Axtarış
Hekayə
(əvvəli
ötən saylarımızda)
Tokay dənizi sevirdi; o, Manana ilə məhz bu dənizin sahilində tanış olmuşdu, ona öz ürəyini bu ləpələrin yuduğu daşlı sahillərdə açmışdı. Dəniz onun qəlbinin ən təmiz hisslərini dilə gətirmişdi və indi o, bu qara, mavi, ağ köpüklü sulara minnətdarlıq hissilə baxırdı. Gərək hər şeyi bax beləcə sevəsən! Dəniz hətta nəhəng, qara, ucsuz-bucaqsız, amansız olsa belə, onu sevəsən! Bu sular milyon illərdir gah durğunlaşır, gah qudurur, amansız olur, qan çanağına dönür, gah da sakitləşir, quzuya dönür. Amma hələ də yerindədir, yellənir, yırğalanır, çalxalanır, uzanır... uzanır şərqə, Türkiyəyə doğru gedir, ordan da axıb gedir lap uzaqlara, qurtarmır ki, qurtarmır! Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, Rumıniya... bu dəniz gör neçə ölkənin sahillərini yuyur! Gör neçə xalq bu sulardan faydalanır! Gör neçə milyon ildi ki, bu dəniz möhtəşəmliyini və qürurunu qoruyub saxlaya bilib! İlahi, kaş mən də onun kimi olaydım! Əbədi! Möhtəşəm! Xeyirxah! Qoy mənim bakirə arzularımın beşiyi daim sənin qoynunda yırğalansın! Qoy mənim sevgimin ömrü sənin kimi daimi olsun! Kaş mən də sənin kimi bütün qiymətli sərvətləri öz qoynumda daşıya biləydim! Kaş mənim bu sərvətləri insanlara paylamaq ixtiyarım olaydı! Mən də sənin kimi ölkələrin sahillərini yumaq istəyirəm! Mən də sənin kimi torpağı qucaqlamaq istəyirəm! Mən də sənin kimi məmləkətləri, insanları birləşdirmək, yaxınlaşdırmaq istəyirəm, dəniz! Mən sənin ilahi mərhəmətinə sidq-ürəkdən inanıram!
Sevən könüllər coşqun dəniz kimidir, çağlayır, gurlayır, aşıb-daşır, durulurlar! Görünür, Tokayın yerində kim olsaydı beləcə dənizlə gah şirin-şirin pıçıldaşar, gah ucadan danışar, gah qışqırar, gah da haray salardı; bu dəniz çox cazibəlidir! Hansısa gözəgörünməz ilahi qüvvə ona dil verir; ləpələr də sanki nağıl danışır, sənə nəsə pıçıldayır, nəsə qışqırır! Görünür, o da mənim sevgilim kimidir, deyir, məni sev, mənə xəyanət eləmə! Mən səni xoşbəxt edə bilərəm! Bizim axtardığımız və həyati vacib hesab elədiyimiz dəyərlər də bəlkə elə bu dənizin dibində yatır? Oğlan bu qarışıq və ehtiras dolu düşüncələr qanadında soyunub suya baş vurdu; suyun altında xanım Şraynerin təsvir etdiyi üzüyü axtarmağa başladı. O, təxminən bir saata kimi axtardı, üzüyü tapa bilmədi!..
Turist qadın demək olar ki, hər gün səhərdən axşamadək uşaqlarıyla bərabər üzüyü axtarırdı; Tokay da işdən sonra onlara qoşulurdu, hətta dalğıc dostlarından su eynəyi və suyun altını yaxşı görmək üçün gecə lampası almışdı. Doğrudur, bunu nə məqsədlə aldığını onlara bildirmədi. Qadın Tokayın axtarışa qoşulduğunu görüb ürəklənmişdi; artıq o da gecədən xeyli keçmiş yenidən dəniz qırağına qayıdır, Tokayla birlikdə suyun dibini alt-üst edirdi. Üzük tapılmadı ki, tapılmadı!
...Xanım Şrayner Almaniyaya yola düşən gün hotelin foyesində Manana və Tokayla çox səmimi görüşdü, elə bil bu gəncləri yüz ildi tanıyırdı. Bu on gündə o, uşaqlarıyla birgə həm Tokaygildə, həm də Mananagildə iki dəfə oldu; Tokayın anası Dilrubə xanım qonaqlara təzə yarpaq dolması bişirdi, Mananagildə anası Nino xanımın bişirdiyi yeddi cür xaçapuridən yedilər. Hər iki qonaqlıq xüsusilə uşaqlara unudulmaz təəssürat bağışladı. Xanım Şrayner oğlana bir daha təşəkkür elədi, qızı qucaqlayıb öpdü. Aşot çamadanları taksiyə daşıyıb yerləşdirəndən sonra qadın əl çantasını eşələyib ordan iyirmi lari çıxartdı, qapıçıya uzadıb təbəssümlə başını tərpətdi. Aşot pulu alıb təzim elədi, sonra şüşəli qapının ağzında əmr gözləyən əsgər kimi durub qadını yola salan gənclərin dalınca baxdı. Xanım Şrayner taksiyə minəndə ani olaraq dönüb Qara dənizin günəş şəfəqlərindən bərq vuran mirvari sularına baxdı; onun iri, ala gözləri doluxsunmuşdu, baxışlarında həzin və bir qədər də təəssüf dolu kədər vardı. Qadın gənclərə yenə gülümsədi, bu təbəssüm Sarpinin yay səhəri kimi istiydi, ürəkli və iltifatlı idi, astadan dedi:
- Toydan sonra "bal ayını" bizim şəhərdə keçirsəniz pis olmaz! Narahat olmayın, Erix yaxşı adamdır, bütün xərclərinizi ödəyər!..
Bir aydan sonra Tokay axşamüstü üzüyü tapdı; dəniz gün işığında xumar-xumar sakitcə ləpələnirdi. Suyun dibi, daşların rəngi apaydın görünürdü. Tokay şəffaf suya baş vuranda parlaq, işıldayan bir şey gözünə dəydi. Üzük idi. Tokay çox qarışıq, həyəcanlı hisslər yaşadı, cəld geyinib hotelə, Manananın yanına qaçdı; qız üzüyü görən kimi gözləri bərəldi; az qaldı qışqırsın! Amma Aşotun qəflətən vestübülə daxil olması gəncləri ehtiyatlı olmağa məcbur etdi. O gecə heç biri yatmadı; Tokay da, Manana da yalnız üzük barədə düşünürdü. Onlar bu üzüklə bəlkə də dünyanın ən varlı adamı ola bilərlər! Bəlkə də bu üzüyün heç on larilik dəyəri yoxdur! Bəlkə elə onu satıb özlərinə toy eləsinlər? Burdan Almaniyaya üzük göndərmək olar? Bəlkə elə xanım Şrayner bu üzüyü çoxdan unudub? Bəlkə elə üzüyü Manana taxsın? Barmağına taxdı, bir qədər böyükdür, amma elə yaraşır ki! Nə etməli?
Əlbəttə, üzüyü qadın itirmişdi, Tokay tapmışdı! Burda Tokayın haqqı daha çoxdu! Qapılan qapanın, tapılan tapanındır! Tanrı verən dövləti bəndə ala bilməz! Bütün gecəni qız da, oğlan da təxminən eyni şeylər barədə düşündü.
Növbə bitər-bitməz Manana tələsik bayıra çıxdı; Tokay onu evə yola salmalı, saat doqquza qədər təzədən işə qayıtmalıydı. Onlar dənizdən bir qədər aralıda yerləşən yaxındakı kafelərin birinə getdilər; səhər yeməyi sifariş verdilər və bir küncə çəkilib oturdular. Qəhvə gəlməmiş Tokay dedi:
- Bu, bizim qismətimizdi! Nənəm həmişə deyərdi ki, qismətdən qaçmaq olmaz!
Manana üzüyü Tokaydan alıb yenə barmağına taxdı, əlini qabağa uzatdı, barmaqlarını o tərəf bu tərəfə çevirdi, üzüyün qaşları gün işığında müxtəlif rənglərə çaldı. Qız üzüyə yuxu kimi baxırdı. Amma bu, həyat idi, dünya idi, aləm idi; dünyayi-aləm onun barmağında idi. Qız dedi:
- Mən elə ilk dəfə bunu görəndə ürəyimdən keçdi ki... Kaş mənim də belə bir üzüyüm olaydı...
- O, indi sənindi, əzizim!
- Axı bu, çox qiymətlidir?
- Sən ondan da qiymətlisən!
- Doğru deyirsən?
- Əlbəttə!
Sonra hər ikisi susdu; qəhvə gəldi, hərəsi bir qurtum vurdu. Qız oğlanın fikrə getdiyini görüb soruşdu:
- Nə düşünürsən?
- Düşünürəm ki, bu üzüyü yiyəsinə qaytarsaq necə olar?
....Qız dinmədi, sonra barmağına taxdığı iri qaşlı üzüyə bir də baxıb çıxartdı, yavaşca pıçıldadı:
-Bu, mənimki deyil! Həddən artıq iridir. Barmağımdan sürüşüb düşə bilər. Gəl onu hotelə təhvil verək, qoy onlar göndərsinlər Frankfurta.
- Mən o qadının göz yaşlarını unuda bilmirəm. İçim çox narahatdır. Bəlkə özümüz göndərək?
- Necə?
Yenə uzun sükut çökdü; Manana ipək kimi yumşalmışdı, sanki birdən-birə içində elə bir səadət hissi doğulmağa başladı ki, bunu yalnız sevən adamlar anlaya bilərdi; onun Tokaya olan inamı məhəbbəti kimi həlimləşdi; Tokayın xeyirxah və mülayim qəlbi var; o, yaxşı ər olacaq, ədalətini heç bir halda itirməyəcək! Özgə malı, özgəyə məxsus olan üzük onların hər ikisinə yaddır! Qız düşünürdü. Lakin insanın təbiətində elə istisnalar olur ki, ən namuslu adam belə yoldan çıxa bilir, ya tamah, ya nəsə şirnikləndirici həvəs, ehtiras, ya da ayrı bir şey güc gəlir, adamın nəfsini darmadağın edir. O zaman heç nə eləmək mümkün olmur, illah da ki, o şeydə sənin zəhmətin ola! Dünya yaranandan gözəl qadının əsas iki şeyə - ehtirama və daş-qaşa haqqı çatıb! İndiki vəziyyət isə qəribə hal almışdı; gənclər tamam fərqli hal yaşayırdılar! Nə etsinlər, necə etsinlər? (İki şeydən biri seçilməliydi!)...
... Bir necə həftədən
sonra "Kameo" hotelinin sahibi Nodar Canidze Almaniyadan
belə bir məktub aldı: "Ailəmiz
üçün çox
qiymətli üzüyü
tapdığınıza və yolladığınıza
görə sizə dərin minnətdarlığımızı
bildiririk. Xahiş edirik üzüyü tapan əməkdaşınıza bizim adımızdan təşəkkür elan edin. Hörmətlə, Erix Şrayner,
"Mercedes" zavodunun Frankfurt üzrə meneceri".
P.S.
...Bu hadisədən düz bir il ötdü; Tokay Manana ilə evlənmişdi. Manananı hotelə baş inzibatçı qoymuşdular;
Tokay hotelin bütün
təsərrüfat, texniki-təşkilati
işləri üzrə
menecer təyin edilmişdi. Gənclər
Batumda ipoteka ilə (mənzilin dəyərinin əlli faizini hotel ödədi, özü də faizsiz!) üçotaqlı mənzil
də almışdılar;
ailədə artım
gözlənilirdi. Manananın qarnında
səkkiz aylıq uşağı vardı.
Bir neçə gün bundan qabaq hər ikisi məzuniyyətə çıxdı; hotel bu gənclərə öz hesabına putyovka aldı, onların sığorta məsələlərini
həll etdi və rəhbərlik qərara gəldi ki, namusla işləyən
bu gəncləri Frankfurta bir həftəlik turist səyahətinə göndərsin:
həm gəzərlər,
həm də Manana özünü həkimə göstərər.
Əslində isə Manananın
könlündən keçirdi
ki, uşaq orda doğulsun. Hər ehtimala qarşı Frankfurtda yaşayan xanım Şraynerin də ünvan və telefonunu götürdülər. Alman
uşaqlarına hədiyyə
də alındı...
Onlar bütün
həftəni Frankfurtu
gəzib dolandılar. Bazarlıq elədilər.
Manana özünü həkimə
göstərdi. Hər şey
rahat və öz qaydasınca getdi. Uşaq sağlam idi, lakin həkim dedi ki, doğuşa
təxminən dörd-beş
həftə var. Manana
çox istəyirdi ki, körpə burda doğulsun, alman vətəndaşı
olsun. Görünür, qismət deyilmiş,
neyləmək olar?
Evə qayıtmağa
bir gün qalmış Manana
dedi:
- Köhnə dostlarımıza
zəng vursaq və görüş təyin eləsək pis olmaz!
- Çox yaxşı olar. Gəl arayaq, görüşə
bilsək, uşaqların
hədiyyəsini də
verərik...
Manana qadının
vizit kartındakı nömrəni yığdı. Kişi səsi
gəldi.
- Alo! - Manana sevincək
qulağının dibinə
yapışan Tokaya göz vurdu.-
Alooo! Cənab Şrayner? Erix Şrayner?
Mən Mananayam, Gürcüstandan, Batumdan gəlmişik... Xanım Şraynerin... Necə? Nə dediniz? Biz Tokayla
Batumdan gəlmişik,
"Hilton" hotelindən zəng vururam... Cənab Erix Şrayner...
....
Dəstək Manananın əlində qaldı; gənc qadın qurumuşdu. Telefon dəstəyini
çarpayının üstünə
tulladı. Tokay heç
nə başa düşmədi, heyrətlə
soruşdu:
- Nooldu? Bir şey baş verib? Nə dedi?
Manana pörtmüş halda qabağa çıxmış qarnını tutdu, ehmalca çarpayının üstünə əyləşdi, sonra bir əli ilə Tokayın qolundan yapışıb qəhərlənmiş qara gözlərini qarnında tərpənən və görünür, işıqlı dünyaya gəlmək üçün darıxan o əziz varlığa dikdi, sanki Tokayla yox, onunla danışırdı, dedi:
- Tələsmə! Mən səni Sarpidə doğacam!
Tokay yenə heç nə başa düşmədi və qadınının qarşısında diz çöküb onun qarnını qucaqladı, pıçıltıyla dedi:
- Əzizim, sakit ol! Sənə həyəcanlanmaq olmaz! Erix nə dedi, Mananaya bir şey olub?
- Yox! O, bizi tanımadı!
- Tanımadı?
-Yox, tanımadı! Dedi yadıma gəlmir!
.....
Hər ikisi susdu, sonra
Tokay:
- Ehhhh! Canın sağ olsun! Buna görə qanını qaraltma!- deyə
qətiyyətlə bildirdi.
-Doğurdan, o, bizi tanımadı... Gərək
heç zəng vurmayaydım!
...Gənc ər-arvad Frankfurtdakı hoteldə sonuncu gecəni yatmadı. Manana bir neçə
həftədən sonra
dünyaya gətirəcəyi
körpəsi barədə
düşünürdü. Tokay isə düşünürdü
ki, axtarmaq heç də hər zaman yaxşı şey deyilmiş. Oğlan onların yolunu
intizarla gözləyən
doğma anası üçün, Sarpi üçün, "Kameo"
üçün darıxmışdı.
Sübh tezdən taksi onları Frankfurt aeroportuna
gətirdi. Bir azdan
Lufthanza beynəlxalq Hava Şirkətinə məxsus təyyarə havaya qalxıb Tbilisiyə uçacaqdı.
Sərnişinlər bir-bir gəlib
qeydiyyatdan keçir, salona getmək üçün nəzarətçilərin
işarəsini gözləyirdilər. Elə bu vaxt Tokay uzaqdan
adamları yara-yara onların uçuş qapısına tərəf
tələsən xanım
Şrayneri və uşaqlarını
görüb tanıdı;
başını onun çiyninə qoyub dünyanın ən gözəl mürgüsünü
vuran boylu qadınını dümsüklədi.
- Ora bax, gör
bizə tərəf kimlər gəlir?..
Batum, iyul, 2012-ci il
Kamran NƏZİRLİ
Ədalət.- 2013.-4 aprel.- S.6.