Hər bir cəmiyyətin inkişafı
sevgiyə bağlıdır
Bugünkü
qonağımız mənim hər zaman sevdiyim aktyorlardan biri
olub. Onunla əlaqə saxlayıb qəzetimiz üçün
müsahibə götürmək istədiyimi bildirəndə,
buna çox məmnuniyyətlə razılaşdı.
Müsahibə zamanı da bütün sualları dolğun və
özünəməxsus şəkildə dürüst
cavablandıran müsahibim Akademik Milli Dram Teatrının
aktyoru, xalq artisti, çox güclü və əvəzolunmaz
rollara öz möhürünü vurmuş aktyor Nurəddin
Mehdixanlıdı.
- Nurəddin
bəy, 1994-cü ilin ortaları idi? on üç
yaşım vardı. Bakıya yeni ayaq açmış
qaçqın uşağının ömrünü
yaşayırdım. Bir dəfə şəhərin
küçələrinin birində sizinlə
rastlaşdım. Bakıda gördüyüm ilk məşhur
insan idiniz. O zaman fikirləşdim ki, bir də nə vaxtsa, bu
aktyoru yaxından görüb, onun tamaşalarında
iştirak edə biləcəyəmmi? Aradan on doqquz il
keçib və biz indi sizinlə burda əyləşib
söhbət edirik. Mən bilirəm ki, sizdə əyalət
insanı olmusunuz. Yetərincə gənc yaşlarından
Bakıya gəlmisiniz. Sizi paytaxta hansı arzular gətirmişdi?
O arzularınıza çata bildinizmi? O yeniyetməlik illərində
nələrlə qarşılaşdınız?
- Cəlilabaddan Bakıya gələndə mənim on
altı yaşım vardı. O vaxtı hamı kimi mənim də
istəyim ali məktəbə qəbul
olmaq idi. Bunu üçün də yaxşı
oxumaq lazımıydı. Amma səmimi
deyim ki, aktyor olmaq barədə fikirləşməmişdim.
Düzdü rayonda olanda məktəb
tamaşalarında iştirak etmişdim. Amma
Bakıya gəlişimdə mənim məqsədim bir sənətin
sahibi olmaq idi. Tale elə gətirdi ki, mən tamaşaya
baxmaq üçün "İyirmi altılar" mədəniyyət
sarayına getdim və orda Lütfi Məmmədbəyovla tanış oldum. Sonra isə sənədlərimi
verdiyim yerdən götürüb İncəsənət
Universitetinə gəldim. Yəni ora da o qədər
ciddi fikirlərlə gəlmədim. Lakin
orda böyük sənətkar Adil İskəndərovun mənim
sənət müəllimim olması, məni aktyor sənətinə
bağladı. İndi çoxları deyir
ki, mən uşaqlıqdan aktyor olmaq istəyirdim, filan aktyora
baxdım aktyor oldum. Mənim elə
arzularım olmayıb. Mən hərbçi
olmaq istəyirdim, atam məni hüquqşünas görmək
istəyirdi. Mən isə bunlardan heç
biri olmadım. Aktyor oldum.
- Bildiyimə görə də sizin
atanız çox sərt, ciddi xasiyyətli bir insan olub. Yəqin
ki, sizin aktyor sənətinə yiyələnməyinizə
etiraz etdi?
- Atam
müharibəni görmüş yetərincə müdrik
insan idi. Bununla yanaşı o çox ciddi
insanıydı. Onun gülümsəməsi
belə bizim üçün bayram idi. Çox az danışan adam idi. Onu
yaxından tanıyanlar fikirlərini baxışından
anlayırdılar. Övladlarını
çox sevirdi, amma bunu indikilər kimi büruzə verməyi
heç vaxt sevməzdi. Allaha
şükür edirəm ki, elə bir kişinin oğlu
olmuşam. Ondan öyrəndiyim çox
şeylər sonralar həyatda mənə lazım oldu. Təbii ki, hüquqşünas kimi görmək istədiyi
oğlunu birdən-birə televizorda İncəsənət və
Dram fakültəsinin tələbəsi kimi elan olunması onu
qəzəbləndirdi. Mənə
sözü bu oldu ki -
mən səni tanımıram. Nə
zaman mənim dediyimi edib, o sənətdən imtina edərsən,
o zaman sənin bütün ehtiyacların ödənər və
hər dediyin də yerinə yetirilər. Mən
isə onun dediyini etmədim. Özünə
də bildirdim ki, mən də sənin oğlunamsa, öz istədiyimi
həyata keçirəcəm. Və
dediyimi də edib, aktyor oldum. Artıq mən ikinci kursda
oxuyanda, atam dünyasını dəyişdi...
- Sonralar peşmançılıq
keçirdiniz?
- İndi bu yaşımda fikirləşirəm və
etiraf da edirəm ki, onun sözünü dinləməməklə
düz etməmişəm. Çünki,
yaşadığım bu həyatda valideynlərini eşitmədən
öz başına addım atmış çox az xoşbəxt insan gördüm. Demirəm ki, valideynin dediyi qanun şəklində həyata
keçirilməlidi. Amma hər iki tərəfin
arzu və istəkləri təmin olunmalıdı. Mən atamın iradəsinin əleyhinə getdim,
uğurlarım olsa da, uğursuzluqlarım da oldu. Ürəyimdə nisgilim də qaldı. Fikirləşdim ki, məsələn, mən hərbçi
olsaydım həyatda daha çox işlər görə bilərdim.
Daha çox xeyir verə bilərdim məmləkətimə.
Sonralar Azərbaycanda baş verən hadisələr
də göstərdi ki, sən demə bu millətin şairdən,
yazıçıdan, aktyordan daha çox yaxşı müəllimə,
yaxşı hərbçiyə də ehtiyacı
varmış. Son iki yüz ildəki
uğursuzluqlarımızın da əsas səbəbini məhz
bu peşə sahiblərinin az olmasında
görürəm. Mən özümü həqiqət
tərəzisi yerinə qoymaq istəmirəm. Amma bu mənim şəxsi fikrimdi.
- Aktyor həyatı rol oynamaq üzərində
qurulub. Olubmu ki, səhnədən kənarda da sizdən oynamaq
tələb olunsun. Nə etmisiniz belə
hallarda?
- Mən
sizə bir söz deyim. Həyatda bütün
insanlar oynayırlar. Amma aktyorların
bütün peşə sahiblərindən bir
üstünlüyü ondadır ki, onlar ancaq səhnədə
oynayırlar. Və oynadıqlarını
gizlətmədən, səhnəyə çıxıb əyan
edirlər ki, mən oynayıram. Amma həyatdakı
insanlar həm rol oynayırlar, həm də bunu inkar edirlər.
Yaxşı aktyorun həyatda oynamağına da
heç bir ehtiyac yoxdur. Mənə belə gəlir ki,
ancaq özündən müştəbehlər, bu sənətin
nə olduğunu, bunun fəlsəfəsini bilməyən
adamlar belə yalançı oyunlarla məşğul ola bilərlər. Ancaq
bütün bunlar aktyor sənətinə heç bir aidiyyəti
yoxdur. Bizim zamanımızda Adil İskəndərov,
Rza Təhmasib, Mehdi Məmmədov kimi böyük müəllimlərimiz
olub. Onlar bu sənəti ciddi sənət
hesab etdiklərindən səhnəyə də ciddi, zəhmətkeş,
istedadlı insanları gətiriblər. Amma
indi çoxları bu sənətə şöhrət və
tez tanınmaq naminə gəlirlər. Bir
tamaşada iki söz deyib, yaxud da iki serialda maşını
sağdan, sola sürür, deyir ki, mən sənətdəyəm.
Bu da bəlkə də zamanımızdan irəli
gəlir. Çünki indi hər şey
şouya, yüngül işlərə meyllənir. Halbuki,
bu qədər dərdlərimizin,
ağrılarımızın olduğu vaxtlarda özlərini
kütləvi şəkildə belə aparmalarının
qeyri-ciddi hal hesab edirəm. Nə qədər ki, bu cür vəziyyət
davam edəcək, biz nə mədəniyyətdə, nə sənətdə,
nə də savaşda heç bir problemlərimizi həll edə
bilməyəcəyik. Ona görə də mən hesab edirəm
ki, həyatda o adam oynayır ki, özünün naqisliklərini,
çatışmazlıqlarını ört-basdır edə
bilsin. Lakin insan özü olanda daha maraqlıdı. Kim nə
qədər oynayır oynasın, gedib öz-özü ilə
tək qalanda artıq oynaya bilməyəcək. Bəs o zaman
nə edəcək?! İndi biz deyirik ki, filan aktyor
çıxdı səhnəyə filan rolu oynadı. Amma məsələ
burasındadı ki, böyük anlamda götürsək
axı aktyor heç səhnədə də
oynamamalıdı. Bir insan həyatını, bir insan
ömrünü yaşamalıdı. Görün bir aktyorun
intellektual potensialı, mütaliə potensialı nə qədər
güclü olmalıdı ki, bir insan taleyini səhnəyə
gətirsin və zalda ona baxmağa pul verib gələn
insanı özünə inandırıb, ətrafını
unutdursun. Bəzən keçmişi yeri gəldi, gəlmədi
şişirdib adamın başına vururlar. Amma bu
yalnış işdi. Hər zamanın öz qanunları,
öz sənətçiləri olub. Və mənə belə
gəlir ki, bizim zamanımızda sənətçi olmaq daha
çətindir.
- Hansı səbəblərdən
çətindir?
- Təsəvvür edin bir saniyənin
içərisində internetlə istədiyin məlumatları
əldə etmək mümkünlüyündə, bu qədər
məlumat bolluğunda tamaşaçı yerindən
qalxıb şəhərin bu basabasında gəlib sənin
tamaşana baxırsa, bu artıq bir göstəricidi. Əlli,
altmış il bundan qabaq bu qədər görsəllik
yox idi. Və teatr tamaşaçı üçün
möcüzə idi. Amma indi seçimlərin
çoxluğu, sürətli sosiallaşmanın içərisində
teatr yaşayırsa, deməli teatr sənəti böyük sənətdir,
canlı sənətdir. Bu canlı sənətdə də var
olmaqdan ötrü aktyor olmaq lazımdı, artist yox. İndiki
dırnaq arası artistlər bu sənətin ciddiliyindən xəbərsizdilər. Əvvəlki
zamanların da sənətkarları da vardı, sənətə
dəxli olmayanları da. Mən o dövrdə
yaşamışam. O zaman da elə şeylər olub ki,
heç mən onları sizə danışmaq istəmərəm.
Sadəcə olaraq zamanları müqayisə eləməyin əleyhinəyəm.
Bizim bir millət vəkili vardı. Bir dəfə ona sual
verdilər ki, teatrın bugünkü vəziyyəti
haqqında nə deyə bilərsiniz. Başladı ki - teatr
geridə qalıb, heç bir irəliləyiş yoxdu, filan. Sonra jurnalist sual verdi ki, axırıncı dəfə teatrda nə
vaxt olmusunuz? Cavabı belə oldu ki, on il
bundan qabaq. Həmin deputat on il bundan əvvəl
teatrda olubsa, onun ümumiyyətlə teatr haqqında
danışmağa haqqı yoxdu. Teatr sənəti elə bir
sənətdir ki, hər il qabağa bir
addım atır və dəyişir. Mən
demirəm ki, biz bu gün kosmik sürətlə irəli
gedirik. Xeyr. Amma bu
günləri dünyanın hər yerində yeniliklər
baş verir. Və bu dəyişikliklər
sözsüz ki, teatr aləmində də olur. Teatr yoxdu, geriyə qalıb deyirlərsə, onda gəlin
baxaq görək Azərbaycanın ədəbiyyat sahəsində,
musiqi sahəsində hansı inqilablar baş verib. Qara
Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov varmı? Çoxlarını saya bilərəm. Və yaxud da səhiyyə sahəmizdə hansı
inqilab baş verib? Hanı Topçubaşov? O boyda Elmlər Akademiyamız var.
Dünyada kəşf olunan hansı bir yeniliyə imza
atıblar? Yoxdular.
- Bəs nədədir bütün
bu yoxluqların səbəbləri?
Biz böyük bir ölkənin tərkibindən
çıxdıq. İndi biz müstəqilik. Təsəvvür
edin ki, evdən bir oğul ayrılır və özünə
ev tikir. O, elə ayrılan kimi özünə
saray tikməyəcək ki? Yavaş-yavaş,
sıfırdan başlamalı olacaq da. Bizim
müstəqilliyimiz də bax, həmin o prosesə bənzəyir.
Biz hər işin anında həyata keçməsini
istəyirik. Amma bu mümkün deyil.
Hər şey təməldən başlayıb,
kərpic-kərpic qalxacaq. Çünki,
bu xalq istedadsız xalq deyil. Ancaq
bugünkü gündə hər işin təqsirini teatrda,
aktyorda görmək düzgün deyil. Teatrın
əgər əskiklikləri ilə bərabər onun
uğurlarını da görmək gərəkdir. Bu il bizim teatrın yüz qırx illiyi tamam
oldu. Bu yüz
qırx ildə keçmiş SSR-dən başqa bizim
teatrın heç bir xarici ölkəyə nəinki səfəri
olmayıb, heç bir mükafat da almayıb. Amma bizim teatr 2011-ci ilin axırında beynəlxalq
Yalta Teatr Festivalında "Xəcalət" tamaşası
ilə iştirak edib və akademik Milli Dram Teatrına ilk beynəlxalq
mükafatı qazandırıb. "Yüksək
aktyor ustalığına" görə ilk mükafatı
qazanmışam. Serbiyada da "Xəcalət"
tamaşası ən yaxşı tamaşa nominasiyasını
qazandı. 2012-ci
ilin sonunda da biz yenə bu tamaşayla Moldaviyaya dəvət
aldıq. Orda da "Qızıl
gözlü mələk" mükafatını aldıq.
Bunu Azərbaycan mətbuatı niyə
yazmadı? Niyə demədi? Tamam
başqa bir məsələni atdılar ortalığa ki, bu
uğur, bu qalibiyyət unudulsun...
Bilirsinizmi, çox vaxt teatr, aktyor
sözünün nə olduğunu bilməyən adamlar bir də
görürsən ki, teatr haqqında qalaq-qalaq yazılar
yazırlar. İndi hamı bir-birini incitməklə,
acıtmaqla məşğuldu. Bu bizim cəmiyyətimizin
xəstə bir tərəfidi. Ancaq belə
cəmiyyətdə inkişafın olması mümkün
deyil. İnsanlar bir-birlərinə hörmət
etməyi, sevməyi öyrənməlidirlər. Cünki, hər bir cəmiyyətin inkişafı
sevgiyə bağlıdır.
Hal-hazırda biz bir nekrofil cəmiyyətə
çevrilmişik. İnsanlara öləndən sonra qiymət
verirlər. Belə çıxır ki,
biz ölməliyik sonra dəyər versinlər bizə? Sağ
ikən, fəaliyyətdə ikən heç kim
bir yazı yazmır. Ölən kimi təriflər
göyə ucalır. Yaxşı
olardı ki, teatr sənətinə canını,
sağlamlığını vermiş insanlara
sağlığında qiymət versinlər. Çünki, teatr sənəti bir millətin mədəniyyətinin
göstəricisidir. Atatürk deyirdi ki,
"teatr bir millətin mədəniyyət
aynasıdır". Bu həqiqətən
də belədi. Bu sənət
seçilmiş insanların sənətidir. Mənim sənət müəllimim Adil İskəndərovun
bir sözü vardı. O deyirdi ki, "qadam,
böyük sənəti böyük kişilər
yaradır". Zaman keçdikcə mən həmin
sözün dərinliyini anladım. Tarixə də nəzər
salsaq görərik ki, Yunanıstanda bu sənətlə ancaq ali silkin nümayəndələri məşğul
olurdular. Bu günləri ənənəsini
yaşatdığımız rus teatrını yaradanlar da əsilzadə,
kübar təbəqənin üzvləri olublar. Azərbaycanda da
teatrı yaradanlar Avropada təhsil almış insanlar,
ziyalılar olublar. Bunun üçün də
insanlar teatrın gücünü dərk etməlidirlər.
- Bu günün
tamaşaçısı səhnədəki aktyoru duya bilirmi?
- İnsanlar kilsələrə, müqəddəs yerlərə
gedirlər ki, özləri ilə baş-başa qala bilsinlər. Teatr da elə
yerlərdən biridi. Mən həmişə
teatrı məbəd kimi görmüşəm və bunu
sözgəlişi demirəm. Təsəvvür
edin ki, tamamilə fərqli insanlar zalda otururlar. Aktyor üç saat ərzində bu insanları
güldürməyi, ağlatmağı, qəzəbləndirməyi
bacarırsa, deməli o əsl aktyordu. Və
bu günün tamaşaçısı o qədər məlumatlı,
ayıqdır ki, o, mütləq səhnəyə
çıxan aktyorun içinin dolu və ya boş olduğunu
anlayır. Bu günün tamaşaçısı lap
evdən tumla, bulku ilə də teatra gəlsə belə,
aktyorun içi doludursa, o, tamaşaçının fikrini bir
hipnozçu kimi səhnəyə yönəldə bilirsə, deməli burda əsas
məsələ aktyorun üzərinə düşür. Çox olub ki, tamaşaya bir əyləncə kimi
yanaşıb gələn tamaşaçı ordan göz
yaşı və ya böyük sevinc hissləri ilə
ayrılıb.
- İstedadlı gənclər,
sizin davamçılarınız necə yetişirlər?
- İndi istedadlı gənclər var. Amma çox
azdılar. Mən istəyirəm və marağındayam ki,
onlar çox olsunlar, səhnəyə çıxsınlar.
Çünki, onlar olacaqlarsa, bizdə
xatırlanacağıq. Əgər bu sənət
davam etməyəcəksə, bizdə unudulacağıq.
Mən bu səhnəyə çıxanda iyirmi
iki yaşındaydım. "Unuda bilmirəm"
tamaşasında Kamran rolunu oynayırdım.
Hökümə Qurbanova, Məhluqə Sadıqova, Sofa Bəsirzadə,
Məlik Dadaşov, Amaliya Pənahova kimi böyük sənətkarlarla
oynamışam. Məni bu səhnəyə elə
belə buraxardılarmı? Əsla! Sən
o zaman səhnəyə çıxmaq üçün o qədər
hazırlıqlı olmalıydın ki, onlar bir xoş təbəssümlə
sənə baxsınlar. Amma indi bu sənətə tez
şöhrət və pul qazanmaq üçün gələnlər
ola bilsin ki, bunların hər ikisinə
nail ola bilərlər. Amma heç vaxt əsl mənada bir sənətçi
ola bilməzlər. Əvvəlcə
bu sənətin sirlərini öyrənmək, bu sənətin
şəyirdliyini eləməyi bacarmalısan. Ali təhsilli aktyor idim, amma ilk zamanlar rollarıma mən
kütləvi səhnələrə çıxmaqla
başlamışam. Məsələn,
"Mahnı dağlarda qaldı" tamaşasında otuz qaçaqdan
biri mən idim. Mehdi Məmmədovun
qoyduğu "Dəli yığıncağı" kimi
şedevr bir tamaşada kəcavəni irəli geri aparanlardan
biri mən idim. Dediyim odur ki, həmin
dövrün o görkəmli sənətkarları da
baxırdılar ki, sən o kəcavəni ciddi və əzmlə
tutmusan. O zaman da sənə rollar verirdilər. Çünki, səhnə elə bir yerdi ki, orda hər
şey açıq-aydın görsənir. Səhnədə heç nəyi gizlətmək
olmaz. Kimisə aldatmaq, yola vermək olmaz.
Əgər aktyor kimisə yola verməklə rol
oynayırsa, onun özünü də mütləq yola verirlər. Həmin aktyor birdə
onda ayılır ki, yetmiş yaşı var, amma heç nəyin
sahibi deyil. Bu zaman isə nə jurnalistlərə,
nə mətbuata şikayət etmək artıq kömək
eləmir. Axı otuz il, qırx il səhnədə nizə
tutmağa həmin aktyoru nə məcbur eləmişdi? Razılaşmayıb, vaxtında gedib başqa bir
işlə məşğul olsaydı bəlkə daha
çox uğur qazanmışdı. İllərlə
bir yeri tutub oturmaq nə dərəcədə doğrudu?
Bəlkə də orda başqa birisi gəlib
işləsəydi o, daha böyük işlər edərdi.
Ona görə də gənclər peşələrini
düzgün seçməlidi və həmin peşənin
sirlərinə yiyələnməlidi. Zəhmət
çəkməlidi.
- Bu həm də sizin gənclərə
bir mesajınızdır ki, istedadlı olmaq əsas şərt
deyil, həm də hər bir sənətin zəhmətkeşi
olmalısan?
- Bəli. Tamamilə haqlısınız. Zəhmətsiz
istedadla sən tamaşaçını bir neçə dəfə
aldada biləcəksən. Sonra o istedad da məhv olub gedir.
Çünki, çox istedadlı insanlar gəliblər, amma
o sənətin ağır şərtlərini qəbul etməmələri
ucbatından, heç bir yüksəliş əldə edə bilməyiblər. Bizim teatrımızın ən
güclü aktyoru Rza Əfqanlı olub. Amma Rza Əfqanlı
zəhməti bahasına gəlib o mərtəbəyə
çıxıb və böyük sənətkar olub. Yenə də deyirəm, əgər
zəhmət yoxdursa, ən böyük istedad da günün
birində sönüb gedəcək. Amma savadı, zəhməti
olan şəxslər bu gün də, sabah da özlərinə
cəmiyyətdə mütləq yer tapa biləcəklər. Çünki, indi alternativlər
var. Sovet dövründə isə bu yox idi.
(ardı növbəti
sayımızda)
Samirə Əşrəf
Ədalət.-2013.-4 aprel.-S.8.