GÜNAHSIZ MƏHBUS

 

(əvvəli ötən sayımızda)

 

 Bir gün atandan yenə məktub aldım. O, Naseh təxəllüslü bir şairin şeirini də göndərmişdi. Şeir qayət dərəcədə xoşuma gəldi. Dərhal ona məktub yazıb xahiş elədim ki, həmin şairin nə qədər şeiri varsa göndərsin. Sağ olsun, göndərdi. Ancaq bir neçə gündən sonra Səhhətdən aldığım məktub məni heyrətdə qoydu. O yazırdı ki, şeirlərini "Naseh" təxəllüsü ilə imzalayan, Ağaəli bəy Əfəndizadənin özüdür. Rəhmətlik atan çox təvazökar adam idi. Şirvan şairləri Sabir, Hadi, Səhhət, Tərrah onu öz aralarında zarafatla, "Mizanüş-şüəara", yəni şairlərə qiymət verən ən düzgün tərəzi adlandırırlarmış.

Firudin bəy özünə həmsöhbət tapdığına sevinirdi. Ac, susuz olmasına baxmayaraq kefi bir az açılmışdı. Danışıb ürəyini boşaldan Firudin bəy özündə bir yüngüllük hiss edirdi. Bir tərəfdən isə qarşısında  nəzakətlə əyləşən dostunun oğluna baxanda yanıb-yaxılırdı. Bunun nə vaxtıdı, həbsxana küncündə çürüyür. Zəmanənin üzü qara olsun. O qədər qarışıqlıqdı ki..."

-Son vaxtlar atan gərək ki, məhkəmədə işləyirdi? - xəyaldan ayılan Firudin bəy yenidən dostu haqqında soruşdu.

Bəli, "Mirovoy sudya"nın idarəsində katib idi. Atamı məhv eləyən də bu vəzifə oldu. Ailəmiz böyük idi, altı baş idik. Üstəlik də beş baş olan Camo dayımgilin ailəsi ehtiyac içində idi. Maaşla on bir baş ailəni o ağır illərdə atam güclə saxlayırdı. Kobud və kimsəni adam saymayan sudya Jurpinski ilə işləməyi atam özünə təhqir sayırdı. Sudya Şamaxıda heç kəslə hesablaşmır, hətta ən bacarıqlı, maarifpərvər müsəlman ziyalılarını belə təhqir edirdi.

Atam hər gün evə gələndə şikayət edirdi, yeməyini belə çox iştahasız yeyərdi.

-Mənim otuz illik məhkəmə idarəsindəki xidmətimin nadan Jurpinskinin gözündə bir qara qəpik qədər qiyməti yoxdu. - Atam son illər lap əsəbi olmuşdu. Allah kəssin, - deyirdi, - belə qulluğu, bu qulluq adamı lap inək edərmiş.

Bir dəfə evə lap əsəbi gəldi. Sabah, - dedi, - gedib o vicdansızın üzünə tüpürüb, bu olmazın həqarətdən qurtaracam. Səhərisi qulluqdan azad olmaq üçün ərizə verən atam Jurpinskini bərk təhqir etmişdi. Evə qayıdanda əsəbdən tir-tir əsirdi. Halsız yatağa uzandı.

- Oğul, - dedi, - inək kimi quluq edib yaşamaqdansa kişi kimi ölmək yaxşıdır. Bütün günü od-alov içində çırpındı, danışdı. Axşamüstü yaş dolu gözlərini tavana zilləyib birdəfəlik susdu.

Divara söykənən Firudin bəy söhbətin ağrı-acısından gözlərini yummuşdu. Dinib-danışmırdı. Atasının faciəsini söyləyən Cümşüd də susmuşdu. O, gözlərində gilələnən yaşı əlinin dalı ilə silir, axşam toranında həmsöhbətini alayarımçıq görə bilmirdi. Birdən avazla dustaqxananı bürüyən mahnının səsinə gözlərini açdı. Arakəsmənin o üzündə bir dustaq yanıqlı-yanıqlı oxuyurdu.

 

Mən aşiq, Gəncəm haray,

Tiflisdən gencəm, haray!

Dustaq canım çürüdü,

Mənə bir əncam, haray!

 

Tən ortadakı yoğun tağın dibində üç-dörd nəfər baş-başa oturmuşdu. Tez-tez bir gəncin çiyninə toxunur və təkidlə:

- Cəmil, sən allah, bir oxu, o yazığın səsinə səs ver. Sənin ki, yaxşı səsin var. Bir ağız oxu, sən allah, ürəyimiz partladı, - deyirdilər.

Cəmil deyilənin zil səsi karvansaranı qəfildən başına götürdü.

 

Gəncənin küçələri,

Banlamaz beçələri.

Necə sənsiz yatım mən

Bu uzun gecələri?

 

Qapı bərkdən döyüldü. Yarısınıq pəncərədən dalbadal atılan güllələr tavandan qopardığı suvaqqarışıq daş qırıntılarını yerə tökdü.

Kim idi bu yaşılpapaq nəzarətçi?

1920-ciil mayın 26-dan 30-dək olan Gəncə qiyamında XI Ordu sıralarına soxulmuş mauzerçi-müstəntiq Liberman. Qatı daşnak olan Liberman bu qarışıq vaxtda bəzi rəhbərlərin hörmətini qazandı. Özünü onlara sadiq göstərib XI Ordunun xüsusi şöbə rəisi kimi məsul vəzifəyə irəli çəkildi. Əlinə girəvə düşdüyünü görən Liberman Sovet hökuməti adından istifadə edərək Azərbaycanın qiymətli oğullarının kimisini güllələyir, kimisini də zindanda çürüdürdü. Elə adamları şübhə toruna salmışdı ki, onlar xalqın gələcəyi, düşünən beyni idi. Ondan soruşan yox idi ki, əgər qiyam Gəncədə olubsa, yüz kilometr aralıda xalq müəllimi işləyən, heç vaxt siyasətə qarışmayan Firudin bəy onun - qiyamın necə təşkilatçısı, rəhbəri ola bilərdi?

Əslində onun heyif alman istədiyi üsyanın təşkilatçısı, müsavat generalı Cavad bəy Şıxlinski, jandarm idarəsinin hissə rəisi Sarı Ələkbər İmamqulu oğlu, müsavat xəfiyyə idarəsinin rəisi Qəmbər Bəhmənli, Gəncə alayının komandiri, polkovnik Cahangir bəy Kazımbəyov idi.

 

Cəllad kötüyünə də düzlüklə...

 

Bir yandan içəri təzə dustaqlar gətirilir, digər yandan da, iki bir-üç bir ad-familiya ilə çağırıb, harasa aparırdılar. Yəqin ki, güllələməyə. İçəri girən bolşevik əsgərinin yanında bir erməni də olurdu. Erməninin göstərdiyi adamı Liberman dərhal çölə çıxarıb güllələnməyə göndəridi. Mən Firudin bəy Köçərlini yaxşı tanıyırdım, həm də çox istəyirdim. Ona dedim:

- Ağa, burada vəziyyət çox gəlizdir. Ermənilər bizim say-seçmə adamlarımızı bolşeviklərin əli ilə güllələdirlər. Ona görə Sizdən acizanə xahiş edirəm, adınızı gizlədin, yəni deməyin ki, Siz Firudin bəy Köçərlisiniz.

Firudin bəy təəccüblə, bir az da qəzəblə mənə baxdı:

- Necə yəni adımı gizli saxlayım?

- Deyin ki, adım Məmməddir, ya da Həsən Əliyevdir. Köçərli famili çox məşhurdur, ermənilər də tanınmış adamlarımızın qanına yerikləyib.

Firudin bəy çox sərt görkəm aldı, qəzəblə dedi:

- Çox ayıb olsun sənə, gör nə təklif edirsən. Bəyəm insan da yalan danışarmı?!

 

Qocaman müəllim Mir Cavadın xatirəsindən

 

Həbs olunanlar arasında o zaman Azərbaycan Mərkəzi Komitəsinin üzvü Eyyub Xanbudaqovun yaxın qohumu Abbas Rzaquluoğlu da vardı. Abbas yemək gətirən bir qadına məktub verir ki, onu Eyyub Xanbudaqova çatdırsın.

Abbas məktubunda yazır ki, əslində qatı daşnak olan Liberman hazırda XI Ordunun xüsusi şöbə rəisi kimi məsul vəzifə daşıyır. Liberman yüzlərlə adamı günahlı-günahsız qiyamçı adı ilə həbs etmişdir. O, gecələr Gəncə quberniyasının fövqəladə komissarı Həmid Sultanovdan gizlin xüsusi bir yerdə dustaqlar arasından Azərbaycanın adlı-sanlı oğullarını seçib güllələyir. Günahsız tutulanlar arasında Qazax Seminariyasının müdiri Firudin bəy Köçərli də var.

Eyyub Xanbudaqov aldığı xəbəri Nərimanova çatdırır. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov təcili teleqram vurur ki, Firudin bəy Köçərlini həbsdən azad etsinlər.

El yatandan, bir az əvvəl nəzarətçi bağlı qapı arxasından qışqıra-qışqıra soruşdu:

- Ey, dustaqlar, burda Qazax Seminariyasının müdiri Firudin bəy Köçərlinski varmı?

Heç kəs dinmədi. Cümşüd qaranlıqda əlilə Firudin bəyi axtardı. Onun əli mürgüləyən Firudin bəyin dizinə toxunan kimi diksindi.

- Hə, kimsən? - deyə hövlak soruşdu.

- Firudin bəy, nəzarətçi Sizi qapıya çağırır.

O, dərhal yerindən durdu. Karvansara tağlarına mətərislənə-mətərislənə qapıya yaxınlaşdı. Üzünü bağlı qapıya tutub:

- Kimdi, məni soruşan? - dedi.

- Köçərlinski sənsən?

- Bəli.

- Qazax Seminariyasının müdiri?

- Bəli.

Nəzarətçi daha heç nə deməyib getdi. Firudin bəy gah divarlardan, gah da tağlardan tuta-tuta yenə geri qayıtdı. Gələ-gələ "Cümşüd, oğlum, hardasan?"- deyib əlilə onu axtardı. Cümşüd ayağa durub onun əlindən tutdu, öz yerində oturmağa kömək elədi.

- Nə yaxşı yatmışdım, bu nadürüst hardan gəldi, - deyib nəzarətçinin dalınca deyindi.

- Firudin bəy, yəqin Sizi azad edəcəklər, ona görə də soruşurlar.

- Yox, oğlum, inanmıram, görünür, növbə mənimdir, - deyib ciblərini axtardı. Jiletinin sağ cibindən bir gümüş manatlıq çıxarıb:

- Cümşüd, oğlum, al, - dedi, - sənə lazım olar, birdən buraxsalar evə gedəndə xərclərsən. - Heyranlıqla altdan yuxarı baxan Cümşüdə elə gəldi ki, Firudin bəyin son dəqiqələridir. Ona vəsiyyət edir. O, nə qədər boyun qaçırdısa Firudin bəy qaranlıqda onun əlini tapıb gümüş manatlığı ovcuna basdı. Gəncin təəccüb və şübhələrini dəf etmək üçün: - Mən sənin atan rəhmətliyin yaxın dostu idim, sənə bu gümüş manatlıqdan milyonunu da versəm, atan Ağaəli bəyin yenə yaxşılığının əvəzini çıxa bilmərəm. İnşallah, mənim yazdığım kitab bir gün, bir fazil şəxsin əlinə keçər, ol qeyrətli millət oğlu onu çap edər, o vaxt sən oxuyub, görərsən ki, atan haqqında yazmışam: "Ağaəlibəy cənablarının bizə artıq hüsni-xidmətləri olubdur ki, Şamaxı şüərasının seyr-sülukuna dair bəzi mühüm məlumatı ol cənabın həmiyyəti ilə kəsb etmişik. Buna binaən münasib məqam bilib burada ol cənaba izhari - məmnuniyyət qılmağı gözəl vəzifələrimizdən ədd edirik". Sabir də, Tərrah da, Səhhət də məktublarında dönə-dönə yazardılar ki, Naseh dostumuz o qədər gözəl xasiyyətli, xoşqılıq və yaxşı məramlı zatdır ki, öz həmşəhərlilərinin, onu tanıyanların cümləsimnin dərin hörmət və məhəbbətini qazanmışdır.

Firudin bəy məhbəsdə olduğunu unutmuşdu, ürəyini boşaldırdı. Elə bil tələbələri qarşısında idi, bu neçə gündə dərs deməməyinin əvəzini çıxırdı. Şirvan şairləri fəslini tədris edirdi. - Yadımdadır, deyə  yanıqlı-yanıqlı sözünə davam etdi. - Atan mənə millətimizin məşhur şairi Hacı Seyid Əzim Şirvaninin ölümünə inşa etdiyi qəzəlini göndərmişdi:

 

Qan ağla, gözüm, sərvəri dövran getdi,

Sərdəftəri-əhli-fəzlü ürfan getdi.

Ayineyi-ovqat ol zati-şərif,

Səngi-əcəl ilə sındı əlan getdi.

Heyrətdəyəm, ey xak, necə sığdırdın

Ağuşuna, ta o bəhri-Ümman getdi.

Naseh dedi tarixi-vəfatın qəm ilə,

Səd heyf ola Seyyidi-Şirvan getdi.

 

İndi özün düşün. Gördünmü atan mənə necə təmənnasız yaxşılıqlar edib. Dərvişin payı bir yaşıl yarpaq olan kimi, mən də sənə vur-tut bir gümüş manatlıq verirəm. Eh, bir də ki, mənim nəyimə gərəkdi, - deyib kədərlə köks ötürdü. Susdu. Handan-hana:

- Mənimki buraya qədər idi. Yuxuda hər şey insana əyan olur. İndicə  mürgüləyəndə gördüm ki, məni buraxıblar. Evə payi-piyada gedirəm. Qarşımdan gələn qoca, cavan hamısı təəccüblə üzümə baxıb deyirlər ki, ey qoca, hələ Qazaxa çox var, piyada gedə bilməzsən, özünə bir minik tap. Gəncədən Qazaxa kimi yol boyunca bitən rəngli qızıl gülləri göstərib deyirəm ki, bu güllərin ətri mənzil kəsən olacaq. Bu yol məni yormaz. Harda olsam, gərək səhər dərsə çatam. Uşaqlar məhəttəl qalmasınlar, məni gözləyir.

Elə bu vaxt sənin əlin dizimə toxundu, oyandım. Gör necə də tərləmişəm, qan-tər içindəyəm. - Kraxmallı yaxalığını açıb əlini köynəyin altında gəzdirdi. - Sən özünü qoru, oğul. - Cümşüdə təsəlli verdi və yenidən yuxusuna qayıtdı. - Oğul, yuxudakı getmək, getməməkdi, rəng, qırmızıdı. Azad edilmək, buraxılmamaqdı. Hə, gecə keçir, hamı yatıb, gəl bir az da biz mürgüləyək.

 

(ardı var)

 

Şəmistan Nəzirli,

istefada olan polkovnik-leytenant

 

Ədalət.-2013.-3 aprel.-S.7.