BİR HEKAYƏNİN
SEHRİ
ETİBAR
ƏBİLOV
(əvvəli
ötən sayımızda)
Bu romanda çox maraqlı məqamlar var. Əsərdə bir obraz var: İsrayıl Ori. İsrayıl Ori ermənidir. Ori o dövrdə Rusiyaya çarlıq edən I Pyotrla (dəli Petro) tanış olur və Pyotrdan ruslar üçün Şərqə qapı olan osmanlı imperiyası ilə Səfəvi dövlətinə aid olan torpaqlarda erməni dövlətinin yaradılmasında, ermənilərə kömək etməsini I Pyotrdan xahiş edir. O bu işə I Pyotru sövq edə bilir. Əslində bu fikir I Pyotrun özünün də ürəyindən olur. Sonra erməni Ori I Pyorta ipək parca üzərində rəngli ilmələrlə işlənmiş qəribə bir xəritə təqdim edir. Bu hələ mövcud olmayan gələcək erməni dövlətinin xəritəsidir.
Bunun müqabilində I Pyotr onun ciyinlərinə qızılı rəngli polkovnik rütbəsi taxır. Sonralar həmin erməni dövləti ruslar tərəfindən quruldu da və bu başa bəla dövlət zaman-zaman günümüzə qədər türklərin və azərbaycanlıların qəniminə, başağrısına çevrildi. "Sonuncu fateh" trilogiyasında çox incə məqamlar var. I Pyort Osmanlı sarayının vəziri əzəmi İbrahim Paşanın elçisini qəbul edir, onların arasında Rusiya ilə Osmanlılar arasında 1720-ci ildə imzalanan "Əbədi sülh"əhdnaməsindən söhbət gedir. Elçilərlə söhbət edərkən I Pyotr qəlbində illərlə bəsləyib cücərtdiyi toxumu müdrik Osmanlı elçiləri düymasın deyə üzünə qırmızı cib yaylığı tutur. Amma müdrik Osmanlı elçiləri bütün türk dünyasının düşməni olan Pyotrun bəd niyyətini yaxşı bilirlər. Bu yaylıq əsərdə rəmzi bir məna daşıyır. I Pyotrun üzünə tutduğu o yaylıq elə o vaxtdan rus siyasətinin, türklərə, azərbaycanlılara qarşı istifadə etdiyi vasitədir. Dildə bir cür, əməldə başqa cür. O yaylıq əslində ikiüzlülüyün ifadəsidir. Rus diplomatiyası həmişə istər türklərə, istərsə də azərbaycanlılara qarşı ikiüzlü siyasət yeridiblər. Bu iki türk dövlətinin zəifləməsi, torpaqlarının zəbti üçün əllərindən gələni ediblər və bu gün də bu işi davam etdirirlər.
"Sonuncu Fateh" romanı haqqında daha bir necə kəlmə: şanlı Səfəvilər dövlətinin keçmiş şöhrətini özünə qaytaran Nadir şah Səfəvilər sülaləsinin varlığına da elə özü son qoyur (Bu əlbəttə tarixi zərurət idi) Dövrünün ən qüdrətli hökmdarı olur. Çar Rusiyası, Osmanlı imperiyası ondan çəkinir, onunla hesablaşır. Bəs necə olur ki, bu qudrətli hökmdarın hakimiyyətinin ən qüdrətli dövründə - istər qurduğu dövlətində, istərsə də şəxsi həyatında tənəzzüllər baş verir, onun şəxsi faciəsi başlayır. Bir tərəfdən Osmanlılar, digər tərəfdən də çar Rusiyası bu dövlətin zəifləməsi üçün hər vasitəyə əl atırlar. Amma Nadir Şahın qüdrətli dövlətinin dayaqlarını sarsıdan ən əsas səbəb ölkənin daxilində baş qaldıran üsyanlar olur. Bu üsyanlara rəhbərlik edənlər isə əsasən Nadir şahın ən yaxın adamları - Nadir şahın hesabına uca mərtəbələrə çatan, dövlətdə ən yüksək vəzifələr tutan - Nadirin inandığı, etibar etdiyi xainlər olur. Onun üçün əsl böhranlı günlər oğlu Rzaqulunun gözlərini kor edəndən sonra başlayır. Rzaqulu hakimiyyət hərisidir. Nadir şah da hakimiyyətdə qalmaq naminə bütün, hətta ağlasığmaz addımlar atmağa belə tərəddüd etmir. Amma bu faciə boş verməyə də bilərdi. Lakin həm Rzaqulunun, həm də Nadir şahın ətrafında olan xainlər, mənsəbpərəstlər, yaltaqlar, öz mənafelərini hər şeydən, hətta vətəndən üstün tutan adamlar ata ilə oğul arasında düşmənçilik yaradırlar və beləliklə də nadir şaha amansız, sağalmaz bir yara vururlar. Həmin səhifələr romanın ən kədərli, eyni zamanda ən ibrətamiz səhifələridir. Oğlunun gözlərini kor edəndən (Nadir özü də bu müdhiş səhnəni seyr edir) sonra Nadir kor olmuş oğlu ilə cəmi bir dəfə görüşür və həmin görüşdə Rzaqulu xanın dediyi sözlər Nadir şahın min bir əziyyətlə qurduğu qüdrətli dövlətin faciəli gələcəyindən xəbər verir: "Sən mənim gözlərimi deyil, Azərbaycan dövlətinin gözlərini kor etdin, ata".
Nadiri qətlə yetirənlər də elə onun inandığı, etibar etdiyi, hətta ölümdən qurtardığı adamlar olur.
Nadir şah dünyaya böyük işlər görmək üçün gəlmişdi. Sünni-şiə ixtilafını aradan qaldırmaq üçün Osmanlı sultanına yazdığı məktubları xatırlamaq kifayətdir. Bu məktublarda sünni-şiə ixtilaflarını aradan qaldırmaq üçün inandırıcı dəlillər gətirməsi bu ixtilatın türk-islam dünyasına nə qədər zərər vurduğunu türk-islam dünyasının güclənməsi üçün hökmən bu ixtilatın aradan qaldırılmasını o ən səmimi şəkildə Sultana izah edir. Məktublardakı izahlarda bəzən xahiş, bəzə tələb notları hiss olunur.g Romanda eyni zamanda bu qüdrətli şah işğal etdiyi ölkələrinin əhalisi ilə xoş davranır, şəhərlər salır, abadlıq işləri görür, ölkənin hərbi dəniz donanmasını yaradır. Düşmənlərini, bəzən ona dəfələrlə xəyanət etmiş düşmənlərini bağışlayır əhalinin firavanlığı, əmin-aman yaşaması naminə əlindən gələni edir.
Yazımın əvvəlində dediyim kimi haqqı ən çox tapdanan insanlardan biri də Nadir şah olub (yeni çap olunmuş son nəşr yeddi cildlik Azərbaycan tarixində Nadir şah haqqında o qədər səthi və laqeyd yazılıb ki...) hətta Qacar şah olandan sonrag Nadir şahın nəşini Məşəddəki sərdabədən çıxarıb Tehrana aparıb. Öz sarayının astanasında basdırıb ki, hər dəfə içəriyə girib-çıxanda ayaqları altında qalıb tapdansın. Hüseynbala Mirələmov bu trilogiyası ilə ruhu çox incidilmiş Nadir şahın narahat ruhuna sanki bir rahatlıq, təskinlik gətirib və bu böyük işinə görə bu böyük yazıçımıza öz şükran təşəkkürümüzü bildiririk... Mənim fikrimcə "Sonuncu Fateh" ədəbiyyatımızda hadisədir və bu trilogiya Ordubadinin "Qılınc və qələm", Y.V.Çəmənzəminlinin "Qan içində", M.İbrahimovun "Pərvanə", İ.Şıxlının "Dəli Kür", İ.Əfəndiyevin "Geriyə baxma qoca" kimi böyük əsərlərlə yanaşı dayanmağa layiq əbədi bir abidədir. Əslində mən bu yazını Hüseynbala Mirələmovun bir hekayəsi haqqında yazmaq fikri ilə başlamışdım. Məqsədim H.Mirələmovun "Bir gecənin sehri" hekayəsi haqqında yazmaqdır. "Sonuncu Fateh" kimi möhtəşəm və ciddi bir əsər haqqında yazmaq müəyyən hazırlıq, vaxt tələb edir. "Bir gecənin sehri" məni o qədər sehrləyib ki, yazı boyu fikrim o hekayənin ətrafında cərəyan edir. Mən o hekayədəki sehrdən sözün həqiqi mənasında xilas ola bilmirəm. Cəmi səkkiz səhifədən ibarət olan hekayədə o qədər zəngin təəssüratlar, hadisələr var ki, elə böyük şəxsiyyətdən söhbət gedir ki, sanki kiçik bir hekayənin yox, böyük maraqlı bir romanı oxumuşam. Hekayədə cəmi yeddi şəxsiyyətdən söhbət açılır. Təssəvvür edin ki, səkkiz səhifəlik hekayədə kimlərdən söhbət gedir: Üzeyir bəy Hacıbəyovdan, Bülbüldən, M.S.Ordubadidən, Mircəfər Bağırovdan, tibb professoru Əbülfəz Qarayevdən, Qara Qarayevdən, C.Hacıyevdən hər birinin həyatı cildlərlə kitaba sığmayacaq insanlardan.
Ümumiyyətlə H.Mirələmov çox cəsarətli yazıçıdır. Bu kiçik hekayədə bu şəxsiyyətləri xüsusi ilə Ü.Hacıbəyovun, Bülbülün, M.C.Bağırovun və Ordubadinin çox dəqiq ştirxlərlə bütöv xarakterləri açılır. Bu ədəbiyyatımızda çox nadir hadisələrdən biridir. Hekayənin belə uğurlu alınmasında ən başlıca cəhət nədir? H.Mirələmovun çox güclü ümumiləşdirmələr ustası olması. Əks təqdirdə hekayə belə maraqlı, belə oxunaqlı alınmazdı.
Xalqımızın birmənalı şəkildə qəbul etdiyi insanlardan biri də Üzeyir bəydir. O, gördüyü böyük işləri ilə, xeyirxah əməlləri ilə xalqımız üçün müqəddəs bir insana övliyaya çevrilib. Hekayədə də o, yalnız başqaları üçün yaşayan həyatının mənasını xalqına xidmətdə görən bir insan kimi təsvir olunub. Hadisələr çox ağır bir vaxtda, ikinci cahan müharibəsinin ağır illərində cərəyan edir. Ü.Hacıbəyov konservatoriyanın rəhbəridir. O vaxt konsevatoriya tələbələri olan Qara Qarayev və Cövdət Hacıyev birlikdə "Vətən" adlı opera yazıblar. Üzeyir bəy "Vətən" operası ilə tanış olandan sonra bu gənclərin gələcəyin dahiləri olduğunu anlayır, amma bunun üçün gənclərə kömək lazımdır, onları ruhlandırmaq gərəkdir. Əsər böyük səhnədə səslənməlidir. Üzeyir bəy bu işdə onlara kömək etməyə söz verir. Amma bu işin necə çətin olduğunu da bilir. Çünki operanın səhnəyə qoyulması uçun bir maneə var, maneənin adı M.C Bağırovdur. Respublikanın mütləq söz sahibi olan M.C.Bağırova hər yeniliyi qəbul elətdirmək mümkün deyil və ümumiyyətlə ideoloji sahədə olan hər hansı bir yeniliyə o son dərəcədə qısqanc - bəzən də amansız münasibət bəsləyir. Və Üzeyir bəy də bunu gözəl bilir və bütün hekayə boyu, hekayənin sonuna qədər narahat görünən Üzeyir bəyin narahatlığı da buna görədir. Qara ilə Cövdət gənc olduqları üçün bu narahatlığı o qədər də dərk edə bilmirlər. Üzeyir bəy isə gözəl bilir ki, "Vətən" operası M.C.Bağırovun şıltaqlığına rəğmən həmin istedadlı iki gəncin bəlkə də faciəsinə səbəb ola bilər.
Qara ilə Cövdət isə səbirsizliklə
əsərlərinin səhnə həyatını gözləyirlər.
Amma onlar
Üzeyir bəy kimi sözünün sahibi olan bir insana
söz verib.
Ümumiyyətlə, Üzeyir bəy Hacıbəyov
çoxları kimi mənim də həyat idealımdır. Belə bir
dahini xalqımıza bəxş etdiyi üçün yaradana
nə qədər minnətdar olsaq da, yenə də azdır.
Mən bu yazıda onu övliya kimi
adlandırdım hekayədə. Onun
övliyalığına dəlalət edən bir epizod var. Mən
həmin epizodu oxuyarkənq müqəddəs Quranda Həzrət
Əliyə istinad edilən bir ayəni xatırladım:
"Sizlərdən ən xeyirlisi ibadət edərkən sədəqə
verənlərdir". Bu mübarək ayənin
Həzrət Əliyə aid olduğunu deyən təfsirçilər
- Həzrət Əli ilə bağlı məşhur hadisə
istinad edirlər. Həzrət Əli bir dəfə
məsciddə namaz qılarkən bir nəfər məscidə
daxil olub sədəqə istəyir. Həzrət
Əli namazdan ayrılmadan qiymətli bir üzük vurduğu
sağ əlini sədəqə istəyən həmin adama
uzadır. Sədəqə istəyən Həzrət
Əlinin barmağından üzüyü çıxarıb
- məscidi tərk edir. Sədəqə
alanın kimliyini bilməyən Həzrət Əli isə
ibadətini davam etdirir. Yenə də müqəddəs
kitabdan misal gətirmək istəyirəm: "Sağ əlin
verdiyindən sol əlin xəbəri olmamalıdır".
Üzeyir bəyin növbəti xeyirxahlığından bəhs
edən cümlələri oxuyanda müqəddəs kitabdan həmin
sözlər, Həzrət Əlidən bəhs edən həmin
hədis yadıma düşdü:
"...Üzeyir
bəy elə bil ki, birdən-birə qapının
ağzında hənirti hiss etdi. Barmaqlarını pianonun dillərindən
ayırrmadan soruşdu:
- Kimsən?
Hay verən olmadı. Üzeyir bəy fikirləşdi
ki, görünür, külək qapını yüngülcə
tərpədib. Yenə damcıların
ritmini tutmağa çalışdı. Elə bu vaxt həmin
hənirtini bir də duydu, bu dəfə nisbətən ötkəm
səslə soruşdu:
- Kimsən?
Niyə cavab vermirsən?
Nəhayət
qapının ağzından adam dilləndi:
- Mənəm...
Tələbəniz...
Üzeyir
bəy yenə barmaqlarını pianonun dillərindən
ayırmadan soruşdu:
- Nə
lazımdır?..
Qapının
ağzındakı adam handan-hana dilləndi:
-
Mühazirədə dediniz ki, maddi və mənəvi cəhətdən
ehtiyacı olanlar müraciət edə bilərlər...
Üzeyir
bəy yenə barmaqlarını pianonun dillərindən
ayırmadan soruşdu:
- Nəyə
ehtiyacın var?
Qapının
ağzındakı adam dillənmədi.
Üzeyir
bəy gülümsədi və dedi:
-
Qapının yanında, kamodun üstündə - masada pul var. Gör bəs eləyir?
Qapının
ağzındakı adam duruxa-duruxa dedi:
- Burda
çoxdur...
Üzeyir
bəy yenə barmaqlarını pianonun dillərindən
ayırmadan dedi:
- Sənə
nə qədər lazımdırsa o qədər
götür...
Qapının
ağzındakı adam bir qədər titrək
səslə dedi:
- Sağ
olun. Qapını örtüm, yoxsa
açıq qalsın?
Üzeyir
bəy yenə barmaqlarını pianonun dillərindən
ayırmadan dedi:
-
Açıq qalsın..."
Riqqət doğuran hadisədir, deyilmi?
Və "Bir gecənin sehri" hekayəsində belə
müqəddəs bir əməl sahibi olan Üzeyir bəy
"Vətən" operası ilə bağlı
M.C.Bağırovun qəbuluna gedir.
Bildiyimiz kimi M.C.Bağırovun siyasi səhnədən
getməsinin üstündən 60 ildən artıq bir vaxt
keçir. Ümumiyyətlə M.C.Bağırov şəxsiyyəti
Azərbaycanda ən çox maraq doğuran, ən çox mübahisə
obyektinə çevrilən bir mövzudur. Ona münasibət Azərbaycanda heç vaxt birmənalı
olmayıb. Bəziləri onu Azərbaycanın qəddar
düşməni, xalqımızın ən işıqlı
oğullarının cəlladı (haqlı olaraq), amansız,
insanları alçatmağı sevən, onların şəxsiyyətini
aşağılamaqdan zövq alan bir insan kimi, digərləri
isə onu Azərbaycanı böyük bəlalardan qoruyan, əliəyriliyə,
rüşvətxorluğa qarşı amansız olan,
nizam-intizamı sevən, Azərbaycan dövlətinin mənafeyini
hər şeydən uca tutan, çəkilən zəhməti
qiymətləndirən və mükafatlandıran və s. bir
dövlət xadimi kimi xarakterizə edirlər.
Hüseynbala Mirələmov tarixi gerçəkliyin tərəfindədir. O, kiçik bir epizoda
M.C.Bağırovun həm müsbət, həm də mənfi
cəhətlərini göstərir. Amma bu
epizodda həm də Bağırovun faciəsini çox
ustalıqla açıb oxucuya çətdırır. Üzeyir bəy "Vətən" operası ilə
bağlı M.C.Bağırovun qəbuluna gəlir.
Bağırov
qəbula gələnlərin siyahısına baxanda Üzeyir
bəyin adını siyahıda görüb köməkçisinə
səslənir:
"- Gədə,
sənə neçə yol demişəm ki, kompozitorun
adını siyahıya yazma, gələndə mənə xəbər
elə, növbədənkənar burax...
-
Yoldaş Bağırov, özü təkid elədi...
- Hm... təkid elədi... O, etik normaları gözləyir,
bəs sən?"
...Və
sonra əlavə etdi:
"- Sənə
axırıncı dəfə xəbərdarlıq edirəm...
Bir də belə qələt eləmə... kompozitora de gəlsin..."
Mircəfər Bağırov Üzeyir bəyi çox səmimi
qarşılayır, ona oturmaq uçun yer göstərir. Onunla
çoxdan görüşmək, söhbətləşmək
istədiyini deyir, ehtiramla - məndə vaxt
qıtlığı var, bəs siz niyə gəlmirsiniz?
- deyir, səhhəti ilə maraqlanır:
"-
Bilirəm, sənətkarlar sənətlərinə səhhətlərindən
çox fikir verirlər... Fədakarlıq onların xislətindədir".
(Ardı var)
Ədalət.-2013.-3 aprel.-S.6.