KÖHNƏ EVİNİZ

  

   Köhnə evinizdən varmı xəbərin?

   O gün qabağından keçəndə gördüm.

   Ot basıb qapını, tozdu hər yeri,

   Kimsəsiz yetimdi küçədə gördüm.

 

   Olsa da yazığın, yetimin biri,

   Evin bəziyirmiş küçəni gördüm.

   Qapı arasından baxdım içəri,

   Nə ananı gördüm, nə səni gördüm.

  

   Həmişə baxdığım saata baxdım,

   Sevgi tamamıydı,

   gözlərin aydın!

   Səni gözüm kimi qoruyacaqdım,

   Əgər gözlərimi bağlamasaydın.

  

   Hər dəfə görəndə, duyanda səni,

   Dirilən, yaşayan məni görmədim.

   Görmədim qabları yuyanda səni,

   Sənə qab daşıyan məni görmədim.

 

   Yer tutmaq özü də bir işgəncədi,

   Sağ olun açmısız ürəyinizi.

   Təzə evinizdə yerim necədi?

   Yoxluğum narahat eləmir sizi?

   

 

   BAĞIŞLAYIN,

   SƏHV DÜŞMÜŞƏM

 

   Evin yolunu tutub

   Başqa yerə gedirəm.

   Gedirəm, heç bilmirəm

   Nəyə görə gedirəm.

  

   Anama zəng eləyib

   Səninlə danışıram...

   Anam deyir: "A bala,

   deyirsən?"-çaşıram.

  

   Yenə evin yolunu

   Tuturam, buraxmıram.

   Mən gözümü açmamış

   Qapını açır anam.

  

   Deyir: "Bayaq bir səfeh

   zəng vurub yordu məni.

   Başında çatmır nədi,

   deyir sevirəm səni...

  

 

   VAĞZAL ADAM

 

   (Səlim Babullaoğluna)

 

   Özüm qucağımı açdım onlara,

   Mən özüm onların yoluna girdim.

   qara günümdə qaçdım onlara

   günlərinin qoluna girdim.

  

   Yaxşı ki, düşmədim ayaqlarına,

   Yaxşı ki, üzümü görmədilər heç.

   Başları qarışdı "uzaq"larına

   Yaxına fikir vermədilər heç.

  

   Uzaqlar yaşadır bu qatarları,

   Ögeylər çağırır niyə bilmirəm.

   "Ayaq saxlamayıb gedirsiz, barı,

   Bir ürək saxlayın" deyə bilmirəm.

 

   Gəlib ürəyimdən od apardılar,

   Mən adam deyiləm, odam, ay adam.

   Bu qatar adamlar qatardılar,

   adam kimi adam, ay adam.

 

   Su kimi, çay kimi axıb gedərlər,

   Hayana üz tutar qatarlar görən?

   Mən olmasam kimdən çıxıb gedərlər?

   Mən olmasam kimi atarlar görən?

  

   bir gələn kimi gəldim deyirlər,

   bir gedən kimi getdim demirlər.

   Bu qatar adamlar istəyirlər?

   Bu qatar adamlar istəmirlər?

 

   Baxıb qatrların itdiyi yola,

   Gücüm yox özümə bir yol eləyəm.

   Havada əl boyda bir yerim ola,

   Hamıya biryolluq sağol eləyəm...

  

 

   SAAT BİLİRSİZ NEÇƏDİ?

  

   İçimdəki zəlzələdən

   Ev uçulub, dam qalıb.

   Saat bilirsiz neçədi?

   Gündüzə axşam qalıb.

 

   Göylər bir stəkan çay,

   Günəş limon sarısı.

   Saat bilirsiz neçədi?

   Günortanın yarısı.

 

   Kimdisə qoymur yatım,

   Damarıma söz işləyir.

   Saat bilirsiz neçədi?

   Axşama gündüz işləyir.

 

   Gərək zaman da sussun,

   Sözüm vaxta qarşıdı.

   Saat bilirsiz neçədi?

   Bilməsəniz yaxşıdı.

  

 

   DƏNİZƏ DAŞ ATMAYIN

 

   Dənizə daş atırlar,

   Dalğalar yaralanır.

   Su sudan ayrı düşür,

   Su sudan aralanır.

 

   Ay Allah, bu adamlar

   Niyə dənizi üzür?

   Dənizə daş atırlar,

   Dəniz inciyir, küsür.

 

   Dənizə daş atmayın,

   Üzündə qalar izi.

   Gedin üzün dənizdə,

   Üzməyin bu dənizi.

 

   Dənizə daş atmayın,

   Dibinə təlaş düşər.

   Orda balıqlar gəzir,

   Başlarına daş düşər.

 

   Daş atmaq seçimin

   Qoymaram öhdənizə.

   Düşmən bu tərəfdədi,

   Daş atmayın dənizə.

 

   Yenə zalım uşağı,

   Gör dənizə neyniyir.

   Dənizə daş atmayın,

   Dəniz sizə neyniyir?

 

 

   KİŞİ AĞLAMAZ BELƏ

 

   Burax olanları vaxta bir qədər,

   Biraz səbirli ol, nəfəs al biraz.

   Özünü ələ al, toxta bir qədər,

   Doluxmaz, hıçqırmaz,hönkürməz, olmaz,

   Kişi ağlamaz belə.

  

   Ağlama deyirəm, ağlama sənə,

   Hirsini yaşından çıxarma bircə.

   İstəsən pay verim ağlımı sənə,

   Ağlını başından çıxarma bircə.

   Kişi ağlamaz belə.

 

   Həyatı kədərsiz, qəmsiz ötüşməz,

   Bu halla yaşamaq qoçaqlıq olar.

   Kişinin üzündə heç yetişməz,

   Kişinin üzündə quraqlıq olar.

   Kişi ağlamaz belə.

   

   Belə olmayıbdı bizim babalar,

   Babalar sınıb, ağlayıbdı.

   Birdən görən olsa söz-söhbət olar,

   Hamı bir ağızdan deyər: " Ayıbdı,

   kişi ağlamaz belə".

  

   Mən dayan dedikcə qəhərlənirsən,

   Güzgüdən baxanlar necə tərsdi.

   Sənə baxa-baxa kövrəlirəm mən,

   Məni kişilikdən eləmə, bəsdi.

   Kişi ağlamaz belə...

 

 

   Elvin Bakiroğlu

 

   Ədalət.-2012.-31 yanvar.- S.6.