"Ən böyük rolum Cindir, taleyimlə
barışmışam"
Müsahibimizi
təqdim etmək üçün vərdiş etdiyiniz bər-bəzəkli
girişə ehtiyac yoxdur. Daha doğrusu müsahibəyə
girişi Gənc Tamaşaçılar teatrının girişindəcə teatrın
baş rejissoru Bəhram Osmanov verdi- "O kimdir ki, onunla
müsahibə edirsiniz?" cümləsiylə başlayan,
ömrünün çoxunu teatra sərf etmiş aktyora
müsahibə üçün məkan olaraq teatr
binasını çox görən, daha çox
çıxış əmri verən giriş.
İnsafən
Bəhram müəllim aktyorun
"nə?" yox, "kim?" sualına cavab verdiyini
öyrənmişdi. Məncə hər bir yaradıcı adam
"kimdir" sualını özünə verməlidir.
"Mən kiməm?" deyib özünü
axtarmalıdır. Vəssalam...
Aktyor
Vahid Əliyev özü-özünü bəxti gətirməmiş
hesab edir. Həm də 63 yaşında, ömrünün
çox hissəsini teatra sərf etdiyi zamanda bu qənaəti
təsirlidi. "Epizodik və yaddaqalan"... Kəbirlinskinin
məşhur təskinliyi... Hərçənd onun
üçün bu təskinlik olmamalıdı. Bəlkə də
o, yaradıcı qüvvəsinin çoxunu sərf etməyib...
-Vahid müəllim, repertuarda olan
neçə əsərdə rolunuz var?
-"Şeyx
Sənan"da, "Ələddinin sehrli
çırağı"nda, "Xırs quldurbasan"da. 4-5
rolum var.
-Deyəsən
teatrda həcmcə ən böyük rolunuz "Ələdinin
sehrli çırağında"kı Cindir...
-Bilirsiniz,
üç ildir ki, İctimai radioda öz layihəm əsasında
balacalar üçün Azərbaycan nağıllarını
oxuyuram. "Dədə Qorqud" dastanını da. Həftədə
bir dəfə bu proqram türk radiosu ilə müştərək
efirə gedir. İndi "Bilqamis" dastanını
uşaqlar üçün işləyirəm. Yox, radio
tamaşa deyil, mətni sadəcə oxuyuram. Amma babamın
nağılları adlı layihə də var - orada artıq
personajlar da olacaq. Baba mən özüməm və
personajları daha iki aktyor səsləndirəcək. Baba
bir-biri ilə dalaşan bacı qardaşı dinləyir və
onlara nəsihətamiz bir nağıl, əhvalat
danışır. Uşaqları mütaliəyə öyrətməliyik.
Çünki əgər baza, savad yoxdursa, insan bir-birini
anlamağa çətinlik çəkəcək.
-Sizin "Kuklalar" filmində
yaratdığınız fotoqraf Jorj müsbət bir erməni
obrazı idi. Buna görə filmlə bağlı, obrazla
bağlı hər hansı narazılıqlar olmadı ki?
-Yox,
mən o filmə təsadüfən düşdüm. Şəklimi
göndərmişdim. Rejissor mənimlə görüşmək
istədi. O məndən ilk olaraq Azərbaycan-Ermənistan
konfliktinə münasibətimi soruşdu. Və dedi ki, məni
erməni roluna çəksə mənim buna münasibətim
necə olar. Onda da dedim ki, mən Məlik Dadaşovdan
artıq sənətkar deyiləm. Məlik müəllim ermənini
oynayıbsa, mən niyə oynamayım ki...
-Məlik müəllim
oynamamış olsaydı, ilk dəfə erməni obrazı, həm
də müsbət yaratmaq istəməzdiniz?
- Mən
beynimdə bu məsələləri çözələmişəm.
Ermənilərdə günah görmürəm. Biz
özümüzə, torpaqlarımıza qiymət verə
bilmiriksə, erməni neynəsin? Məni düz başa
düşün. Həm də orada erməni fotoqrafı sadəlövh
kimi oynamamışam. Diqqətlə baxsanız, o sadəlövhlüyün
altında bir hiylə var.
-Sizcə, sadəlövh erməni
ola bilməzdi?
-O, sadəlövhlüyün içində
biclik var. O millətin xəmiri
bununla yoğrulub. Mən gördüklərimdən
bu qənaətə gəlmişəm. Ataların
sözü var-südlə gələn sümüklə gedər.
Amma mən filmdə çalışırdım ki,
müharibədən sadə insanların əziyyət çəkməyini
göstərə bilim...
Həm də ermənilər Azərbaycanda pis
yaşamayıblar. Hətta bizdən daha yaxşı
yaşayıblar. Ən yaxşı yerlərdə
işləyirdilər. Mən şovinist
deyiləm, bütün insanlar mənim üçün alidir.
Amma insan özünə, öz millətinə
dəyər verməyi bacarmalıdır. Öz
millətini yüksək tutmalıdır. Biz
özümüzü qiymətləndirməliyik.
-Reallıqda sizi incidən narahat edən
problem nədir?
-Bizdə
kitab oxumurlar. Hami internetlə məşğuldur.
Bilmirəm, bəlkə mənim internetdən
başım çıxmır, amma kitab başqa şeydir.
Kitabla təxəyyül inkişaf edir. Kitab oxunulmaması qorxuludur, hətta təhlükəlidir.
Təhsildə əcaib sistem var- Hamı universitetə qəbul
üçün müəllim tutur. Bu nə deməkdir?
Mən oğluma müəllim tutmadım. Çox çalışdı, asan olmadı, amma
aktyorluğa özü repetitorsuz qəbul olundu.
-Sizi Moskvada Bədaye
teatrında saxlamaq istədilər. Qalmadığınız
üçün peşman olmadınız ki?
-
Çox peşmanam. Anamın "Qayıt gəl"
sözü ilə, kortəbii sevgisi ilə qayıdıb gəldim.
Amma mənim familiyam orda daha çox lazım
idi. Bizim millətin adı
üçün lazım idi. Nə isə..
- "Kuklalar" xaric, əksər
rollarınız epizodikdi, kiçik personajlar, tirlərdir. Qəhrəman oynamamağınız bir inciklik,
küskünlük yaratmır ki sizdə?
- Əgər rejissorlar məndə böyük rollar, qəhrəmanlar
görmürlərsə mən nə edə bilərəm? Aktyor sənəti
asılı sənətdir. Rejissordan
asılıyıq. İncitməyə
qalsa, bu məni incitmir. Mən artıq
taleyimlə barışmışam. Mən kim olduğumu bilirəm. Özüm
özüm üçün bilirəm. Amma
arzusunda olduğum bir rol var- Kral Lir rolu var. Onu istəyirəm.
Amma ona da ümidim yoxdu... Kimdir axı mənim
üçün repertuar hazırlayan?
-Teatrın
qədirbilməzliyi, unutqanlığı, bir tənhalıq, tragizm
gətirir həmişə. Mən Çaplinin "Rampa
işıqları"nı xatırlatmaq
istədim. Sənətin bu faciəviliyini hiss edirsiniz?
- Niyə
etmirəm ki? Hamıdan da yaxşı hiss edirəm. 7 yaşımdan səhnədəyəm. Məktəb
səhnəsi, universitet səhnəsi, teatr səhnəsi...
- Təqaüd
yaşından aktyorların işdən
çıxarılması məsələsi də var...
- Hə, 65
yaşından olmalıdı. Amma xoşbəxtlikdən
əməkdar artist olduğuma görə mənim 70
yaşımadək şansım var.
-Ümumiyyətlə,
özünüzü səhnədən kənarda təsəvvür
edirsiniz? Nə ilə məşğul
olarsınız?
- Mənim
bəxtim onda gətirib ki, hər şeydə maraq dairəmi tara bilirəm. Yəni, səhnədə
artıq bacarmasam, mənim sonrakı sevgim torpaqdı. Bir dəfə maraqlı bir şey gördüm.
Bulvarda dincəlirdim, birdən bir qadının
qışqırığını eşitdim-uşağa
dedi: "torpaqdan uzaq dur, üstünü bulayacaqsan". Niyəsə
mən o qadının sözündə qısqanclıq hiss
etdim. İnsan ananın torpaq anaya
qısqanclığını hiss etdim. Səma
-hava insanı saxlamır, su yenə də saxlamır, vurub
çıxarır üzə. Yeganə
insana qucaq açan torpaqdı. Çox
maraqlıdı. Yeganə anadır ki, o
insanı yoxa da çevirir, qidalandırır.
-Belə
anladım ki, bağ-bostanla məşğul olmaq istəyirsiniz.
Buna şəraitiniz varmı.
-Yox, hələ
ki yox. Amma Bakı kəndlərinin birindən
torpaq sahəsi alacağam. Mənim
uşaqlığım torpaqla bağlı olub. Badamdarda
balaca həyətimiz vardı...
-Baba olmusuz?
-Hə,
qız nəvəm doqquzuncu sinifdə oxuyur. Oğlumu
da təzə evləndirmişəm.
- Teatrla bağlı yuxular
görürsünüz, maraqlı olanları var?
-Əvvəl çox görürdüm. İndi
soruşsanız, mən cəmi iki saat yuxu yatıram sutkada.
Əsəblərim pozulub. Tamaşalarda
maraqlı əhvalata qalanda, belə təsirli əhvalatlar
olub. Olub ki, biz təzimə
çıxanda gülü valideyni uşağa verib deyib ki,
bunu ver filan aktrisaya uşaq səhnəyə çatanda
gülü mənə verib. Bu
uşaqların saflığından xəbər verir.
Mənə dram teatrında qalıb işləmək
imkanım vardı. Amma qalmadım. Bura,
uşaqlarla, daha yaxşıdır.
- Qəlibləşmə
hiss etmirsiniz özünüzdə? Axı zamanla,
yaş artdıqca hər şey vərdişə keçir..
-Yox, elə
deyə bilmərəm. Mən hər dəfə
daha fərqli və yaxşı oynamağa
çalışıram. Qaldı vərdişə,
olur ki, həyatdan olan sözləri ifadələri səhnədə
improvizəylə deyirsən, səhnədə dediklərini də
həyatda dilinə gətirirsən.
Ştamp
deyəndə ki, texnika var. Və texnikasız aktyor aktyor deyil.
Amma yola vermə halları olur. Olur ki, əsər məni
qəbul etmir, rejissor səni qane etmir. Ya
imtina edirsən. Bir də görürsən
müəllif mətndə bir sözü yüz dəfə
çeynəyib təkrar edir. Adam az
qala öyüyür. Sonra da adını qoyurlar
ki, Vahid Əliyev sözünü bilmirdi. Mən
bu mətni qəbul edə bilmirəmsə, orqanizm onu
götürmürsə, mən öyüyə-öyüyə
oynaya bilmirsən. Sonra da guya mən
özümdən razıyam filan. Heç
vaxt belə olmayıb.
Rus teatrında aktyoru olduğu kimi qəbul edirdilər. Smotkunovski
xanımı ilə küçədə gedəndə ona ad
familiyası ilə müraciət edirlər. Osa düzəliş edir, bəs, dahi Smotkunovski
niyə demirsiniz, düz müraciət edin. Onlar
gülümsəyib müraciətin əvvəlinə
"dahi" sözünü artırır. Çünki, Smotkunovski o qədər incimişdi, o
pilləyə çatanadək o qədər
tapdanmışdı ki, o qədər insanlardan
yığmışdı ki, o sözü dedirtməklə əvəz
çıxırdı.
- Baş rejissor
axırıncı tamaşanın məşqlərindən
çıxarıldığınızı dedi...
- Mən
açıq deyim, məni pyes qane etmədi. Heç
rejissor da məni qane etmədi. Guruldamaq
lazım deyil, yağmaq lazımdı. Qışqırmaqla
rejissor olmur. Rejissorluq elmdi. Pyesdən, sözlərdən öyüyürdüm.
Mən nə edə bilərdim?
- Aktyor kimi öz
obrazınızın müəllifi ola
bilirsiniz?
- Öz
müəllimim Rza Təhmasibdən başlayaraq,
azdan-çoxdan rejissorlarla işləmişəm. Mən adətən rejissordan soruşuram ki, o nə
istəyir? Ilk mizanı rejissordan alıb,
istiqaməti götürüb özüm aparıram.
Bilirsiniz, rejissordan rejissora da fərq var. Ya
da olur ki, rejissor sənin göstərdiklərinin ən
yaxşı variantını seçir.
- Çəkilişlərdə
şərtləriniz, prinsipləriniz varmı?
-Edə bilmərəm. Başa düşürsünüz? Ailə
saxlayıram, çörəkdən məhrum ola
bilərəm. İmtina etdiyim olub. Bakı Filmdən məni seriala
çağırırlar, mən avtobusla Lökbatan getməliyəm,
ayaqla nə qədər getməliyəm. Bu
nə hörmətsizlikdi? Gəlirsən,
deyirlər ki, bəs məbləğ 50 manatdır, hələ
üstəlik deyirlər ki çəkiliş günləri
tamaşa olmamalıdır. Mən
teatrı hansısa 50 manatlıq çəkilişə
görə təxirə salmalıyam? Teatr
mənə bu xəyanəti bağışlamaz. Kameraya qədər mən teatrda Vahid Əliyev
olmuşam. Mənim işlədiyim teatr
qiymətsizdi, sizin çəkdiyiniz dəyərlidir. Soruşursan deyir ki, bu Hollivud modeli əsasında
yazılmış müqavilədir. Daha demirsən ki, ay
bala, Hollivud aktyoru bir filmlə neçə il
yaşaya bilir. Üstəlik də rejissor tonla
danışsın? Mən peşəkar
aktyoram. Mənimlə belə olmaz.
- Bayaq guruldamaq dedik, rejissordan
danışanda. Belə deyək, rejissor rejissorluğu
oynayır, aktyor da aktyorluğu oynamırmı? Məsələn
siz...
-Mən
aktyorluğu oynayıb, necə deyərlər "artistlik etsəydim"
indi mən başqaları kimi başqa statusda, başqa adlarla
çağırılardım. O işlər mənlik deyil, mən
allahı öz içimdə tapmışam.
Bir də, aktyorluq mənim sənətimdi, işin
peşəkarıyam, mən niyə onu oynamalıyam?
Aliyə DADAŞOVA
Ədalət.-2013.-2 aprel.-S.8.