Şeir təhlilləri
V yazı
Hüseyn Cavid
Qomşu
çiçəyi
Sarışın balkonun kənarında,
Yazın atəşli zərbəsilə solub
Fəri uçmuş beş-altı saqsı çiçək,
Gah bihiss, gah titrəyərək,
Bəkləyir mavigözlü bir mələyin
Nurdan tökmə nazik əllərini.
Həpsinin hüsni-pürqübarında
Artıyor hər dəqiqə hüzni-qürub;
Gələrək şimdi bir pəriyi-şəbab,
Əldə
bir dəsti eyliyor sirab;
İştə
bayğın baqışlı hər çiçəyin,
Güldürür çöhreyi-mükəddərini.
Nə
qadar xoş... o nazənin rəftar!
Nə
dilaşub... o zülfi-zərrintar!
Həp o
simayi-şux, o nim nikah,
O şəhamətli,
atəşin gözlər
Ruhi-əşarə
bir təcəlligah
Olaraq nuri-etila sərpər.
Bir
çiçəkdən seçilmiyor hərgiz,
Həm də
bir qönçədir ki, pək nadir...
O gül əndamı
iştə seyr ediniz!
Pənbə güldən gözəl deyil də nədir?!
Mütəsəvvirmidir
ki, bir insan
Onu görsün də olmasın heyran?
Şeirin mövzu və məzmunu.
Yaradıcılıqlarında "sənət sənət
üçündür" nəzəriyyəsinə
xüsusi önəm verən romantiklərdə hər
hansı bir ideoloji məqsəd güdülmədən,
sosial-ictimai məzmun izlənilmədən yazılmış
şeirlər də vardır. Ancaq buradaca qeyd etməliyik ki, Avropa
romantizmindən fərqli olaraq bizim milli romantiklərimizin
yaradıcılığında belə şeirlərə az təsadüf olunur. Romantiklərimizin
içərisində Cavid bu baxımdan digərlərindən
fərqlənsə də, bu tip şeirlərə hətta
onun da yaradıcılığında az
bir miqdarda rast gəlirik. Bizim XX əsr romantizmi
özünün yüksək vətəndaşlıq ruhuna,
dərin sosial məzmununa görə Avropa romantizmindən
köklü surətdə fərqlənir. "Qomşu
çiçəyi" Hüseyn Cavidin "sənət sənət
üçündür" nəzəriyyəsi əsasında
yazılmış "saf şeir" adlanan əsərlərindəndir.
Şeirin mövzusu adi bir həyat hadisəsindən
- qonşu qızın balkondakı çiçəklərə
su verməsindən götürülmüşdür. Cavidə qədər milli poeziyamızda belə real,
adi hadisələr şeirə nadir hallarda mövzu
olmuşdur. Ona görə də bu şeir
istər mövzu və məzmun, istər forma və üslub
baxımından Cavidin yeni tipli əsərlərindəndir.
Məzmun və süjet nə qədər sadə
və qısa olsa da, yüksək bir estetika, uyğun bir forma
və üslubda qələmə alınmışdır. Şeirin adı ilk
baxışda belə bir təəssürat yaradır ki,
şair qonuşunun yetişdirdiyi çiçəklərdən
bəhs edəcək. Amma şeirlə
tanışlıqdan sonra bəlli olur ki, "çiçək"
burada bir tərəfdən bir təbiət ünsürünə,
bitkiyə işarə edirsə, digər tərəfdən
çiçəyə bənzədilən bir
insanı-qonşuluqda yaşayan gənc, gözəl
qızı (pəriyi-şəbab) oxucuya nişan
verir. Bu dönüş nə qədər
gözlənilməz olsa da, sənətkarlıq
baxımından təbii bir şəkildə baş verir.
Şair bu iki varlığı ustalıqla
bir-biri ilə əlaqələndirə bilmişdir.
"Qomşu çiçəyi" şeiri dörd
parçadan ibarətdir. İlk iki parça ilə son iki parça
məzmun və obyekt baxımından fərqlənsə də,
bir-birilə sıx şəkildə bağlıdırlar.
İlk iki parçada şair qonşu balkonda "yayın atəşli
zərbəsi ilə" solub soluxmuş, "mavi gözlü bir mələyin"
"nurdan tökmə nazik əllərindən" su
içmək həsrətiylə gözləyən
çiçəklərdən söhbət açır. Üçüncü parçada şeirin obyekti dəyişir,
şair indi çiçəklərdən yox, onlara həyat
verən qonşu qızdan danışır, onun gözəlliyini
vəsf edir. Onun əməlini -
çiçəklərə su verməsini xoş olan
"nazənin rəftar" adlandırır. Amma şair bu qonşu qızın rəftar və
zahiri gözəlliyində çox da detallara varmır, bir-iki
ştrixlə təsvirini tamamlayır, münasibətini
bildirir. Sonuncu parçada bu gənc və gözəl
qızın özünün də çiçəklərdən
seçilmədiyini söyləyən şair ikicə misradan
sonra daha irəli gedərək qonşu qızın gözəlliyini
seyr etməyə çağırdığı
oxucularından bu qız "pənbə güldən
gözəl deyil də nədir?" deyə sual edir. Təbii ki, oxucular bu suala obyektiv cavab vermək
imkanında deyillər. Onlar sadəcə
olaraq şairin gördüklərindən doğan təəssüratlarına,
ifadə etdiyi heyranlığa inanmaq məcburiyyətindədirlər.
Çünki şair gənc qızı oxucuya
bütün mahiyyəti ilə ətraflı
tanıtmamışdır. Heç onun
zahiri gözəlliyini də dolğun və detalları ilə
təsvir etməmişdir. Qızın
gözəlliyi "xəsiscəsinə" deyilmiş
sözlər, ifadələr, bənzətmələrlə
ifadə edilmişdir. Sözsüz ki, bu,
qıza münasibətdə inandırıcılıq keyfiyyətini
azaltmışdır.
Görünür bunu özü də duyduğundan
şair son iki misrada yeni və həyəcanlı bir sual vermək
məcburiyyətində qalır: təsəvvür etmək
mümkündürmü ki, bu qızın gözəlliyini görüb
ona heyran olmayacaq insan tapılsın? Görünən
budur ki, bu gənc qız öz xeyirxah əməli ilə -
yanıb qovrulan çiçəklərə su verməklə
şairi cəzb etmiş və bu zaman şair onun su verdiyi
gözəl çiçəklərdən seçilmədiyinin
fərqinə varmışdır. Cavidi bir şair olaraq maraqlandıran
qonşu balkonunda seyr etdiyi mənzərə,
çiçəklərin pərişan halı, yaxud gənc
qızın fəaliyyəti deyil. Bunlar sadəcə
bir dekorasiya, vasitə rolunu oynamaqdadır. Əslində
şairin məqsədi heç seyr etdiyi mənzərəni
bütün detallarıyla, gənc qəhrəmanını
dolğunluğu ilə canlandırmaq da deyil, bəlkə daha
çox bu lövhə, xeyirxahlıq və gözəllik
qarşısında duyduğu heyranlıq hissini oxucuya
çatdırmaq, onu da öz duyğularına ortaq etməkdir.
Onu da deyək ki,
bu şeirdə didaktik, yaxud ideoloji, siyasi heç
bir yön yoxdur. Amma əlbəttə ki, solub
getməkdə olan çiçəklərə su verib
onların qəmli çöhrəsini güldürən
qızın hərəkəti oxucuda istər-istəməz
yoxsul, kimsəsiz insanların üzünü güldürmək
gərəkdiyi fikrini yada salmış olur. Bu fikri şairin
qızın hərəkətini təqdir etdiyini bildirən
"Nə qədər xoş... o nazənin rəftar!"
misrası daha da qüvvətləndirmiş olur.
Şeirin dil və üslub xüsusiyyətləri
"Qomşu
çiçəyi" dil baxımından Cavidin digər
şeirlərindən çox da fərqlənmir. Şair bu şeirində də ana dilin sözləri
ilə yanaşı ərəb-fars dilinin lüğət tərkibinə
də müraciət etmişdir. Birinci
parçada əsasən dilimizə aid sözlər işlədilmişsə,
üçüncü parçada daha çox ərəb-fars
kəlmələrindən yararlanılmışdır. Belə görünür ki, şair gerçək
aləmin, real mənzərənin təsvirində ana dilinin
sözlərinə, öz duyğularını, təəssüratlarını
ifadə edəndə isə yabançı dilə
üstünlük vermişdir.
Şairin ətraf
aləmə baxışı son dərəcə subyektiv və
duyğusaldır. Seyr etdiyi mənzərə
onda heyrətli bir gözəllik duyğusu
oyatmışdır. İlk parçalarda
şair özünü nə qədər geridə saxlamaq,
yalnızca baş verəni təsvir edən rolunda
görünmək istəsə də, bu hal sona qədər
davam etmir. Zatən, dediyimiz kimi, məqsədi
öz duyğularını ifadə etmək olan lirik bir
şair belə də hərəkət etməlidir. Şeirin üslubu şairin qapıldığı
duyğu aləminə, təbiətə, hadisəyə
baxış tərzinə uyğundur. Cavidin
dünyaya baxışı, onu ifadə tərzi dedikcə
estetik, eyni zamanda mübhəm və sirlidir. O,
çılpaqlığı sevmir. Gizli, ilk oxunuşdan sirrini oxucuya açmayan bir dil, ifadə tərzi
onu daha çox cəzb edir. Hələ "Pənbə
çarşaf" şeirində şair özünün
estetik qaysəsini elan etmişdi: "Mən açıq
şeirdən də həzz edərəm, Fəqət ən
gizli şeiri çox sevərəm". Şeirdəki
sirli hallar, ecazkar duyğular, şairanə ifadələr, məzmunu
dil yadlığı (yad olan həm də sirlidir, axı) arxasında
gizlətmək onun sənətə, təbiətə,
gözəlliyə baxış tərzinin nəticəsi kimi
ortaya çıxır. Ona görə də
şeirdə bizə mürəkkəb, aydın görünməyən
ifadə tərzini Cavidin zəifliyi yox, üslub özünəməxsusluğu
kimi dəyərləndirmək lazımdır.
Cavid insana məxsus duyğuları, hərəkəti təbiət
ünsürlərinin, çiçəklərin, real
varlıqların üzərinə köçürməkdə
ustadır. Əslində duyğulardan uzaq olan bitkilərə
insani duyğuları, insana xas olan xüsusiyyətləri
verincə, şair onları canlandırır, bu canlanma oxucuda
dərin, təsiredici bir iz buraxır. Şairin ustad qələmində
yayın atəşli zərbəsi (bu ifadənin özü
belə oxucunu artıq adi olmayan bir halla üz-üzə gətirir)
altında solan çiçəklərin "fəri
uçmuş" (işığı çəkilmiş),
gah hissiz, gah da titrəyərək onlara su verib canlandıracaq
qızın yolunu gözləmələri, gözəlliklərində
qurub hüznünün artması, çiçəklərin
bayğın baxışlı olması, qızın gəlişi
ilə qəmli çöhrələrinin gülməsi -
insana məxsus bu halların təbiətə aid edilməsiylə
romantik bir mənzərə yaradılmışdır. Şeir solğun rənglərin üstünlük təşkil
etdiyi bir rəssam tablosunu xatırladır. Başlanğıcdakı
"Sarışın balkon" ifadəsinə
diqqət edək! Nədən
sarışın? Sarışın parlaq rəng deyil. Balkonun
sarışın epiteti ilə bəzədilməsi sanki
çiçəklərin soluqluğunu, su həsrətini bir
az da artırmış olur, mənzərəni
tamamlayır, şairin təsvirini dolğunlaşdırır.
Yaxud "pənbə gül" epiteti. Bilindiyi kimi pənbə qırmızı ilə
ağın qarışığı olan solğun bir rəngdir.
Romantiklərdə, o cümlədən Caviddə
də solğun rənglərə qarşı qəribə
bir sevgi müşahidə olunur. Cavid sənətkarlığının
danılmaz sübutu olan "bayğın baxış",
"zülfi-zərrintar" (qızıl zərrələri
saçan saçlar),
"gül əndam",
"atəşin gözlər" kimi epitet və təşbehlər,
müxtəlif istiarələr, məcazlar şeirin estetik dəyərini
artırır.
Şair təsvirinin məzmununa uyğun bir səs
sistemindən istifadə etmişdir. Çiçəklərin
su həsrətindən bəhs edən misralarda "s",
"ş" samitlərinin çoxluğu bu həsrətin
qüvvətli bir şəkildə ifadəsinə xidmət
edir.
Şeir formaca indiyə qədər
rastlaşmadığımız bir quruluşdadır. Hər
parçası altı misradan olmaqla 4 parçadan ibarət
şeirin qafiyə düzümü bir sistemə tabe
olmayıb, tamamilə yeni və mürəkkəbdir. Birinci parçada yalnız üçüncü və
dördüncü misralar qafiyələnmiş (çiçək/titrəyərək),
digər misralar sərbəst buraxılmışdır.
Əvəzində isə ikinci parçanın
birinci misrası birinci parçanın birinci misrası (kənarında/pürqübarında),
ikincinin ikincisi birincinin ikincisi (solub/qürub), ikincinin
beşinci misrası birincinin beşincisi ilə (çiçəyin/mələyin),
ikincinin altıncısı birincinin altıncısı ilə
həmqafiyə (əllərini/mükəddərini)
olmuşdur. İkinci parçanın da
üçüncü, dördüncü misraları öz aralarında qafiyələnmişdir.
Üçüncü parçada birinci və
ikinci, üçüncü ilə beşinci,
dördüncü ilə altıncı misralar qafiyələnməklə
ayrı bir düzülüşdədirlər. Dördüncü parça isə əvvəlkilərdən
fərqli qafiyə sisteminə malikdir. Burada
birinci ilə üçüncü, ikinci ilə
dördüncü, beşinci ilə altıncı misralar
öz aralarında həmqafiyə olmuşdur. Bəlkə bəzilərinə görə bu bir sənətkarlıq
qüsurudur. Mənim fikrimcə, Cavid məzmunu
formaya qurban verməmək üçün bu cür sərbəst
davranmışdır. Çünki Cavidin
şeirlərinə baxarkən onun qafiyə sisteminə diqqətlə
yanaşdığını, orijinal, tam, mükəmməl
qafiyələr seçdiyinin şahidi oluruq. Bu şeirdəki qafiyələr haqqında isə
bunu demək mümkün deyil. Şeirdə
söz kökündən düzələn çiçəyin/mələyin,
rəftar/zərrintar, nigah/təcəlligah, kənarında/pürqübarında
kimi mükəmməl qafiyələr olduğu kimi, gözlər/sərpər,
hərgiz/ediniz, solub/qürub kimi zəif qafiyələr də
vardır.
"Qomşu
çiçəyi" şeiri öz mövzu və məzmunu,
sənətkarlığı, estetikası, lirizmi ilə
Hüseyn Cavidin ədəbiyyatımızda yalnızca
ustad bir dramaturq deyil, həm də
orijinal, poeziyamızda özünəməxsus yeri olan bir
şair olduğunu təsdiq edir.
VURĞUN ƏYYUB,
Filologiya üzrə fəlsəfə
doktoru
Ədalət.-2013.-6 aprel.-S.5.