SÖZÜN ŞƏKLİ

 

... Nədən onu bu qədər sevirlər?.. Onu görəndə təbəssüm qonur dost-tanışların, tanıyanların üzünə. Nədən ona bu qədər yaxın, lap yaxın olmaq istəyirlər?

Məgər hər adama bu qədər can atarlarmı, məgər hər adama onun kimi dost, arkadaş demək olurmu?

Olmur!

Onda bu nə sirdir, qardaş?

Tanrıdan və özündən başqa bu sirri, bu sehri heç kim bilmir. Yəni heç mən də bilmədim ötüb keçən bu qırx ildən çox uzun bir ömür yolunda.

Yazıçı, publisist, millət vəkili Aqil Abbas! Rəsmi tanıtım belədir. Axı insanın xarakterini, özəlliyini də onun ictimai statusu kimi rəsmiləşdirmək olmur. Məsələn, bu cür təqdimatlarda "... ən demokratik qəzet sahibi", "...ən yaxşı dost", "...ən əliaçıq qarabağlı", "...gözlərində bir damcı da yaş görünməyən... ən kövrək kişi" və başqa bunlara bənzər gözəl, qəribə ifadələri onun peşəsi və vəzifəsi kimi sadalamaq mümkün deyil. Doğrudan da, "ən yaxşı dost" adlı vəzifə yoxdur axı bu dünyada. Bu, sadəcə o insanın xarakteri və mənəvi üstünlüyüdür. Bir vaxtlar mən əbəs yerə Aqil Abbas haqqında bu sözləri yazmamışdım: "... Çünki onun həyat tərzinin və dünyagörüşünün indi çox nadir hallarda rast gəlinən unikal bir özəlliyi başqa sualların da yükünü azaldaraq sadələşdirir. Dövran elə gətirib ki, indi əsl dostluq, sonadək sədaqətlilik daha çox keçmişlərə aid məsələlər kimi xatırlanır. Dostluq da limitləşir, müəyyən haqq-hesablar üzərində qurulur və deməli, özünün əsilliyini, ecazkar funksiyasını itirir. Bu cür metamorfozların Aqil Abbas kimi şəxsiyyətlərə dəxli yoxdur. ... Aqil Abbas ömrü və mənəviyyatı bir dostluq akademiyasıdır.

... Və o bir "təcili yardım" simvoludur. Çətinə düşən, haqsızlığa düçar olan, kədər üz verən dost-tanışları hələ özünə gəlməmiş Aqil Abbasın əlinin istisini kürəklərində hiss edirlər. Bu əllərin istisi onun həmin insanlara arxalarında bir dağ ucalığını yada salır. O, harada lazımdırsa, mütləq özünü yetirəcək, orada olacaq..."

Bax, bu mənada Aqil haqqında pafosla danışmaq təbii çıxmaz da. Onu olduğu kimi tanımağın, təqdim etməyin yolları da, aydınlığı, sadəliyi qədər... mürəkkəbdir. Çünki o, həm də qeyri-adiliyin şəxsiyyəti, qeyri-adiliyin yazıçısı və publisistidir. Onun təmkinli, həm də üsyankar qarabağlılığı, vətənpərvərliyi, türkçülüyü bəzən ən çox sevib hörmət bəslədiyi adamlara da güzəşt tanımır. Hər halda Aqil Abbas şəxsiyyəti, təbii ki, xüsusiləşmiş halda deyil, adi, lap adi bir insan şəxsiyyəti ilə sanki öz fəaliyyətindən və yaradıcılığından da yüksəkdə dayanır.

... Zəruri bir ricət bu yazıya müdaxilə etməkdədir. Çarəm yoxdur, razılaşmalıyam. Mən Aqil Abbasın 60 illik yubileyi münasibətiylə 1 Apreldən bir həftə əvvəlki "yaz tətilində" qələmə aldığım məqaləni ənənəvi üslubdan fərqli olaraq birnəfəsə tamamlamaq istəyirəm. Bilirəm ki, sevimli dostlar çoxlu yubiley təbrikləri yazacaqlar, ürək sözlərini, arzularını bildirəcəklər. Mən öz məqaləmi 1 Apreldən sonrakı günlərdə dərc etməyi düşünmüşəm. İstəyirəm Aqil Abbas haqqında yazmağı, danışmağı arzulayanlar üçün gecikmək anlayışı olmasın. Qoy bu yubiley təəssüratları bir az uzun sürsün, lap elə ilboyu davam etsin. Bunu təkcə Aqil Abbasın layiq olduğu statusla simvollaşdırmıram. Başqa səbəblər də var. Aqil Abbas mövzusu təmənnasız istək və münasibətlə oxuculara və bütövlükdə cəmiyyətə bir daha aşılansın. O, elə mükəmməl bir xarakterə malikdir ki, xoş sözlərlə yanaşı, yubileyində də tənqidi yanaşmadan inciməz. Bunları xatırlatmağı özümə bir qardaşlıq borcu bilirəm. Yaxın çevrəmizdə hamı bilir ki, biz Aqil Abbasla dost deyilik. O, müraciətlərində də, yazılarında da mənə həmişə qardaş deyir. İndi mən də bir qardaş imtiyazı ilə arzulayıram ki, Aqil Abbası yaxşı oxumayanlar, yaxşı tanımayanlar diqqətli olsunlar. Bir yazıçıya, bir dosta, bir insana olan sevgilərində də.

... Çünki bəziləri onun səmimiliyindən, şöhrətindən, sağlamlığından, ailə səadətinə və ailə rahatlığına hesablanmış duyğularından müəyyən məqsədlərlə istifadə etməklə ömründən və yaradıcılığından da... qoparıb aparırlar. Hörmətcil, təmkinli və məğrur olanda insanı bu qədərmi istismar edərlər? O, bir nəfərdir. Yazıçı kimi hamının ola bilər, deputat kimi seçicilərini dinləyə və əlindən gələn köməkliyi göstərə bilər. Ancaq... O, elə hər xoş söz deyənin və ya... umacağı olanın başına diademalar düzə bilməz ki?!

Deyəsən mən də ifrata vardım.

Ancaq bəzi yazılarımda olduğu kimi yenə də dostumuz Ramiz Rövşənin qeyri-adi misraları şeirdən daha çox doğma insanlar kimi bizə həyan olur, sevincimizə-kədərimizə qovuşur:

 

Ömür deyilən şey - uzun, ya qısa,

Dünyanın ən çətin dərsiymiş demə.

Bu qara, qapqara yazı taxtası,

Bizim ömrümüzün tərsiymiş demə.

 

Ulduz-ulduz yırtılan göy üzü tək,

O taxtanı söz-söz yırtan biz olduq.

O qara taxtanın qara bətnindən

Doğulan sözləri tutan biz olduq.

 

Yazdıq-pozduq eninə-uzununa,

O qara taxtanın hər qarışında

Əlimizin izi var.

Aldandıq...

o yazı taxtasına.

Elə bildik hər yazıya pozu var...

 

... Elə indicə yadıma düşür ki, Azərbaycan ədəbiyyatında, yəni son 30-40 ilin ədəbiyyatında həm Ramiz Rövşəni, həm də Aqil Abbası fərqləndirən qəribə bir məqam var. Ramiz Rövşən poeziyada, Aqil Abbas isə nəsrdə çox da məhsuldar yaradıcılığa malik deyillər. Yəni ildə iki-üç kitab nəşr etdirməyin "məşhurluğuna" enməzlər. Ancaq hər iki ədibin əsərləri uzun illərdir ki, sevilə-sevilə oxunur və masaüstü kitablara çevrilir. Mən Aqil Abbasın "Şirinlik"dən, "Evləri köndələn yar"dan tutmuş, "Batmanqılınc", "Dolu", "Allahı qatil edənlər" əsərlərinə kimi, aralıqda da nələr varsa, hamısını həmişə dipdiri, canlı görürəm.

İndi ki söz düşüb, digər fikirlərimi də bildirim. Mən peşəkar ədəbiyyatşünas tənqidçilər kimi arzuladığım səviyyədə yaza bilmərəm. Hətta ən çox sevdiyim yazıçı və şairlər haqqında da. Çünki istər-istəməz qeyri-peşəkarlıq özünü göstərəcək. Ancaq mövzuya publisistik yanaşma məni heç vaxt oxucu qarşısında utandırmayıb.

Gənc postmodern yazarların Ramiz Rövşəni, Vaqif Səmədoğlunu, Vaqif Bayatlı Odəri sağdan, soldan, mərkəzdən topa tutduqları vaxtlar idi. Adını çəkməyəcəm, ərkim çatan belə sentrionlardan birini səmimi söhbətə tutdum. Sualımın biri belə oldu: arzulamazdın ki, Ramiz Rövşənin çox yox, "Ayrılıq", "Qara paltarlı qadın" şeirlərinin, "Canavar ovu" poemasının altında sənin imzan olsun? Cavab verdi ki, arzulayardım...

Aqil Abbasın əvvəlki yaradıcılığı öz yerində, son romanları olan "Dolu" və "Allahı qatil edənlər" oxucu qıtlığı adlandırdığımız son illərin ən çox oxunan əsərləridir. Bu əsərlər bəzən xəfif tənqidə məruz qalsalar da reallıq budur: sevilir və oxunur. Yaradıcılığında hekayə və roman janrlarının klassik üslubuna üstünlük verərək oynaq dil və məntiqlə məqsədinə nail olan Aqil Abbas bu dəfə fərqli bir manevr və iddia ilə məhz postmodernin mükəmməl nümunələrini ortaya qoydu. Beləliklə, istedadlı yazarımız belə bir ədəbi sintezin mümkünlüyünü və effektliyini sübut etdi. Çoxdandı sanballı hərb, müharibə, Qarabağ mövzularında əsərlər arzulanırdı. Yuxarıda Ramiz Rövşən haqqında başqa bir tərzdə misal çəkdim. Aqil Abbasın bu cür lüksü olmadığından konkret olaraq belə deyərdim: hətta məşhur yazıçılarımız da istərdilər ki, "Dolu" kimi bir romanın müəllifi olaydılar. İlin-günün bu vaxtında hər yazıçını və ya hər əsəri oxumurlar. "Dolu" oxunur.

... Hələ bir hissəsi ekranlarda da "oxunur". Əksəriyyəti gənclər olan çox istedadlı bir kollektiv hər dəfə anşlaqla başlayıb ayaqüstü alqışlarla başa çatan "Dolu" adlı möhtəşəm filmi məhz Aqil Abbasın ssenarisi əsasında çəkdilər. Bu filmin uğurları Azərbaycan kinematoqrafının uğurlarıdır. Mən bu filmin bəzi çəkilişlərində də, kollektiv nümayişlərində də iştirak etmişəm. Bu dərəcədə səmimiliyin, mehribançılığın və can yanğısının nəticəsi məhz gördüyüm heyranlıqlar səviyyəsində olmalı idi. Yubilyar qardaşımızın qəzetçilikdə, yazıçılıqda olduğu kimi, kino sahəsində də özünəməxsus dəst-xətti yarandı. Üstəlik kino aləmi, kino sənətçiləri bir məşhur yazıçının, bir məşhur mətbuat AS-ının və hörmətli millət vəkilinin necə sadə, necə zəhmətkeş, necə səxavətli şəxsiyyət olduğunu da gördülər. Özləri demiş, ilk dəfə!

"Ədalət" də Aqil Abbasın şah əsərlərindən biridir. Bu gün "Ədalət"i Aqil Abbasın xanımı, həyat və qələm yoldaşı İradə Tuncay daha böyük zirvələrə daşıyır. Bu görkəmli yaradıcı tandemin uğurları hamımızı sevindirir. Ən gözəl, ən uğurlu illər hələ qarşıdadır. Bu günlər biz sevimli Aqil Abbasın 60 illik yubileyinin qürurunu onu sevənlərlə paylaşmaqdayıq.

Ayrıca mənim bir arzum da var. Tanrıdan Aqil Abbasa uzun və sağlam ömür arzulayıram. Qalan nə varsa, o, öz zəhməti, fədakarlığı və istedadı ilə nail olmağı bacaran güclü şəxsiyyətdir.

60-ın və bütün gələcək həyatın ən parlaq ulduz kimi bərq vursun, əziz QARDAŞım!

P.S. Bunu çoxları bilmir: uşaqlıqdan rəssamlığa həvəsi və həsədi o dərəcədə böyük olub ki, dərslərindən və digər gündəlik məcburiyyətlərdən qalan vaxtını fırça və rənglərlə keçirib. Ancaq çəkdiklərini heç kəsə göstərməyib. Gənclik illərində də hamımız onun nələrsə çəkdiyini bilirdik. Qəribə bir inadkarlıqla gizlədirdi çəkdiklərini. Bunu da çoxları bilmir: Aqil universiteti bitirənə qədər onun dilinə nə içki, nə də siqaret dəyib. Bəzən onun tələbəliyi haqqında davakar, dəstə-tifaq adamı kimi danışıblar. Əslində bunların hamısı onun daim axtarışda olan xarakterinə heç də uyğun olmayan şeylərdi. Bütün mühitlərdə görünməsi onun bu mühitlərin hansısa birinə aludəliyi üçün deyil, müşahidələrinin sərbəstliyi üçün gərəkli idi. Çox səmimi və duru baxışlarından, çiyninə tökülən qıvrım saçlarından, "trapest və platforma" geyimindən və... sakitliyindən nəsə bir gizlinlər duyulurdu. Bizlər də onun davranışlarından anlaya bilmədiyimiz nəyi isə axtarıb tapmağa çalışırdıq. İyirmi yaşlarında olan bizlər hələlik ona Yucin deyirdik - Yucin Vitla! Aqil kiçik bir çevrədə - özü kimi axtarışlarda olan çevrədə hərdən bu adla çağrılmağını qəribə bir təbəssümlə qarşılayırdı.

Yucin Vitla dünyaşöhrətli rəssam olsa da, o ədəbi qəhrəman idi...

Aqil fırçasını və boyalarını bir kənara qoyubmuş...

Aqil qələmə sarılıbmış, qələmlə çəkirmiş...

... Sözün şəklini çəkirmiş.

Heç kəsə bənzəmədən özü olurmuş...

Aqil Abbas adlı bənzərsiz ömür yolu ilə.

 

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.-2013.-2 aprel.-S.3.