İNCƏLİ
QAÇAQ İSMAYIL
ETÜD
(akvarel)
Çəliyinə söykənib
üzü "Dəyirman çala baxırdı. Nələri
düşünürdü görəsən.
Yaş öz sözünü
demiş, həyatın çalın- çarpaz yolları,
amansız və islah olunmaz qanunları, bəxtin,
yığvalın pozulmaz yazıları, Tanrının dəyişməz
hökmü günbəgün, anbaan çin olmuşdu qənçərində.
Ömür-gün yoldaşı
Şərqiyə xanımla köçüb getdi hər
növrağı aşıq Sadıq Avdıoğlunun. Xeyli
zamandır ki, saz onun gözönün qabağında, o da
sazının qənşərindəcə bir- birinə həsrət
bayatıları oxuyurlar...
Maşın səsinə qamətini
düzəldib geri qanrıldı. Çəliyi əlindən
düşdü. Saralmış tüklü cöhrəsinə
təbəssüm çiləndi sanki. Qollarını
açıb mənə sarı yeridi. Ev-eşiyi, həyət-bacası,
bağ-bağçası da qocalmışdı elə bil.
Bir vaxtlar bacasından tüstü əskik
olmayan qara damın çalası uçmuş, qapqara pərdələr
yerindən sürüşüb sınıq qollar kimi
aşağı sallanmış, petləsindən qopub əyimiş
köhnə qapı əyilmiş qamətə bənzəyirdi
.
Evinə gələn qonağa
süfrə açmasa, sazla, sözlə könlünü
almasa dinclik tapmazdı, ürəyi sakit olmazdı...
Adəti üzrə xoşgəldin
edib əli bıçaqlı çölə çıxmaq
istədi. Bir zamanlar qoyun-quzu mələşməsi,
toyuq-cücə, qaz- hinduşqa səsi aləmi başına
götürən həyət-bacada gözə heç nə
dəymirdi. Köhnə çalanın altında eşələnən
biri qara, biri boz toyuqlardan başqa. Mətləbini başa
düşmüşdüm. Bu işindən onu geri döndərmək
olmazdı, yumurtalarına ehtiyacı olmasaydı var-yox bu bir
cüt toyuğun.
Söz-söhbətə
başladıq:
-Ay qardaş, heç nə
lazım deyil, gəl otur görək, bir az söz- söhbət
edək- deyib, biçağı əlindən aldım.
Doğrudan da qocalığın rəngi
üz-gözünə hopub, şux, yaraşıqlı qaməti
əyilmiş, yerişi-duruşu uçunur bu İncəli
ozanı ustad aşıq Avdı oğlunun...
Bir zamanlar böyük şövq
ilə söylədiyi, özünün araya ərsəyə
gətirdiyi "İncəli qaçaq İsmayıl" dastanını
yenidən öz dilindən dinləyib "İnsan mənzərələri
üçün qələmə almaq istəyi ilə gəlmişdim
ustadın hüzuruna. Bu bənzərsiz igid Qaçaq Kərəmin
ən sadiq dostu, silahdaşı, məsləkdaşı
olmuşdur. Hətta Qaçaq Kərəm bir dəfə - Ay
İsmayıl, bu igidliklərin adı mənim, özü isə
sənindir- deyə etiraf da edibmiş.
Nəhayət ki, məqsəd və
məramımı açıqladım:
- Ustad, budəfəki səfətimdə
səndən bir iltimasım olacaq- deyib, hardan, necə
başlayacağımı fikrimdə sahmanlayaraq çəliyinə
söykənmiş bu sonuncu İncəli mogikanın seyrəlmiş
ağ saçlarına, tük basmış solğun cöhpəsinə
baxdım, gözlərim yaşardı.
- Buyur, Dəmirçioğlu,
görək bu qoca vaxtımızda bir şeyə yaraya bilərikmi
- deyib, çəliyinə mətərisləndi.
-Yadında olar, ustad,- deyib
sözə başladım.
Bir zamanlar məclislərimizin
birində qaçaq İsmayılın necə
qaçaq Kərəmlə
görüşüb dostlaşmasını,
İncə dərəsinə
necə səfər etdiklərini danışmışdın.
Özün bilirsən ki,
"İnsan mənzərələri"
kitabını tamamlamaq
istəyirəm. İndi
isə İncəli qaçaq İsmayılın
mənzərəsini işləmək
məqamı gəldi
və bu işdə mənə yardımçı ola biləcəyini bilib hüzuruna təşrif buyurdum.
Dərin xəyala getmişdi.
Elə özü də bir zamanlar gülləri,
bülbülləri çağıran,
saz havasında cezv olub sinəsini
yırtıb dağıdan
bülbüllərini çiçək
nəfəsiylə məst
edən, indi isə baxımsızlıqdan
yabanı meşəni
xatıladan bagına,
baxçasına bənzəyirdi.
- Getdi o günlər, Dəmirçioğlu,- deyib bağı
göstərdi:- Yadında
olar o günlər. Bax bu kötüyün üstündə oturub saz çalıb oxuduğumuz günləri
deyirəm.
Doğrudan da heyrətdən donub qaldığım o günlər bir an içindəcə gözlərimin
önündə canlandı...
Eşq ilə sazına
sarılmış aşıq
Sadığın səsi,
bülbüllərin cəh-cəhi,
yarpaqların pıçıltısı,
al-əlvan quşların
rəngarəng səsləri
saz havasına qoşulub ən könülsüz insanları
belə riqqətə
gətirirdi. (Mən eşitmişdim ki, aşıq Ədalət Nəsibov Göyəzənin ətəyində
saz çalarkən haradansa bir bülbül
uçub gəlmiş,
saz havasında pərvanə şamın
başına dolanan kimi Ədalətin başına dolanıbmış).
Həmin
gün isə aşıq Sadıqla bülbülün necə
deyişməsinin şahidi
olmuşdum. Ola bilsin ki, mənim
bu hekayətimə inanan olmasın. Ancaq bu bir həqiqət
idi. Güllü-çiçəkli baxçadan ayrılıb
bizim məclisimizə
təşrif buyurmuş
bir bülbülün
aşıq Sadıqla
deyişməsinin şahidi
olduq. Aşıq Sadıq çalıb-oxuyanda
bülbül susurdu, aşıq Sadıq susanda bülbül cəh-cəh vurub oxuyurdu. (O zaman həmin məqamı lentə köçürmüşdük
və səhv etmirəmsə oğlu Vüqarın arxivində saxlanılır)...
- Soyuq olar- deyib məni
içəri dəvət
etdi. Sazı köynəkdən çıxara-
çıxara:
-Ayə, vallah inanmırlar qocalmağıma. Xəstəlik bir yandan, qocalıq
bir tərəfdən,
tənhalığın miskinliyi
də bir yandan. Mən indi sənə necə kömək edim - deyib, aylarla
əlinə götürmədiyi
şirmayı qollu sazın qayışını
çiyninə keçirdi:
- Elə sazım da özüm
kimi qocalıb - deyib, paslı simlərə sığal
çəkdi, şirmayı
aşıqları cırıltıyla
sağa-sola çəkib
simləri köklədi,
qaxaca dönmüş
barmaqlarını pərdələr
üzərində tərpətdi.
-İndi
mənim çalıb-oxumağım
özünü biyabır
etmək kimi bir şeydir. Daha nə barmaq işləyir, nə göz görür, nə qulaq eşidir-desə
də zarafatlarından
da qalmır, arasıra maraqlı lətifələr söyləyirdi.
Dəftərimi çıxardım, əlimi cibimə salıb qələmi çıxarmq istədim ki danışdıqlarını
qeyd edim, sən demə yadımdan çıxıb,
qələmi götürməmişəm.
-Qardaş, qələmi unutmuşam, bəlkə evdə qələmin ola- deyəndə qımışdı:
-Səninki lap qardaşım Sədinin ov əhvalatına oxşadı.
-Necə əhvalatdı?-deyib söyləməsini xahiş
etdim.
-Bir gün qalın qar düşdüyünü
görən traxtirist Qını Sədiyə deyir ki, ay Sədi,
əsil dovşan ovu havasıdır, gəlsənə səhər
tezdən ova çıxaq.
Ov həvəskarı olan Sədi dərhal razılaşır. Xanımı Əsabəyə axşamdan
tapşırıqlarını verir. Səhər tezdən Əsabə
xanımın hazırladığı
azuqələri götürür,
tüfəngini çiynindən
aşıraraq Qini ilə birlikdə ova çıxırlar. Cüryəllini aşıb, Göyvəlliyə
tərəf enəndə
Qını "Belarusu"
saxlayıb aşağı
hoppanır. Dovşan ləpirlərini
Sədiyə göstərir.
Sağa, sola səpələnmiş
ləpirləri görən
Sədi sevinərək
"Amma nə qıracağam"-deyib tüfəngi çiynindən
aşırıb əlini
belinə aparır ki, patrondaşdan güllə çıxarsın,
Bıyyy!!!- edib
Qınıya baxır:
-Ayə, ay Qını, patrondaş evdə qalıb, həncəri!
Sədinin bu yazıq halına
baxan Qını:
-Amma nə qıracaqsan.- deyib bərkdən
şaqqanaq çəkir.
Nədənsə pəsə kökləmişdi
sazını. Həzin-həzin
inləyən saz, payızın son ayı,
son yarpaqları da yellənə-yellənə düşən
baxımsız bağ-
baxça, pərdiləri
sınıq qollar kimi aşağı sallanmış, buxarısı
çoxdan ocaq görməyən qara dam,
evin qənşərində
qayaları üşüyən
"Dəyirman çal"ı...
Sazla ozan barışmışdı
deyəsən. Ağır- ağır
ləngərə gəlirdi
dünya sükutu, payız hicranı, qəmli ağaclar, bir də üstündə
bir neçə qönçəsi açılmamış
qalan qızıl gül kolları. Xəyal isə məni lap uzaqlara, dostların sağ, keflərin çağ vaxtına aparmışdı...
Aşıq Sadıqgildə binələnmişdi
məclisimiz. Budəfəki səfərimizdə ölkəmizin
görkəmli Türkoloqu,
bütün incəlilərin
dostu Ramiz Əsgər də ziyarətinə gəlmişdi
İncə dərəsinin.
Qoçaqlığı, qonaqpərvərliyi
ilə İncə dərəsində ad-san qazanmış
Şərqiyyə xanım
(aşıq Sadığın
ömür- gün yoldaşı, Allah rəhmət
eləsin) löyün-löyün
yeməklərin arasnı
kəsmir, buğlanan bozartmalar, kabablar soyuduqca istisi ilə əvəz edir, növ-növ turşuların, zoğal araqlarının ardı- arası kəsilmirdi.
Akif Səməd masabəyi
idi. Məmməd İlqar ağsaqqal
olsa da çox
vaxt ya Akif
Səmədi, ya Rəfail İncəyurdu, bəzən də məni masabəyi seçərdi. Mükəmməl
bir məclis, kamil bir ozan,
İncə çayının
sağ tərəfində
cənnəti xatırladan,
çiçəkləri qoxuşan,
bülbülləri oxuşan
bağ-bağat, bu bağın içində
Aşıq Avdı nurundan pay almış aşıq Sadıq ocağı- saz, söz xanimanı. Ağamalı Sadiqi təzəcə
itirməyinə baxmayaraq
qonağımız Ramiz
Əsgəri yaxşı
qarşılayırdı İncəmiz,
İncəlilərimiz.
Məclisin şirin yeri
idi. Aşıq Sadıq - "Hazarat, badələri doldurun"
- dedi. Başı xamırlı şüşələrin
hamısı boşalmışdı.
Saqilər him-cimlə şüşələrin
boşalmasını işarə
etdilər. Elə
bu ara
Şərqiyyə xanım
Sadığa yaxınlşıb
qulağına nəsə
pıçıldadı. Məclis əhlinin
dalağı sancdı,
ani bir sükut
çökdü məclisə.
Gümanımız düz çıxmışdı
deyəsən. Sadıq
məyus halda ayağa qalxıb:
-Dostlar, bir qara xəbər
aldıq-deyib ciddi bir görkəm aldı. Hamının
gözü aşıq Sadığa zillənmişdi.
-Bizim qarı araq süzərkən
iyirmi litrlik balonu əlindən salıb sındırıb.
Zoğal arağı sel olub ev-eşiyi basıb gedir - deyib
sonunu zarafata çevirdi. Zoğal arağından
doymamış məclis üvləri bir-birinin üzünə
baxışdılar. Sükut hələ də davam edirdi. Birdən
telli sazın sədası hamını fikirdən
ayırdı.
- Aaz, a qarı, o zapasnoylardan,
saxlanclardan bəri elə görək - deyib saza bir mizrab
çəkdi. Hə mənim əzizlərim, indidə sizə
özüm bəsdələyib, özüm dəstələdiyim
dastandan bir parçanı hüzurunuza ərz edəcəyəm-
deyib, İncəli Qaçaq İsmayılın qaçaq Kərəmlə
görüşməsini və İncəliyə olan səfərini
danışmağa başladı.
Məmməd
Dəmirçioğlunun təqdimatında
Ədalət.-2012.-28
yanvar.- S.18.