Hər bir cəmiyyətin inkişafı sevgiyə bağlıdır

 

(əvvəli ötən sayımızda)

 

- Nurəddin bəy, indiyə qədər müxtəlif, çoxsaylı rollar oynamısınız. Oynadığınız həmin rolların daxilinizdən keçib getməsi, üst-üstə yığılması, xarakterinizə necə təsir göstərdi?

- Sözsüz ki, oynadığım rollara mən nələrisə verirəmsə, o da mənə nələrsə verir. Burda qarşılıqlı şəkildə ötürmə və götürmə prinsipi var. Bunu heç kim inkar edə bilməz. Amma indi bir məsələ də var ki,  kimin  xarakteri necədirsə, rejissor da rolu əvvəlcədən seçim edəndə fikirləşir ki, bu rolu filan aktyora vermək lazımdır. Çünki, onun xarakterində bu kimi şeylər var. Bunu da nəzərə almaq lazımdır. Mənim də oynadığım rollar mənə çox şeylər verib. Onlar mənə həyatı anladıb, dünyanı tanıdıb, mənə insanın missiyasının nədən ibarət olduğunu aydınlaşdırıb. Mən həmin rollarımla ayrılığın, ağrının, sevginin, vətənin nə olduğunu öyrənmişəm. Oynadığım, tamaşaçıya göstərdiyim hər bir rol mənə bir qapı açıb. Həmin qapılardan mən müxtəlif insan taleləri görmüşəm. Və bütün o daxilimdən keçirtdiyim rolların mənim içimdə bir çöküntüsü qalıb. Birinin ağrısı, birinin dərdi, birinin sevgisi daxilimdə öz izlərini qoyublar. Yaşa dolduqca, insan sakitləşməyə başlayır, əsəbiləşmir, kimdənsə nəsə ummur, heç kimə və heç nəyə sərt reaksiyalar vermir. Çünki, artıq olqunlaşırsan. Bu sənətin də ən böyük üstünlüklərindən biri odur ki, sən insanları tanıyırsan. Çəkilib bir kənardan onlara baxa bilirsən. Bizi aldatmaq mümkün deyil. Çünki, biz zaman keçdikcə insanların fikirlərini oxuya bilirik. Bu da üstünlükdü. Amma həm də zaman keçdikcə, ağırlaşdığını hiss edirsən. Bu qədər yükü daşımaq da mümkün deyil axı. Həmin aktyorlar isə uzun ömür sürə bilmirlər. Çox az aktyorlar olur ki, uzun yaşaya bilirlər. Onlar da daha çox texniki ifaçılıqla oynayan aktyorlar olur. Amma bir də var ki, yaşamaq sənəti ilə işləyən aktyorlar. Həmin aktyorlar uzun yaşamırlar. Təsəvvür edin ki, bir aktyor ayda üç tamaşa oynayırsa, ildə də on beş rol oynayırsa, görün həmin insan il ərzində neçə taleni yaşayır. Və həmin rollar da xarakterə mütləq təsir edir.

- Nurəddin bəy, bir dəfə aktrisalarımızdan biri demişdi ki, mən öz mənfi obrazıma haqq qazandırıram. Çünki, o, da istəyinə çatmaq uğrunda mübarizə aparırdı və qələbə qazanmaq istəyirdi. Bəs siz necə mənfi obrazlarınıza haqq qazandırırsınız?

- Mən heç bir obrazıma haqq qazandırmıram. Çünki, bu məndən asılı olan bir iş deyil. Onlar hamısı ayrı-ayrı xarakterlərdi. Hərəsinin də öz həqiqəti var. Bu həyatda hər kəsin özünün maraqları var. Biz bunu rollarımızla görsəl şəkildə ortalığa çıxarırıq və göstəririk. Seçim isə artıq insanların özlərinə məxsusdur. Və hər kəsin içi, əxlaqı, psixologiyası nəyi qəbul edirsə, o obrazı seçib onun tərəfində olur. Əyri insan, əyri obraza haqq qazandırır, halal insan halal obraza. Amma heç kim bir qızıl ortağı da unutmamalıdır ki, allah da o müqəddəs kitabımızı göndərəndə haqq ədaləti, halallığı bərqərar etmək naminə göndərib. Allahın varlığını qəbul edən insan da çalışmalıdır ki, halallığı qoruyub saxlasın ki, həyatdan səhnəyə daşınan rollar da daha çox müsbət rollar olsun.

- Çox vaxtı teatra gələn tamaşaçılar elə bilirlər ki, səhnədəki aktyor məhz onu görür, ona nəzər yetirir. Amma məncə bu bir aktyor fəndidi. Əslində isə aktyor hər zaman bütün zala göz gəzdirir. Mənim üçün çox maraqlıdı, siz necə, zala nəzarət edə bilirsiniz?

- Bu, bilirsiniz nəyə bənzəyir? Divardakı portretin yaratdığı effektə. Hansı tərəfə gedirsənsə, o portret sənə baxır. Səhnədən də tamaşaçını görmək belə bir məsələdi. İkinci bir tərəfdən tamaşadakı məqamdan da çox şey asılıdı. Ola bilər sənin rolunda elə bir hissə olsun ki, sən mütləq tamaşaçıya baxıb, ona müraciət etməlisən. Aktyor var ki, tamaşa vaxtı içi-gücü elə zala baxmaq olur. Onlar aktyorluğa heç bir dəxli olmayan, bu sənətə təsadüfən gəlib düşən insanlardılar. Olur ki, yüngül, rahat tamaşalar olanda əl çalan tamaşaçıları, xüsusilə qarşıda əyləşənləri istər-istəməz görürsən. Amma bir də var ağır, dramatik rollar oynanılır. O zaman artıq heç tamaşaçını fərqində belə olmursan. Birdə ki,  səhnədə görünməyən  dördüncü divar anlayışı vardır. Tamaşa var ki, həmin dördüncü divar yerində olur və aktyorun o divardan o tərəfə keçməyə haqqı yoxdur. Amma tamaşa da var ki, aktyorun o dördüncü divarı keçmək, hətta zala daxil olmaq haqqı olur. Yəni belə mizanlar da olur. 

- Səhnəyə çıxmazdan əvvəl, xüsusilə də premyeralar zamanı həyəcanınızı yox etmək üçün hansısa bir hazırlığınız, hərəkətləriniz olur? Yoxsa, elə adi iş günlərindən birini yaşayırsınız?

- Əsgər savaşa necə hazırlaşırsa, aktyorun da səhnəyə o cür hazırlaşması onun borcudu. Bu gün mənim tamaşamdı. Tamaşa saat yeddidə başlayır. Amma mən artıq tezdən teatra gəlmişəm. İndi sizdən ayrılandan sonra otağıma gedəcəm. Tamaşada gedən mətnimi qoyacam qarşıma və bir-bir hamısını yadıma salacam. Saat altıda artıq geyinməyə başlayacam. Sonra əgər rolumda saqqal qrimi varsa, onu qrim ustası gəlib yerinə yetirəcək. Daha sonra əgər məni səhnədə narahat edən bir yer varsa, arada gedib ora nəzarət edib gəlirəm. Tamaşaya on dəqiqə qalmış mən artıq səhnənin arxasında oluram. Yəni tamaşadan əvvəl hazırlığım bu cür olur. Və hər kəsdə də bu cür olmalıdı.

- Uzun illər çox böyük aktyorlarla, sənətkarlarla çiyin-çiyinə işləmisiniz. İndi həmin aktyorların xeyli hissəsi həyatda yoxdurlar. Kimlərin itkisi sizə daha çox təsir edib. Kimlər haqqında fikirləşirsiniz ki, yox bu insanın həyatda və səhnədəki itkisi hələ çox tez idi.

- Vəfa Fətullayevanın, Səməndər Rzayevin, Hamlet Xanızadənin, Həsənağa Turabovun, Əlabbas Qədirovun, Kamal Xudaverdiyevin, Telman Adıgözəlov ki, onun ölümünü biz ümumiyyətlə ağlımıza da gətirməzdik.  Və son itkimiz Yaşar Nuri... Onlar  bizim hamımızın itkisidir. Səməndər Rzayevin imkanlarının heç əlli faizi olunmadı. Qırx bir yaşında dünyasını dəyişdi. Hamlet Xanızadə də eyniylə çox unikal, sənətini dəlicəsinə sevən bir aktyor idi. Aktyor var ki, iki metr boyu var, amma səhnəyə çıxır görsənmir. Amma Həsənağa Turabov ortaboylu bir aktyordu. Ancaq səhnəyə çıxanda səhnə dolurdu. Telman Adıgözəlov teatrda olan zaman bir adamın kənarda qalıb fikirli olması mümkün deyildi. Çünki, gələndən, gedənə qədər hamını danışdırırdı, güldürürdü. Əgər Telman teatrda idisə, deməli hamının əhvalı yaxşı olacaqdı.  Yaşar Nuri ən son və ciddi itkilərimizdən biri oldu. Allah ona çox böyük istedad vermişdi. Amma biz onun çox azını gördük. Onlar hamısı çox böyük sənətçilər idilər. Hər birinin adı Azərbaycan teatrının bir səhifəsidir. Yerləri doldurula bilməyəcək insanlardılar. Bəzən deyirlər ki, əvəz olunmayan insan yoxdur. Çox səhv deyirlər. Çünki, hər bir insan bir fərddi. Səhnədə kiminsə kimi nə zaman əvəz etməsi ümumiyyətlə mümkün deyil.

- Nurəddin bəy, olubmu ki, sizin uğurlarınıza dözməsinlər və sizə kimlərsə təzyiq göstərsin?

- Həyat özü bir mübarizə meydanıdır. Mən həm fiziki cəhətdən güclü adamam, həm də mənəvi cəhətdən. Çünki, mənim təməlim, köküm sağlamdır. Mənə təzyiq etməyə kimsənin nə gücü, nə də ixtiyarı yoxdu.  İstənilən adamla da savaşa, mübarizəyə hazıram. Amma o görülən işin kiməsə faydası olacaqsa. Faydası olmayan işlərə mənim ayıracaq zamanım yoxdur. Qısqanan nə qədər arzu edir qısqansın. Onlar məni öz yolumdan saxlaya bilməzlər. Çünki, mən çox güclü adamam!

- Dünya teatrından, kinosundan nələri, kimləri izləyirsiniz?

- Mən sizə bir söz deyim, biz Moldoviyada olanda tamaşadan sonra mətbuat konfransı keçirildi. Bizim mətbuat konfransında gürcü aktyorlar da iştirak etmək istədilər. Biz də etiraz etməmişdik. Orda konfransı idarə edən, teatr aləmində çox tanınan, teatrşünas bir xanım vardı. O, konfransdan sonra bizə yaxınlaşıb dedi: - Bilirsinizmi, niyə sizin tamaşa bitənə qədər hamı  diqqətlə sizin tamaşaya baxıb, sonra da sizi ayaq üstə alqışladılar. Çünki, onlar dünən əsl teatr gördülər.  Bu gün bütün dünya teatr sistemi hal-hazırda bizim teatrımızın işlədiyi Stanislavski sistemini qəbul eləmək üzrədilər. Biz özümüz də orda nümayiş olunan alman, yapon teatrlarının tamaşalarına baxanda gördük biz onlardan geri qalmamışıq, əksinə xeyli məsələlərdə onlardan irəlidəyik.

Nəticə etibarı ilə bu gün dünya teatr səhnəsində gedən prosesləri izləmək çox maraqlıdı. Bu mənada ayrı-ayrı adlar saymadan söyləyə bilərəm ki, Türkiyədə teatr aləmində gedən proseslər çox maraqlıdı. Orda teatra xüsusi bir münasibət formalaşıb. Sovet dövründə teatr necə ki, qabaqda gedən sənətlərin ən öndə olanı idi. Bu gün teatra münasibətdə eyni ilə həmin proses baş qaldırır. Və orda ciddi sənət adamları teatrla məşğul olanlar hesab olunurlar. Türkiyə kinosunda da, elə bizdə də kinoya ən böyük imza atanlar da həmin teatr aktyorlarıdı. Ən uğurlu kino nümunələri məhz teatr aktyorlarının iştirak etdiyi kino nümunələridi. "Arşın mal alan", "O olmasın, bu olsun", "Yeddi oğul istərəm" və s.

Bu filmlərin hamısında teatr aktyorlarının əməkləri daha qabarıqdı. Bu da əsasən ondan irəli gəlir ki, teatr aktyoru hər gün məşq edir, işləyir, yeniləşir.

Dünya kinosundan ən sevdiyim aktyor isə Cek Nikolsundu. Çünki, o, mənim idealımdı.

- Siz xeyli filmlərə də çəkilmisiniz. Kinonun bugünkü vəziyyəti sizcə necədir?

- Kino geniş kütləyə göstərilmək üçün çəkilir. Geniş kütlə üçün də kinonu kinoteatrlarda göstərmək lazımdı. İndi gəlin baxaq görək o kinoteatrlar varmı?  Yoxdu. Hamısı dağılıb, sökülüb. Televiziya isə filmə lazım olan qonorarı vermir. Film çəkilir, hazır olur, lakin, göstərməyə yer tapılmır. Nəticədə isə tamaşaçı filmi görə bilmir, filmi çəkəndə həmin filmdən pul qazana bilmir. Birinci növbədə Azərbaycanda konoteatrlar mövcud olmalıdı. Dörd milyon insanı olan bu şəhərdə bir Nizami kinoteatrı ilə iş olmur. Kinoteatrlar öz funksiyalarına qayıdıb, fəaliyyət göstərməlidilər. Belə olduqdan sonra tamaşaçı da kinoteatra getmək, filmə baxmaq  vərdişi yaranacaq. Mən kənddə, Cəlilabadda olanda orda kənd klubları vardı. Və onların hamısında müntəzəm şəkildə filmlər nümayiş olunurdu. İnsanlar da həmin  filmlərə gedirdilər. Bu gün həmin üsulları tətbiq etmək lazımdır.  Reklamlar fəaliyyət göstərməli, afişalar olmalıdı. Bizim mədəniyyət    kanalımız ciddi şəkildə teatrların və kinonun reklamı ilə məşğul olmalıdı. Bu gün bizim kino işçilərimiz fədaidirlər. Onlar qəpik-quruşa gedib film çəkirlər. Ən yüksək məbləğə çəkilən filmlər "Hökmdarın taleyi" ilə "Cavad Xan" oldu. Onların büdcəsi bir milyon yarım oldu. İki milyon dollar "Titanik" filminin qrimçisinə verilmişdi. Biz həmin pula həm film çəkmək istəyirik, həm də istəyirik o film "Oskar" mükafatı alsın. Kifayət qədər istedadlı rejissorlar, aktyorlar var. Amma onlar qəpik-quruşla bir film çəkir, sonra həmin filmi təkbaşına götürüb festivala gedir. Başqa ölkələr isə o festivallara böyük bir heyət halında gəlirlər. Bütün bunlar hamısı bir sistem şəkilində formalaşmalıdır ki, kino sahəsində uğurlar əldə etmək mümkün olsun. Çünki, dövlət bacardığı qədər teatra, kinoya, seriala pul ayırır. Amma bir az da biz  dövlətin ayırdığı pula əlimizin haram tərəfini də saxlayaq, vicdanlı olaq. O pul ayrılır ki, o filmə, seriala peşəkar aktyoru, rəssamı, operatoru çağırıb onlarla işləyəsən. Qohumunu, qonşunu, dostunu  gətirib o filmdə çəkmək üçün ayrılmayıb axı o  pullar. Bunun üçün də mənə belə gəlir ki, hər kəs öz işini vicdanla, məsuliyyətlə yerinə yetirsə, inkişaf da olacaq.

- Nurəddin bəy, mənim üçün çox maraqlıdı, doğulduğunuz, boya-başa çatdığınız yerlərə gedərkən, orda yaşadığınız o uşaqlıq, yeniyetməlik illərinizin xatirələri olduğu kimi qalıb, yoxsa artıq dumanlaşma gedir?

- Mən Bakıda boğulanda, özümü pis hiss edəndə, oturub maşına kəndimizə gedirəm. Orda bir, iki gün qalandan sonra tamam rahatlaşıram, dincəlirəm. Düzdür, əvvəllər yaşlı insanlar vardı ki, onlar artıq yoxdurlar. Yaşıdlarım hamısı yaşa dolublar. Amma o yerlər, dağlar, dərələr hamısı yerindədi. Yaşa dolduqcan qəribsəyirəm... Oralar məni özünə daha çox çəkir. Çox qəribədir, orda ayağımı torpağa qoyanda o qədər rahat oluram ki, canımdakı bütün ağrı-acılarımı unuduram. Evdə ən rahat yatanda, bir saata ancaq yuxuya gedə bilirəm. Amma orda bağımızdakı ərik ağacının altına bir kilim atıb onun üstündə uzananda, üç dəqiqədən sonra məni yuxu tutur. Həmin yuxu o qədər rahat, dinc, şirin olur ki, yarımca saat yatmaq özümü gün boyu gümrah hiss etməyimə kifayət edir. Mənim doğmalarım: atam, anam, əmilərim hamısı o torpaqda uyuyur. Və mənim də son yerim ordadı. Ordakı insanların səmimiliyi adamı dəli edir. O adamların arasında çox rahat və xoşbəxt oluram. Çünki, onların heç birinin içərisində hiylə, mənfəət yoxdur. Onlar paylaşmağı sevirlər. Ona görə də allah onlara o bərəkəti verir. Fikir vermisinizsə, Bakıda insanların çox hissəsi eynək taxır. Çünki, hamı yaxın məsafələrə baxır. Yaxın binalar, boz divarlar, rəngsizlik bizim gözlərimizin işləməsinə imkan vermir. Ancaq, ordakı genişlik, yaxın, uzaq məsafələr, rəngarənglilik ordakı  insanları da sağlam saxlayır. Yəni böyük şəhərlər verdiklərinin əvəzini alan məkandır. Çox amansız bir məkandır... Sənə nələrisə verir, amma əvəzində də çox ciddi şeyləri alır. Sənə ad san, pul verər, lakin alınan şeylər daha dəhşətlidir. Şəhər insandan təmizliyi, halallığı, insanlığı alar.

Qohumlarından, doğmalarından uzaqlaşdırar, yadlaşdırar. Bütün bunlara tuş gəlməmək üçün mən həmişə o torpağa gedirəm, xatirələrimi təzələyirəm, əziz, xətrini istədiyim insanlarla ünsiyyətdə oluram. Və biz hamımız o məkanlardan uzaq olan şəhər həyatının insanlarını bu qədər səs-küydən, basırıqdan xilas edən mədəniyyət ocaqlarımızın var olmasına, orda işləyən insanların yaxşı fəaliyyət göstərməsinə xidmət etməliyik.

 

 

Samirə Əşrəf

 

Ədalət.-2013.-5 aprel.-S.8.