BİR HEKAYƏNİN
SEHRİ
ETİBAR ƏBİLOV
(əvvəli ötən
saylarımızda)
Bu Bağırovun Üzeyir bəyə, eyni zamanda sənətkarlara olan hörmətidir. Bu Bağırov kimi bir qəddarın, qəbul etsək də, etməsək də, hər halda, ürəyindəki işıqlı cəhətidir. Hörmətli yazıçımız Hüseynbala Mirələmov da bu hadisəni, necə deyərlər, "havadan götürüb yazmayıb", biz Bağırov haqqında belə müsbət söhbətləri çox eşitmişik. Hüseynbala müəllim Bağırov haqqında haqqında belə müsbət söhbətləri, Üzeyir bəyin Bağırovla olan görüşündə ümumiləşdirərək qələmə alır. Və yazıçının bu obyektivliyi oxucunu razı da salır... Amma şübhəsiz ki, Bağırov təbiəti etibarı ilə əsasən qəddar adamdır, müdhiş 37-ci ili icra edən qaniçəndir. İşıqlı cəhətləri olsa da, əsasən qaranlığın himayəçisidir. Və az keçmir ki, oxucu bunun şahidi olur. Bağırov Üzeyir bəylə söhbətində gənclər haqqında danışır:
"Amma məni bir məsələ çox narahat edir... Gənclər... Gənclər ideoloji cəhətdən düzgün tərbiyə olunmalıdırlar... Eşitdiyimə görə Konservatoriyanın iki tələbəsi bir opera yazıb, adını da qoyub "Vətən". Bircə o qalıb ki, döyüşdə şücayət göstərən, düşmənin canına vəlvələ salan sovet generalı ariya oxusun və yaxud səhnəyə tumançaq çıxsın. Bu biabırçılıqdır, təhqirdir. Bu, sovet cəmiyyətini ələ salmaqdır... ...Belələrinə qarşı amansız olun yoldaş Üzeyir! Burunlarını ovun!.."
Bu hekayədə Bağırovla bağlı çox maraqlı bir epizod da var və məncə bu epizod bir insan kimi Bağırovun bütün faciəsini ehtiva edir. Bağırov Üzeyir bəylə söhbət edərkən telefon zəng çalır:
"...Bu vaxt telefon zəng çaldı. Mircəfər Bağırov dəstəyi qaldıran kimi rəngi ağardı və sakit səslə dedi:
- Bəli... Baş üstə... Bəli... Baş üstə... Bəli... Baş üstə... Bəli... Baş üstə... Bəli... Baş üstə... Bəli... Baş üstə... Bəli... Baş üstə...
Üzeyir bəy fikirləşdi ki, yəqin yuxardandır... Moskva... Kreml... Sərt nəzarət...
Gör respublikanın "yiyəsi" bir anın içində nə hala duşdu... Əlbəttə, qul psixologiyasının formalaşmasında bu cür sərt, amansız rəftar, güzəştsizlik mühüm rol onayır..."
Budur Bağırovun faciəsi. Stalinin əlində alətə çevrilən, Stalinin bütün tapşırıqlarını düşünmədən və sözsüz yerinə yetirən, Kreml qarşısındakı əlacsızlığı, Stalinin tapşırıqlarını Sovet dövlətinin tapşırıqları hesab edən - sonda da həmin dövlətin hökmü ilə güllələnən Mircəfər Bağırovun böyük və acı faciəsi.
Ü.Hacıbəyovun ömrünü obrazlı şəkildə bir yanar şama bənzətmək olar. Şam yanır, ətrafına işıq saçır. Şamın ətrafında isə həmişə pərvanələr olur. Üzeyir bəy mərd, xeyirxah insan idi - onun ətrafında da, xeyirxah insanlar var idi və o xeyirxah insanlardan biri də Üzeyir bəyin məslək dostu Bülbül idi.
Üzeyir bəy Bağırovun qəbulundan pəjmürdə çıxır. O, Qara ilə Cövdəti fikirləşir. Operalar Bağırovun qəzəbinə tuş gələn Qarayevlə Cövdətin taleyi necə olacaq. Onlar bu hadisədən sınmayacaqlarmı, ümidsizliyə duşmələri onları yaradıcılıqdan soyutmayacaqmı? Bunun qarşısını necə alsın? Çıxış yolu nədədir?.. Bu suallar qarşısında naəlac qalan, hara getdiyini özü də bilməyən Üzeyir bəy gözlənilmədən Bülbülə rast gəlir və Bülbül o dəqiqə anlayır ki, Üzeyir bəyin qanı qaradır. Səbəbini soruşsa da, Üzeyir bəy adətinə rəğmən heç nə demir. Bu hekayədə ümumiyyətlə xalqımızın bir çox mənəvi dəyərləri haqqında söhbət açılır. "Bir gecənin sehri" hekayəsi həm də dostluq, əsl dostluq, böyük dostluq, əsl kişi dostluğu haqqında bir hekayədir. Adam bəzən heyrətlənir ki, Hüseynbala Mirələmov bu bir neçə səhifəlik hekayədə - bu qədər böyük insanların işıqlı cəhətlərini necə cəmləyə bilib, xalqımızın bu qədər mənəvi keyfiyyətlərini bu səhifələrdə necə verə bilib. Əlbəttə, bu sualın sadə bir cavabı var: əsl yazıçı peşəkarlığı sayəsində.
Əlbəttə, Bülbül bu böyük insanı, xalqımızın ən böyük oğullarından birini, böyük dostunu tək buraxmır, başa düşür ki, bu dəqiqə Üzeyir bəyin köməyə ehtiyacı var, onu xəstə yatan Məmməd Səid Ordubadinin evinə gətirir. Hekayədə, Bülbülün Üzeyir bəyi M.S.Ordubadinin evinə gətirməsi H.Mirələmovun çox uğurlu əbədi təxəyyülünün məhsuludur. Çünki Bülbül bilir ki, Üzeyir bəy, hələlik Bülbül üçün sirr olan qayğılardan qismən də olsa, Ordubadinin evində xilas ola bilər. Niyə görə?.. Ona görə ki, ölməz romanlar müəllifi olan Ordubadi, yaddaşlarda həm də məzəli, ruh oxşayan xoş ovqatlı lətifələri, atmacaları ilə qalib, inqilabdan əvvəl, Bağırovla birlikdə Həştərxanda sürgündə olub. Babat bildiyi rus dilini də orada öyrənib və rus dilini pis bilsə də, yeri duşəndə danışığında rus sözlərini işlətməyi sevir və onun yarı azərbaycanlı, yarı rus danışığı həmişə məzəli olub. Ordubadi həm də dünyanın hər bir üzünü görüb olduqca ehtiyatlı, mühafizəkar adamdır, hər sözü ölçüb-biçir, hər kəsə etibar etmir. M.S.Ordubadinin bu xüsusiyyətlərini H.Mirələmov çox ustalıqla ümumiləşdirir. Üç dost - Üzeyir bəy, Bülbül, Ordubadi arasında belə bir söhbət olur:
"Bülbül soruşdu:
- Mirzə nə olub? Deyəsən, yenə faqqalıq eləyirsən?
Məmməd Səid yüngülcə gülümsədi:
- Faqqalıq nədi, oğlan, ölürəm...
Bülbül zarafatla dedi:
- Mirzə, sən belə yalanları çox demisən, qəti inanmıram!
Məmməd Səid yenə yüngülcə gülümsədi:
- Yox,
oğlan, bu xına o xınadan deyil!..
Bülbül
həmişəki kimi yenədə zarafatından qalmadı:
- Mirzə,
indi ki, deyirsən bu xına o xınadan deyil, inandım... Nə
etmək olar! Bu, həyatdır, hamımız gedəcəyik
- birimiz tez, birimiz gec... İndi iş belə gətirib ki, o
haqq dünyaya sən bizdən bir az tez
gedirsən... burda özgəsi yoxdur, üçümüzük,
bu axır zamanda - gethagetdə kimdi səni sorğu-suala
çəkən, düzünü de görək, dərgah
deyilən, yəni O var, yoxsa yoxdu?
Məmməd
Səid azacıq dikəldi, ağappaq, tər-təmiz
üzlük çəkilmiş yorğanın ucunu sinəsinə
qaldırdı, əvvəlcə qapıya, sonra da bir
gözü açıq qoyulmuş pəncərəyə
baxıb:
-
Oğlan, sən yenə də "klyauznı" suallar verirsən!
- dedi".
Ordubadinin evindən eyni açılmış
çıxan Üzeyir bəylə Bülbül gəzə-gəzə
"Dənizkənarı bulvar"a gəlirlər. Burada
Üzeyir bəy nəhayət
narahatçılığın səbəbini açıb
Bülbülə danışır. Üzeyir bəyin
zövqünə yaxşı bələd olan Bülbül başa düşür ki,
söhbət gələcəyin iki böyük dahi - azərbaycanlı
gəncin taleyindən gedir. Ona kömək etməlidir.
İllahda ki, söhbət Azərbaycanın gələcəyindən
gedir.
Qara ilə Cövdətin bu iki dahinin - Üzeyir bəylə
Bülbülün onlar barədə nələr
düşündüklərindən xəbərləri yoxdur. Bülbül
gənclərlə məşqə başlayır. O,
"Vətən" operasından Mərdanın
ariyasını məşq edir.
Əsərin finalı həddən artıq uğurludur. Bu həm də
hekayənin kulminasiya nöqtəsidir. Həyəcan
dolu hadisələrin nə ilə bitəcəyini oxucu
böyük bir maraqla izləyir. Nəticənin
necə olacağına isə bu işlə məşğul
olan Üzeyir bəylə Bülbül də bilmirlər.
Qara ilə Cövdət isə ümumiyyətlə
Bülbülün "Vətən" operasından Mərdanın
ariyasını nə vaxt oxuyacağını bilmirlər.
Hətta hekayədə Üzeyir bəylə Bülbül
onları, səhər opera və balet teatrında keçiriləcək
böyük bir təntənəli gecəyə dəvət
edəndə də onların həyatlarında necə dəyişiklik
olacaqlarından xəbərsizdirlər (bu hadisələrdən
cəmi bir il sonra "Vətən"
operası SSRİ-də o dövrün ən böyük
mükafatına - Stalin mükafatına layiq görüləcəkdi).
Üzeyir bəylə Bülbül o dəvətnamələrdən
birini də Qarayevin atası - tibb professoru Əbulfəz Qarayevə
göndərir. (Hüseynbala Mirələmovu
yaradıcılığındakı müsbət xüsusiyyətlərdən
birini də burada hökmən qeyd etmək istəyirəm.
O, əsərlərində kiçik bir fürsətdən
belə yararlanıb, Azərbaycanın məşhur,
işıqlı şəxsiyyətləri olmuş, amma bu
gün adları təəssüf ki, qismən, az-az
xatırlanan insanları, epizodik şəkildə olsa belə,
əsərlərinin səhifələrinə gətirməyi
sevir. Bu xeyirxah niyyətdir. "Bir
gecənin sehri"ndə Əbülfəz Qarayevin adı 2-3
yerdə keçir. Q.Qarayevin atası məlumdur ki, məşhur
tibb professoru olub, amma bugünki nəsil təəssüf ki,
onu az tanıyır). Səhər
iclas başlayır. Təntənəli
iclasda "başda M.Bağırov olmaqla partiya və hökumət
rəhbərləri, görkəmli ziyalılar, ədəbiyyat
və incəsənət xadimləri" iştirak edirlər.
Rəsmi hissə bitir, bədii hissə
başlayır. Musiqiçilər bir-birini
əvəz edir. Dövrünün ən
böyük ifaçısı Bülbülün ifası
axıra saxlanılıb. Nəhayət
Bülbül səhnədə görünür. Alqış sədaları salonu titrədir. Bülbül əvvəl "Koroğlu"
operasından Koroğlunun ariyasını oxuyur. Sonra leankovallanın "Məzhəkəçilər"
operasından bir ariya oxuyur.
Sonra hekayənin finalı gəlir. H.Mirələmov
finalı belə qələmə alıb.
"...Ara sakitləşən kimi konferansye
üçüncü musiqi nömrəsini elan etdi:
- Qara
Qarayev. Cövdət Hacıyev, "Vətən"
operasından Mərdanın ariyası...
Qara ilə
Cövdət bir-birinin üzünə baxdılar: Axı,
maestro belə deməmişdi...
Həmin anda Mircəfər Bağırov da Üzeyir bəyin
əyləşdiyi səmtə qıyğacı bir nəzər
saldı.
Əbülfəz
kişi narahat oldu.
Bülbülün
isə qəlb ofsunlayan qüdrətli səsi gah zilə
qalxır, gah bəmə enir, dalğa-dalğa yayılır -
salondakıları öz təsiri altına salırdı...
O
axşam Bülbül başqa Bülbül idi - sənətin
ən uca zirvəsində də yerə-göyə
sığmırdı! Onun bu zəfəri Üzeyir bəyin zəfəri
idi, Qaranın zəfəri idi, Cövdətın zəfəri
idi...
Ariya başa çatdı. Salondakılar qüdrətli
mügənnini alqışlamaq üçün dəstə-dəstə
ayağa qalxdılar. Əbülfəz kişi
kipriklərini qırpa-qırpa altdan-altdan Mircəfər
Bağırova baxdı, yox, zənni onu aldatmırdı - ayaq
üstə, camaatla birgə əl çalan o idi! - gecənin
sehri gecənin xofunu üstələmişdi!.."
* * *
Bu hekayəni həyəcansız oxumaq olmur. Azərbaycan ədəbiyyatında
klassik hekayə nümunələri yetərincədir. Mən
Hüsenybala Mirələmovun "Bir gecənin sehri" hekayəsini
də həm dil cəhətdən, həm üslub cəhətdən,
həm xarakterlərin mükəmməlliyi cəhətdən,
həm xalqımızın əxlaqi-etik-insani cəhətlərinin
yerində təsviri cəhətindən, həm bədii cəhətdən,
həm də hekayə janrının bütün tələblərinə
cavab verməsi baxımından - Azərbaycan ədəbiyyatında
qələmə alınmış ən uğurlu əsərlərdən
biri hesab edirəm. Mən hesab edirəm ki, bu hekayə bizim ədəbiyyat
dərsliklərinə daxil olunsa - məktəblərimizdə
tədris edilsə, bu ümumi işimizin yalnız xeyrinə ola bilər.
* * *
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun ədəbi
taleyi də başqa yazıçıların ədəbi
taleyindən fərqlənir. O, ixtisasca mühəndisdir, texnika
elmləri doktoru, professordur. Amma hələ orta
məktəbdə oxuyarkən, ədəbiyyat adlı sehrin
cazibəsinə düşən Hüseynbala Mirələmov
bir daha o sehrdən ayrıla bilmədi. Bir-birinin
ardınca hekayələr, povestlər, romanlar, pyeslər,
publisistik məqalələr, tənqidi əsərlər,
xatirələr, səfər təəssüratları
yazdı, tərcüməçiliklə məşğul
oldu və 90-cı illərdən başlayaraq artıq o,
xalqımız tərəfindən ölkəmizin ən məhsuldar,
ən müqtədir yazıçısı kimi qəbul
edildi. Bu gün heç kəsə sirr deyil ki,
Hüseynbala Mirələmov çağdaş ədəbiyyatımızın
ən məhsuldar yazıçılarından biri yox,
birincisidir. Bu gün heç kəsə sirr
deyil ki, uzun illər durğunluq keçirən ədəbiyyatımızın
Hüseynbala Mirələmovun simasında öz əvvəlki
şöhrətini özünə qaytara bildi.
Hüseynbala Mirələmovu təkcə Azərbaycan
oxucuları deyil, eyni zamanda rus, ingilis, qırğız, polyak,
fars, türk,
alman, ərəb və s. dilli ölkələrin oxucuları
da öz dillərində oxuyur və onun əsərləri
hesabına xalqımız haqqında, onun tarixi, adət-ənənəsi,
mili-mənəvi-etik dəyərləri haqqında dəyərli
bilgilər əldə edirlər. H.Mirələmov
üçün mövzu məhdudiyyəti yoxdur - amma onun əsas
mövzusu Qarabağ dərdimiz, "itmiş yaddaşın bərpası,
tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətlərinin
tədqiqi, keçmiş şanlı tariximizin
işıqlandırılması və sairdir. Mən H.Mirələmovun yazdığı əsərlərinə
rəğmən, həm də Qarabağdakı haqq müharibəmizin
iştirakçısı, torpaqlarımızın
azadlığı uğrunda mübarizəmizin həm
sıravi əsgəri, həm də həmin mübarizənin
qorxmaz və müdrik sərkərdələrindən biri
hesab edirəm.
H.Mirələmovun qələmi bu gün
torpaqlarımızın keşiyini çəkən əsgərin
əlindəki silah timsalındadır. H.Mirələmovun
yazdığı əsərlər haqq verir deyək ki, o, Azərbaycanımızın
ən layiqli, ən vətənpərvər
ziyalılarından biridir. H.Mirələmovun
hələlik sonuncu böyük əsəri olan "Sonuncu
Fateh" əsərini oxuyarkən bu böyük
yazıçının əbədi imkanlarının nə
qədər geniş nə qədər böyük, tükənməz
olduğunu gördüm. "Sonuncu
Fateh"də həm də ədəbi janrların ən
möhtəşəmi olan epopeyanın aşkar
çalarlarını gördüm. Bu
gün H.Mirələmov yaradıcılığının ən
məhsuldar, ən çiçəklənən
dövrünü yaşayır.
Onun həm epik əsərlərində, həm pyeslərində,
həm də publisistik yazılarında itirilən
torpaqlarımızın həsrəti, şəhidlərimizin
incik rularının qisasının alınması
üçün çəkdiyi acı həsrəti
açıq-aşkar hiss etdim. Onun əsərlərində
həm də torpaqların qaytarılmasına, şəhidlərimizin
intiqamının alınmasına, yurd həsrəti çəkən
qaçqın və köçkünlərin öz doğma
el-obalarına qayıdacağına böyük bir inam var. Və
yazdığı əsərlərində də o,
oxucularına bu böyük inamı aşılayır.
O, əsərlərində bizə qələbəyə gedən
yolu göstərir, həmin yolu ki, o özü də müqəddəs
yolun ən yorulmaz yolçularından biridir. O, əsərlərində
bizə tezliklə qazanılacaq qələbələrimizdən
danışır, böyük qələbəni qazanmaq
üçün bizə lazım olan dəyərləri
anladır, böyük amal uğrunda bütün
xalqımızın yumruq kimi birləşmək yolunu. Onun əsərlərində
ən böyük surət heç şübhəsiz ki, o
özüdür - böyük vətəndaş,
böyük insan, böyük yazıçı Hüseynbala
Mirələmov - onun əsərlərinin baş qəhrəmanı
Müdrik bir müəllim, Qarabağda itirilmiş
torpaqlarımızın qaytarılmasına öz
varlığı kimi inanan əsgər-sərkərdə-vətəndaş-yazıçı
Mirələmov. Mən də o qələbəyə
bütün varlığımla inanıram. Böyük bir inamla inanıram, həm də ona da
inanıram ki, H.Mirələmovun ən böyük, ən
möhtəşəm əsəri Qarabağ qələbəsindən
bəhs edəcək. Möhtəşəm
əsərini - roman-epopeyasını da o zaman yazacaq. Bu
onun ən halal haqqıdır... Bu günə isə,
yenə deyirəm, çox qalmayıb.
Ədalət.-2013.-4 aprel.-S.6.