GÜNAHSIZ MƏHBUS
"Zatən
mənim nöqteyi-nəzərimcə Gəncə
üsyanı quranlar millətə qarşı böyük xəta
işlətmişlər. Bakıda məclisi-məbusan əzası
imzaları ilə hökuməti şuralara tərk etdikdən
sonra Gəncə hadisəsinə lüzum varmı idi?"
Yusif
Vəzir Çəmənzəminli
(1887-1943)
Gəncə
üsyanı millətimizin şərəf və namusunun yenidən
kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə
may ayında axan türk qanı 27 aprel hadisəsi hərəkatından
millətimizə atılan ləkəni silib
götürdü.
Ceyhun
bəy Hacıbəyli,
(1891-1962),
tarixçi-jurnalist
Firudin
bəy Köçərli Gəncədə güllələndi.
Fikir
gülüstanları qönçədə güllələndi.
Alimlər
hər sətrini çıraqla gəzir indi.
Onu
kim güllələdi Mauzerli gənələr.
Bu
yurda biganələr, bu xalqa biganələr.
Xəlil Rza Ulutürk
- Əmi,
Vəli dayıya deynən ki, Nüsrətin kiçik
qardaşı Cümşüd Əfəndizadə də
burdadı.
Hər dəfə nəzarətçi içəri girəndə yeniyetmə bu sözləri təkrar edir, ona yalvarırdı. Üç gün idi ki, bu günahsız gənc karvansara-dustaqxanada əzab-əziyyət çəkirdi. Üç gün idi gözü qapıda qalmışdı. Ancaq bu Vəli dayı kim idisə, nə nəzarətçi ondan bir xəbər deyirdi, nə də onun özü gəlib çıxırdı. Yeniyetməni sayıb məhəl qoymayan nəzarətçi heç elə bil onu eşitmirdi, ona cavab da vermirdi.
Gündə üç-dörd dəfə içəri girən yaşıl furajkalı nəzarətçi qışqıra-qışqıra bu böyük karvansaradakı yüzə yaxın dustağı cərgəyə düzər, kefi istədiyi adamları seçib aparırdı. Aparılan dustaqları karvansaranın çöl divarları dibindəcə güllələyərdilər. Yaşıl furajkalı nəzarətçi hər dəfə içəri girəndə hamı səksəkə ilə yerindən durardı. Dustaqlar onun nəzərlərini, əl hərəkətlərini həmişə qorxu içində izlərdilər. Barmağını tuşladığı adam bir daha geri qayıtmazdı.
Üsyanla əlaqədar şəhər əhalisinin çoxu Gəncə dustaqxanasına doldurulmuşdu. Günahlı da, günahsız da. Qazax, Şamxor qəzalarından da buraya gətirilənlər var idi. Həbs olunanlar o qədər çox idi ki, şəhər dustaqxanası tutmadığından karvansaralar, məscid və mədrəsələr də dustaqxana kimi istifadə olunurdu. Üsyanın əsas təşkilatçıları 1918-ci ildə Azərbaycana köməyə gələn türk qoşunlarının baş komandanı Nuru Paşa, birinci Gəncə piyada diviziyasının generalları Cavad bəy Şıxlinski, Teymur bəy Novruzov, general-qubernator Əmirxan Xoyski, Sarı Ələkbər İmamquluoğlu, Qəmbər Bəhmənli, məşhur mülkədar Şamil bəy İskəndərov, polkovnik Cahangirbəy Kazımbəyov və başqaları idilər.
* * *
Dəmir qapı açılanda hamı bir nəfər kimi ayağa durdu. Dərhal neçə-neçə göz, qorxu və vahimə ilə qırx-qırx beş yaşlı, qıvraq geyimdə əli mauzerli nəzarətçiyə dikildi. O, kinayə ilə gülümsünür, mauzeri əlində oyuncaq kimi saymazyana fırladırdı. Onun arxasındakı iki silahlı əsgər əmrə müntəzir dayanmışdı. Dustaqların heç biri cınqırını çıxartmır, hamı vahimə ilə onun şəhadət barmağının kimə tuşlanacağını izləyirdi. Yenə on dörd yaşlı Cümşüd irəli yeriyib:
- Əmi, - dedi, - Vəli dayıya deynən ki,
Nüsrətin qardaşı Əfəndizadə də
burdadı
- Yaxşı gəl, - deyə bu dəfə səbri tükənən nəzarətçi onun üstünə qışqırdı. - Çıx, bayıra, özün deyərsən.
Dustaqlar bir-birinin üzünə baxıb, oğlanın dalınca heyfsiləndilər. Oğlan ölümcül addımlarla irəli yeridi. Birdən nəzarətçi sürətlə geri çıxıb çöldə dayandı.
- Çıxın, hamınız
çıxın! - deyib çöldən içəriyə
bağırdı. - Heç nə götürmək lazım
deyil.
Həyətdə bir-birinə sıxılan dustaqlar günəşə boylanır, yayın isti havasını acgözlüklə udurdular. Nəzarətçi həyətdə tökülmş pryanikləri göstərib:
- Buyura bilərsiniz, cənablar, bu da müsavatın sizə göndərdiyi hədiyyə, buyurun, nuş edin.
Üç gün ac-yalavac qalan dustaqlar sel kimi irəli
cumdular. On dörd yaşlı Cümşüd zorla
iki-üç pryanik götürə bildi. Yenidən hamını karvansara-dustaqxanaya doldurdular.
Nəzarətçi içəriyə ötəri göz gəzdirib
qapını örtmək istəyəndə
Cümşüd yenidən yalvardı:
- Əmi,
Vəli dayıya deynən ki...
Qapı taqqıltı ilə onun üzünə
bağlandı. Bu dəfə də naümid qalan gənc
geri qayıdıb özünə sığınacaq elədiyi
tağın küncündə oturdu.
- Cümşüd,
ay oğul...
Oğlan tez qapıya baxdı, ətrafına boylandı.
Hamı üçbir, dördbir söhbət edirdi,
kimisi də fikir-xəyal içində uzanmışdı.
- Mənəm,
səni çağıran, oğul...
Onunla
üzbəüz oturan ağ saqqallı,
eşmə bığlı qoca üç gündə bir nəfərlə
belə kəlmə kəsməmişdi. Bu şux geyimli, qədd-qamətli
kişi bütün günü dinməz
oturur, heç kəsə qaynayıb-qarışmırdı.
Diqqətlə baxan olsa onu öz-özünə
danışan görərdi. "Axı, mənim nə
günahım, nə iş görmüşəm. Mən müsavat partiyasındakı hansı xidmətlərimə
görə bu cəzanı çəkməliyəm. Nə səbəbə məni həbs ediblər".
Bütün günü ürək ağrısı ilə
öz-özünə inləyə-inləyə
danışan qarayanız qocaya Cümşüdün
yazığı gəlirdi. Durub onunla
yanaşı oturdu.
- Bala, sən
hardan bura düşmüsən?
Cümşüd elə bil dindirilməyə bənd idi. Ağlaya-ağlaya:
- Mən
Nüsrətin qardaşıyam...
- Nüsrət
kimdi, qardaşın da burda işləyir?..
- qoca kinayə ilə soruşdu.
- Yox,
qardaşımı öldürdülər, bunlar bug- söymək
istədi. Qorxu içində ətrafına
boylanıb, qabağa əyildi. - Bunlar, daşnaklar
öldürdülər.
-
Qardaşın harada işləyirdi?
- Müəllim
idi, həm də Dörd yol küçəsindəki məktəbin
müdiri idi. - Yenə qabağa əyilib sakitcə: -
bolşevik idi, - dedi.
Qoca zəndlə
gəncə baxıb:
- Adı,
familiyası necə idi?
Cümşüd
ürəkləndi, qocanın qardaşını
tanıdığını zənn edib ağlamsınan bir səslə:
- Nüsrət,
- dedi, - Nüsrət Əfəndizadə.
- Gəncənin
hansı məhəlləsindənsiniz?
-
Heç birindən. Biz
Şamaxılıyıq. İnişil orda
erməni-müsəlman davası oldu. Daşnaklar
Şamaxını yandırdılar. Biz də
ev-eşiyimizdən didərgin düşdük. Kürdəmirə, ordan da Ağdaşa gedib bir
qohumumuzgildə qaldıq. Dolana bilmədik.
Dayım Camo Cəbrayılbəyli burda olur.
Əlacsız qalıb ona pənah gətirdik.
Bir həftə onu tapa bilmədik. Şah Abbas məscidinin həyətində
qaldıq. Nəhayət, Camo dayını
tapdıq. O, bizə Ozan küçəsində bir ev kirayələdi. Məni aptekdə
işə düzəltdi.
Nüsrət də müəllim işləyirdi. Bir ildən
sonra Dörd yol küçəsindəki ibtidai məktəbin
müdiri oldu. Vəziyyətimiz yenicə
babatlaşırdı ki, bir gün obaşdan atışma səsinə
oyandıq. Gündüz saat ikiyə kimi
atışma kəsmədi. Küçələr
silahlı adamlarla dolu idi, şəhəri mühasirəyə
aldılar. Qardaşımın müəllim
dostarı da bizə toplaşmışdılar. Günortadan sonra qaçıb şəhərə
çıxdım, küçələr meyitlə dolu idi.
Bəzilərini XI Ordu əsgərləri
yorğan-döşəkdə öldürüb çölə
atmışdılar. Səhərisi Bakıdan zirehli qatar gəldi. Vağzalyanı
rayonda müsavat əsgərləri ilə XI Ordu
döyüşçülərinin vuruşması gedirdi.
Altı gün gecə-gündüz vuruşma kəsmədi.
Qırmızılar pulemyotun gücünə
yavaş-yavaş şəhəri aldılar,
müsavatçılar geri çəkilməyə
başladılar.
Biz məktəbin zirzəmisinə dolmuşduq. XI Ordu əsgərləri
qarşılarına çıxan canlını sorğusuz
güllələyirdi. Bir azdan məktəbin
böyük darvazası bərk-bərk döyüldü.
Məktəbin xidmətçisi qoca bir kişi
idi. Onu göndərdilər ki, get, darvazanı
aç. Qoca darvazanı açan kimi vurub
öldürdülər.
Qardaşım Nüsrət rus dilini yaxşı bilirdi. Vəli Xuluflu
və İbrahim Eminbəyli ilə dostluq eləyirdi,
qırmızılara rəğbəti vardı. Müəllim yoldaşları dedilər ki, rusca
bilirsən, onların partiyasının həvəskarısan
çörəklə çıx, onların qabağına
sənə dəyməzlər. Nüsrət
getdi. Darvazanın qabağına çatan
kimi XI Ordu geyimində bir əsgər onu ermənicə
söydü və güllələdi. Gəlib
zirzəmini güllələdilər. Biz
hamımız ağzıüstə uzandıq, xoşbəxtlikdən
heç kimə güllə dəymədi. Bayıra çıxartdılar. Ögey
qardaşımın qızı Gülsüm xanım da biznən
idi, onun qulağından sırğanı, barmağından
üzüyünü dartıb çıxartdılar. Onu ayırıb İran konsulluğunun həyətinə
apardılar, məni də bura gətirdilər.
- Atan
Şamaxıda harada işləyirdi?
- Məhkəmədə
katib idi. Ancaq onu şair kimi daha yaxşı
tanıyırlar. Ağaəli bəy Naseh, bəlkə
eşitmisiniz, Əfəndizadə...
Qocanın
sifəti bulud arxasından çıxan günəş kim açıldı. Təəccüb
və maraqla oğlanın əlindən yapışdı.
Köksünü ötürüb kədərlə,
daxili həyəcanla əli əsə-əsə
alnını övkələdi. Ürəyi
zəif adamlar kimi ağır-ağır nəfəs aldı.
Onun qəlbi qüssə ilə dolurdu. Taleyin hökmünə bax, - deyə fikirləşdi.
Uzun illər məktub vasitəsilə dostluq elədiyim Ağaəli
bəyin oğlu ilə gör harda görüşdüm?.
Firudin bəy ötən əsrin sonlarından ta 1914-cü
ilə kimi Şirvan şairi Ağaəli bəy Nasehlə məktublaşmışdı. O, dostundan aldığı
məktublar əsasında "Materialları"nda
"Şirvan şairləri" fəslini
yazmışdı. Hətta "Ağaəlibəy
Naseh" fəslində onun şeirlərinin qayət dərəcədə
gözəlliyini, rusca savadlı bir şəxs olub
Şamaxının müslih divanxanasında qulluq etdiyini
xatırlayırdı. Ağaəli bəyin ona köməkliyini
isə ayrıca qeyd edirdi: "Xüsusən Ağaəlibəyin
haqqı bizim boynumuzda artıq dərəcədədir ki,
Şamaxı şürasının tərcümeyi-hallarına
dair bir çox məlumat bizə cəm edib göndərmişdi.
Bu barədə ol cənabə səmimi-qəlbdən
razılıq izhar edib, cənab haqqdan ona xoşbəxtlik və
tuli-ömr mərhəmət olunmağını təmənna
edirik".
Gecdən
gec xəyaldan ayrılan Firudin bəy oğlanı sakitcə
ağlayan görüb:
-
Ağlama oğlum, - dedi. - ağlama, həyatın
enişi, yoxuşu çoxdu. Bu da bir bəladı
gəlib bizi tapıb. Ondan nə
qaçıb qurtarmaqla uzaqlaşa bilərsən, nə də
axtarmaqla taparsan. Bəla elə şeydi ki,
o özü gəlib səni tapar. Bircə
səbrli olmalı. Yeri gələndə
canavar arasında aslan olmaq gərəkdir. Sən
cavansan, ehtiyatlı ol, özünü hayıf edərsən.
Atanın bir müxəmməsi yadıma
düşdü. Yazır ki,
dünyanın işləri qaydasınca getmir. Haqqın yerini nahaq tutub. Rəhmətlik
elə bil bizim bu günümüzü, vəziyyətimizi
görüb, bilib yazıb.
Basıb aləmləri bidadü ədalət
yoxdur,
Qövllər gizb, əməl ləğv, sədaqət
yoxdur.
Həsədü büğzdən özgə dəxi adət
yoxdur.
Heç
bir kəsdə vəfa, sidqü dəyanət yoxdur,
Nasəza föhşü izə, qeybətü böhtan
görürəm.
-Atamın
dostusunuz, onu hardan tanıyırsınız?
- Dostu deyəndə
ki... Mən Qoridə yaşayanda Şirvan
şairləri ilə məktublaşırdım. Mirzə Sabirlə, Abbas Səhhətlə, Məhəmməd
Tərrahla müntəzəm olaraq yazışırdıq.
Onlar mənə öz yazılarından
başqa qədim təzkirə və çünklərdə
itib-batmaqda olan Şirvan şairlərinin şeirlərini
göndərərdilər.
- Demək
siz də şairsiniz? - səbri
çatmayan Cümşüd maraqla soruşdu.
Firudin bəy gülümsündü. Ani olaraq
baxışlarını oğlanın üzündən
çəkdi. Cümşüd öz
sualı ilə elə bil onu pis vəziyyətdə
qoymuşdu. Oturmaqdan üyüşmüş
ayağını irəli uzadıb:
- Bilmirəm,
səni necə başa salım, -dedi. - Mən şair deyiləm.
Mən şairlərə, şeirə, sənətə
qiymət qoyan adamlarla məktublaşıram. O
ziyalılardan şəxsən kitabxanalarında, arxivlərində
olan materialları alıb ədəbiyyat məcmuəsi, ədəbiyyat
tarixi yazıram. Belə sənət sahibinə ədəbiyyatşünas,
ədəbiyyat toplayıcısı deyirlər. Onu bil ki, oğul, "bir millətin ədəbiyyatı,
demək olar ki, onun məişətinin ayinəsidir. Hər millətin dolanacağını, ovzal-məişətinin,
dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını,
qüdrət və camalını onun ədəbiyyatından
bilmək olar".
Atanla da belə
tanış olmuşuq. Atanın
məndə şeirləri çoxdu. Şirvan şairi Məhvəşi,
Zülali, Vaiz əfəndi Şirvani, Əsgər Şirvani,
Nəbi əfəndi Şirvani, Hümməti Şirvani, Asəf
Şirvani, Nəsimi Şirvani, Məhzun Şirvani, Molla Qədir
Hacı Şirvani və qeyriləri haqqında nə
yazmışamsa, rəhmətlik atan Ağaəli bəyin xidməti
sayəsindədir. Firudin bəy nəyisə
xatırlayırmış kimi, gülümsünüb
sözünə davam etdi.
(Ardı var)
Şəmistan Nəzirli,
istefada olan polkovnik-leytenant
Ədalət.-2013.-2
aprel.-S.7.