SONA BÜLBÜLLƏR

 

   Qədirin qanadlı mələklərisiz

   Ay sona bülbüllər, sona bülbüllər

   Hayana uçursuz, uçun bəri siz,

   Bir az hayan olun ona bülbüllər.

   Ay sona bülbüllər, sona bülbüllər.

 

   Gəlin, nəğmə deyin sözünün üstdə

   Sizi mehman edər gözünün üstdə

   Yığışın başına dəstəbədəstə

   Coşsun, təbi gəlsin cana, bülbüllər.

   Ay sona bülbüllər, sona bülbüllər.

 

   Sizi yolunuzda, əridir canın

   Gəlin nəğmənizlə qoşa diyanın.

   "Yar", "yar" oxuyanda onu da anın

   Qoy gileylənməsin yenə, bülbüllər.

   Ay sona bülbüllər, sona bülbüllər.

 

   Dərin dəryalarda gəmisi qalıb.

   Onun biçilməmiş zəmisi qalıb

   Arzusu, istəyi-cəmisi qalıb

   Siz şərik olun buna, bülbüllər.

   Ay sona bülbüllər, sona bülbüllər.

  

   Əlini atıbdır o, yara dəyib

   Heyif yara deyil, divara dəyib

   Bəlkə huşa gedib dübarə dəyib

   Xatırlayır handan-hana, bülbüllər.

   Ay sona bülbüllər, sona bülbüllər.

  

   Gül göndərən yarı tapın gətirin

   Üz döndərən yara verin, yetirin

   Nəğməylə oyadın gülü, bitirin

   Qoymayın yarpıza dönə, bülbüllər.

   Ay sona bülbüllər, sona bülbüllər.

  

 

   Uçun pərvazlanın Qədir bağında

   Oxuyun, nazlanın solu-sağında

   Şıltaqlıq etməyin gül budağında

   Köksünüz boyanar qana, bülbüllər.

   Ay sona bülbüllər, sona bülbüllər.

  

   Bülbül sorağıyla gəzir dağları

   Yaşıl çəmənləri, güllü bağları

   Uzansın ömrünün vurğun çağları

   Səslənin, çatmasın sona bülbüllər.

   Ay sona bülbüllər, sona bülbüllər.

 

   Səsinin sehriylə ahu-zar çəkir

   Gözü yolda qalıb intizar çəkir

   Qəm yükü ağırdır o ki var çəkir

   İstəyər çiyninə qona bülbüllər,

   Ay sona bülbüllər, sona bülbüllər.

  

   İlahi nurunda, Yusif camallı

   Leyli həsrətiylə ürəyi qanlı

   Oxuyur eşq ilə Kərəm misallı

   Qoymayın alışıb yana, bülbüllər

   Ay sona bülbüllər, sona bülbüllər.

  

   Maşallah bu səsə, Allah, göz dəyər

   Kənar oxumayın, ona söz dəyər

   İnciyər, dayanar, bir az dincələr

   Qalarsınız yana-yana, bülbüllər.

   Ay sona bülbüllər, sona bülbüllər.

  

   Balalar eşidib, yuvaya sınır

   Çiçəklər oyanır, çəmənlər, dinir

   Səsi ucaldıqca dünya isini

   Qoymayın bu odu sönə, bülbüllər.

   Ay sona bülbüllər, sona bülbüllər.

  

   Çağırın Mustafa köməyə gəlsin

   O da öz sözünü deməyə gəlsin

   Balalar yığışıb yeməyə gəlsin

    Bir büsat yaradın ana bülbüllər.

   Ay sona bülbüllər, sona bülbüllər.

  

   Səsin sehrindəyəm fikrim yan gedir

   Eşqiylə yanaram, can qurban gedir.

   Qəlbimdə çağlayan bir ümman gedir

   Siz gəlin bu ümmana, bülbüllər

   Ay sona bülbüllər, sona bülbüllər.

 

 

   Hacı Hicran Ələkbər oğlu

 

   Ədalət.-2012.-31 yanvar.- S.7.