BAĞIŞLA,
ƏLİBOŞ GƏLDİM
Günlər
yaman sürətlidi, Zakir müəllim. Səhər
açılmamış axşam düşür. Günü
günlə görüşdürmək, axşamı səhərlə tanış etmək
yaman çətinləşib. Yerindən oyanıb əl-üzünü yuyub evdən çıxanda
görürsən, neçə iş tökülüb
qaldı, neçə görüş təxirə
düşdü. Bax, onda ötən anlara, ötən günlərə
doğrudan-doğruya təəssüflənirsən. Az qala əllərinin
ikisini də birdən dizlərinə çırpıb
"ay namərd dünya, ay namərd zaman" demək istəyirsən.
Desən nə dəyişəcək?.. Zaman öz işində, dünya
öz gərdişində. Belə məqamda köməyimə
çatır misraların. Əlimdən tutur, ümidimə,
dayağıma çevrilir. Yadıma dediyin o bir kəlmən
düşür:
- Sən
yaxşı oğlansan. Tərbiyəli, səmimi oğlansan
Bunu
mənə elə ərknən, elə canıyananlıqla
deyirsən ki, elə bil dünyanın ən böyük mükafatını verirsən mənə.
Və mən də öz-özümə
pıçıldayıram:
Könül
verməzlər şər vaxtı,
Arxamca
bir qərib baxdı.
Qara
qızın qara baxtı -
Qalmaz
belə, qalmaz, dünya.
Bu
misralar sənindi. Mənim ən çox sevdiyim şeirdi. Kədərlənəndə
də, özümdən baş götürüb gedəndə
də o misraları pıçıldayıram. Və hərdən
də icazəsiz "qara qızın" yox,
"Qarabağın qara baxtı" deyirəm.
İndi
həmin o duyğuların qanadında sizin 65
yaşınızın tamam olduğunu xatırlayıram. Bu
xatırlama da təsadüfi deyil. Aqil Abbasla sizin doğum
gününüzün arasında cəmi bircə gün fərq
var. Aqil Abbas aprelin 1-də, siz isə 3-də doğulmusunuz.
Ona görə də yaddaşımda möhkəm-möhkəm
ilişib qalıb. Təəssüf ki, indi ad günlərində
ürəkdən sevinə bilmirik. Çünki siz
özünüz demisiniz:
Tale
bizi yarıtmadı,
Yaramızı
sarımadı.
Nəm
gözləri qurutmadı,
Dünya,
qayıt dünyamıza.
Böyük
xəyallar qurduq, böyük arzularla yaşadıq. Lakin itkilərimiz,
ağrılarımız o arzuları da, o xəyalları da pərən-pərən
saldı, Qarabağsız qaldıq. Amma ümidimizi üzmədik,
indi də üzməmişik. Sizin 65 yaşınıza
Tuğdan - Qarabağdan gəlməsəm də, amma ürəyim,
duyğularım elə ordan gəlib. O ürək, o
duyğular sizin poeziyanın, sizin şəxsiyyətin və o
şəxsiyyətə aid sevinclə kədərin köynəyindən
keçib. Ad gününüzdəki əliboşluğumu üzrlü sayın. Əvəzində
özünüz yazdığınız misraları hədiyyə
kimi qəbul edin:
Dostlar,
bağışlayın əli boş gəldim,
Gəldim
qapınıza mən Qarabağsız.
Vallah,
gözlərimdən çəkilib getmir,
Duman
Qarabağsız, çən Qarabağsız.
Sizi Qarabağda qarşılamaq, sizin qulluğunuzda durmaq istəyi ilə ən xoş arzularımı qəbul edin, Zakir müəllim. 65 yaşınız mübarək!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2013.-3 aprel.-S.4.