər şeyində olur, yerişində, duruşunda, yeməyində,
geyimində, əxlaqında,
vətəni sevməyindəg
Görürsüz, bir
xanın, bəyin heykəli yoxdur. Ancaq Nəriman Nərimanovun Bakıda o boyda heykəli var. Halbuki ölkəmizə ən böyük ziyanı o vurub.
- Nərimanov böyük şəxsiyyətdir.
- Sənin kimilər üçün
böyük şəxsiyyətdir.
Bahadır Sonanı o yazmayıb?
Nədi, bizim o yazıq müsəlman erməni qızının
dalına düşmür?.. Nə isə. Özü də
demokratiyadı. Mənim ixtiyarım
yoxdu deyəm ki, Nərimanovdan xoşum gəlmir?! Həmişə fikirləşirəm, Zeynalabdin Tağıyev niyə Nəriman Nərimanovu oxudubg Yavaş-yavaş başa düşürəm ki, elə Zeynalabdin Tağıyev də rusun adamı olub. Rus da ən böyük ordenini ona verib. Mən belə danışanda səninkimilər
deyirlər ki
- Qədir, mən o "səninkimilər"dən deyiləm...
- Yaxşı ol mənimkimilərig Nərimanov rusun adamı olub. Bəlkə yalan deyirəm? Hə, harda qaldıq? Hə yadıma düşdü.
Deyirlər ki, Nərimanov
xalqımızın xeyrinə
filan sözü deyib. Söz deməyə nə
var ki. Oğul odur canından qorxmasın. Nəriman Nərimanov
isə özündən
qorxub, torpaqlarımızın
rusa verilməsinə qol çəkib. Sonra da onu zəhərlədilər,
ona görə ki, artıq işini görüb qurtarmışdı. Rus indi də xislətindən əl çəkmir, erməniləri qızışdırıb
üstümüzə göndərir.
- Öz aramızdı, biz də düzəlmirik də... Rəmiş kimi sənətkarı ölkədən
didərgin salmışıq...
- Kim Rəmişi
didərgin salıb?
Rəmiş odey Moskvada
kef edir özü üçün.
- Yox də, çıxıb gedib. Özü də qürbətdə
nə kef? Lap elə
sənin özün, səsinə həsrət
qalmışıq ki?
Axırıncı televizora nə
vaxt çıxmısan
ay Qədir. Yadına düşür?
Ancaq televiziya kanallarında bütün günü səviyyəsiz mahnılar
verilir. Xalq da demir ki,
daha bəsdir, bizə əsl oxuyanları göstərin...
- Bunlar hamısı pulnandı. Televiziyada işləyənlərin eləsi
var ki, doqquz
şirvan pul alır. Bununla dolanmaq olar?
Elə ona görə də pul alıb
oxuya bilməyənləri
efirə buraxırlar.
Bir də ki, biz millət deyilik, kütləyik. Üçümüzün
sözü bir gəlmir.
- Yəni demək istəyirəm ki, bu musiqimizin axırı nə təhər olacaq?
... Söhbətin bu yerində
Aqil Abbas içəri daxil oldu, qaldım kənarda. Qədir Rüstəmov Aqil
müəllimi gördü,
yadından çıxdım.
Amma mədəniyyət xatirinə
danışanda hərdənbir
mənə də baxırdı. Söhbət dostu ilə davam etdirdi.
- Sonradan eşitmişəm
ki, Aqil müəllim tar çalandı.
Aqil müəllim, evdə tar var?
- Hə, var. Bir dəfə demədin ki, gəl oturaq həyətdə bir tar çalım, sən də oxu.
-Yaxşı həyət-bacan var, özünə, uşaqlarına
qismət.
- Qurbandı o həyət-baca sənə.
- Yox, elə özünüzə
qismət. Həmişə gətirib tarı
verirsən Fəxrəddin
Hacıbəyliyə. O gün ona tar bağışlamaq istəyirdin.
- Yox, o mənə tarını bağışlamaq istədi,
götürmədim.
- Çox nahaq yerə, sən saatı verəndə mən niyə götürdüm?
Bir şeyi verəndə götürərlər.
- Təzə oxuyanların içində ad çəkə
bilərsənmi, kimsə
sənin xoşuna gəlir, yəni qulaq asırsan?
- Oxuyanları deyirsən, oxuyankimiləri deyirsən?
- Yox, oxuyanları deyirəm.
- Musiqinin hansı sahəsindən deyirsən?
- Muğamdan.
- Muğam oxuyanların hamısı
yaxşı oxuyur.
- Ümumiyyətlə musiqiyə
qulaq asırsan?
- Hə, hamısına qulaq asıram.
- Mən yorulanda ya sənə,
ya Rəmişə, ya Müslüm Maqomayevə, ya da Flora Kərimovaya qulaq asıram. Bəs Qədir Rüstəmov yorulanda, balıqdan gələndə, əsəbiləşəndə
kimə qulaq asır?
- Sən musiqi ilə məşğul olmursan, mən isə musiqiçiyəm. Ona görə
xalq mahnısı, müğamat oxuyanların
hamısına qulaq asıram. Onların hərəsində bir şey var.
- Heç özün-özünə
qulaq asırsan?
- Zapisim olanda qulaq asıram
görüm harda səhv eləmişəm.
Qulaq asandan sonra özümə
qiymət də verirəm, bu qiymət üçdən
yuxarı çıxmır.
Nə qədər yaxşı oxusam da sonradan
qulaq asanda görürəm ki, burdan-ora tullanmışam.
Halbuki burdan ora yolnan
getmək lazımdır.
- Oxuyankimilər
musiqimizi pozurlar...
- Poza bilməzlər.
Musiqinin nəyini pozacaqlar ki?
- Deyirsən, bu adamlar qalmayacaq?
- Onlardan həmişə var, ancaq belə adamlar özləri üçündür. Musiqini
heç kim
poza bilməz, ona görə ki, musiqi xalqındır,
heç kimin deyil. Məsələn, mən oxuyuram,
ancaq nə musiqi mənim deyil, nə sözləri. Pis oxusam
ifam yadda qalmayacaq, həmin mahnısa həmişə
yaşayacaq.
- İndiyə qədər
oxuduqlarından ən
çox xoşuna gələn hansıdır?
- Heç biri. Bircə çay versəz,
o xoşuma gələcək.
Nə qədər yaxşı oxusam da, yenə
lazım olanın yarısının yarısını
oxuyuram.
- Toylarada ki, Qədir Rüstəmov getmir…
- Niyə getmirəm, bu gün toya çağırıblar.
Ay Aqil indi gördüm e, səndən
gəlib pul da istəyirlər? Sənin nəyin var ki?
- Qədir
Rüstəmov nə ilə dolanır?
- Allah rəhmət eləsin Heydər
Əliyevə. Mənim dostum idi, elə-belə də yaz. O, mənə
orden, maşın, təqaüd verib. Bundan əlavə pensiya
da alıram, uşaq pulu da verirlər, üstəgəl
çörəkpulu, musiqi məktəbindən də bir az
pul verirlər. Dostlarımdan də kömək edən var. Kim
mənə kömək edir Allah köməyi olsun.
- Həmişə
həyətdə-bacada gəzən adam olmusan, indi binada necə
yaşayırsan?
- Bağrım partlayır.
-
Onda Oğuzdan Bakıya niyə gəldin?
- Yox, bura lazımdı. Sadəcə
imkanım yoxdu ki, torpaqdan-zaddan alımb, ev tikim. Mənə
kömək edən bir-iki dostumun adını çəksəm,
sən Allah onlara bir şey eləməzlər ki?
-
Niyə eləyirlər ki?
- Onda deyim, mənə kömək
edən dostlarımdan biri Valadarski adına fabrikin direktoru Fədail
müəllimdir. İldə mənə iki-üç kostyum
tikdirir. Şamaxı universitetinin rektoru Mail müəllim, Gəncənin
prokuroru Vilayət müəllim, Sabunçunun rəisi
Toğrul müəllim həmişə mənə kömək
edirlər. Mən onlarla dostam. Həm də kömək etdikləri
üçün demirəm, onlar hamısı insan
adamlardır.
-
"QAİ" Qədir Rüstəmovu saxlayır?
- Məni heç vaxt
saxlamayıblar. Ancaq oğlum Mehdinin sürdüyü
maşını Sulutəpəyə düşəndə
QAİ saxlayıb, pravasını alıb.
- Hə, daha bəsdir. Çoxlu
söhbət etdik, daha uzunçuluq nəyə
lazımdır.
- Sən eliyirsən də, mən
nə bilirəm söhbət nədi...
Ceyhun MUSAOĞLU
Ədalət.-2012.-28 yanvar.- S.9.