Oxucunu işığında saxlayan şair

 

   Son zamanlar çox kitablar işıq üzü görür. Amma hər kitab oxucunu öz işığında saxlaya bilmir. Məni bu kitab haqqında yazmağa onun kitabdakı şeirlərinin işığı çəkdi.

   Poeziya haqqında çox fikirlər var. Bu maraqlı deyimlərdən biri də V.Q.Belinskinin yazdığıdır: "Poeziya həyatı bir imkan kimi yaradıcı surətdə yenidən yaratmaqdadır. Buna görə də,o şey ki, həyatda ola bilməyən şey poetik ola bilməz. Poeziyanın bu cür müəyyənləşdirilməsi fantaziyanın üzvi surətdə ruhun digər qabiliyyətləri ilə və daha çox ağılla başlayır. Həyatı əks etdirə bilmək üçün hətta yaradıcılıq istedadı da azdır, həyatı anlamaq üçün gərək ağıl da olsun. Kim istəsə ki,kağız üzərində də, yazdığı şeirlərdə də şairliyi görünsün, o gərək əvvəlcə qəlbən şair olsun. Öz təbiətinə uyğun olaraq həyatın poetik tərəfini görsün. Poeziya təkcə kitablarda deyil o həyatın öz nəfəsindədir ".

   Haqqında danışacağım "Hamı işiqdan keçir" kitabının müəllifi şair Nurafiz də məhz ədəbiyyata işıqdan gəlib. Çox da ki, ədəbi sahədə çalışmır, amma ədəbiyyata çox bağlıdır:

 

   İndi hər şey satılır,

   Təkcə dərd-qəm müftədir.

   Məni əsir götürüb-

   Tənhalığım kefdədir.

 

   Quşlara zəng edəcəm,

   Mənə qanad göndərsin.

   Daşlara zəng edəcəm,

   Dözüm, inad göndərsin.

 

   Çoxdan zəng vuran yoxdu,

   Məni sükut dəng edib.

   Bəlkə də bu şeirlə

   Allah mənə zəng edib.

  

   Bu şeir Nurafizin yaradıcılığının qibləsidir, yönüdür. Şair Tanrı ilə üz-üzədir. İstəyir ki, səsi Tanrının qulağına yaxşı çatsın. O, dərdi özünə doğma sanır ki, qələmə sarmaşıb. Bu haqda özü daha yaxşı deyib:

 

   Deyirlər, Nurafiz dərdə qurşanıb,

   Mən dərdi çəkəndə adam oluram.

   Bir sözə can verib yaşadınca mən,

   Hər gecə söz üstə edam oluram.

 

   Nurafiz sözə ehtiyatla yanaşır, sözün qədrini bilir, bir sözlə, vərəq korlamır, sözü göyərtməyə can atır:

 

   Siqaret çəkən kimi,

   Dərd sümürür içimi.

   Böyüdükcə heyrətim,

   Dünya yaman kiçilir.

 

   Görünməyir bələdçim-

   Yoluma çıxsın mənim.

   Özümə sığmayıram,

   Səbrimi udur qəmim.

 

   Allah, haray çəkirəm,

   Görən yoxdu bu dərdi.

   Susdum ki, lalam daha,

   İçimdən söz göyərdi.

  

   Nurafizin şeirlərində ata yurduna məhəbbət, anaya sevgi xüsusi diqqəti cəlb edir.Anasına yazdığı məktub oxucunu düşündürür, kövrəldir. Bu adi məktub deyil, burda ağrı var, giley var, həm bu gileyin içində qəribə bir tale var:

  

   Gümanım daş altdan boylanan çiçək,

   Açılmır yığvalın paslı kilidi.

   Ay ürək, sən Allah, əlimdən əl çək,

   Əllərim cibimdə məhbus kimidir.

  

   Gözümün içində yorğan bir nida,

   Belədən-beləyə yelləyir papaq.

   Elə ki, əllərim qalır daş altda,

   Adını tuturam Allahdan qabaq.

  

   Y.Etiqindin dediyi kimi "Şeir klassiklərin poeziyası yox, gerçəklikdir. Ancaq bu gerçəklik həyatın tip-atip kopyası deyil, şair güclüsünün mimikasıdır". Nurafizin şeirlərində təzadlar gerçəkliyin vəhdətidir. Şair sevgi şeirlərində vəhdəti daha dəqiq təsdiqləyir:

 

   Sən gedəli, əzizim,

   Ünvansız kimiyəm mən.

   Sahilə həsrət qalan,

   Yelkənsiz gəmiyəm mən.

 

   Sənə günəş desəm mən, -

   Səndən uzaq ulduzam.

   Səhralarda yol azan,

   Su axtaran susuzam.

  

   Qəm əlində itmişəm,

   Həsrət gülür üzümə.

   Ürəyidə getmişəm,

   Məni qaytar özümə.

   

   Şeir təkcə qafiyə düzümü deyil, təbii olmağın məhsuludur. Kitabı vərəqlədikcə bir-birinə bənzəməyən mövzularla rastlaşdım. Böyük şairimiz Rəsul Rzanın xatirinə yazılmış bir şeir diqqətimi daha çox çəkdi:

  

   Eheyghara tələsirsən,

   Cavan şairlərin qardaş sandığı

   Tanrı misallım.

   Axırıncı şeirini yazmadın,

   Səndən sonra

   tumurcuqlar "dil açacaq",

   "üzü küləyə doğru"

   ağaclar şeir oxuyacaq.

  

   Əslində Nurafizin bütün şeirləri haqqında söz deməyə çox sözüm var, çünki şeirlər özü Sözə gəlir. Kitabının adını əbəs yerə "Hamı işıqdan keçir" adlandırmayıb, çünki işıqlı adamlar hamını işıqlı görür. Kitaba ön söz yazan istedadlı şair Rafiq Hümbətin bir sözünü xatırlamaq istəyirəm: "Mən Nurafizdən daha öncə onun şeirlərilə dost olmuşam".

   Mən bu fikrə qoşuluram. Nurafizin şeirlərini oxuyan hər bir oxucu onun şeirlərilə dostlaşa bilər. Şair qardaşıma uğurlar arzulayır, həmişə yolun işıqlı işığın sönməz olsun deyirəm.

 

 

   Fərqanə Mehdiyeva

   "Ulduz" jurnalının poeziya

   şöbəsinin redaktoru

 

   Ədalət.-2012.-28 yanvar.-S.22.