Axtarış

 

Hekayə

 

 (əvvəli ötən sayımızda)

 

- O olub ki... hotelin keşiyini niyə çəkirsən? Nə itirmisən o çardaqda?  ...Gecəni də dirigözlü açdın...

- Səni sevirəm də... çox sevirəm... Sevgidi də bu! Bir də... Bilirsən, Manana, mən... hər gün öz xoşbəxtliyimi axtarıram...

- Tapmamısan ki?

- Həm tapmışam... həm də yox!

- Başa düşmədim! Məgər məni tapdığına sevinmirsən?

- Sevinirəm, əzizim, sevinirəm. Amma bu sevinci itirməkdən də qorxuram. Çünki...

Oğlan susdu. Onun canını soyuq bir gizilti bürüdü; lakin özündə güc toplayıb ürəyindən keçənləri dilinə gətirdi:

- Bilirsən... kişilər pul qazana bilməyəndə qadınların gözündə miskin görünürlər. Dünyada miskin görünməkdən pis şey yoxdur.

- Sən mənim gözümdə miskin görünmürsən axı! Tokay, de görüm nə demək istəyirsən e!

- Mən səni xoşbəxt etmək istəyirəm!

- Elə də! Kim mane olur ki? - dodaqucu dedi.

- Dalğıc! 

Qız şaqqanaq çəkib güldü. O, Tokayın zarafatlarını çox eşitmişdi, onun yumor hissini qiymətləndirirdi; Tokay söz üçün əlini cibinə salan oğlan deyildi. Manana hərdən Tokayın özünü filosoflar kimi aparmasına da öyrəşmişdi; ona bəzən saatlarla maraqla qulaq asırdı. Qız bu dəfə də oğlanın filosofluğuna rəğbətini gizlətmədi, düşündü: görünür, bütün sevənlər belə olur; o, bu ilıq duyğularla söhbətə yekun vurmağa çalışdı.

- Cənab dalğıc! Məni xoşbəxt etmək üçün Tokay olmaq lazımdır! Həm də unutma ki, söz sandığa girmir...

Qızın ikibaşlı sözləri Tokayı uzun müddət düşünməyə məcbur etdi; o, Manananı evə ötürəndən sonra da bu barədə xeyli götür-qoy elədi. Əvvəllər Tokaya elə gəlirdi ki, sevmək, sevdiyin qızla evlənib ailə qurmaq, oğul-qız atası olmaq su içmək kimi bir şeydir. Əvvəllər o, hər şeyə beləcə sadə və bəsit baxırdı. Onun üçün də, elə Manana üçün də həyat hoteldən ibarət idi; hotelin içi, çölü, yaşıl bağ-bağat, hava, yağış, günəş, ay, gecə-gündüz, Qara dənizin adamla dolu sahilləri, vəssalam! O, Mananaya aşiq olmuşdu, hər şeyə onun gözüylə baxırdı! Amma tale onu öz sevgisi ilə təkbaşına buraxandan sonra oğlan anladı ki, sən demə, həyatda nə qədər  anlaşılmaz, mürəkkəb  və müəmmalı şeylər var! O, daha xəyalpərəst adamlar kimi saatlarla düşüncələrə qərq olmadı, reallıqla yaşamağa başladı; daha yaxşı üzməyi öyrəndi! Tokay düşünürdü ki, onun dünyası ilə Sarpinin həyatı arasında bir elə fərq yoxdur, ikisi də eyni şeydir. Lakin o, öz şəxsi həyatının fərəhini dadmaq üçün bütün bunların az olduğunu da başa düşürdü.  O, həyatdakı yerini daha yaxşı görmək istəyirdi, Manana ilə birgə məqbul hesab elədiyi aləmdə yaşamaq istəyirdi. Tokay özü də bilmədən yeni quracağı ailənin yaşam tərzi, hədəfi və vəzifəsini anlamağa çalışırdı; sevən gənclər çox vaxt bu barədə düşünmürlər! Tokay əlli yaşdan sonra Aşot kimi qapıçı olmaq istəmirdi; o, düşünürdü ki, kişi gərək hər şeyi - təhsilini, evini, ailəsini, məişətini, rahatlığını otuz beş yaşa qədər təmin eləsin! Gözləməyə vaxt yoxdur! Lakin o, elə bu anlarda qəti əmin oldu ki, kişini səadətə aparan yol axtarmaqdan başlanır; bəli, bəli, kişi gərək daim axtarsın! Ölənədək axtarsın! Axtarmaq hər zaman yaxşı şeydi! Əslində biz hamımız axtarışdayıq! Kimi tapır, kimi tapdığını itirir, kimi itirdiyini tapır, kimi tapmır, heç vaxt tapmır! Çünki axtarmır! Mən onu xoşbəxt etmək üçün axtarmalıyam! İlk növbədə iş axtarmalıyam! 

Axşamüstü Nodar Canidzenin yanından çıxan Tokay çox ürəkli görünürdü; sahibkar ona hələlik hotelin həyətindəki bağçaya baxmağı tapşırmışdı; o, sabahdan gündə üç dəfə gülləri suvarmalı, ağacların dibini yumşaltmalı, dağın ətəyində salınan ekzotik bağın qeydinə qalmalı, yaşıllıqları göz bəbəyi kimi qorumalı idi. Bunun müqabilində həftəlik yetmiş beş lari alacaqdı. On beş həftə işləsə 1125 lari qazanacaq! Bir qədər qənaət eləsələr, min lariyə Mananaya nişan üzüyü də ala bilər! Əlbəttə, bu, müvəqqəti iş idi, yaxşı bağban tapan kimi Nodar onu başqa işə keçirəcək. Məsələn, onu hotelin maşın qarajına verə bilər; maşınlardan başı çıxır, vaxtilə tələbəlik illərində yay tətilləri zamanı rəhmətlik atasının gürcü dostlarının avtomobil təmiri emalatxanalarında motorçu işləmişdi.   

Hotel sahibinin ona iş təklifini Mananaya çatdırmaq üçün tələsirdi. Yolu keçib  sahilə düşdü. Yekəpər dalğıc dostları günəmuzd işə götürdükləri cavan oğlanı görüb onunla zarafat eləməyə başladılar:

- Deyəsən daha gündəlik beş lari qazanmaq istəmirsən, oğlan?!

- Səni bir-iki dəfə qızla görmüşəm... Adama salam da vermirsən!

- Hey bico, sən gözəl üzgüçüsən, sənin əsl yerin bax buradır. Gəl danışaq bizim xilasedicilər cəmiyyəti ilə, səni götürək, rəsmi müqaviləylə bizdə işlə də...

- Nə deyirsən, hə? Günəmuzd yaxşıdı, yoxsa?..

Bütün bunlara Tokay yalnız utancaq təbəssümlə cavab verdi. Sonra gündən qoruyan iri qırmızı güllü çətirin altında oturub pivə içən dostları onu stola dəvət etdilər. Doğrudur, dalğıcların yanına qayıtmışdı desin ki, sabahdan hotelə işə gedəcək. Amma dalğıclar onu qabaqladılar, zarafata saldılar, onu pivə və isti xaçapuriyə qonaq elədilər. Tokay da təzə işi barədə onlara heç nə demədi. 

O, adəti üzrə çimərlikdə qaynayan adamlara baxırdı. Birdən səhər gələn alman qadının uşaqları gözünə dəydi. Çimirdilər. Dəniz sakit idi. Tokay soyundu. Birdən-birə üzmək istədi. Dalğıclardan biri zarafatla:

- Nədir, gözünə qızıl balıq dəyib?

- Yox, buralarda qızıl balıq nə gəzir? Qızıl balıq Xəzərdə olur! - Tokay də zarafata həvəslə  cavab verdi. - Üzmək istəyirəm!- Bunu elə şövqlə dedi ki, elə bil təntənəli yürüşə hazırlaşırdı. Doğurdan da o, üzmək istəyirdi, uzağa getmək, bir qədər də özünü təzə gələn turistlərə göstərmək həvəsinə düşmüşdü. 

Sahildə, ləpədöyəndə oynayan alman uşaqları bir-birlərinin üstünə su çiləyirdilər, oğlan qızı qovur, qız qışqırır, yalın çiyinlərinə yapışan islanmış uzun saçlarını bağlamaq üçün qardaşından möhlət istəyirdi. Tokay uşaqların anasını aradı, qadın gözə dəymirdi; oğlan qeyri-ixtiyari suda boyverən ərazilərdə çimən adamlara göz yetirdi, xanım Şrayneri tanıya bilmədi, ya da qadın onların arasında deyildi. Birdən sahildən təxminən əlli metr aralıdakı ərazidə qadını gördü; xanım Şrayner suyun üzündə uzanıb sakitcə göyləri seyr edirdi. "Deməli üzə bilir! Yoxsa bu qədər uzağa gedə bilməzdi!" düşündü.

Tokay suya girməkdən vaz keçdi. Ondan yaşca böyük dalğıcların təklif etdiyi pivə şüşəsini başına çəkdi, xaçapuridən bir tikə ağzına saldı. Bir az öncə quzu kimi görünən dəniz qəflətən nərildəməyə, dalğalar bir an içində böyüməyə başladı. Su ilə odun imanı yoxdur! Dalğalar getdikcə daha sürətlə daşlı sahilə çırpılırdı; boyverən ərazidə çimən adamlar yavaş-yavaş sudan çıxmağa başladılar. Uşaqlar yenə çığırışa-çığırışa oynayırdılar. Havanın üzü birdən-birə dönmüşdü; Tokay gördü ki, xanım Şrayner üzə-üzə sahilə gəlir. Dalğıclar narahat olmağa başladılar: tufan qopa bilərdi. Sağ və sol tərəflərdəki qadağan olunmuş ərazilərdə də iki-üç nəfər gözə dəyirdi; dalğıclar səsgücləndirici götürüb dizəcən suya girdilər, uzaqda görunən adamlara xəbərdarlıq elədilər; sahilə iyirmi-otuz  metr qalmış Tokay gördü ki, xanım Şraynerin başı itdi. Arxadan isə nəhəng dalğa gəlirdi; dənizçilər bəzən buna "ölüm dalğası"  da deyirlər. Dalğa o qədər güclü oldu ki, qadının ayaqları suyun üzündə oynamağa başladı, əl-qolu görünmədi. Uşaqlar onların yanında duran adamlarla bərabər qorxa-qorxa "ana!" deyə çağırır, qız ağlayır, oğlan isə həyəcan keçirə-keçirə almanca nəsə deyirdi. Tokay bir andaca suya şığıdı, növbəti dalğanın içinə baş vurdu; dalğıclar onun dalınca nəsə qışqırıb motorlu qayığı işə saldılar; qadın batıb-çıxır, arası kəsilməyən dalğalar ona əl-qol atmağa imkan vermirdi...

Tokay bir əli ilə Şraynerin saçlarından tutub dartır, o biri əli ilə amansız dalğaların caynaqları arasında sahilə can atırdı. Çimərlikdəki rus, türk, gürcü, azərbaycanlı, erməni turistləri bu səhnəni təşvişlə izləyir, yaşlı qadınlar özündən iki dəfə ağır olan alman turistini sahilə dartan oğlanı göstərib deyirdilər:

- Uşaqda cəsarətə bax e!

- Şir ürəyi yeyib bu uşaq! Vallah, indi özü də boğulacaq!

- Görmürsən dalğıcdır? Onun vəzifəsidir! Bəs onlar nə üçündür? Hökumət onlara bir ətək pul verir!

- Müqəddəs Məryəm! Sən özün hər ikisinə kömək ol!

Müqəddəs Məryəm deyəsən sonuncu qadın səsini eşitdi; Tokay sahilə çatanda daha bir nəhəng dalğa gəlib onların ikisini də kəllə-mayallaq sahilə vurdu; o biri dalğıclar, ətrafdakı kişilər qadını və Tokayı sudan çıxartdılar. Qadın boğulmuş, üz-gözü, əl-ayağı gömgöy olmuşdu. Tokay taqətdən düşüb ayaq üstə güclə dayanırdı. Hamı qadının başına yığışdı, dalğıclar ilk yardım göstərir, qadının buza dönmüş bədənini başı aşağı sallayır, ona nəfəs verməyə çalışırdılar. Tokay bir qədər aralıda daşların üstündə oturub camaata tamaşa edirdi; uşaqlar ağlaşa-ağlaşa bir-birlərinə baxır, şiddətli dalğaların qərib ölkə qayalıqlarına çırpdığı gəminin sərnişinlərini xatırladırdılar. Qadının ağzından ağ köpüklər gəlməyə başladı; kimsə dedi:

- Uzadın yerə! Sinəsindən basın!

- Bax belə! Bir də! Bir də!

- Nəfəsi gəlir! Dilini çıxart! Nəfəs ver! Ay oğlan, niyə çəkinirsən, dodaqlarını arala, ağzınla nəfəs ver! Hə, bax belə!

- Rəngi özünə gəlir!

Hamı xilas olunanı düşünürdü, xilas edəni düşünən yox idi! Qadın özünə gələndən sonra Tokay qalxıb  yavaş-yavaş sahildən uzaqlaşdı; şoseyə çatanda artıq təcili yardım maşını hadisə yerinə tələsirdi. Tokay geri boylandı, adamların arxayın hərəkətləri xanım Şraynerin tamam özünə gəldiyini xəbər verirdi; uşaqlar analarını yelpikləyirdilər...

Növbəti gün qəsəbədə bu hadisəni hərə bir cür yozmağa başladı: yaşlı arvadlar deyirdilər ki, bir turist qadın iki uşağı ilə birgə dənizdə batıb, hava da elə buna görə açılmır.  Kimsə bildirirdi ki, yox, elə olmayıb, hadisəni qonşusu öz gözləriylə görüb: həmin turist alman qadınıymış, az qala boğulacaqmış, bizim dalğıclar onu xilas ediblər. Hoteldə, yaxındakı çimərlik ərazilərində dincələnlər isə danışırdılar ki, turist qadını arıq bir cavan oğlan sudan çıxarıb, özü də hardasa buralarda işləyir..

 

 (Ardı var)

 

Kamran NƏZİRLİ

 

Ədalət.-2013.-2 aprel.-S.6.