BİR HEKAYƏNİN
SEHRİ
ETİBAR ƏBİLOV
Tarix
saxtalığı sevmir, tarix yalanı qəbul etmir, tarix
uydurma hadisələri öz səhifələrində
saxlamır. Tarixi şəxsiyyətləri, tarixi hadisələri
olduğu kimi qəbul edir və öz səhifələrində
həmin hadisələri necə var elə saxlayır.
Tarix
insan ruhu kimidir - bu tarixin qapısından həmişə mələklər
daxil olmur. Çox təəssüflər olsun ki, iblis də
o qapıdan içəri daxil ola bilir. Bu zaman tarix zədələnir
- tarixin özünün o iblislə mücadiləsi
başlayır. Bu mücadilədə istər xeyrin, istərsə
də şərin tərəfindən həm də qələm
sahibləri dayanır. Qələmi şərə qulluq edən
qələm sahibləri, qələmi xeyrə arxa duran qələm
sahibləri.
Xeyrin
qələbəsi həmişə çətin olur. Xeyrin tərəfində
olan qələm sahibləri kimlərdir-bunu gözəl
bilirik. Lakin tariximizə nəzər salaq: Müdhiş 37-nin
qurbanları: Cavid, Çəmənzəminli, Çobanzadə,
Xuluflu, Mümtaz, Cavad, Müşfiq Ulutürk, Xudu Məmmədov,
F.Kərimzadə Məhməd Akifin sözü yada
düşür:
Bir
günəş uğruna ya rəb,
nə günəşlər batıyor...
Tarixi
ən çox yaralanmış millətlərdən biri də
bizik, əsrlərdə davam edən imperiyaların köləsi
olduq, nələr itirdik, hansı mənəvi, cismani itkilərə
məruz qaldıq. bir Allah bilir.
Bütün
imperiyaların ən birinci məqsədi-işğal etdiyi
ölkənin tarixini saxtalaşdırmaq olub. Xalqa öz
tarixini unutdurmaq üçün isə həmin xalqı
manqurtlaşdırmaq lazım gəlir. Xalqın ideologiyası
dəyişilir, xalqın keçmişindəki
işıqlı şəxsiyyətlərin tərcümeyi-halları
imperiyanın təfəkkürü ilə
formalaşdırılır. Bu işi də "qələm
sahibləri" yeni saxta tarixi yazanlar, "sapı özümüzdən
olan baltalar" həyata keçirir. Yeni, yad, "qəhrəmanlar"
tarix, ədəbiyyat kitablarına düşür. Azərbaycanlılara
olmazın zülmlər vermiş stepan Razin qəhrəman kimi
təqdim edilir. Azərbaycanda azərbaycanlılara
qarşı ermənilər tərəfindən törədilən
qətliamların ilhamvericisi Şaumyan ideala çevrilir. Kirov
"Milli qəhrəmanımız" olur.
Xalqımızın qanını içən bu əxlaqsız
və qəddar adamların adlarına rayonlar, şəhərlər,
prospektlər, küçələr... verilir, heykəlləri
uçaldılır. Haqlarında şeirlər, poemalar,
romanlar yazılır... Atasından çuğulluq edib, öz
atasını güllələtdirən Pavlik Morozovlar
uşaqlarımız üçün simvola çevrilir.
Əsl
qəhrəmanlar isə, əsl millət fədailəri isə
həyatlarını millət yolunda qurban verənlər isə
xalq düşməni kimi, bəzən də bütün
insanlığın düşməni kimi təqdim edilir. Cavid
dərsliklərdən çıxarılır - O Tumanyan tədris
olunur. Orta əsrlərdə ən qüdrətli bir dövlətin
- Şanlı Səfəvilər dövlətinin qurucusu və
ilk hökmdarı olan, böyük hökmdar və
böyük şair Şah İsmayıl Xətai xalqa
"işğalçı" kimi təqdim edilir -
çünki ən çox sevdiyi məsəl "hər
şeyə şübhə ilə bax" - olan Kral Maks belə
deyib, əvəzində Azərbaycanı işğal edən
və müstəqilliyimizə son qoyan iyirminci Qızıl
Orduya abidə ucaldılır. Öz torpağı yolunda ailəsi
ilə birlikdə şəhid olan Cavad xanı yeni nəsil
tanımır, amma Çapayevə həsr olunmuş şeiri
uşaqdan böyüyə hər kəs əzbər bilir.
Amma...
Amma tarix şahidlik edir ki, heç bir imperiyanın
ömrü daimi olmur... "bir dəfə
yüksələn bayraq, haçansa bir daha qalxır". Və
bu müqəddəs bayrağı qaldıranlar elə o imperiyanın
tərkibində yaşasa da öz amalını, öz məfkurəsini,
öz vicdanını qoruyan, bütün həyatını
öz doğma xalqına həsr edən insanlar
qaldırırlar: Üzeyir bəylər, Heydər Əliyevlər,
Yusif Məmmədəliyevlər,
Qara Qarayevlər... İmperiya dağılır,
xalq müstəqillik qazanır -amma çox təəssüflər
ki, şər bu dəfə də meydandadır - xalqı
düz yoldan sapdırır, Sovet qoşunları və ermənilərlə
birlikdə bizimlə vuruşur. Qarabağ
işğal olunur. 20 yanvar faciəsi
baş verir. Azərbaycanın bütün bölgələrində
Şəhidlər qəbiristanı ürəyimizə dağ
çəkir, millət firqələrə bölünür,
terrorlar törədilir, başıpozuqluq yaranır... Amma
şər də imperiyalar kimi əvvəl-axır məğlubiyyətə
məhkumdur... Və həmin dövlətin
içərisindən xalqımızın ən böyük
şəxsiyyəti öz dəmir iradəsi, sarsılmaz qətiyyəti
ilə şərin ilan başını əzir və
haqlı olaraq Azərbaycan xalqının Ümummilli liderinə
çevrilir.
Heydər Əliyev haqqında çox yazılıb,
bundan sonra da yazılacaq. Amma böyük yazıcımız
Hüseynbala Mirələmov (rus yazıçısı Viktor
Andriyanovla birlikdə) Heydər Əliyev haqqında
yazdığı və dünyanın ən nüfuzlu nəşriyyatlarından
olan. "Molodaya Qvardiya" nəşriyyatının
"Görkəmli adamların həyatı"
seriyasından çap etdirdiyi kitab öz məna tutumuna,
faktların zənginliyinə, obyektivliyinə üslub
aydınlığına görə bu qəbildən olan digər
kitablardan fərqlənir. Belə
olmasaydı bu dəyərli kitab dünyanın 23 dilinə
çevrilib çap edilməzdi. Bu gün
ümummilli liderimiz haqqında ən zəngin məxəz olan
"Heydər Əliyev" kitabı haqlı olaraq Azərbaycan
oxucularının ən çox mütaliə etdikləri və
dönə-dönə müraciət etdikləri kitablardan
biridir.
Bu gün Heseynbala Mirələmov Azərbaycanda ən məhsuldar
yazıçılardan biridir. Əlbəttə, məhsuldarlıq
yazıçı üçün o zaman mühüm, daha
doğrusu həlledici məna kəsb edir ki, həmin
yazıçının kitablarında oxucu istəyi, arzusu, marağı,
idealı... bədii şəkildə öz həllini
tapmış olsun. H.Mirələmov bir
yazıçı kimi qarşısına qoyduğu məqsədlərə
nail olub. Çünki onun bir-birinin ardınca
çap olunan. "Xəcalət",
"Gəlinlik paltarı", "Cəza", "Yanan
qar" (Daglarda atılan güllə).
"Qırxıncı otaq" və s kimi povest və
romanları öz aktuallığına, bədii siqlətinə
görə tez bir zamanda böyük oxucu marağı ilə qarşılandı. Hüseynbala Mirələmov üçün
mövzu məhdudiyyəti yoxdur. O, tarixi mövzuda da,
müasir mövzuda da böyük ustalıqla, əsl peşəkarlıqla,
ürək yanğısı ilə, vətəndaşlıq
məsuliyyəti ilə yazır. Vaxtı ilə
böyük alman yazıcısı Tomas Mann Hamlet haqqında
yazırdı. "O (yəni Hamlet-E.Ə.)
sözün hər mənasında insandır". Bu fikri H.Mirələmovun qəhrəmanları
haqqında da demək olar. Əsl insan-yəni
həyatda uğurları kimi səhvləri də olan,
mübarizə edən, xeyirxah, comərd, həlim, həyatı
sevən, eyni zamanda bəzən sərt, bədbin, mübarizədən
yorulan, ruh düşkünlüyü keçirən. Bir sözlə, əsl insan üçün
xarakterik olan cəhətlər.
Yazımın əvvəlində biz tarix yalanı,
saxtalığı sevmir demişdik. Həm də onu da
vurğulamışdıq ki, imperiyaların məqsədi
xalqın tarixini unutdurmaq olub və buna müəyyən mənada
nail də olublar.
Mənim fikrimcə, indii bizim yazıcıların, eyni
zamanda tarixçilərin ən ümdə vəzifələrindən
biri tarixi şəxsiyyətlərimizi - xalqımıza
olduğu kimi tanıtdırmaqdan ibarətdir. Ümumiyyətlə,
mənim fikrimcə, bədii ədəbiyyatda ən çətin
janr tarixi mövzuda əsər yazmaqdır. Və
söhbət əgər çox böyük şəxsiyyətlərdən
gedirsə və üstəlik həmin tarixi şəxsiyyət
haqqında Azərbaycanda yazılmayıbsa, ya səthi yazılıbsa, yazılsa
da qəzərli yazılıbsa, bu zaman həmin mövzuda
yazmağın çətinliyi bizə bir daha aydın olur.
Tarixi səpkidə
roman yazan yazıçı istər-istəməz həm də
tədqiqat işi
yazmış olur. Hüseynbala Mirələmov "Sonuncu
fateh" trilogiyası ilə bu iki işin öhdəsindən
layiqincə gəlmişdir desək heç də mübaligə
etmiş olmarıq.
Nadir şaha həsr olunmuş bu əsəri mən
böyük maraq və həyəcanla oxudum. Məlumdur ki,
roman, ələlxüsus trilogiya-əsər qəhrəmanının,
surətlərinin, xarakterlərinin dolğun təsvirini sevir.
Eyni zamanda həmin dövrün ən vacib ictimai-siyasi hadisələri
trilogiyada öz həllini tapmalıdır: hətta o
dövrün adət-ənənəsi, dil-danışıq
xüsusiyyətlərinə qədər. Və
eyni zamanda əsərin oxunaqlı olması üçün
üslub aydınlığı lazımdır. Hüseynbala Mirələmovun dili hadisələrin təsviri,
təbiətin təcənnümi o qədər oynaq, o qədər
zəngin, o qədər cəlbedicidir ki, oxucu mütaliədən
ayrıla bilmir. Hüseynbala müəllimin
ədəbi-bədii dili-ədəbiyyatımızda hadisədir.
Aydındır ki, trilogiya təhkiyə tələb
edir. Amma bu təhkiyə, təsvirlər ifrata varanda, mövzu, hadisələr
nə qədər maraqlı olsa da oxucunu yorur. H.Mirələmovun
təhkiyələri genişdir, amma o geniş təhkiyələrdə
bir artıq cümləyə - fikrə belə rast gəlmək
olmur.
Nadir şah tarixdə haqqı ən çox unudulan,
inkar edilən, bütün gördüyü böyük
işlərə kölgə salınan şəxsiyyətlərimizdən
biridir. Bu
böyük hökmdarın haqqında istər sovet mətbuatında,
istər Qərb məxəzlərində, hətta təəssüflər
olsun ki, dost və qonşu Türkiyədə belə istənilən
qədər böhtanlar, föhş dolu sicilləmələr
yazılmışdır. Halbuki Nadir
Şahın türk-islam dünyası üçün
gördüyü böyük işlər ölcüyəgəlməz
gədərdir. Bu gün cəmiyyətimizdə
bizə Nadir Şahın gördüyü böyük işlərə
bələdciliyi "Sonuncu fateh" trilogiyası edir. Nadir Şahin ən böyük məqsədlərindən
biri müsəlman dünyasının ən yaralı yeri olan
düşmən xristian dövlətlərin ən çox bəhrələndiyi
sünni-siə qovğasını aradan qaldırmaq idi. Nadirin tarixdə əzəmətli yürüşləri,
qələbləri, heç də bu gün ağızdolusu
danışılan I Pyotrun, Napaleonun... qələbələrindən,
zəfərlərindən geri qalmırdı. Nadir əsərdə-tarix necə şəhadət
edirsə o cür-cəsur, qorxmaz, sədaqətli, inadcıl,
vətənini canından cox sevən bir insan kimi təsvir
edilir. O, vətənini talançılardan, yadelli
qacqınlardan qurtarmaq üçün, ölkəni fəlakətə
sürükləyən özbaşınalığa,
sahibsizliyə hərc-mərcliyə tayfa davalarına son qoymaq
üçün, sadə insanların həyatlarının təhlükəsizliyi
üçün, vətəndaşların həyat
rifahlarını yüksəltmək naminə ən əsası
da şanlı Şəfəvilər dövlətinin
keçmiş şöhrətini özünə qaytarmaq
üçün çaba göstərirdi. Və Nadir Şah
bütün bunlara nail də olurdu. Əsərdə
bütöv bir epoxa təsvir olunur. Burada
bütöv bir obrazlar qalereyası var. Trilogiyada Nadirin
uşaqlığından tutmuş, faciəli
ölümünə qədər olan dövr təsvir olunur.
Nadirin ilxıcılıq etməsi (sonralar, Nadir
qüdrət sahibinə çevriləndə, düşmənləri
ona həqarətlə "İlxıcı oğlu"
deyirdilər). Özbəklərə əsir
düşməsi, anası, qardaşı İbrahim və
qonşusu Əmirqulu ilə.
Buxaralı Qəmbərin evində qul həyatı
yaşaması, anasının əsirlikdə ölməsi və
qürbətdə dəfn olunması. Sahibi Qəmbərin qızı
Zöhrə ilə olan sevgisi və onun köməkliyi ilə
əsirlikdən qacması, doğma Dərəgözə gəlməsi
müdrik Qədirqulu kişinin tövsiyəsi ilə Əbivərd
hakimi Baba əli bəy əfşarın müdafiə dəstəsinə
qoşulması, bu dəstədə quldur-qaçaqlarla,
işğalçı əfqanlarla vuruşu, igidliyi sayəsində şöhrətlənməsi.
Buxaraya yürüşü anasının qəbrini ziyarət
etməsi, sevdiyi Özbək qızı Zöhrəni
özü ilə kəndlərinə gətirməsi, amma Baba
Əlinin istəyi ilə böyük qızı Fatimə ilə ailə qurması, səfəvi
hökmdarı Şah Sultan Hüseynin qətiyyətsizliyi elə
həmin Sultanın öz xoşu ilə hakimiyyəti yadelli
Mir Mahmuda təhvil verməsi. Sultan Hüseynin oğlu vəlihəd
II Təhmasib Mirzənin labüd ölümdən qacıb Fətəlili
xan Qacara pənah
aparıb ona sığınması. Nadirin Sultan
Hüseynin qətiyyətsizliyindən qəzəblənməsi, yadellilərlə
vuruşan ayrı-ayrı dəstələri birləşdirməsi,
onlara rəhbərlik etməsi, tədriclə ölkəni
yadellilərdən təmizləməsi, nəhayət II Təhmasib
Mirzəni hakimiyyətə gətirməsi II Təhmasibin
şahlığı, amma II Təhmasibi hakimiyyətə gətirdiyi
halda Təhmasibin Nadirə olan xəyanətləri, həm
ordu içərisində, həm də xalq arasında həlledici
nüfuza sahib olan Nadirin bu xəyanətləri
bağışlaması, əfqanlarla birgə
osmanlıların və rusların səfəvilərə
düşmək münasibəti - Səfəvilər dövlətini
sarsıtmaq, məhv etmək üçün
apardıqları işğalcılıq müharibələri.
Nəhayət Nadirin II Təhmasib Şahın sərxoş
həyatında, bacarıqsızlığından bezib onu
hakimiyyətdən kənarlaşdırması. Şah II
Təhmasibin yerinə onun 8 aylıq körpəsi
üçüncü Şah Abbasın gətirilməsi, Nadir
xanın Vəkilüddövlə və Naibüssəltənə
vəzifəsini içra etməklə əslində
bütün hakimiyyəti tam olaraq öz əlinə alması
ölkədə dəmir nizam-intizam yaratması, Səfəvilər
dövlətini Əfqan işğalcılardan təmizləməsi.
Qüdrətli Osmanlı dövlətini öz yerində
oturtması, Rusiya ilə gizli acıq mübarizələri,
möhtəşəm Hindistan səfəri, Hindistanda vaxtı
ilə dahi sərkərdə Əmir Teymurun bacara bilmədiyi
qorxunc Katurlu tayfasını tamamilə məhv etməsi, sonra
bütövlükdə hindistanı fəth etməsi (məlumdur
ki, Hindistanın fəthi çox az sərkərdəyə nəsib
olub) və s. təsvir olunur. Nadir şahı, Hüseynbala Mirələmov
qüdrətli, həqiqəti sevən, haqq-ədalət tərəfdarı
olan bir sərkərdə kimi təsvir edir... Nadir,
təməli özü tərəfindən qoyulan Nadirabadda
böyük bir Qurultay cağırır. Hökmdar
faktiki olaraq III şah Abbasındır - amma Abbas hələ
kiçikdir və indiki halda şöhrəti hər yana
yayılan, Şah İsmayıl Xətai dövründəki Səfəvilər
dövlətindən daha güclü dövlət olan Səfəvilər
xanədanına daha güclü, daha təcrübəli bir
şah hökmdarlıq etməlidir. 1000 nəfərə
qədər qəbilə başçısının, sərkərdənin...
iştirak etdiyi Muğan Qurultayında hamı Nadiri Şah kimi
görmək istəyir. Nadir isə bundan
imtina edir. İkinci gün yenə də
şah olmaq üçün ondan xahiş edirlər. Yenə də imtina.
Bu
xahişlər daha
bir neçə dəfə
təkidlə təkrar olunur və nəhayət... Nadir Şah olmağa razılıq verir və
taçı başına qoymamışdan əvvəl 3 tələb
irəli sürür. Əvvəla bundan
sonra Səfəvi nəslinin heç bir üzvü və
nümayəndəsi müdafiə edilməyəcək.
İkincisi şiə məzhəbi ilə
yanaşı sünni məzhəbinə hörmət edilməlidir.
Üçüncü tələb isə əlahəzrət
Qadir şaha, ondan sonra övladlarına və ailəsinə
hörmət ediləcək, onlara tabe olmağa and içiləcək.
Qurultay nümayəndələri yekdilliklə
bu şərtləri qəbul edir.
(Ardı var)
Ədalət.-2013.-2 aprel.-S.6.