GÜNAHSIZ MƏHBUS

 

(əvvəli ötən saylarımızda)

 

Ay fırlanıb karvansaranın dəmir barmaqlı yanları uçmuş gözlüyünün bərabərində dayandı. O hər gecə süd işıqlı iyun ayını gözlərdi. İlin iki fəslində ona baxmaqdan, tamaşa etməkdən xüsusi zövq alardı: bir qışın oğlan çağında, bir də yayın ortalarında. Hər gecə dəmir barmaqlıqlar arasında gəlib dayanan ayı görəndə ruhu səmalara uçar, ana ağuşuna atılan körpə kimi sonsuz sevinc hissi keçirər, ən bəxtiyar dəqiqələrini yaşardı. Onu görəndə sanki geniş dünyaya çıxır, karvansara məhbusluğundakı üfunəti, darısqallığı, nəzarətçi hədə-qorxusunu, zil qaranlığı belə unudardı.

Yalçın qayalar üstündə qərar tutan Şuşanı, Gəncə darvazasından bir azca aralı ata-baba yurdunu, uşaqlıqda sümükatma oynadığını, ilk gəncliyində tay-tuşları ilə şeirləşdiyini xatırladı. Ərimgəldidən lap yaxın görünən az qala "əl uzatsan çatar" olan Aya, saysız-hesabsız ulduzlara baxmaqdan doymadığını yada salıb kövrələrdi.

Cümşüd sol böyrü üstə yatmışdı. Onun məsum gənc üzündə ayın parlaq şüaları oynaşırdı. İçəri isti olduğundan üzündə, boynunda yuvarlanan tər damcıları aydın görünürdü. Firudin bəy dəsmalını çıxardıb ehtiyatla Cümşüdün üzündəki tər damcılarını hopdurdu. Quru yerdə uzanan Cümşüd elə şirin-şirin yatırdı ki, Firudin bəy ona həsəd apardı.

Dönə-dönə gözünü yumdusa yata bilmədi. Oturmaqdan kürəyi qovuşurdu. Uzanmaq istədi. Yer yox idi. Birisi başını ona tərəf söykəmişdi, digəri ayağını uzatmışdı. Həsrətlə, həsədlə uzaqlaşmaqda olan Aya baxmaqdan başqa çarəsi qalmadı. İndi dünyada ən çox istədiyi adamla xəyalən danışırdı.

Firudin bəy: - Evi axtardılarmı, yazı-pozum, bir də kitablarım amanat, Badisəba.

Badisəba: - Arxayın ol, nə hazır kitabıyın, nə də yarımçıq əlyazmalarının bircə vərəqi də tərpənməyib. Özüm səhmana salmışam.

Firudin bəy: - Məktublar necə, onlara cavab gəldimi? Şamaxıdan Mir Cəfər  Seyidzadə Sabirin tərcümeyi-halını göndərməli idi.

Badisəba: - Xeyli məktub almışam. Şaiq Əfəndidən, Üzeyir bəydən, Əhməd Cavaddan, Təbrizdən, bir də Qum şəhərindən sənə məktub var. Bağlama da var, deyəsən əl yazmasıdı. Açmamışam, özün gəlib açıb oxuyarsan. Şəkidən Rəşidbəy Əfəndizadə də məktub yazıb, onu oxudum.  Tutulmağından xəbəri yoxdu.

Firudin bəy: - Abbas Ağa Nazirin şeirlərini topla, qayıdanda XX əsr şairlərini işləyəcəyəm. Cavid Əfəndiyə mənim adımdan məktub yaz, əsərlərini istə. Hadi necə, ondan bir xəbər varmı?

Badisəba: - Deyirlər Gəncədə xəstə yatırmış. Bir gün xəstə yoldaşlarından birisi qəzetdə onun nekroloquna rast gəlir, özünə göstərir, halı çox pərişan olan Hadi o vaxtdan yoxa çıxıb. İmkanın varsa soruş gör, hardadı. Sən allah, görüşsən onu da gətir, yazıqdı, allah bilir, əyin-başı nə gündədir. Mirzə Abbas Səhhəti keçən il ailəsilə birlikdə udan Gəncədən qorxuram.

Firudin bəy: - Seminariyada işlər necədi? Uşaqları dağılmağa qoyma. Yemək-içməklərini çatdıra bilirsinizmi? Məşədi İbrahimin oğlu Müseyibdən muğayat ol. Kişinin bizim üstümüzə haqqı-sayı çoxdu. Bir oğul olduğuna əfsus ki, ərköyünlüyü var. Dərsini buraxmağa qoyma, hafizəli uşaqdı. Bircə dərsə davamiyyətindən nigaranam. Rəhmətlik Məşədi İbrahim son nəfəsinə qədər "Müseyib amanatı, Firudin bəy", - deyib getdi.

Badisəba: - Sən bircə gəl çıx, hər şey yaxşıdı. Sənin əvəzində uçitel Əhmədağa işləyir. "Qocalmışam, əldən düşmüşəm, işləyə bilmərəm, bacarmıram"  - deyə-deyə çox gözəl də işləyir. Deyir ki, Firudin bəy gələn kimi salam-əleykdən qabaq deyəcəm, təhvil al, seminariyanı, sonra xoş gəlmisən. Niyə elə gülürsən, səni heç belə qaşqabaqlı gülən görməmişəm, o nədi, a Firudin bəy, necə gülüşdü.  Başdan-ayağa kədər...

Firudin bəy: - Sən seminariyadan danış, Badisəba. Uşaqlar qəzeti yenə çıxarırmı? Adını dəyişdilərmi, yoxsa yenə "Tələbə əfkarı" qaldı?

Badisəba: - Elə bir söz oldu, dəyişmək haqda. İbrahim Əfəndi Qayıbzadə, Mirzə Vəlizadə, tələbə Aslan Əfəndiyev və bir qrup uşaq bir tərəfə oldu. Ədəbiyyat müəllimi Yusif Qasımov, tələbə Səməd Vəkilov, Möhsün Poladov, Mirqasım - Şıxlı balasını deyirəm, bir tərəfə. Sənin çox sevdiyin o balaca Səməd heç yaxın qoymadı. Dedi ki, Firudin bəyin yadigarıdı, olmaz. Qayıdar gələr, özü bilər, istər dəyişər, istər saxlar. Hələlik qalsın. Elə də qalıb.

Firudin bəy: - Onda gözün olsun, sən allah, anasız uşaqdı. Həm riyaziyyatda, həm də ədəbiyyatda böyük qabiliyyəti var. Nazirin şeirlərini ona tapşır, qoy toplasın, o, elə şeyə qoçaqdı. Bir də deyirdi ki, evimizdə babam Mehdixan Kühənsalın dağarçığa yazılmış şeirləri var. Usub ağa vermir. Aşa nənəmə demişəm, alıb verəcək. Yadına sal, qoy alıb gətirsin.

Badisəba: - Sən allah, belə şeylərin dərdini az çək, özündən danış. Günlərini necə keçirirsən? İki dəfə gəldim buraxmadılar. Boy, ay Firudin bəy, gör heç yadıma gəlirmi, səni gördüm, özümü  itirdim, allah sənə də insaf versin, ağzımı söhbətə tutmusan. Nərimanovdan teleqram almışam. Yazır ki, birini də Həmid Sultanovun üstünə vurmuşam. Səhər səni azad edəcəklər. Sağ olsun, yenə keçmiş tələbən səni unutmayıb, qayğına qalıb. Bıy allah, hara qoydum, teleqramı Ağstafadayam, qatarı gözləyirəm, indicə gələr, yola düşərəm. Səhər allah qoysa, birgə qayıdacağıq.

Firudin bəy: - Tələsmə, nə yaman yorğunsan, gözlərin nə qıpqırmızıdı. Get yat, dincəl, sabah olmasın, o biri gün olsun.

Badisəba: - Yox, yox, nə danışırsan. Bir yaxalığına bax, gör bir nə gündədi, elə bil qazan qarasıdı. Sən heç elə köynək geyinməzdin, nə oldu?

Firudin bəy: - Badisəba, sən mən deyənə bax, tələsmə. Teleqram gəlibsə, lap yaxşı buraxarlar. Səhər gedib Camogildə köynəyimi dəyişərəm. İstəsən lap qırmızı rənglisini geyinərəm.  Hə, yadından çıxmışdı. Camonun bacısı oğlu Cümşüd də burdadı, bax bu yatan odu. Ağaəlibəyin oğlunu deyirəm.

Yaxşı, biz Cümşüdlə birgə getdik. Baqi allah amanında olasang Yox, yox, gələrik

Badisəba: - Firudin, ay Fi..ri..dd..un, Firudin bəy...

Firudin bəyin bədəni səsdən üşəndi. Badisəbanın qiyyə səsi beynini ox kimi dəlib keçdi. Ay dar dəmir gözlüyün bərabərindən uzaqlaşmışdı. Karvansaranı  qatı qaranlıq bürümüşdü. Çöldə, divarın dəliklərində səs-səsə verib kəsik-kəsik cırıldayan qarafatmaların səsinin ahəngi də ona qəmli gəldi.

Firudin bəy gözünü yumdu. Badisəbanın od olub beynini, sinəsini yandıran səsi onu hələ də tərk etməmişdi. Başını divara söykəyib ağır-ağır nəfəs aldı. Əlilə alnını, sinəsini övkələdi. Uşaq kimi öz-özünə "istəmirəm, xatırlamayacağam, istəmirəm", - deyə astadan pıçıldadı. Gözüyumulu halda divara söykəli qaldı.

gQoridə qış olanda belə aylı gecələrdə Badisəba ilə gəzməyə çıxardı. Xırçıldayan təzə-tər qarın üstündə gəzə-gəzə Badisəbanın "dərsini" soruşardı, yeni tapşırıqlar verərdi. Badisəba suallara düzgün cavab verməyəndə zarafatla deyirdi:

 -Əzizim, bu günahını mən bağışlasam da, o müqəddəs ay bağışlamaz, bir fikir ver, gör necə də pakdır. O, hər şeyi görür, eşidir. Ora bax, sən suallara düzgün cavab verməyəndə onun üzündə nazik bir pərdə görünür. Sənin əvəzinə o,  xəcalət çəkir.

-Demək siz ikiniz bir oldunuz, mən tək qaldım? - deyən Badisəba əllərini yuxarı qaldırır, üzünü göyün dərinliklərinə tutub, aya müraciətlə deyərdi:

 

Xuda, sən saxla gəl fərdi, çətindir yalqızın dərdi,

Pərişanlıq tapar mərdi havadar olmayan yerdə.

Gəl, ey könlü olan rövşən, qəbul et bu sözü məndən,

Neçə məqdur olur məskən gülə dar olmayan yerdə.

Könül dünyada yar istər, olubdur, biqərar istər,

Vidadi xəstə var istər, xaçan yar olmayan yerdə.

 

Badisəba xanım heç bir gimnaziyada, seminariyada oxumamışdı. Firudin bəyin özü onun təhsili ilə məşğul olurdu. Hər gün evdə bir neçə saat dərs keçməklə ona ali təhsil həcmində bilik, savad öyrətmişdi. Vəfalı həyat yoldaşı həm də əlyazmalarının surətini köçürməklə Firudin bəyin ən yaxın köməkçisi olmuşdu.

 

* * *

 

Xoruzların ilk banına az qalmış dəmir qapı açıldı. Əli çıraqlı nəzarətçi işığı yatmış dustaqların üzünə tutur, astadan Firudin bəyi soruşurdu. Onu tapan kimi sərt və ötkəm səslə: "Yığış, dalımca gəl", - dedi.

Firudin bəy hara və niyəsini soruşmadı. Ürəyində "nəyim var, nə yığışdıram", - deyə qarasınca - deyindi. Cümşüd elə şirin yatmışdı ki, oyatmağa qıymadı. Onun sol ayağı Firudin bəyin keçəcəyi tərəfə uzanmışdı. O, Cümşüdün ayağını ehmallıca götürüb divara tərəf qoydu. Yatanların arasından keçib qapıya doğru irəlilədi. Çıraq işığını yenidən onun üzünə tutan nəzarətçi "keç" dedi. Qapını bağlayıb ona yaxınlaşdı, çırağı bu dəfə lap yuxarı qaldırıb ona zəndlə baxdı. Sol əlində hazır tutduğu tüfəngi çiyninə keçirib, qəfildən onun papağını başından götürdü. Firudin bəy dinməyə macal tapmamış onu itələdi.

-Yeri, yeri, - dedi,- sən elə yerə gedirsən ki, heç  vaxt üşüməyəcəksən.

Beş-on addım kənarda dayanan Liberman nəzarətçiyə təpindi:

-Tez ol, - dedi, - orda nə bazar açmısan, indi səhər açılacaq. - Deyinə-deyinə yaxın gəlib: - Hə, qoca, bəy, necəsən. Gəncə çayında çimə bilərsənmi? Qorxma, su soyuq deyil, orda sənin dindaşlarıyın qanı çoxdu. Şərq qanı suyu isidib.

-Mən pakam, qoy orda natəmizlər çimsin, - deyib Firudin bəy acıqla Libermana baxdı.

Kinayə ilə:

-Bəy, - dedi, - nə vaxtdan Qazaxda musavat hökuməinin səlahiyyətli nümayəndəsisiniz?

-Partiya yaranan gündən onun üzvüyəm, 1918-ci ildən isə Qazaxdakı Azərbaycan Demokratik Partiya təşkilatının katibiyəm. Niyə təəccüblə baxırsınız, burda qeyri-adi nə var ki...gXalqımın min bir əziyyətlə qurduğu  partiyaya sidq ürəklə xidmət etmək məgər qəbahətdir.

-Saqqalından utanırsan, özün də bəy nəslindən, savadlı...

-Mən heç nəyi danmıram. Utanmağa qalanda qoy o şəxslər utansın ki, Şirazlı Sədi demişkən:

 

Utansın o kəs ki, ömrü puç etdi,

 Dünyadan köçəndə xəcalət getdi.

 

Qəfil vurulan qılınc zərbəsindən Firudin bəy səntirlədi. Sol gözündən və sifətindən fışqıran isti qan əlindən şorranıb yaxası boyu axdı. Qılınc zərbəsi alt çənəsindən alnına qədər çapmışdı. Onu itələdilər. Kor adamlar kimi sağ əlini irəli uzadıb, iki-üç addım atdı. Bilmədi haraya, hansı səmtə yerisin. Arxadan vurulan tüfəng qundağı az qaldı onu ağzıüstə sərsin.

-Qurtarın, elə burda qurtarın, sonra sürüyüb apararsınız, - deyən Liberman irəli yeriyib tüfəngin lüləsini Firudin bəyin sol qoltuğunun altına dirədi. Tətik çəkilən kimi o, ağzıüstə düşdü...  Liberman üzünü nəzarətçiyə tutub: - Teleqramı isə cırıb atın, biz heç bir teleqram-zad almamışıq, - deyib uzaqlaşdı.

Liberman kabinetinə qayıdıb yanından heç vaxt ayrılmayan, milliyyətcə erməni olan, kimə və nəyə, hansı ideala qulluq elədiyi bəlli olmayan Sarkis Danilyanın diktəsilə Firudin bəy haqqında saxta hökm yazdı:

4 iyun 1920-ci il, Gəncə:

"Mən, iyirminci diviziyanın Xüsusi şöbənin hərbi müstəntiqi bu gün Firudin bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalaqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir...g Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər".

 

Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.

Təsdiq  edirəm: 7¹-li Xüsusi bölmənin rəisi Liberman

Təsdiq  edirəm: Fövqəladə komissar

                          H.Sultanov

 

(ardı var)

 

 

Şəmistan Nəzirli,

istefada olan polkovnik-leytenant

 

Ədalət.-2013.-4 aprel.-S.7.