Mövlanə
kimi....
Bir var yaxşı şairlərin
yaman şeirləri, bir də var yaman şairlərin
yaxşı şeirləri. Mürşüdüm Akif Səməd
yazırdı ki,
Tanımır atanı, ananı
onlar,
Aldadır bazarda satanı onlar,
Yazanın yerinə utanır onlar
Yaman şairlərin yaxşı şerləri.
Mən deyən bunların heç
birindən deyil. Mən deyən yaxşı şairlərin
yaxşı şeirləridir. Şair Rəfail İncəyurd
və onun şeirləri kimi. "Of köhnə kişilər,
köhnə kişilər" deyə içindən
haraylanan Rafail İncəyurdun şeirləri haqdan gələn
pıçıltıdır, ündür, nəfəsdir, həvəsdir,
səsdir.
Şer haqdan gələn səsdi-
Qafiyəli, qafiyəsiz.
Qardaş! Haqdan gələn səsi
Gərək haqqına deyəsiz.
Şeirə münasibətdə bax bu düşüncənin sahibidir R. İncəyurd. Mən R.İncəyurdu bu dünyada həmişə qərib görmüşəm. Nə qədər dost-tanışı, xətrini istəyənləri, deyib-gülməyi olsa da. Bu Ona incəliliyindən gəlir. Çünki qopub gəldiyi İncə dərəsinin adamlarını da bu dünyada qərib görmüşəm. Bəlkə nə vaxtsa İncəlilər də bu dünyanın adamları olublar. Lakin indi yox. Lakin indi insanların yıxığa sevindiyi, bir-birinə yalnız yamanlıq etmək haqqında düşündüyü, üzlərdən-gözlərdən nurun, işığın öləziləşdiyi bir vaxtda, haramxorun (haramxorun haramı olsun!) haramından utanmadığı bir vaxtda işıqlı İncəli insanları bu dünyada doğrudan-doğruya qərib görünürlər.İncəlinin istənilən birinə fikir versəniz dediklərimin təsdiqini tapacaqsınız. İncəlilərin müasir dünyamızda ayrı bir mənəvi-ruhani iqlimi var. Rafail İncəyurdun öz sözləri ilə desək "Əlini ətəklərə uzatmaq helimi, damlasını dərya etmək qabiliyyəti yoxdur İncəlilərdə. İnternetin o saytından vurub bu saytından çıxmaq, filan ölkənin qapısından girib, bəhmən ölkənin pəncərəsində görünmək İncəlinin işi deyil. İncəlininki dediyini halal demək, sazını halal çalmaqdır. Qədim, çox qədim Türkün ruhunu yaşatmaqdı, müasir Türkün genini qorumaqdı İncəlinin işi.". Elə ona görə də Rəfail İncəyurd yaşadığı bu dünyanın gərdişinə qarşı poetik etirazını boğa bilmir.
Mən elə bilirdim gidi dünyada
Haqlını nahaqdan seçə bilmişəm
Sən demə yalanmış
aldığım "beş"lər,
Nəyisə azacıq öyrənəndə
də,
Uzağı,...uzağı
üçə bilmişəm.
Şeirdən də
göründüyü kimi Rafail İncəyurd mövzu
arxasınca qaçmır, müşahidələrini
şeirin diliylə ifadə edir. Onun şerlərində fikir,
məqsəd, qayə aydındır. Taleylə,
ömür-günlə, yaşamla bağlıdır bu
şeirlər. Hamısında da halal bir insan
ömrünün yaşadığı və
yaşayacağı günlərin sevinci, nisgili göz
önündən gəlib keçir.
Akif Səmədin Məmməd Dəmirçioğluna
yazdığı bir "arkadaş" şeiri var. Yəqin
ki, oxumamış deyilsiniz. Olduqca tutumlu, gözəl
şeirdir.
Bütün yollar dolanıban
dünyanı,
Kəndə dönür, kəndə
dönür arkadaş
Üz çevirməz bəndəsindən
yaradan,
Bəndə dönür, bəndə
dönür arkadaş.....
Bir "arkadaş" rədifli
şeir də Rafail İncəyurdda var. Akif Səmədin həmin
rədifli şeiri ilə bir boydadır desəm, mənə
elə gəlir heç də yanılmaram.
Zamanə atının yəhəri
boşdu,
Sən də düşəcəksən,
mən də, arkadaş.
Alnında nəyin var O yazan yazır,
Daha bizdik döyül bəndə, arkadaş.
Barı çalışdınmı uşağa, öyə,
Neylədin, nə verdin gəldiyin köyə,
Bilirsən, axırda ruhumuz göyə,
Cismimiz köçəcək kəndə, arkadaş.
Şirindi bu cahan, o cahan -gözəl,
Dərgahın eşqiylə darıxan-gözəl,
Çaşdırsa üzünə xoş baxan gözəl,
İman da xoş getdi,
din də arkadaş.
Necoldu "atlanın, getdik" deyənlər,
Hanı üzəngilər, hanı yüyənlər?
Vətən sinəsinı çöküb
yiyənlər,
Gülür ağrısına gendə, arkadaş.
O, əski ruhlara o qədər yadıq,-
Mövlanı köməyə çağırammadıq.
Vaxtında yoğrulub, yoğurammadıq,
Küt getdi nə qədər kündə, arkadaş.
Çökdüm
için-için içimə
görə,
Bir kövrək karvanam
köçümə görə.
Dərdimi çəkirəm gücümə
görə,
Çəkirəm bax belə gündə, arkadaş.
İkisində də İncəli
nəfəsi, incəli
gileyi var. Rafail İncəyurd öz taleyini, öz dərdini, öz ağrısını, acısını
bax belə gətirir şeirə.Və
təbii bu ağrı təkcə şairin öz şəxsi ağrısı
demək deyil. Bu ağrı həm
də neçə-neçə
halal Vətənoğlunun,
Topaqoğlunun ağrı-acısıdır.
***
O,mənə
mürşüdüm Akif
Səməddən yadigar
qalan dostlardandır. Hər onu görəndə A.Səməd gəlib durur gözümün qabağında.Nə qədər
üstün cəhətləri
olsa da bu,
Rəfail bəyin məndən ötrü ən üstün cəhəti məhs budur.
Harama yol tamah
Hamıda bol tamah
Xanıydım
qul tamah
Məni qul eylədi
- deyir
dostumuz Məmməd Dəmirçioğlu. Dədə
Ələsgər də
deyirdi ki: "Nəfs aldatdı hər yetənə Xan dedim".Rəfail İncəyurd tanıdığım
tək-tük adamlardandır
ki, nəfsini yandırıb ömrünü-gününü
mənəvi saflaşmaya,
dünyanı dərkə,
haqqa həsr edib. Tanrı əvəzini versin.
* * *
"Şairi tanımaq üçün
vətənində olmalısan"-bilmirəm bu sözü kim deyib,nə vaxt
deyilib.Olduqca tutumlu ifadədir.Bu ifadənin canında şair vətəndən başlanır
həqiqəti yaşayır.Bu
həqiqəti İncə
dərəsinin təbiəti,doğma
elin ruhu yaşadır.
Torpaq da canlıdı,insan
kimidi
Onun da öz səsi,öz nəfəsi
var.
Deyirdi rəhmətlik Aslan
Kəmərli.Bu misranın
təsdiqi kimi hər dəfə R.İncəyurdun İncə
şeirləri yadıma
düşür. İncədə yazılan yox ha. O, şeirlər məni gözəlim İncə dərəsinin əhvalına
kökləyir.
Rafail İncəyurdun kitablarını
heç vaxt bekarçılıqdan oxumuram.Mən
Rafail İncəyurdun
kitablarını onun tərənnüm etdiyi,mənə olduqca doğma olan duyğuları,düşüncələri bir daha ürəyimdə
yaşatmaq üçün
oxuyuram.
Yurd yeridir o baxışlar, ora bax,
Uca dağda bəyaz-bəyaz
qara bax.
Üzündəki
işığa bax, nura bax-
Mövlanədi,
mövlanədi, mövlanə!....
Sitat gətirdiyim bu
bir bənd şairin əsil insan etalonu olan
el ağsaqqalı, professor Camal
Mustafaya yazdığı
şeirdəndir. Bu gün həmən o Mövlanəliyi mən həm də Rafail İncəyurdun özündə görürəm.
Nur tökülür üzündən-gözündən.
İpək kimi səsi
ilə də Camal Mustafa kimidir R.İncəyurd. Bütün bu
oxşarlığın kökündə
isə tək bir şey durur
ki, o da təmiz ruhdur. Tanrıdan gözəl ruha sahibdir Rafail İncəyurd.O, ruha ki, şeirlərinə bər-bəzək vurur.
Şeir nədir?-fikir və duyğuların
ölçülü-biçili ifadə forması. Onu isə diqtə edən ruhdur. Rafail İncəyurdun şeirlərindəki
insanın yaşam tərzinə baxıram.
İlahi insan nə qədər də ali
olarmış? Bu günsə
insan az
qala iblislə qol-boyun olub. Deməli, insanda yeganə insani nəsnə olan ruh öləzimədədir.
Belə məqamlarda cəmiyyət
olaraq hamımızın
insanlıq naminə Rafail İncəyurd şeirinə, Rafail İncəyurd sözünə
ehtiyacımız var.Tanrı
qorusun.Ruhu ucalıqdan
enməsin inşallah.
Həmid ORMANLI
Ədalət.-2012.-28 yanvar.- S.17.