"Üç əsrin qəzeti”ni oxuyarkən
Bu məqaləni yazarkən satirik jurnalistikamızın Şah əsəri sayılan "Molla Nəsrəddin"in ərsəyə gəlməsi üçün malını-mülkünü əsirgəməyən Həmidə xanımı, neçə-neçə kimsəsiz uşağa isti ocağında yer verən, qulluğunda duran, təhsil problemini həll edən Hənifə xanımı və daha neçə-neçə belə nəcib, xeyirxah, səxavətli, alicənab xanımlarımızı xatırladım. Düşündüm... Düşündüm ki, nə yaxşı tarix təkrarlanır. Qoca dünya, dəyişən zəmanə, amansız insanlar xalqımızın nəyini də əlindən alsa xeyirxahlığını, insanpərvərliyini, səxavətliliyini ala bilmir...
Qarşımda bir kitab var.
Yuxarıda sadaladıqlarımın təcəssümü
olan, qədim mətbuatımızın, maarifimizin, mədəniyyətimizin canlı
nümunəsini əks etdirən bir kitab. Ötən ilin
sonlarında "Qanun" nəşriyyatı
tərəfindən nəfis tərtibatla çap
elədilən, "Üç əsrin qəzeti"
adlandırılan bu toplu
XIX, XX və XXI əsrin mətbuat, mədəniyyət,
azadlıq tarixindən, qan
yaddaşından xəbər verən çox
dəyərli və qiymətli bir əsərdir.
Gənc tədqiqatçı alim,
istedadlı jurnalist, alicənab xanım, Sona Vəliyevanın səxavətliliyi və əməkdar
jurnalist, tarix elmləri
namizədi, istedadlı publisist Natiq Məmmədlinin redaktorluğu
ilə ərsəyə gələn bu əsər
Azərbaycan mətbuatı tarixində öz
dəsti-xətti ilə secilən "Kaspi"
qəzetinin dünəni və bu günü haqqında çox
dolğun, dəyərli məlumatları əks
etdirən bir əsərdir desək məncə
hec də yanılmarıq. Mübaliğəsiz
demək olar ki, bu əsər "Kaspi"
qəzetinin 130 illik yubileyinə həsr olunan ən layiqli, ən
gözəl töhfələrdən biridir.
Çünki əsər 1881-ci ildən
1919-cu ilə qədər nəşr olunan
"Kaspi" qəzetin tarixi,
inkişaf yolu ilə
yanaşı Azərbaycan mətbuatında, jurnalistikasında
oynadığı rolundan, ictimai
fikir tariximizdəki yerindən geniş və dəqiq məlumat verməklə
yanaşı, həm də o zaman baş verən siyasi, ədəbi prosesləri dərk etmək,
qavramaq, öyrənmək
baxımından da maraq
doğurur. Altı aydan
çox bir vaxtda toplanan və ərsəyə
gələn bu topluda
Azərbaycan mətbuatının görkəmli, istedadlı
simalarından sayılan tədqiqatçı alimlərimizin,
jurnalistlərimizin məqalələri çap
olunub. (Yeri
gəlmişkən bir faktı da qeyd etmək yerinə
düşərdi ki, bu
məqalələrin hər birinin
toplanmasında, yerləşdirilməsində Natiq
müəllimin çox böyük
əməyi var. "Kaspi"nin tarixi araşdırmaçılarının təqdim
etdiyi hər bir məqaləyə
və o məqalədəki hər bir fakta əsil alim qayğısı, sayğısı ilə
yanaşan redaktor nəticədə
belə bir sanballı əsərin meydana gəlməsinə nail
oldu). Toplu azərbaycançılıq
ideologiyasının təbliğatçısı,
istedadlı alim, filologiya
elmləri namizədi Sona xanım Vəliyevanın
"Üç əsrin qəzeti
"Kaspi"dən "Kaspi"yə" adlanan
ön sözü ilə
başlayır. Sonra isə "Kaspi"nin sovet dövründə ilk
tədqiqatçısı olan N. Gəncəvi adına Ədəbiyyat muzeyinin baş elmi işçisi, filologiya elmləri namizədi Səmayə
Mövlayevanın, Azərbaycan mətbuatı tarixinin
canlı enisklopediyası adlandırılan prof.
Şirməmməd Hüseynovun, müasir mətbuatımızın
istedadlı nəzəriyyəçi alimi,
filologiya elmləri doktoru
Cahangir Məmmədlinin, gənc və istedadlı tədqiqatçı alim, filologiya elmləri doktoru, prof. Şamil Vəliyevin, mühacir
mətbuatının görkəmli tədqiqatçısı,
filologiya elmləri doktoru
Abid Tahirlinin, mətbuat
tarixi araşdırmaçıları
arasında öz dəsti-xətti olan, filologiya elmləri doktoru Alxan Bayramoğlunun,
tarix elmləri namizədi, Məhəmmədismayıl
Mehdiyevin, ədəbiyyatşünas alim, dosent Sədaqət Məmmədovanın,
filologiya elmləri namizədi Lalə
Hacıyevanın və başqa tədqiqatçı
alimlərin məqalələri çap olunub. Bu məqalələrdə Azərbaycan mətbuatı
tarixində xüsusi yeri
olan "Kaspi" qəzeti,
onun yazarları haqqında bu
günə kimi ictimaiyyətə bəlli
olmayan fikirlər, mülahizələr
söylənilməklə yanaşı həm də, bu gün
"kaspiçi"lərin varisi olan müasir "Kaspi" qəzetindən onun
fəaliyyətindən geniş bəhs olunur. Bu gün
Azərbaycanda qəzet bolluğu şəraitində
"Kaspi" öz sələfinin
işıqlı ideyalarını davam
etdirmək üçün bu şərəfli missiyasını üzərinə
götürdü. Prof.
C.Məmmədlinin təbirincə desək; "Kaspi"nin klassik "Kaspi"dən qəbul etdiyi ən ciddi ənənə
bu qəzetin də maarifçilik
ideyalarına sədaqətidir".
XIX əsrin sonu, XX əsrin əvvəllərində
fəaliyyətdə olan, Azərbaycan mətbuatı tarixində
xüsusən də Qafqazın və Orta Asiya müsəlmanlarının
yeganə rusdilli qəzeti olan, milli ruhlu ziyalıları ətrafına
toplayaraq milli mətbuat orqanına çevrilən, təkcə
jurnalistikamızın deyil, mətbuat, mədəniyyət,
ictimai-siyasi fikir tariximizin bir parcasını özündə əks
etdirən "Kaspi" (1881-1919) qəzeti Azərbaycan
diyarında nurlu bir ocaq oldu. Sonralar, uzun illər bu ocaq
alovlanmadı. Nəhayət, 1999-cu ildə şairə-publisit,
gənc-tədqiqatçı alim, xeyirxah insan, millətpərvər,
ziyalı Sona xanım Vəliyevanın səxavətli əməyi
nəticəsində yenidən alovlandı. Bu dəfə Azərbaycan həqiqətlərini,
nailiyyətlərini dünyaya daha nurlu əks etdirmək,
catdırmaq üçün Sona xanım yazır: "Biz "kaspiçi"lər tarixi
milli bir qəzetin fəaliyyətinin
bərpaçıları, ardıcılları, xələfləri
olaraq fəaliyyət məsulliyyətimizi
dərindən dərk edərək, bu
adı ilk
daşıdığımız andan həm
də onun layiqli
davamçıları olmağa and içmişik... millət,
xalq, vətən sevgisinə tapınmaq sevgisi ilə yola
çıxdıq..."
Mən də bu sevgi ilə
"Üç əsrin qəzeti" toplusunu vərəqlədim.
Orada ömrü boyu xalqının xoşbəxtliyi yolunda
milyonlarını əsirgəməyən, səxavətlilik
simvolu olan sərvətdar böyük Hacı Zeynalabdin
xeyir-duasını gördüm. Millətini maarifləndirmək
arzusu ilə hər bir əzaba qatlaşan Zərdabi səsini
duydum. Təpədən-dırnağa vətənpərvər
Üzeyir bəy uverturiyasını eşitdim. Bütün
varlığı ilə millətpərəst olan
Ağaoğlu yanğısından diksindim. Millətinin cəhalətinə
için-için yanan, acı-acı gülən Mirzə Cəlil
gülüşünü sezdim. Bütün Türk
dünyasının bütövlüyü arzusu ilə
alışıb-yanan Əli bəy dəsti-xəttini
tapdım. Ömrünü xalqının vəkili kimi fəda
edən Topçubaşi qayğısını hiss etdim. Və
daha onlarla işıqlı, nurlu, milli ruhlu şəxsiyyətlərimizin
nuruna qərq oldum... Prof. Şirməmməd Hüseynov
demiş: "Azərbaycan ziyalıları öz sözlərini,
fikirlərini, arzu və istəklərini,
tapıntılarını, həmçinin tənqidi qeyd və
mülahizələrini, etirazlarını məhz bu qəzet
vasitəsilə geniş oxucu auditoriyasına, xüsusən
Rusiya ictimaiyyətinə çatdırmaq imkanı əldə
etmişlər".
Elə bu imkan idi ki, milli
şüurun oyanışı, özünüdərkin
dirçəlişi Azərbaycan ziyalısını mədəni
inkişafa, milli azadlığa, milli müstəqilliyə
doğru apardı. Eyni məslək, eyni amal uğrunda
savaşan Azərbaycan ziyalısının tribunasına
çevrilən "Kaspi" qəzeti prof. Alxan Bayramoğlunun
təbrincə desək: "...1890-cı illərdən
üzü bəri qəzetdə milli kimlik, milli
özünüdərk problemi və bu anlayışların
xalqa başa salınıb onun düşüncə və
şüuruna təlqin edilməsi məsələsi
aktuallaşmağa başladı". Maarifin, mədəniyyətin,
yeniliyin tərəfdarı olan bu ziyalılar "Kaspi"nin
səhifələrində yeri, məqamı düşdükcə
xalqını azadlığına doğru istiqamətləndirdi.
Bütün bunlarla yanaşı "Kaspi"nin
varlığı həm də Azərbaycan da böyük
publisist, jurnalist ordusunu yetişdirdi. H.Zərdabi, M.Cəlil, C.
və Ü.Hacıbəyli qardaşları, Ə.M.Topçubaşi,
Ə.Ağaoğlu, H.Vəzirov, F.Köçərli, M.Ə.Rəsulzadə,
Ə.Hüseynzadə, N.Nərimanov, M.Şahtaxtlı kimi əqidə
məslək sahiblərimiz, şəxsiyyətlərimiz
yalnız Azərbaycan məkanında deyil, Avropa, Şərq
aləmində tanındı. Burada istedadlı alim Şamil Vəliyev
fikirlərini xatırlatmaq yerinə düşər: "Azərbaycan
tarixində elə şəxsiyyətlər var ki, onların
kimliyi ilə tanışlıq, əməl və
ideyalarına bələdlik bütövlükdə tarixin
konkret dövrünü bilməyə bərabər tutulur.
Onların kimliyi və fəaliyyəti öyrənildikcə,
obrazlı desək, "aysberqin görünməyən tərəfi"
meydana çıxır...".
Görkəmli tədqiqatçı
alim, filologiya elmləri doktoru Abid Tahirlinin "525-ci qəzet"də
çap olunan "Kaspi" -38 illik tərcümeyi-halımız
və tərcümanımız" adlı geniş həcmli
və maraqlı məqaləsində "Üç əsrin
qəzeti" əsərinə çox yüksək qiymət
verərək onu: "fundamental araşdırmalar toplusu"
adlandırır.
Məqaləmi sona catdırmaq istərkən
Türk-islam dünyasının parlaq simalarından sayılan
türkoloq alim, naşir Əli bəy Hüseynzadənin 1904-cü
ildə "Kaspi" də yazdığı bu məşhur
sözlərini xatırladım: "Türklər tarixdə
birinci dəfə qılıncın gücü ilə, ikinci
dəfə etiqadın gücü ilə parlamışlar,
üçüncü dəfə isə elm və biliklə
parlamalıdırlar".
Bəli, buna görə tariximizi,
kecmişimizi, dünənimizi, kimliyimizi, haradan gəlib hara
getdiyimizi bilməliyik. Bunları bilmək üçün
"Üç əsrin qəzeti" kimi sanballı
topluların sayı-hesabı olmamalıdır. Azərbaycan mətbuat
tarixinin, mədəniyyətinin, ədəbiyyatının,
ictimai fikir tarixinin, iqtisadi inkişafının bir parcası
olan "Füyuzat", "İrşad",
"İqbal", "Tərəqqi", "Açıq
söz", "İstiqlal", "Qurtuluş", "Azərbaycan"
və onlarla belə mətbu orqanlarımıza yeni nəfəs,
yeni ruh verilməli, onların məqsəd və məramları
gəncliyə catdırılmalıdır.
Qərənfil Dünyamin
qızı,
BDU-nun Mətbuat tarixi və
ideoloji iş metodları
kafedrasının
müəllimi, filologiya elmləri
üzrə
fəlsəfə doktoru
Ədalət.-2012.-28 yanvar.- S.16.