Axtarış
Hekayə
(əvvəli
ötən saylarımızda)
Səhər çağı Tokay Nodar Canidzenin kabinetinə girəndə sahibkar ayağa durdu, Tokayın qabağına yeriyib gülərüzlə onun boynunu qucaqladı, dedi:
- Tokaycan, sən çox böyük igidlik eləmisən! Afərin! Belə bir müştərinin həyatını xilas etmək bilirsən nə deməkdir? İmicdir, imic!
Tokay məsumanə gülümsədi, dedi:
- Mən sadəcə üzə bilirdim! Vəssalam!
- Sadəcə yox! Sən əsl igidsən! Sarpi səninlə fəxr edir! Biz səni dünənki tarixlə işə götürdük! Qoy sənin şücaətin "Kameo"nun tarixinə yazılsın! Bilirsən nə baş verib?
Tokay sahibkarı tanıya bilmirdi. O, təəccüblə çiyinlərini çəkib gözlərini Nodara zillədi.
- Dünən alman səfirliyindən zəng vurmuşdular, xanım Şraynerin səhhəti ilə maraqlandılar; biləndə ki, xanım Şrayneri bizim hotelin işçisi xilas edib, təşəkkür elədilər. Almanlar öz vətəndaşları üçün gör necə narahat olurlar?! Dövlət belə olar e! Hə, Tokaycan, xanım Şrayner dünən gecədən səni axtarır. Gecə zəng eləmədim Mananaya! Yəqin onun xəbəri var? Bax belə, zəngin və igid oğlan! İndi get işini gör! Al, bu da sənin avansın!- deyə hotel sahibi əvvəlcədən hazırladığı paketi Tokaya uzatdı.
İnsanın həyatı hər an dəyişə bilər; gərək yaşadığın hər anı gözləməyi bacarasan! Gərək hər zaman hər ana hazır ola biləsən! Tokay bu düşüncələrin qanadı altında bayıra çıxdı və qəflətən onun içini elə bir sevinc hissi bürüdü ki, quş olsaydı uçardı. Onun üçün adi görünən bu hadisəyə gör nə qədər önəm vermişdilər! "Gürcülərin xasiyyətidi, onlara iynənin ucu boyda olsa da xidmət göstərsən, onu dağ boyda görürlər! Bu Nodar çox yaxşı adamdı! Dünən nahaq onun barəsində pis fikrə düşmüşdüm!"
Manana növbəni təhvil alanda Aşot ona yaxınlaşıb gülə-gülə dedi:
- Xanım Şrayner bayaq səni axtarırdı!
- Bilirəm, bilirəm, Aşot əmi, zəng vururam, otaqda heç kim yoxdu!
- Çimərliyə getdilər! Nəsə narahat görünürdü!
- Görünür dünənki hadisədən sonra özünə hələ də gəlməyib! - Manana kompüteri yoxlaya-yoxlaya cavab verdi. Bu vaxt Tokay içəri girdi, Aşot bu dəfə onunla çox ehtiramla salamlaşdı və dinməzcə gedib qapıda durdu.
Manananın ikinci iş günü başlamışdı; qız elə bil su sonası idi, məlakələr kimi göylərdə uçmaq istəyirdi; Tokay onun qulağına nəsə pıçıldadı, qız bərkdən güldü. Tokay dedi ki, o, çimərliyə, dalğıc dostlarıyla xudahafizləşməyə gedir. Oğlan qapıya sarı boylanıb Aşotun onlara baxmadığından arxayın olandan sonra qəflətən qızın yanağından öpdü. Manana qızardı, canına istilik gəldi və pıçıltıyla nəsə deyib iş yerinə keçdi.
Tokay çimərliyə çatanda gördü ki, xanım Şrayner uşaqlarıyla birgə yenə həminki ərazidədir, onlar boy verən yerdə çimirlər. Bir qədər yaxına gəlib dalğıclarla salamlaşdı; dalğıclar Tokayı görən kimi sanki canlandılar, çətirin altındakı stolun üstündə boş pivə bakallarını doldurdular; Tokayı da içməyə məcbur etdilər! Tokay qürrələnə-qürrələnə əlini cibinə salıb dedi:
- Mənim pulum var! Bu gün mən qonaqlıq verəcəm!
Dalğıclardan biri bic-bic onu süzdü, sınayıcı nəzərlərini Tokayın bütün vücudunda gəzdirib soruşdu:
-
Varlanmısan deyəsən?
- Yox!
Avans almışam! Hotelə işə girmişəm!
- Əladı
ki!
- Deməli
bizi bəyənmədin?
- Yox, niyə
ki? Bəyənməsəydim bura gəlməzdim!
-
Yaxşı, onda get ordan xəngəl sifariş ver! Bir
şüşə də rus arağı! Sənin
təzə işini yuyaq, - deyə nisbətən iri əzələli
dalğıc əli ilə sahildəki səyyar restoranı
göstərdi. Tokay sözə baxan uşaqlar kimi
çimərlikdə dəniz çarpayılarında
uzanıb özlərini günə verən adamların arasıyla restorana
tərəf getdi. Birdən xanım Şrayner
onu görüb səslədi, əli ilə işarə elədi
ki, onların yanına gəlsin. Tokay sevincək
qadının yanına qaçdı; uşaqlar ona maraq və
heyrətlə baxırdılar, qadın doğurdan da narahat
görünürdü. Xanım Şrayner gürcü
dilində danışdı, dedi:
- Dünənki
əhvalata görə məni bağışlayın! Az qala sizi də... Sizə təşəkkür
eləmək istəyirəm, uşaqlarım hələ də
sizin igidliyinizdən danışırlar,-
deyə oğlana iltifatlı və mehriban
baxışlarını tuşlayan Yurgenlə Klaranı
göstərdi.
-
Xanım Şrayner, təşəkkür eləməyə dəyməz.
Xahiş edirəm, özünüzü rahat
hiss edin. Mən başqa cür hərəkət edə
bilməzdim! Siz Allah, bunu unudun getsin!
-
Heç bilmirəm bu necə baş verdi!-
deyə xanım Şrayner qayğılı-qayğılı
sakit sulara baxdı. - Bilirsiz, mən çox qiymətli bir
üzüyümü itirmişəm. Deyəsən suya
düşüb! Hər halda, dalğalar böyük idi... İndi biz uşaqlarla birlikdə səhərdən
suyun altına baş vururuq, bəlkə gözümüzə
sataşdı?
- Çətin
tapılsın!- Tokay təəssüflə
bildirdi. - Bu sular o qədər qiymətli şeylər udub ki!
- Hə...
- qadın kövrəldi, - Biz həmişə
itirəndə axtarırıq. Qorumaq barədə
düşünmürük. O üzük çox qiymətliydi,
ərimdən mənə toy hədiyyəsi idi... Heyf!
Qadın başını bulaya-bulaya Tokayı
süzdü; oğlan onun bu dəfəki
baxışlarında istehza sezmədi, orda sanki minnətdarlıq
və yalvarış bir-birinə qarışmışdı. Tokay o
baxışların mənasını anlamadı, o da
başını buladı və xudahafizləşib geriyə,
restorana tərəf yeridi.
Xanım Şrayner oğlu və qızı ilə
birlikdə üzüyü qaranlıq düşənə
kimi axtardı; ana tez-tez suya baş vurur, nəfəsi
çatanadək dibdəki daşların arasına
baxırdı.
Dünən çimdiyi su ərazisini arayırdı; təxminən
səkkiz-on yaşlarında olan qızı Klara ləpədöyəndə
o tərəf bu tərəfə gedir, ləpələrin
yuduğu daşları aralayıb altına baxırdı;
oğlu Yurgen (onun da on iki yaşı olardı!) su eynəyi
taxmışdı, o da anası kimi tez-tez suyun altına girir,
dərhal da çıxırdı, sonra yerini dəyişir,
eyni hərəkətlər edirdi. Çimərlikdə dincələnlərin
heç biri ana və oğulun bu hərəkətinə əhəmiyyət
vermirdi; hərə bir cür dincəlirdi, görünür,
ana-oğul da belə dincəlir!
Sahildən
əl-ayaq kəsilsə də ətraf restoranlardan musiqi səsləri
eşidilirdi; istirahətə gələnlər əylənirdilər;
Türkiyəyə gedib-gələn iri yük maşınlarının
sürücüləri, yerli adamlar üçün yay gecəsində
dənizin həzin laylası altında bir qədər dincəlmək,
gürcü şərabından dadıb elə dənizin
qırağındaca mürgüləmək nəyə desən
dəyər! Bu gecə Tokay üçün də əyləncəli
və nəşəli oldu; o, yalın ayaqlarını dənizin
ləpələrinə şappıldada-şappıldada yenə
şirin xəyallar aləmindəydi; bayaq dalğıc
dostlarıyla bir qədər vurmuşdu, sevincini köhnə
iş yoldaşları ilə bölüşmüşdü,
onların şərəfinə yaxşıca tostlar söyləmişdi,
özü barədə də təzə şeylər
eşitmişdi, əvvəllər heç vaxt eşitmədiyi
tostlara qulaq asmışdı. Sonra Mananaya zəng vurmuşdu,
qısa danışmışdılar, sonra yenə zəng
vurmuşdu, onu sevdiyini söyləmişdi; Manana yenə məşğul
olduğunu bildirmişdi; sonra Manana özü zəng
vurmuşdu ona, o da Tokayı sevdiyini demişdi; beləcə cavan
sevgililər gecə yarıyadək hər yarım saatdan bir
telefonda qısa fasilələrlə danışır, sonra da
qapadırdılar. Gənclərin sevgisi də,
sevinci də, əyləncəsi də, kədəri də
şıltaq olur; gənclərin qayğıları da özləri
kimi çevik, bərkgedən və coşğun olur. Nə
olur-olsun, o, tezliklə Mananaya toy edəcək, onu evinə gəlin
gətirəcək; o, düşünürdü,
gülürdü, suya təpik vurur, dənizin qaralmış
üzünə dişlərini ağardıb ucadan deyirdi:
- Sən
məni xoşbəxt etdin, dəniz! Mən səni
necə xoşbəxt edə bilərəm?
Qeyri-ixtiyari ağlına gələn rabitəsiz sözləri
ürəkdən deməsi özünə də ləzzət
verirdi; o, söyünür, fərəhlənir, sanki bu
sevincinə ləpələrin
şırıltısını də şərik qoşmaq
istəyirdi. Birdən yadına xanım Şraynerin bayaqkı
sözləri düşdü.
"Qiymətli,
əziz... itki... üzük..." Doğurdan da itki pis
şeydi! Adam beş lari itirəndə
bütün günü narahat olur. Yüz lari qazananda narahat
olmursan, əksinə, sevinirsən, onu ehtiyaclarına xərcləyəndə
də uf demirsən! Amma itirəndə... O ki qaldı yadigar
üzük ola... Qadının
barmağındakı üzüyün qaşı zeytun rəngində
idi, günəş şüası düşən kimi
qırmızıya çalır və yanırdı;
daşın qıraqlarında xırda beşguşəli
darçın rəngli yaqut və sapfirlər vardı; onu
qadının əri Erix toy günündə arvadına
bağışlamışdı. Üzüyün təxminən
iki əsr yaşı vardı, Erixin nənəsinə məxsus
idi; ərinin dediyinə görə, vaxtilə nənəsi
ailənin nəsildən nəslə ötürülən bu
qiymətli üzüyü barmağına taxıb bal gecələrinə
gedəndə Frankfurtda bütün kübar qadınlar ona həsəd
aparırlarmış; üzüyün ortasındakı iri
dairəvi qaş almaz idi; Erixin nənəsi deyirmiş ki, bu
daş qəzəbi söndürür, insanın ruhunu sakitləşdirir.
Bəli, bəli, bunu gürcü qızı Mananaya hədiyyə
verəndə əri, Erix Şrayner söyləmişdi!
Qadın bayaq bunları Tokaya danışanda kövrəldi,
gözləri doldu! Oğlan bütün bunların nə demək
olduğunu anlamasa da, zənn etdi ki, bu üzük elə belə
şey deyil! Görünür, üzükdə qeyri-adi nəsə
bir cazibə qüvvəsi var!
İçində sanki gözəgörünməz bir
qüdrət, güc duydu; düşündü ki, bəlkə
suya baş vursun, bəlkə o qadının üzyünü
axtarsın? Bəlkə?.. Onun içində xeyirxahlıq duyğuları
aşıb-daşdı; o duyğular qəlbini təntənəli
ehtirasla doldurmuşdu, onu dənizə
çağırırdı! O duyğular
çılğın idi, şücaətli idi; o
duyğularda qorxu, hürkü, riyakarlıq, yalan, yaltaqlıq
və namussuzluq yox idi! O duyğular qeyrətli, mərd, bir qədər
də xudbin və dikbaş duyğular idi! Onu dənizə səsləyirdilər!
Ayın birdən-birə batması ona mane olmadı. Adətən Ay batanda təzə
işə başlamırlar; deyirlər, Ayın xeyir-duası
mütləq lazımdır, gərək ona üzünü
tutasan, salavat çevirəsən, sonra işə
başlayasan, ya da yatasan... Bunu nənəsindən
eşitmişdi. Gecənin bürküsü də onun
vecinə deyildi! O, sevgilisinin işə girdiyi hoteldə
işləyirdi! Öz halal əməyi ilə pul
qazanırdı!
Bütün
sahilboyu ağ köpüklü dalğalar
işıldayan müxtəlif rəngli və
ölçülü daşların üzünü
yalayırdı; sular geri çəkiləndə daşlardan
qəribə, adamın ruhunu sakitləşdirə biləcək
ecazkar harmonik səslər çıxırdı, sanki
daşlar xorla hansısa bir simfonik musiqi əsərinin nəqarətini
oxuyurdular. Dənizin ortası
qaralmışdı, sahil suları dupduru, gözyaşı rəngində
idi; qayalıqlarda bitən sidr, şam, həmişəyaşıl
ağacları sulara əl edir, onların üstünə
yaşıl kölgələr salırdılar. Ay yenə
könülsüz-könülsüz buludların arxasından
çıxdı, sanki sevgilisi göylərlə gizlənpaç
oynayırdı.
(Ardı var)
Kamran NƏZİRLİ
Ədalət.-2013.-3 aprel.-S.6.